Xəbərlər
İranlı nazir Azərbaycanla münasibətlərdən danışıb
Ekspertlər hesab edir ki, İran-Azərbaycan münasibətlərinin normallaşmasının bir neçə şərtləri var.
İyulun 5-də Bakıda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirdi və Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə etdi.
Son illər İran-Azərbaycan münasibətləri gərgindir. Münasibətlərin xüsusi gərgin fazası bu ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücumundan sonra başlayıb.
Ekspertlər hesab edir ki, İran-Azərbaycan münasibətlərinin normallaşmasının bir neçə şərtləri var.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Turana bildirib ki, İranın xarici işlər naziri Azərbaycanın səfirliyinə hücum edən şəxsin cəzalandırılmasından qəti danışmadı: “O öz tvitter hesabında bildirdi ki, əgər belə bir şey varsa, tapılacaq. Yəni qeyri-dəqiq və şərti cümlələri qurdu. Ona görə də Azərbaycana gəlməmişdən əvvəl onun tvitterdə yazdığı fikirlər riyakarlıqdan başqa bir şey deyil. Çünki görüş zamanı o Azərbaycan Prezidentindən xahiş etdi ki, Azərbaycanın Tehrandakı səfirliyi işini bərpa etsin, Azərbaycan Prezidenti isə dedi ki, biz terrorçuların cəzalandırılacağına ümid edirik. Ancaq İranın xarici işlər naziri həmin terrorçuların cəzalandırılması barədə heç nə deməyib”.
Deputat qeyd edib ki, başqa bir tərəfdən Azərbaycana gəlməmişdən bir neçə gün qabaq Şimal-Cənub dəhlizinin Azərbaycan üzərindən deyil, Türkmənistan və Xorasan üzərindən çəkilməsi barədə müzakirələr aparılıb: “Belə olan halda biz İranın riyakar siyasətini 30 ildir tanıyırıq, bu gün də bu siyasət davam edir. Hesab efirəm ki, İranın xarici işlər naziri öz sözlərində səmimi deyildi”.
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, münasibətlərin yaxşı olması həm Azərbaycana, həm İrana lazımdır: “İran istəmir ki, bu bölgədə İsrail güclü olsun, Azərbaycanda İsrailin güc potensialı olsun. Həmçinin İran sanksiyalar altındadır, ciddi iqtisadi problemləri var. Bu baxımından İran əlavə başağrısı və regionda əlavə düşmənin olmasını istəmir”.
Ekspertin fikrincə, Azərbaycanla İran arasında bir neçə problem var: “Biri Zəngəzur projesidir. İlham Əliyevin Zəngəzur ritorikası, keçən ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması İranı narahat edir. İranın istəyi odur ki, onunla Ermənistan arasında olan sərhəd dəyişməsin və orada hər hansı bir dəhliz olmasın. İkinci məqam isə İsraillə Azərbaycanın arasında ilk növbədə hərbi sahədə münasibətlərin daha da dərinləşməsidir. Bu, İran üçün narahatedici faktordur”.
Onun fikrincə, Azərbaycan üçün isə narahatedici faktor o idi ki, İranın birbaşa Qarabağ erməniləri ilə bir kommunikasiyası var idi, İrandan Ermənistan vasitəsilə Qarabağa silah göndərilirdi:
“İndi bunun qarşısı alındı, Laçında nəzarət-buraxılış məntəqəsi quruldu. Azərbaycanın digər istəyi də odur ki, İran Zəngəzur dəhliz ( Ermənistanın Sünük bölgəsindən keçəcəyi gözlənən ) məsələsinə müdaxilə və Ermənistana bu mənada təzyiq etməsin. Digər problem İranın Azərbaycanda dini şəbəkəsinin qurmasıdır. Azərbaycanın istəyi odur ki, İran bu şəbəkələri yaratmasın, dini ekspansiyadan əl çəksin”.
A.Qasımlının sözlərinə görə, kəskin ritorikasına baxmayaraq, Azərbaycan İranla münasibətlərini heç vaxt tam kəsməyib. “İran tərəfi də bunu gözəl başa düşür. Azərbaycan elitasının və İran rejimin maraqları bir çox məqamlarda üst-üstə düşür və iki ölkə arasında ciddi gərginliyin olmasını zənn etmirəm”.
Yazida səslənən tənqidi fikirlərə, İranın Azərbaycandakı Səfirliyindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Yanvarın 27-dəAzərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs səfirlik əməkdaşlara atəş açıb. Hücum nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb. Daha sonra Azərbaycan səfirliyinin əməkdaşları Tehrandan evakuasiya edilib, səfirliyin fəaliyyəti dayandırılıb.
Azərbaycan bu hücumu "terror aktı" adlandırıb. XİN isə vətəndaşları İrana səfərdən çəkinməyə çağırıb. İran səfirliyə silahlı hücumun araşdırılacağını bəyan edib.
Bütün xəbərləri izləyin
Trampla tezcə görüşmək istəyən Zelenski üçün ABŞ-nin güvənlik zəmanətləri 'mütləqdir'
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə savaşı bitirməyə yalnız ABŞ-nin güvənlik zəmanətlərinin anlam daşıdığını söyləyib. O, podkastçı Leks Fridmana müsahibəsində ABŞ-də prezident seçilmiş Donald Trampla yanvarın 20-dəki andiçmədən az sonra görüşməyə ümid bəslədiyini bildirib: "ABŞ-siz güvənlik zəmanətləri mümkün deyil. Rusiya təcavüzünün önünü kəsəcək güvənlik zəmanətlərini nəzərdə tuturam".
Zelenskinin fikrincə, belə zəmanətin olmaması gücünü bərpa edəcək Kremlə yeni təcavüz gerçəkləşdirmək imkanı verəcək.
Ukraynalı lider əmindir ki, Tramp gərəkli güvənlik zəmanətləri nəzərdə tutan ədalətli və davamlı sülh sazişinə nail ola bilər: "Trampla razılığa gələ bilərik. Avropa ilə birgə güclü güvənlik zəmanətləri təklif edə bilər, ardınca da ruslarla danışa bilərik. …Məncə, Trampın buna istəyi də var, bütün imkanları da. Bu, yalnız söz olaraq qalmaz".
Zelenski və Ukrayna vətəndaşları Rusiya prezidentinə təzyiq göstərmək üçün Trampın yetərincə güclü olduğuna güvənirlər.
"Lukaşenkoya dedim ki, siz də qatilsiniz"
Zelenski "Atəşkəs üçün ölkəyə nə gərəkdir" sualını "NATO üzvlüyü çərçivəsində güvənlik zəmanətləri", - deyə cavablayıb.
O bunu da deyib ki, zəmanətlər rəsmi Kiyevin nəzarəti altında olan əraziləri əhatə etməli, Qərb dövlətləri Ukraynanın hərbi təminatını və Rusiya iqtisadiyyatını çökdürən sanksiyaları davam etdirməlidir.
Zelenskinin fikrincə, Putin, "zəif NATO", "savaş meydanında tab gətirə bilməyən Ukrayna", eləcə də "mənimlə Tramp arasında güclü münasibətlərin olmaması" təsəvvürünü yaratmaq istəyir.
O, savaşın ilk günlərində Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışığını da xatırladıb. Belarus lideri ölkəsindən endirilən raket zərbələrinə görə üzr istəyib və bunun Putinin əmriylə gerçəkləşdiyini vurğulayıb.
"Ona dedim, siz də qatilsiniz", - Zelenski belə deyib və davamında söyləyib: "Cavabında dedi anlamalısan ki, ruslara qarşı savaşa bilməzsən".
Ermənistanda sürən siyasi çəkişmələr fonunda bir general həbs edilib
Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin keçmiş müavini İkinci Qarabağ savaşında səhlənkarlıqda suçlanaraq həbs olunub.
AzadlıqRadiosunun erməni xidmətinin bilgisinə görə, Tiran Xaçatryan 2020-ci ildə Ermənistanla Azərbaycan arasındakı 44 günlük savaş zamanı xidməti vəzifələrini yerinə yetirməyib.
İttihamlara görə, Xaçatryanın gərəkli müdafiə xətləri təşkil etməməsi Azərbaycan qoşunlarına strateji uğurlar qazandırıb.
Xaçatryan ittihamları rədd edib, onun vəkilləri isə generala qarşı ittihamları "əsassız" adlandıraraq apellyasiya məhkəməsinə üz tutacaqlarını bildiriblər. Onların iddialarına görə, keçmiş yüksəkrütbəli hərbçidən siyasi baxışlarına görə qisas almaq istəyirlər.
Rəsmi Yerevanın hərbi uğursuzluqlarından sonra hərbçi həbsləri baş nazir Nikol Paşinyanla hərbi dairələr arasında münasibətləri gərginləşdirib və Paşinyana ölkədaxili basqıları artırıb.
Xaçatryan 2020-ci ildə Azərbaycanla müharibədən sonra Ermənistanın Milli Qəhrəmanı adına layiq görülsə də, daha sonra onunla hakimiyyət arasında gərginlik yaranıb.
2021-ci ilin fevralında Paşinyan Xaçatryanı silahlı qüvvələrin baş qərargah rəisinin müavini vəzifəsindən azad edib. Bir gün sonra Xaçatryan da aralarında 40-dan çox yüksəkrütbəli hərbçi baş nazirin və onun hökumətinin istefasını tələb edib.
Bu addımı qınayan Paşinyan onu dövlət çevrilişi cəhdinin bir elementi kimi dəyərləndirib.
2024-cü ilin yanvarında restoranların birində mübahisə zamanı tüfənglə atəş açdığı üçün Xaçatryan iki ay müddətinə həbs edilib. Prokuror generalı masasının yanında duran şəxsi yaralamaqda suçlayıb, Xaçatryansa özünü qorumaq üçün havaya atəş açdığını deyib.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir hissəsinə nəzarətini bərpa etmişdi.
Azərbaycan ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" keçirmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı. Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.
Ukrayna ordusunun Kurskdakı yeni hücumu şiddətli toqquşmalara yol açıb
Ukrayna hərbçiləri yanvarın 5-də səhər saatlarında Kursk bölgəsində yeni hücuma başlayıb. Bu bilgini yayan Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, əks-hücum Kursk vilayətində Rusiya qoşunlarının irəliləyişinin önünü kəsmək məqsədi daşısa da, ukraynalılar "məğlub edilməkdədirlər".
Yeni əks-hücum gerçəkləşdirildiyini təsdiqləməyən ukraynalılar toplam 44 toqquşmanın baş verdiyini bildiriblər. Bu toqquşmalardan 9-u gecə saatlarından bəri hələ də davam edir.
Ukraynalıların bilgisinə görə, əks-hücum Sudja rayon mərkəzində başlanıb və Kursk şəhərindən 70 km uzaqda yerləşən Bolşoye Soldatskoye yaşayış məntəqəsi səmtində aparılır.
Rusiya Müdafiə Nazirliyi isə sərhəddən 15 km məsafədəki Berdin qəsəbəsində əks-hücumun qarşısının alındığını bildirir.
Yeni hücumun miqyası və cəbhə xəttində hər hansı bir dəyişiklikliyə yol aça biləcəyi bəlli deyil.
Gözlənilməz hücumlar?
Ukrayna prezident administrasiyasının başçısı Andrey Yermak deyib ki, Kursk vilayətindən "yaxşı" xəbərlər gəlib və Rusiya "layiq olduğunu almaqdadır".
Ölkənin Milli Güvənlik Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, Rusiya qoşunları bir neçə istiqamətdən "gözlənilməz" hücumlara məruz qalıb.
Əks-hücumda zirehli texnikadan, minatəmizləyənlərdən və radiolokasiya sistemlərindən istifadə edildiyi deyilir.
Digər iddialara görə, Ukrayna ordusunun hərbi maşınları Kursk vilayətində irəliləyir.
Kremlyönlü "Telegram" kanalları baş verənləri "xırda təxribat qruplarının hərəkətləri" deyil, "tammiqyaslı hücum cəhdi" kimi qələmə verir.
AzadlıqRadiosu bu bilgilərin doğruluq dərəcəsini yoxlaya bilməyib.
Son həftələr minlərlə şimali koreyalı hərbçinin dəstəyi ilə irəliləməyi bacaran Rusiya ordusu ötən ilin avqustunda Kursk vilayətinə girən Ukrayna hərbçilərini hələ də tam sıxışdırıb çıxara bilməyib.
Rəsmi Kiyev Sudja olmaqla 500 kvadratkilometrədək Rusiya ərazinə nəzarəti əlində saxlayır.
Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 2-də verdiyi müsahibədə deyib ki, Kursk əməliyyatı Ukraynanın savaşda yenilməsi təəssüratlarının üstündən xətt çəkib: "Kursk əməliyyatı hər şeyi dəyişdi. Bu, önəmli addım idi".
Zelenski bir başqa müsahibəsində bildirib ki, gələcək sülh sazişinin uğuru yalnız ABŞ-nin verdiyi güvənlik zəmanətlərinə söykənməlidir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloqq deyib ki, savaş "yaxın aylar ərzində öz həllini tapa bilər".
Rüfət Səfərovun anasının ölkədən çıxışına 'stop' qoyulduğu deyilir
Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir. Bu barədə Səfərovun ailəsindən məlumat veriblər.
"Tahirə xanımın ölkədən çıxışına Daxili İşlər Nazirliyi qadağa qoyub. Tahirə xanım həyat yoldaşı Eldar Səfərovun Türkiyədə həkim müayinəsindən keçirilməsi üçün yanvarın 4-də İstanbula getməli idi. Amma Bakı hava limanında onun çıxışına məhdudiyyət qoyulduğunu deyiblər. Rüfətin atası Eldar Səfərovun vəziyyəti kəskin şəkildə pisləşməsinə baxmayaraq, onu Türkiyəyə aparmaq mümkün olmadı". - Səfərovlar ailəsindən deyiblər.
R.Səfərovun özü də saxlandığı təcridxanasından Daxili İşlər Nazirliyinə müraciət edib. O, anasının xəstə atası E.Səfərovla birlikdə ölkədən xaricə çıxmasına icazə verilmədiyini vurğulayaraq "nə etməyə çalışırsınız" deyə sual edib.
Hələlik, bütün bu deyilənlərə Daxili İşlər Nazirliyinin özündən münasibət almaq mümkün olmayıb.
"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi R.Səfərov ötən il, dekabrın 3-də axşam saatlarında saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürüldüyü açıqlanıb. Dekabrın 4-də Binəqədi rayon Məhkəməsi R.Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. O, ittihamları qurama sayır.
Xatırlatma
Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb. Daha sonra o, hüquq müdafiəsi fəaliyyətinə başlayıb.
'Qızıl Qlobus'un qalibləri açıqlanıb
Amerikalı aktyorlar Demi Mur və Edrien Broudi "Qızıl Qlobus" mükafatına layiq görülüblər. 82-ci mükafatlandırma mərasimi yanvarın 6-na keçən gecə Los-Ancelesdə keçirilib. Mur "Substansiya" filminə görə "komediya və ya müzikldə ən yaxşı aktrisa" mükafatını alıb.
Broudi "Brutalist" filmindəki roluna görə "ən yaxşı dram aktyoru" seçilib. Bu film həm də "ən yaxşı film - dram" nominasiyasında "Qızıl Qlobus" qazanıb. "Brutalist"in rejissoru Bredi Korbet "ən yaxşı rejissor" kimi heykəlciklə təltif olunub.
"Ən yaxşı film - komediya və ya müzikl" nominasiyasında mükafatı "Emiliya Peres" əsəri alıb. O, həmçinin "ingilis dilində olmayan ən yaxşı filmi" kimi "Qızıl Qlobus" qazanıb. Bu filmdə rol alan aktrisa Zoi Saldana "ən yaxşı köməkçi aktrisa" mükafatına layiq görülüb.
Fernanda Torres "Mən hələ buradayam" filmindəki roluna görə "ən yaxşı dram aktrisası", Sebastian Sten isə "Başqa adam"dakı işinə görə "komediya və ya musiqili filmdə ən yaxşı aktyor" nominasiyasında qalib olub. "Ən yaxşı köməkçi aktyor" mükafatını "Gerçək ağrı" filminə görə Kiran Kalkin alıb.
Yunanıstan polisi narkotikə görə Azərbaycan prezidentinin əmisi qızını saxlayıb
Azərbaycan prezidenti İlham Əliyevin əmisi qızı Yunanıstanın paytaxtı Afina yaxınlığında, narkotiklə mübarizə üçün polisin keçirdiyi reyddə həbs edilib. AFR-in bilgisinə görə, yanvarın 30-da Kaliviya şəhərində, dəbdəbəli villaların birində keçirilən qonaqlıqda 13 nəfər saxlanıb.
Adları açıqlanmasa da, yerli medianın bilgisinə görə, saxlanılanlar arasında Böyük Britaniya və Azərbaycan vətəndaşlığı olan və "DJ Mikaela Jav" adı ilə tanınan İzzət Cavadova da var. O, Azərbaycan prezidentinin mərhum əmisi Cəlal Əliyevin qızıdır. Cavadovanın qonaqlığın təşkilatçısı olduğu bildirilir.
Yunanıstandakı Böyük Britaniya və Azərbaycan səfirlikləri məsələylə bağlı sorğuya cavab verməyiblər.
Polisin bilgisinə görə, Cavadova 45 paket kokain, ekstazi və metanfetamin və 43 min avro ilə yataq otağında "aşkarlanıb".
Yanvarın 3-də Cavadovaya və daha doqquz nəfərə qarşı narkotik vasitələrin qanunsuz alqı-satqı və istifadəsinə dair ittihamlar irəli sürüləcək.
Qonaqlıq zamanı güvənliyi təmin edən üç polis əməkdaşı istintaq sürdüyündən hələ suçlanmayıb.
Azərbaycandan olan milyonçu "DJ" və əri milyonlarla funt sterlinqi ("Azərbaycan pulyuyan maşını" vasitəsilə) qanunsuz Britaniyaya gətirdiklərini boynuna alandan sonra Britaniya Milli Cinayət Agentliyi (NCA) onların hesabındakı 4 milyon funt sterlinqi müsadirə edib.
Mühafizəçilər prezidentin həbsinə imkan vermədi
Həbs qərarını icra edən Dövlət Antikorrupsiya Agentliyinin müstəntiqləri Cənubi Koreya prezidenti Yun Sok Yolun iqamətgahına daxil olsalar da, dövlət başçısının mühafizə xidməti onların önünü kəsib. Bu bilgini "Ronhap" yayıb.
İqamətgahda müstəntiqlərlə prezident mühafizəçiləri arasında toqquşma baş verib. Prezidentin təmsilçiləri həbs cəhdini qanunsuz sayıblar. Konstitusiya Məhkəməsi Yun Sok Yolun prezidentliyini impiçment prosesinin sonunadək müvəqqəti dayandırıb və onu prezidentin güvənlik xidmətinin himayəsinə verib.
Həbs qərarını yerinə yetirmək üçün müstəntiqlərə yanvarın 6-dək möhlət verilib.
Seul məhkəməsi ötən il dekabrın 31-də prezidentin həbsinə və onun iqamətgahında axtarışa yaşıl işıq yandırıb. Bu, Korrupsiyaya Qarşı Mübarizə Departamentinin Yunu dindirməyə çağıran yüksəkvəzifəli şəxslərin üç çağırışına onun məhəl qoymamasından sonra olub.
İkinci cəhd
Dekabrın 14-də Cənubi Koreya parlamenti səsvermə keçirərək prezidentin impiçmentini dəstəkləyib. 300 deputatdan 204-ü impiçmentin lehinə, 85-i əleyhinə səs verib. Bu, impiçment səsverməsində ikinci cəhd idi. Beləcə, Yun Sok Yolun vəzifədən çıxarılmasından ötrü yetərli səs toplanmadı;
İmpiçmentə dekabrın 3-də Yun Sok Yolun "KXDR-in daxildəki tərəfdarları ilə mübarizə üçün" hərbi vəziyyət elanı səbəb olmuşdu. Altı saat qüvvədə qalan fərmanla siyasi partiyaların fəaliyyəti, etiraz aksiyaları, tətillər yasaqlanmış, senzura və hərbi tribunallar tətbiq edilmişdi. Bu, istər Seul küçələrində, istərsə parlamentdə genişmiqyaslı etirazlar doğurmuşdu. Deputatlar parlament binasına silahlı basqın zamanı prezident qərarının ləğvinə səs vermişdilər. O da öz fərmanını ləğv etməyə məcbur qalmışdı. Dekabrın 7-də Yun Sok Yol televiziyada çıxış edərək sözügedən fərmana görə xalqdan üzr istəmişdi.
Yun Sok Yol, ənənəvi olaraq, Şimali Koreyaya qarşı sərt davranan sağçı qüvvələrin nümayəndəsidir. O, 2022-ci ildə prezident seçilib. Müxalif Demokrat Partiyası Pxenyanla münasibətdə daha yumşaq davranır.
Zelenski: Tramp savaşı bitirməkdən ötrü 'həlledici' rol oynaya bilər
Prezident seçilmiş Donald Trampın "gözlənilməzliyi" Rusiya ilə savaşı bitirməyə yardımçı ola bilər. Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 2-də yayımlanan televiziya müsahibəsində bu fikri dilə gətirib.
Zelenskinin qənaətincə, Rusiya prezidenti Vladimir Putin Trampdan qorxur və ABŞ-nin yeni lideri savaşı bitirməkdə "həlledici" rol oynaya bilər: "O, çox güclü və gözlənilməzdir. Çox istərdim ki, prezident Tramp bu gözlənilməzliyini Rusiyaya da tətbiq etsin".
Zelenski əlavə edib ki, Trampla sonuncu danışıqların birində Ağ evin yeni başçısı ilk görüşlərdən birini onunla keçirəcəyini söyləyib.
Atəşkəsin təmin edilməsi üçün Ukraynada Fransa sülhməramlılarının yerləşdirilməsi fikrini dəstəkləyən Zelenskinin düşüncəsinə görə, bu, ayrıca bir təşəbbüs yox, Ukraynanın NATO-ya üzvlüyü yolunda irəliyə atılan bir addım olmalıdır: "Bu təşəbbüsə gəlincə, bir-iki ölkə olmasını istəməzdik. Bu, birmənalı şəkildə, NATO-ya üzvlüyümüz yolunda atılmış bir təşəbbüs olmalıdır".
Bölgədə bir neçə min hərbçinin yerləşdirilməsini yetərsiz sayan Zelenski əlavə edib ki, həmin hərbçiləri hərbi-dəniz donanması və aviasiya dəstəkləməlidir.
Rusiya xarici işlər naziri Sergey Lavrov dekabr ayındakı sonuncu müsahibəsində deyib ki, rəsmi Moskvanı, Trampın səsləndirdiyi kimi, nə xarici sülhməramlıların yerləşdirilməsi, nə də Ukraynanın NATO-ya üzvlüyünün 20 il ertələnməsi qane edir.
Ukraynanın mövqeyi güclü olarsa…
Həyat yoldaşı Yelena Zelenskaya ilə birgə verdiyi müsahibədə Ukrayna lideri 2024-cü ildə ölkəsinin hərbi uğurlarından da söz açıb. O, Rusiyanın Xarkov, Sumı və Zaporojyeni işğal edə bilmədiyini və Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə daxil olmasını vurğulayıb.
Zelenski düşmənin aramsız hücumları nəticəsində Ukrayna ordusunun yorulduğunu etiraf etsə də, hərbçilərin yanvarda cəbhə xəttinin sabitləşdirilməsi üçün əlindən gələni edəcəklərini deyib. Bu da, onun fikrincə, ölkəyə silah gətirilməsindən və xaricdə təlim alan ukraynalı hərbçilərin qayıtmasından sonra mümkün olacaq.
Ukrayna prezidenti deyib ki, parlament və prezident seçkiləri hərbi vəziyyət ləğv ediləndən sonra keçiriləcək. O özünün yenidən prezident kürsüsü uğrunda mübarizəyə qoşulub-qoşulmayacağını bilmədiyini də söyləyib.
O düşünür ki, döyüşlər dayandırılar və Ukrayna güclü mövqeyə sahib olarsa, seçkilər hətta 2025-ci ildə də baş tuta bilər.
Bloqer Rəşad Ramazanov həbsdəki şəraitindən şikayətlənib
Bloqer Rəşad Ramazanov saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində şəraitin ağır olmasından danışıb. Bu barədə "Turan"a koloniyadan zəng edərək onun özü məlumat verib. Onun sözlərinə görə, koloniyada 1500 məhkum saxlanılır.
"Burada antisanitariya hökm sürür, tualetlər çatışmır... Yer çatışmazlığı səbəbindən məhbuslar növbə ilə yatır. Bəziləri yerdə yatır", - Ramazanov iddia edib.
O vurğulayıb ki, yemək üçün cəmi 30 dəqiqə vaxt ayrılır və bəzi insanların yemək yeməyə vaxtı qalmır: "Məhkumlara verilən yeməklər isə keyfiyyətsizdir. Məhbuslara evdən gətirilən yeməklərin verilməsinə məhdudiyyətlər qoyulur".
Ramazanov həbsxana kafe və mağazasında qiymətlərin baha olmasından da şikayətlənib.
Onun sözlərinə görə, kazarmada soyuqdur. "Bizimlə kobud danışırlar, hədə-qorxu gəlirlər, tibb məntəqəsində dərman vermirlər", - Ramazanov iddialarına davam edib.
Ramazanov onu da qeyd edib ki, onun şikayətlərini ictimailəşdirməmək üçün yaxınlarına təzyiqlər olunur.
Hələlik, bu iddialara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb (Yeni il tətili davam edir).Amma buna qədər Penitensiar Xidmətin məsul şəxsləri oxşar şikayətlərin heç bir əsasının olmadığını, məhbuslarla qanun çərçivəsində davranıldığını bildiriblər.
Xatırlama
R.Ramazanov 2022-ci il mayın 20-də saxlanılıb, ertəsi gün Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə haqqında həbs-qətimkan tədbiri seçilib. O, ittihamları rədd edib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
2024-cü ilin fevralında məhkəmə onu 5 il 4 ay müddətinə azadlıqdan məhrum edib.
R.Ramazanov 2013-cü ilin mayında da tutulmuşdu və külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il azadlıqdan məhrum edilmişdi. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxmışdı.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hesablamalarına görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Amma hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Rəsmilərə görə, siyasi məhbus sayılan şəxslər sırf əməllərinə görə mühakimə ediliblər.
Moldova enerjiyə tələbatını qarşılayacaq
Moldova dövlət enerji təchizatçısı "АО Energocom" yanvarın 3-də elektrik enerjisinə olan tələbatı tam həcmdə qarşılayacaq. Şirkət Rusiya ilə Ukrayna arasında təchizat müqaviləsinin bitməsindən 2 gün sonra bu bilgini yayıb.
Təchizatçı şirkətin bildirdiyinə görə, yanvarın 3-də istehlak 10 faiz artsa da, tələbat qarşılanacaq.
Hökumətin dekabrın 26-da yaratdığı Böhran qrupu yeni ilin ilk iki günündə Dnestr çayının sağ sahilindəki enerji istehlakının da tam qarşılandığını bildirib.
Şirkətin bilgisinə görə, bundan ötrü bərpaolunan enerji qaynaqlarından, Kişinyov və Beltsı şəhərlərindəki istilik stansiyalarının istehsal etdiyi, eləcə də xaricdən alınan elektrik enerjisindən istifadə olunacaq.
Yanvarın 1-də ölkənin enerji tələbatının yarısı Rumıniya idxalı hesabına qarşılanıb, ştatdankənar və gözlənilməz hallar üçün nəzərdə tutulmuş təchizat mexanizmləri işə salınmayıb.
Yanvarın 1-dən təbii qazsız qalan separatçı Dnestrayanıya gəlincə, hökumətin bilgisinə görə, kömürlə iş rejiminə keçən elektrik stansiyası bölgəni enerjiylə təmin edir.
Separatçı bölgədə üç həftəlik qaz ehtiyatı var
Dnestrayanının kömür ehtiyatları 70 min ton civarındadır. Bu, yerli istehlakı 30-50 gün boyunca təmin edə bilər.
Separatçı bölgənin "rəsmiləri" bildirib ki, hələlik, 13 milyon kubmetrədək təbii qaz ehtiyatı var və bu, təxminən 20 günə yetəcək.
Tiraspol şəhərinə yaxın 11 yaşayış məntəqəsində yanvarın 1-də təbii qaz, istilik və isti su olmayıb. İnsanların isinməsi və qidalanması üçün 30 toplanma məntəqəsi təşkil edilib.
"Tiraspoltransqaz" şirkətinin bilgisinə görə, 115 min yaşayış təsərrüfatına ancaq yemək bişirmək üçün təbii qaz verilib.
Ukraynanın öz ərazisindən Rusiya təbii qazının axıdılmasını dayandırması rəsmi Kiyevlə Bratislava arasında münasibətləri daha da gərginləşdirib.
Slovakiya baş naziri Robert Fitso bildirib ki, hökumət Ukraynaya elektrik enerjisinin verilməsini, Ukrayna qaçqınlarına yardımın azaldılmasını, Rusiya qazı tranzitinin bərpasını və ya itkilərin kompensasiya edilməsini cavab addımları kimi müzakirə edəcək.
"Suveren Slovakiya üçün tək çıxış yolu tranzitin bərpası və (rəsmi Kiyevin qərarına görə -red.) dövlətin 500 milyon avroyadək itkisinin kompensasiya mexanizmlərini tələb etməkdir", - Fitso Facebook-dakı paylaşımında belə deyib.
O əlavə edib ki, ölkənin təbii qaz təchizatının alternativ variantları var. Ancaq durum dəyişməzsə, Slovakiya öz ərazisindən tranzit edilən qazdan götürdüyü gəlirləri itirəcək və Rusiya qazı olmayan mavi yanacaq üçün əlavə tranzit yığımları ödəməyə məcbur qalacaq.
Sözügedən məsələnin gələn həftə Brüsseldə müzakirə olunacağını deyən baş nazir daha sonra Ukrayna prezidenti Volodimir Zelenskinin "sabotaj"ına qarşı cavab addımları gözdən keçirəcəyini də bildirib.
Yeni Orleandakı terror olayı ilə Las-Veqasdakı partlayış arasında bağlantı araşdırılır
ABŞ hakimiyyəti Yeni Orleanda yük maşınının yolötənlərə çarpmasıyla Las-Veqasdakı "Trump International" otelinin önündə "Tesla Cybertruck" elektrik avtomobilinin partladılması arasında mümkün bağlantını araşdırır. Bu bilgini dilə gətirən prezident Co Bayden hüquq-mühafizə orqanlarının əlində, hələlik, bunu təsdiqləyən hər hansı sübutun olmadığına diqqət çəkib.
Bayden deyib ki, şübhəli şəxs Yeni Orleanda avtomobilin ölümcül toqquşmasına cəmi bir neçə saat qalmış sosial şəbəkələrdə video yerləşdirib və həmin videoda onu terror olayına həvəsləndirənin "İslam Dövləti" (İŞİD) olduğunu söyləyib.
Prezident bunu da deyib ki, həmin video da o şəxsin öldürmək arzusunu göstərir. O, bilgini Federal Təhqiqat Bürosundan (FTB) aldığını diqqətə yetirib.
ABŞ-nin cənubunda, Luiziana ştatının Yeni Orlean şəhərində yük avtomobilinin şəhər mərkəzində Yeni ili qeyd edən çox sayda insanla toqquşması nəticəsində, azı, 15 adam ölüb, 30 adam da yaralanıb. Yük maşınının sürücüsü polisə də atəş açıb. Atışmada iki polis yaralanıb.
Təqsirləndirilən şəxs ABŞ vətəndaşı, 42 yaşlı Texas sakini, Amerika ordusunun veteranı Şamuddin Cabbardır. Rəsmilərin dediyinə görə, o, polislə atışmada yerindəcə öldürülüb
"Amerikanın səsi"nin bildirdiyinə görə, federal hökumət və Yeni Orleanın yerli hüquq-mühafizə orqanları Cabbarın təkbaşına hərəkət etmədiyini, onunla iş birliyində olanların axtarıldığını açıqlayıb. FTB Cabbarın sürdüyü maşında "İslam Dövləti" bayrağı olduğundan bu olaya mümkün terror aktı kimi baxır. Yük maşınında əldəqayırma bombalar və onları idarəetmə pultu da tapılıb.
Səbəbi hələ bilinməyən partlayış
Yanvarın 1-də Las-Veqasda ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa məxsus otelin önündə elektrikli "Tesla Cybertruck" yük avtomobilinin partlaması nəticəsində, azı, bir nəfər ölüb və yeddisi də yaralanıb.
"ABC News"un xəbərinə görə, partlayışın səbəbi hələ dəqiqləşdirilməyib, ancaq avtomobilin içərisində alışdırıcı maddələr və benzinlə dolu kanistrlər tapılıb. İstintaq həlak olmuş sürücünün partlayışı bilərəkdən törədib-törətmədiyini aydınlaşdırır.
Polis partlayışın səbəbini öyrənməklə bağlı işlərin hələ də davam etdiyini bildirib. "NBC" və "CBS" televiziya kanalları da daxil, ABŞ mediasının bildirdiyinə görə, hakimiyyət adlarını açıqlamadığı qaynaqlara dayanaraq olaya mümkün terror aktı kimi yanaşır.
Azərbaycan XİN hücumu pisləyib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) hücumu pisləyib. Bu barədə XİN-in sosial media hesabında paylaşım edilib:
"Birləşmiş Ştatların Nyu-Orlean şəhərində onlarla insanın ölümünə və yaralanmasına səbəb olan iyrənc avtomobil hücumunu şiddətlə qınayırıq. Düşüncələrimiz, dualarımız qurbanlar və onların ailələri ilədir. Biz bütün forma və təzahürlərində terrorizmin bütün əməllərini...birmənalı şəkildə pisləyirik".
Monteneqro polisi 10 nəfərin ölümünə səbəb olmuş silahlı şəxsi axtarır
Monteneqronun Tsetine şəhərində, barların birində, ikisi uşaq, 12 nəfərin ölümüylə nəticələnən silahlı hadisə baş verib. Cinayəti törədən şəxs olay yerindən qaçıb.
Rəsmilər Ako Martinoviç adlı şübhəlinin axtarış başladıldıqdan sonra intihara cəhd etdiyini və xəstəxanaya aparılarkən öldüyünü söyləyib.
Monteneqronun daxili işlər naziri Danilo Saranoviç mətbuat konfransında deyib ki, Martinoviç bar sahibini, onun uşaqlarını və öz ailə üzvlərini qətlə yetirib.
Dörd nəfər barda öldürülüb, daha 6-sı da digər yerlərdə ölümcül xəsarətlər alıb. Silahlı insident əlbəyaxa çəkişmədən sonra baş verib.
Üç kişi və bir qadın Tsetine xəstəxanasına çatdırılıb. Onların durumları çox ağırdır.
Matəm elan olunub
Baş nazir Miloyko Spaiç xəstələrə baş çəkib və ölkədə 3 günlük matəm elan edib. O, Tsetine yaxınlığındakı Bayitse kəndində baş vermiş olayı "dəhşətli faciə" adlandırıb.
Xəstələrin həyatları uğrunda mübarizə aparıldığını deyən baş nazir əlavə edib ki, cinayətkarın axtarışı üçün bütün qüvvələr səfərbər olunub.
Prezident Yakov Milatoviç X sosial şəbəkəsindəki paylaşımında faciədən sarsıldığını və heyrətə gəldiyini bildirib. "Bayram sevinci əvəzinə ….ölkə günahsız insanların həyatını itirdiyinə kədərlənir", - onun sözləridir.
Polis paytaxt Podqoritsadan 30 km şimal-qərbdə yerləşən Tsetine sakinlərini evlərini tərk etməməyə çağırıb. Şübhəli şəxsin "silahlı və təhlükəli" olduğu deyilir.
"Baş vermiş hadisə mütəşəkkil cinayət qruplaşmaları arasında olan qarşıdurmanın nəticəsi deyil", - polisin bəyanatda belə deyilir.
Monteneqroda matəm yanvarın 2-də başlanacaq. Podqoritse, Budva və Kotor şəhərlərindəki Yeni il konsertləri ləğv edilib.
Bu, son üç ildə Tsetinedə baş verən ikinci bənzər olaydır. 2022-ci ildə də silahlı hücum nəticəsində, ikisi uşaq, 10 nəfər qətlə yetirilmişdi. Hadisədən sonra cinayətkarı şəhər sakini küçədəcə güllələmişdi.
Azərbaycan İrana etiraz bildirib
Yanvarın 1-də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir ki, dekabrın 29-da Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin iştirak etdiyi tədbirdə Azərbaycana və onun dövlət başçısına qarşı səsləndirilən "təhqiramiz" ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.
"Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb. İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib", - məlumatda vurğulanıb.
+++
İran xarici işlər nazirinin köməkçisi və nazirliyin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili bu ölkənin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılmasına münasibət bildirib.
Onun sözlərinə görə, İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin Azərbaycana qarşı dedikləri İran hökumətinin mövqeyini əks etdirmir.
"İranın əsas siyasəti qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə dostluq əlaqələrini genişləndirməkdir", - Dəmirçili IRNA agentliyinə bildirib.
Xatırlatma
İran-Azərbaycan münasibətlərində əvvəllər də müəyyən narazılıq olmuşdu. Bundan əvvəlki illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.
Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər. Amma xüsusilə son bir ildə hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa dair fikirlər səsləndirirlər. Ötən ilin iyulunda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib.
Azərbaycan Gimnastika Federasiyası cəzalandırılıb
Dekabrın 31-də Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası Azərbaycan Gimnastika Federasiyasını (AGF) Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən tədbirlərdə iştirakdan 180 gün kənarlaşdırıb. Azərbaycan yığması məşqçilərinin kobud etik qayda pozuntularına yol verdiyi bildirilir.
Azərbaycan milli komandasının sabiq baş məşqçisi, gənclər və idman nazirinin müavini Mariana Vasileva ömürlük diskvalifikasiya edilib. O, idmançılara qarşı fiziki zorakılıqda günahlandırılır.
Digər məşqçilər də müxtəlif cəzalar alıblar.
AGF-dən idmançıların təhlükəsizliyi ilə bağlı prosedur və mexanizmlərin yoxlanması üçün ekspert təyin etməsi, rüblük hesabatlar verməsi, gələcəkdə hadisənin təkrarlanmaması üçün digər tədbirlər görməsi tələb olunur.
AGF nümayəndələri FIG şurasının və konqresinin qarşıdakı iclaslarında iştirak etməyəcəklər.
Maraqlıdır ki, bu il fevral, mart və aprel aylarında Bakıda batutda tullanma, idman və bədii gimnastika üzrə Dünya Kubokunun mərhələləri keçirilməlidir.
İstirahət günləri olduğundan AGF-nin və başqa maraqlı tərəflərin sanksiyalara münasibətini öyrənmək mümkün olmayıb.
Gürcüstanın Bolnisi rayonunda yol qəzasında 2 yeniyetmə ölüb. Qarşıdurma yaranıb (Video)
Dekabrın 30-da axşam saatlarında Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi bələdiyyəsinin Naxiduri (Arıxlı) kəndində vəziyyət xeyli gərginləşib.
Bolnisi-Marneuli magistral yolunda yol qəzasında iki yerli yeniyetmə ölüb: biri hadisə yerində, digəri xəstəxanada vəfat edib. APA informasiya agentliyi yeniyetmələrin azərbaycanlılar olduğunu yazır. Yolu keçən daha iki gənc isə xəsarət alıb.
Medianın və hadisə şahidlərinin verdiyi məlumata görə, qəzanı törətdiyi bildirilən sərxoş sürücü hadisə yerini tərk etməyib. O, təcili yardım maşınında gizlənməyə çalışıb, sakinlər isə maşını aşırıblar. Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub, polis nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
Bolnisi təcili yardım xidmətinin tibb bacısı Ana Abramişvili AzadlıqRadiosunun gürcü xidmətinə bildirib ki, yerli sakinlər təcili yardıma qarşı aqressiya göstəriblər, çünki “onlar həkimlərin döyülən sürücünü hadisə yerindən uzaqlaşdırmaq istədiyini düşünüblər”:
“Yerli sakinlərin bir hissəsi təcili yardım maşınını silkələdiyi vaxt, digərləri briqada üzvlərini maşından çıxarıb. Yoxsa nə baş verərdi, bilmirəm. Təcili yardım briqadasının üzvlərinə heç kim fiziki xəsarət yetirməyib”.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, sürücü saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı - yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozma maddəsi üzrə cinayət işi başlanıb.
DİN-in daha sonra yaydığı məlumata görə, iğtişaşlar zamanı bir neçə təhlükəsizlik əməkdaşı və 8 vətəndaş yaralanıb, onlardan bəziləri tibb ocaqlarında müalicə alır.
Əhalisinin əksəriyyəti azərbaycanlılar olan Bolnisi bələdiyyəsi Gürcüstanın cənubundakı Kvemo-Kartli bölgəsinin bir hissəsidir.
Rusiya və Ukrayna daha bir əsir mübadiləsi gerçəkləşdirib
Dekabrın 30-da Rusiya və Ukrayna daha bir hərbi əsir mübadiləsi gerçəkləşdirib. Mübadilə ilə bağlı danışıqlar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə aparılıb.
Tərəflər fərqli rəqəmlər səsləndirirlər. Rusiya Müdafiə Nazirliyi bildirib ki, mübadilə “150-yə 150” formuluna əsasən reallaşdırılıb. Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hərbi qulluqçuları Belarus ərazisinə aparılıb. Onlara tibbi və psixoloji yardım göstərilir, yaxınları ilə əlaqə saxlaya bilirlər. Məhbusların qaytarılmasının görüntülərini Rusiyanın İnsan Hüquqları üzrə ombudsmanı Tatyana Moskalkova yayıb.
Ukrayna prezidenti Volodimir Zelenski isə Ukraynaya 150 yox, 189 hərbi əsirin qayıtdığını bildirib. Onların arasında, Zelenskinin sözlərinə görə, ordunun müxtəlif bölmələrindən olanlar, həmçinin Mariupolda Rusiya qoşunlarının əsir götürdüyü iki mülki şəxs də var.
Rusiya və Ukrayna müntəzəm olaraq hərbi əsir mübadiləsi aparırlar. Rusiya 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı işğalçı müharibəyə başlayandan indiyədək 59 belə mübadilə gerçəkləşdirilib. Noyabrın 27-də Rusiya Xarici İşlər Nazirliyi “630-a 630” düsturuna əsasən, müharibə başlayandan bəri ən böyük əsir mübadiləsinə hazır olduğunu açıqlayıb. Ukrayna tərəfi, hələlik, bu təşəbbüsə münasibət bildirməyib.
Bu ilin iyununda Rusiya prezidenti Vladimir Putin Ukraynada əsirlikdə 1348 rusiyalı, Rusiyada isə 6 min 465 ukraynalı olduğunu iddia edib. Avqustda Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisinə müdaxilə nəticəsində yüzlərlə rusiyalı əsgər, əsasən də çağırışçılar Ukrayna Silahlı Qüvvələrinə əsir düşüb.
Suriyanın de-fakto lideri Rusiya və İrana 'qarşılıqlı' hörməti saxlamaq istəyir
Suriya Rusiya və İranla münasibətlərdə "qarşılıqlı" hörmətə əsaslanan əlaqələrin tərəfdarıdır. Ölkənin yeni de-fakto lideri Əhməd əş-Şaraa "Al Arabiya" telekanalına müsahibəsində belə deyib.
Bəşər Əsədin çöküşündən öncə Rusiya və İran Suriyanın önəmli müttəfiqləri idi.
Qərb ölkələri yeni liderin hərəkətlərini, o sıradan rəsmi Tehran və Moskva ilə gələcək əlaqələrinin səviyyəsini yaxından izləyir.
"Suriya üçün önəmli regional ölkə olan İranla münasibətlərin olmaması durumu davam edə bilməz", - belə deyən əş-Şaraa əlavə edib ki, "əlaqələr hər iki ölkənin suverenliyinə sayqı göstərməyə və daxili işlərinə qarışmamağa əsaslanmalıdır".
Əş-Şaraa Tehrana regional siyasətini və müdaxilələrini yenidən gözdən keçirməyi tövsiyə edib. O, İranın Əsəd rejimini dəstəkləyən əsas ölkələrdən biri olduğunu müxalifət qüvvələrinin bildiyini söyləyib, ancaq İranın Suriyadakı mövqeyini qoruduğunu da bildirib.
Bu addıma cavab olaraq, İrandan müsbət təşəbbüslər gözlədiyini deyən əş-Şaraa bunun baş vermədiyini də vurğulayıb.
Rusiyadan gözləntilər
Əvvəllər Əbu Məhəmməd əl-Colani kimi tanınan əş-Şaraa deyib ki, o, Rusiyadan öz qoşunlarının Suriyadan çıxarmasını gözləyir. Düzdür, o, müsahibəsində "dünyanın ikinci ən güclü ölkəsi" ilə "dərin" strateji maraqlardan da danışıb: "Biz Rusiyanın münasibətlərimizə xələl gətirəcək tərzdə Suriyanı tərk etməsini istəmirik… Bütün silahlarımız Rusiya istehsalıdır, bir çox elektrik stansiyasını da rusiyalı mütəxəssislər idarə edir".
AzadlıqRadiosunun təhlilləri göstərir ki, Rusiya Suriyadakı hərbi varlığını zəiflədərək aktivlərini Yaxın Şərqdən Afrikaya daşıyır.
Hmeymim hava və Tartusdakı hərbi-dəniz bazalarındakı itkilərini kompensasiya etmək üçün Kreml Liviya, Mali və Sudanda öz hərbi varlığını gücləndirir. Ancaq ekspertlərin fikrincə, Suriyadakı bazalarını itirmək Rusiyadan ötrü strateji zərbə olacaq.
Əş-Şaraa Suriyada seçkilərin təşkilinə dörd il, yeni konstitusiya üzərində işlərin yekunlaşmasına isə üç il gərəkə biləcəyinə də diqqət çəkib.
"Ümidvaram ki, Tramp administrasiyası…"
Suriya lideri ümid edib ki, Donald Trampın rəhbərlik edəcəyi yeni ABŞ administrasiyası ölkə üzərindən sanksiyaları qaldıracaq: "Ümidvaram ki, Tramp administrasiyası sələflərinin siyasətini davam etdirməyəcək".
Əsədi çökdürən "Həyat Təhrir əş-Şam" (HTŞ) ABŞ və Avropa İttifaqında terrorçu qruplaşma kimi tanınır.
Əş-Şaraa qadın hüquqları, milli barışıq məsələlərində, beynəlxalq ictimaiyyətlə əlaqələrdə mülayim siyasət yürüdəcəyinə söz verib. Suriyanın de-fakto başçısına ehtiyatla yanaşan dünya liderləri ondan konkret addımlar gözləyirlər.
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti qalma müddəti 90 günə endirilib
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti qalma müddəti barədə qaydalara dəyişiklik edilib. Onların Azərbaycanda müvəqqəti olma müddəti 1 il ərzində 180 gündən 90 günə endirilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, viza tələb olunmayan qaydada Azərbaycan gələn Rusiya vətəndaşlarının və bu federasiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.
Bu qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bir müddət öncə oxşar dəyişiklik Rusiya qanunvericiliyində də qəbul edilib. Rəsmi qurumlar açıqlamışdı ki, Federasiyanın müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, gələn il yanvarın 1-dən etibarən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Həmçinin bildirib ki, qaydalara əsasən, xarici vətəndaşlar Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.
Şamo Eminov buraxılıb
Bu gün, dekabrın 29-da “Kanal 13” İnternet Televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminovun sərbəst buraxıldığı bildirilir.
Vəkil Elçin Sadıqov bu barədə danışarkın deyib ki, istintaq və həbsdə qalma müddəti başa çatdığına görə, Şamo Eminov sərbəst buraxılıb.
Müdafiə tərəfi hesab edir ki, ittiham olunan şəxsin evə buraxılması cinayət işinə xitam veriləcəyinə işarədir.
"Onun gunahkar olması barədə sübüt yoxdur. İş xitam olunmalıdır", - müdafiə tərəfi hesab edir.
Hələlik, müdafiə tərəfinin fikirlərinə, istintaqı aparan Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
"Kanal-13" ilə əməkdaşlıq edən jurnalist-frilanser Ş.Eminov ötən il dekabrın 23-də saxlanmışdı. Məhkəmə onu "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı" (206.3.2) ittihamı ilə istintaq müddətində həbs etmişdi.
Ondan bir ay əvvəl həmin televiziyanın rəhbəri Əziz Orucov da eyni və əlavə olaraq qanunsuz tikinti aparmaq ittihamı ilə həbs olunmuşdu.Əziz Orucov isə hələ də həbsdədir. Lakin onun üzərindən qaçaqlamçılıq ittihamının götürülüdüyü açıqlanıb.
Ümumilikdə son 13 ayda Azərbaycanda 30 civarında jurnalist, ictimai fəal həbs edilib. Onlara, əsasən, qaçaqmalçılıq ittihamı verilib. Onlar ittihamlarla razılaşmır, həbslərini fəaliyyəti ilə izah edirlər. Amma rəsmilər ölkədə sırf peşə fəaliyyətinə görə, jurnalistlərin və siyasi mülahizələrlə fəalların həbsi ilə bağlı deyilənləri qəbul etmirlər. Beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.
Cənubi Koreyada təyyarə qəzasında azı 160 nəfər həlak olub
Cənubi Koreyanın Muak aeroportuna eniş zamanı sərnişin təyyarəsi qəzaya uğrayıb. Həlak olanların dəqiq sayı bəlliu olmasa da, azı 160 nəfərin öldüyü bildirilir.
“Ryonhap” agentliyi iki nəfərin sağ qaldığı, qalan sərnişinlərin və ekipaj üzvlərinin öldüyü ehtimalından yazır.
“Juju Air” aviaşirkətinə məxsus “Boeing 737” Banqkok-Muan reysi ilə uçurmuş, göyərtəsində 181 nəfər var idi.
Şahidlərin dediyinə görə, təyyarə enən zaman şassində nasazlıq yaranıb, uçuş-enmə zolağına dəyərək alışıb.
Qəzanın səbəbləri müəyyənləşdirilir. İlkin versiya kimi təyyarənin quş sürüsü ilə toqquşma ehtimalı səslənib.
Muan aeroportu müvəqqəti bağlanıb. Hazırda təyyarənin qalıqları söndürülür, ölənlərin, qəzadan sağ çıxa biləcək şəxslərin axtarışı gedir.
Cənubi Koreya prezidentinin vəzifəsini icra edən Çxve San Mok hadisə yerinə gedib. O, ölənlərin yaxınlarına başsağlığı verib, hökumətin gərəkən dəstəyi göstərəcəyini deyib.
Putin təyyarə qəzasına görə üzr istədi. Zelenski də Əliyevə zəng etdi
Rusiya prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək təyyarə qəzasına görə üzr istəyib, həlak olanların ailələrinə başsağlığı çatdırıb. Bu barədə prezidentlərin mətbuat xidmətləri məlumat yayıb.
Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL təyyarəsi Aktauda qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Prezident İ.Əliyev deyib ki, sərnişin təyyarəsi Rusiyanın hava məkanında kənar fiziki-texniki müdaxiləyə məruz qalıb, idarəetməni tam itirib, Qazaxıstanın Aktau şəhərinə yönləndirilib və yalnız pilotların şücaəti, peşəkarlığı sayəsində qəza enişi edə bilib.
Kremlin yaydığı məlumata görə, "söhbətdə qeyd olunub ki, sərnişin təyyarəsi dəfələrlə Qroznı aeroportuna enməyə cəhd edib. Həmin vaxt Qroznı, Mozdok və Vladiqafqaz Ukraynanın döyüş dronlarının hücumuna məruz qalmışdı və Rusiyanın havadan müdafiə sistemləri bu hücumların qarşısını alırdı".
Məlumatda deyilir ki, Rusiyanın İstintaq Komitəsi uçuş təhlükəsizliyi və hava gəmisinin istismarı qaydalarının pozulması üzrə cinayət işi açıb.
Azərbaycanda isə hadisə ilə bağlı Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Zelenski Rusiyadan dəqiq izahat tələb edib
Dekabrın 28-də Ukrayna prezidenti Volodimir Zelenski də Azərbaycan prezidentinə zəng edərək təyyarə qəzasına görə başsağlığı verməsinə dair məlumat yayıb. O, qeyd edib ki, Rusiya dəqiq izahat verməli, dezinformasiya yaymağı dayandırmalıdır.
“Foto və videolarda təyyarənin gövdəsinin zədələnməsi, o cümlədən zenit raket zərbəsinə çox bənzəyən dəliklər və əyilmələr aydın şəkildə əks olunub”, – məlumatda deyilir.
Təyyarə faciəsindən bir gün sonra qərb mediası və ona istinadla Azərbaycan hakimiyyətinin nəzarətində olan media orqanları təyyarənin Qroznı yaxınlığında Rusiya raketi ilə vurulduğunu yazıblar. AZAL şirkəti də sonradan təyyarəyə kənar müdaxilə olunduğunu bildirib. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də təsdiqləyib.
AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırıb.
Kremlin bəyanatının Embraer-190 təyyarəsinin Rusiya raketi ilə vurulması şübhələrini artıracağı görünür. Azərbaycanda hakimiyyətyönlü deputatlar da bu ehtimalı dilə gətiriblər.
'Kanal 11' TV-ın rəhbəri 8 il həbsə məhkum edilib
“Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimova 8 il həbs cəzası verilib. Üstəlik, əlavə cəza kimi, ona 2 il də jurnalist fəaliyyətilə məşğul olmaq qadağan edilib.
T.Kərimovla birlikdə mühakimə olunan reportyor İstək Totiyevaya isə şərti cəza verilib. Bu barədə dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.
Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb-etmə) maddəsilə - Fərrux Ələkbərov adlı şəxsdən saytdan materialın silinməsi üçün 10 min manat pul tələb edib, sonda 1000 manat almaqda təqsirli bilinib.
Ancaq T.Kərimov deyir ki, yalandır, nə F.Ələkbərovdan pul tələb eləyib, nə də alıb. Elə bu məsələnin araşdırılması üçün də məhkəmədə telefon anten məlumatlarının sorğu ilə alınmasını istəyirdi. Amma hakim bunu etməyib. Onun sözlərinə görə, istintaqda yol verilən çoxsaylı qanun pozuntuları məhkəmədə də davam edib: “Azad Məcidov o hakimlərdəndir ki, onun əlindən adamlar qan ağlayır...”
Etiraz aksiyalarını, vətəndaşların hüquqlarının pozulması ilə bağlı hadisələri çəkib yaydığına görə sifarişlə həbs edildiyini vurğulayan T. Kərimov son sözündə bildirib ki, saxlanılarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb: “Sonda məni dubinka ilə zorlamaqla təhdid edib ifadə aldılar”.
T.Kərimov son sözündə əlavə edib ki, himayəsində 4 azyaşlı uşağı var, evin yeganə gəlir gətirənidir. Hazırda ailəsi dost-tanışının maddi dəstəyi sayəsində dolanır: “Necə olur, dövlətin 27 milyonunu yeyən Səlim Müslümovu Bakı Ağır Cinayətlər Məhkəməsi azadlıqda saxlayır, heç bir günahı olmayan adamları illərlə həbsxanada çürüdür? Budur sizin vicdanınız?”
Xatırlatma
Teymur Kərimov 2023-cü il dekabrın 11-dən həbsdədir. O, polislərin Qarabağ müharibəsi əlillərini döyməsini çəkib yaydığına görə cəzalandırıldığını deyir. Jurnalist saxlanılarkən və daha sonra etirafedici ifadə verməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qaldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti T.Kərimovun hədələnməsi, işgəncəyə məruz qalması haqda iddiaları rədd edib.
Son 13 ay ərzində Azərbaycanda 30-dan artıq jurnalist və bloqer həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə-qorxu ilə tələb etmə və başqa ittihamlarla üzləşiblər.
Jurnalistlər ittihamları qurama sayır və bunu peşə fəaliyyətlərinə bağlayırlar. Rəsmilərsə ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs olunmalarına dair fikirləri qəbul etmirlər.
Bəxtiyar Hacıyevə prokuror 11 il həbs cəzası istədi
İctimai fəal Bəxtiyar Hacıyevə prokuror 11 il həbs cəzası verilməsini istəyib. Dövlət ittihamçısı dekabrın 28-də Bakı Ağır Cinayətlər məhkəməsində bu təkliflə çıxış edib. Prokurur ictimai fəalın üzərinə həbs qoyulmuş əmlaklarının da müsadirəsini istəyib.
Məhkəmədə öncə B.Hacıyev vəsatət qaldırıb ki, heç olmasa, Beynəlxalq Bankda olan hesabının üzərindəki həbs götürülsün. Həmin hesabındakı vəsait Avropa Məhkəməsinin qərarı əsasında Azərbaycan hökumətinin ödədiyi kompensasiyadır. İctimai fəal deyir ki, ailə üzvləri təcridxanaya onun yanına ərzaq və başqa sovqat gətirməkdən ötrü maddi baxımdan çətinlik çəkirlər. Bank hesabındakı vəsaitdən istifadə bundan ötrü lazımdır.
Ancaq hakimlər buna razılıq verməyib. Deyiblər ki, sonda hökm çıxaranda bu məsələ barədə də qərar verəcəklər.
Ardınca məhkəmə istintaqının yekunlaşmasına qərar verilib.
Prokuror Eldar Həmzə iddia edib ki, B.Hacıyevə verilən qaçaqmalçılıq, vergidən yayınma, cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və başqa ittihamlar məhkəmədə sübut olunub. Ancaq Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və bir neçə başqa maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib. Bu üzdən həmin ittihamlar üzrə ona cəza təyin olunmamalıdır. Lakin qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, leqallaşdırma kimi kimi əməllərə görə ictimai fəala 11 il həbs cəzası istəyib.
İctimai fəalın məhkəməsi yanvarın 6-da B.Hacıyevin vəkillərinin çıxışıyla davam edəcək. Ardından özü son sözünü deyəcək və hökm oxunacaq.
Xatırlatma
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunanda ona Cinayət Məcəlləsinin 221.2.2 (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham verilmişdi. Bu ittihamlarda söhbət Yasamal rayon Məhkəməsindəki zallardan birində onunla bloger Ülviyyə Alovlu arasındakı qalmaqaldan bəhs olunur.
İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.
Lakin o, özünü təqsirli bilmir, bu ittihamların hamısının əsassız olduğunu deyir. B.Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişiylə həbs olunduğunu iddia edir.
Daxili İşlər Nazirliyi isə bu iddiaları rədd edir.
ABŞ İvanişviliyə maliyyə sanksiyaları tətbiq edib
ABŞ Gürcüstanın hakim partiyası olan "Gürcü arzusu"nun qurucusu, keçmiş baş nazir Bidzina İvanişviliyə maliyyə sanksiyaları tətbiq edib. Qərar ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib.
"Gürcü arzusu" partiyasının liderləri deyirdilər ki, İvanişvili "qlobal müharibə partiyası"nın təsiri altında olan amerikalı siyasətçilər və bürokratlarla görüşdən maliyyə şantajı səbəbiylə yayınır. Partiya "Credit Suisse" bankında İvanişviliyə aid 2 milyard dolların bloklanmasını "qeyri-rəsmi sanksiya" adlandırıb.
"Gürcü Arzusu" Qərbə qarşı "qlobal müharibə partiyası" ifadəsini işlədir.
Bu ilin oktyabrında “Imedi” telekanalına müsahibəsində İvanişvili Sinqapurda məhkəmə prosesinin müsbət nəticələndiyini deyib. Onun sözlərinə görə, bu nəticədən sonra Qərb siyasətçiləri ilə görüşlərə heç bir maneə qalmayıb. Daha sonra o, Fransa prezidenti Emmanuel Makronla telefonla da danışıb.
Milyarderin sərvətinin hansı hissəsinin hələ də Qərb ölkələrində olduğu bilinmir. Daha əvvəl onun özünə aid incəsənət əsərlərini Londondan və Nyu-Yorkdan çıxardığı barədə məlumatlar yayılmışdı.
"Bloomberg"in məlumatına görə, İvanişvilinin sərvəti son bir il ərzində 955 milyon dollar artaraq 7.6 milyard dollara çatıb.
YAP-çı deputat: 'Məsuliyyət Rusiya Federasiyasının üzərinə düşür'
"Hazırda "Azərbaycan Hava Yolları"na aid təyyarənin qəzaya uğramasının səbəbləri içərisində daha çox ehtimal edilən səbəb təyyarənin vurulmasıdır". Bunu AzadlıqRadiosuna hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Hikmət Babaoğlu deyib.
"Bu, bir ehtimaldır, ancaq çox qüvvətli ehtimaldır", -- o əlavə edib.
Deputat vurğulayıb ki, Beynəlxalq Mülki Aviasiya (Çikaqo) Konvensiyasına görə, hava məkanı kimi aiddirsə, uçuşların təhlükəsizliyi ilə bağlı təminatı da həmin ölkə həyata keçirilməlidir: "Azərbaycanın hava layneri Rusiya Federasiyasının ərazisində zədələnib və qəzaya səbəb olacaq hadisə orada baş verib. Buna görə də, heç şübhəsiz ki, məsuliyyət Rusiya Federasiyasının üzərinə düşür və cavabdehlik də, əgər bu ehtimallar doğrudursa, yenə Rusiyanın üzərinə düşür".
Deputat düşünür ki, Rusiya Federasiyası prezidentinin köməkçisi Dmitri Peskovun açıqlaması, yekun nəticənin gözlənilməsi ilə bağlı səsləndirdiyi fikirlər "bir şəkildə bu versiyanın qəbul edilməsinə işarədir".
H.Babaoğlunun sözlərinə görə, spekulyasiya mövzusuna çevrilmədən Rusiya bu məsələyə daha çevik reaksiya verməlidir və məsələ ilə bağlı həqiqətin ortaya çıxmasında daha çox maraqlı olmalıdır. Deputatın fikrincə, əks təqdirdə, Rusiya hava-məkanı etibarsız və təhlükəli hesab edilə bilər: "Biz başa düşürük ki, hazırda müharibə vəziyyətində olan Rusiya Federasiyası heç də hava məkanının hər hissəsində təhlükəsizliyi təmin edə bilmir. Biz təkcə Şimalı Qafqazda, Dağıstanda yox, hətta Rusiyanın mərkəzi coğrafiyalarında da bəzən bununla bağlı çətinliklərin olduğunu, reyslərin və ya hava nəqliyyatının hərəkətində məhdudiyyətlərin tətbiq olunduğunu görürük. Amma, şübhəsiz ki, belə hallarda önləyici tədbirlər həyata keçirməlidir".
"Zərərçəkənlərə kompensasiya ödəməlidir"
Deputat hesab edir ki, vəziyyət necə olursa olsun, komissiyanın yekun sənədində konkret rəy orta çıxdıqdan sonra məsələ ilə bağlı məsuliyyət daşıyan tərəf üzr istəməlidir: "Heç şübhəsiz ki, zərərçəkənlərə kompensasiya ödəməlidir. Mən ümid edirəm ki, Rusiya kimi böyük dövlət belə bir məsuliyyət yaranacağı təqdirdə mütləq bunu edəcəkdir. Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsi və Rusiyanın özünün hava məkanı ilə bağlı mənafeləri bunu tələb edir. Ona görə də Azərbaycan tərəfi, əlbəttə ki, belə bir üzrxahlığı gözləyir".
Xatırlatma
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.