Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:11

Azərbaycanda doğum kəskin azalıb, abort kəskin artıb


Azərbaycanda qız çatışmazlığı yarana bilər
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Azərbaycanda qız çatışmazlığı yarana bilər (2018)

Son iki ildə doğulanların sayı 30 min nəfər azalıb

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda səhiyyəyə dair ötən ilin yekununa aid statistik göstəriciləri açıqlayıb. Doğum və abort saylarındakı kəskin dəyişikliklər ayrıca diqqət çəkir. 2021-ci il boyunca 110 min 700 doğuş qeydə alınıb. Bu, ötən illərlə müqayisədə ciddi azalma deməkdir. 2020-ci ildə Azərbaycanda 125 minə yaxın, ötən illə müqayisədə 13 faiz çox doğuş qeydə alınmışdı. 2019-cu ildəki doğuş sayı isə 141 min nəfəri də aşmışdı. Bu o deməkdir ki, 2019-2021-ci illər ərzində Azərbaycanda doğuş sayı 30 min nəfər azalıb. Son 5 ildə doğuş sayında 50 min nəfərə yaxın azalma var.

Ötən il əhali artımının durumuyla bağlı diqqətçəkən bir məqam da qeydə alınan abort sayındakı kəskin artımdır. Həmin il 47 min abort olub. Daha bir il öncə - 2020-ci ildə bu rəqəm 34 min 700 idi. Deməli, bir il boyunca ölkədəki abort sayı 12 min nəfərdən çox və ya 35 faiz çoxalıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. 2019-cu ildə isə ölkədə 36 min abort qeydə alınmışdı. Ötən il Azərbaycanda hər min qadına 18 abort düşüb. 2020-ci ildə bu rəqəm 13.3 idi. Hər min qadına düşən abort sayı ilə yanaşı, hər 100 doğuşa düşən abort sayı da ciddi artıb. Artıq ilboyu qeydə alınan abortların doğuşlara nisbəti 42 faizə yüksəlib. Cəmi bir il öncə bu göstərici 28 faiz, 5 il öncə isə 22 faiz idi.

18-19 yaşlı qadınlar arasında qeydə alınan abort sayı iki dəfə artıb

Qeydə alınan abort sayını yaş qrupları baxımından gözdən keçirərkən aydın olur ki, 29 yaşdan yuxarı qadınlar arasında abort daha kəskin artıb. Məsələn, 2020-ci ildə 30-34 yaşlı qadınlar arasında 9 min 445 abort qeydə alınmışdısa, ötən il bu göstərici 13 min 742 nəfər olub. 30-34 yaş qrupundakı hər min qadına düşən abort sayı bir il içərisində 20-dən 29-a yüksəlib. 35 yaşdan yuxarı qadınlar arasındakı abort sayı isə 5 min 430-dan 8 min 715-ə yüksəlib. 25-29 yaş qrupundakı qadınlar arasında abort sayı da 11 mindən 13 min 500 nəfərə çatıb.

Ötən il 18-19 yaşlı qadınlar arasında qeydə alınan abort sayı da iki dəfə artıb. 2020-ci ildə bu yaş qrupundakı qadınlar arasında min 270 abort qeydə alınmışdısa, 2021-ci ildə bu rəqəm 2 min 412-ə yüksəlib.

Abortlar niyə artır?

Hökumət rəsmiləri son illərdə ölkədə təbii artımın azalması ilə bağlı bəzi açıqlamalar versələr də, bunun səbəbləri araşdırılmayıb. İctimai müzakirələrdə Azərbaycanda abort sayındakı artım daha çox selektiv abortlarla əlaqələndirilir. Nəzərə almaq lazımdır ki, bir neçə beynəlxalq araşdırma nəticəsinə görə, Azərbaycan selektiv abort sayı baxımından dünyada lider ölkələrdən biridir. Rəsmi bilgilər 2000-ci ildə Azərbaycanda qadın sayının kişiləri 179 min nəfər qabaqladığını göstərir. 2010-cu ildə bu göstərici 86 minə, 2015-ci ildə 41 minə geriləmişdi. Artıq 2020-ci ilin sonunda ölkədə qadın və kişilər arasındakı fərq cəmi 11 min nəfər olmuşdu. Bu sürətlə lap yaxın illərdə Azərbaycanda kişi sayının qadınları ötəcəyini proqnozlaşdırmaq çətin deyil.

Ancaq son illərdə ölkədə sosial durumun pisləşdiyini də gözardı etmək olmaz. Son iki ildə ölkədə inflyasiyanın durmadan artması gözə çarpır. DSK-nın açıqladığı rəqəmlərə görə, Azərbaycanda qida inflyasiyası 21 faiz civarındadır. Nəzərə almaq lazımdır ki, ölkədə əhalinin xərclərinin yarıdan çoxu məhz ərzaq və qidaya gedir. Ötən il rəsmi qeydə alınan inflyasiya göstəricisi əhalinin gəlirlərinin artım tempini də üstələmiş, gəlirlər 2.6 faiz artdığı halda, istehlak qiymətləri indeksi 6.7 faiz olmuşdu. Başqa deyimlə, əhalinin real gəlirləri 4 faizdən çox azalıb. Bu baxımdan, həyat şərtlərinin pisləşməsi də əhalinin yeni uşaq dünyaya gətirməklə bağlı qərarının dəyişməsinə təsir göstərir.

XS
SM
MD
LG