Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:20

Nahid: “Hər şey ütüdən başladı”


Belarus ütü muzeyi.
Belarus ütü muzeyi.

"Hər şey elə bir anda, elə bir sürətlə, elə bir ardıcıllıqda baş verdi ki, öncə maşının tormuz səsi, ardınca “dupp”, sonra isə uşaqların bir ağızdan “Güllü xala, Raiqi maşın vurdu!” qışqırığı eşidildi. Özümüzü küçəyə atdığımız an, mamam məni saxlayıb, “Ütünü tokdan çıxartmadın?” dedi".

Nahid

Ütüsüz adam

hekayə

Nahid Hacıyev.
Nahid Hacıyev.

Həmişə, xəyalımda yaratdığım “Yağ bıcağı” adlı planetdə yaşamaq istəmişəm. Hər şeyin mümkün olduğu planet.

Yer planetində mətbəx stolu qədər də deyilik... Düşünün, “Yağ bıçağı” planetindəsiniz və sol ayağınız mətbəx stolunun ayağı kimi laxlayır və kimsə ayağınızın boşalmış şrupunu yağ bıçağı ilə də olsa sıxıb əvvəlki, dözümlü halına gətirə bilir.

Nənəmin xəsdəliyini anlayan gündən xarab olan dilini yenisi ilə dəyişmək istəmişdim. İstəyimi geçəkləşdirə bilsəydim dili qatlanmazdı, mən də “Sulduz” oyunu ilə aldanmazdım. Əvəzində “Tom və Jerry” multfilimdə olan hadisələri məktəb dostlarımdan eşitməz, özüm baxardım. Tərs iş tərsdi. Nənəmin “Sulduz” deyib sayıqlaması həmişə “Tom və Jerry” multfilimi ilə eyni saatda başlayardı. Oyunun, “Bir saat əl-ayağa dolaşma” qaydası müddətini doldurana qədər də multfilim qutarardı.

Sudurqalı idi nənəm. “Sulduz, Sulduz” deyib sayıqladıqdan sonra dili qatlanırdı. Vaxtında xəbər tutması üçün atam məndən başqa heç kimin bilmədiyin, qaydaları sərt olan oyun kəşf etmişdi - “Sulduz”. Gündə üç dəfə yemək yeməyən, dərslərinin hamısından beş alıb, evdə anasına kömək etməyənlər “Sulduz” oyununu oynaya bilməzdi. Qəti olaraq. Sərt qaydaları olana bu oyunun çox sadə də şərti vardı - Balaca bir otağın qapısı ağzında gizlincə dayanıb nənəmin sayıqlamasını gözləmək, eşitdiyimdə vaxt itirmədən atama xəbər edib bir saat əl-ayağa dolaşmamaq. Başqa heç nə.

Atamın qardaşı idi Sulduz. Tələbə olduğu il anidən, qəfil, sehirbazın bir hərəkətə yox etdiyi yumurta kimi yoxa çıxmışdı. Polisin, “Tapmırıq” bildirişinə təslim olmayan babam uzun müddət axtarışa dama etsə də, övlad həsrətinin dibi görünməz çuxuruna düşmüşdü.

Buna da bax: Nahid Hacıyev "Yumulmayan sözlər" (Hekayə)

***

Anamın dediyinə görə, “Hər şeyi başa düşürəm” oyununu oynamağa hazır idim. Həyətimizə rəngli işıqları yanıb-sönən ağ maşınlar saxladığında, “Dərsini oxu” deyib, məni otaqdan qovmurdular. Görə, eşidə, hiss edə bilərdim. Qaydaları ən sərt,iştrakçıları ən acımasız olan belə bir oyun heç vaxt oynamamışdım. Belimə beş uşağın çıxdığı “Həncəli” oyunu da bu qədər sərt deyildi. Uduzanların geri gəlmək, yenidən başlamaq şansları da yox idi.
Yenidən başlamaq şansının olmadığı bir oyun, çox pis oyundu.

Məsələn: “Yağ bıçağı” planetində olsaydıq, o zaman, Qarabağ döyüşündə şəhid olan Murad, “Call of Duty” oyunundakı qəhrəman kimi ölüb yenidən dirilə bilərdi.

***

Yatağından qalxa bilməyən nənəmə həkimlərin “Ölüm” diaqnozu qoyduqları dördüncü yaz idi. Anam hər “Novruz” səməninin ən gözəlini, ən yaşılını balaca otağa qoyardı.

Zamanla nənəmin sayıqlamalar artıb, nəfəsinin xırıltısı ucaldıqca atam, “Bir çarə olmalı” deyib, günlərlə fikirləşdi. Sonunda tapdı. Yeni oyun oynamalıydıq - “Sulduz-2”. Bir gün qorxumla yenidən qarşılaşacağımı bilirdim. Həyat kiçik dəyişiklikləri olan əbədi döngüdür. Döngünün mənə bəxş etdiyi dəyişiklik, kövrəlmiş gözlərimi görən atamın oyunun adını dəyişməsi, “Əlyar” etməsi oldu.

Qonşumuz idi Əlyar. Bütün kişilərdə olan keçəl görünmək qorxusu onda da vardı. Göz dağı kimi başının kənarlarında qalmış tüklərini uzadaraq mərkəzdə cəmləyib keçəlliyini gizlədirdi. Başqa da heç bir özəlliyi yox idi.

Oyunun qaydalarına əsasən nənəm “Sulduz” deyib, sayıqladığında Əlyarı, “Sulduz gəldi” deyib, nənəmə göstərməliydik. Bununla da hər şey bitəcəkdi.

Bir nəfərdən “Sulduz” düzəltmək fikirini atama iş yoldaşı, yaşı altmışı adlamış Bəhruz kişi başa salmışdı. İşdə, fasilə zamanı evdəki problemdən, anasının vəziyyətindən danışan atama Bəhruz kişi hər halını gördüyü bu dünaydan balaca hekayə danışmışdı.

Buna da bax: “Bizim yazıçılar Azərbaycan pulu kimidir...”

Balaca hekayə

Bir zamanlar, əsgərliyə sağ-salamat yola salıb, “Şəhid” adı ilə qarşıladığı oğlunun öldüyünə inanmayan, başsağlığına gələnləri, “Cəhənnəm olun!” deyib, acılayan Zəfəran adında qadın vardı. Tək, yalnız, səssiz. Aldığı xəbərdən sonra dinmək bilməyən fəryadından nə toy edən olurdu, nə də gülümsəyən. Topağa tapşırdığının öz oğlu olmadığına, bir gün, “Qəlbiyal”ın tozlu cığırında telli balasını yenidən görəcəyinə o qədər inanırmış ki, evinin pəncərisindən boylanmaqdan usanmırdı. İllər isə ötürdü. Yeməkdən, içməkdən kəsilən Zəfəran qadın dünya ilə vidalaşmaq məqamına çatsa da, ürəyindəki inam son nəfəsini buraxmırdı.
Qadının əziyyətinə, “Gözləri yol çəkir deyə can vermir” deyib, əlac axtaran kənd əhli uzun axtarışdan sonra çarəni tapdılar - “Əsgər” oyunu. Cavan bir oğlana əsgər paltarı geyindirib, “Gözün aydın ay Zəfəran, oğlun gəldi” deyəcəkdilər. Dedilər. Qürub çağı, qarşısında əsgər geyimli cavan oğlanı görən Zəfəran qadın taqətsiz qolarını qucaq şəklində açıb, “Oğlum” deyərək sonuncu nəfəsini beləcə təslim etmişdi.

***


Nənəmin sayıqlamalasına dərman olacağını anladığımız gündən, Əlyar kişi evimizin ən əziz adamına döndü. Atam həvəslə, Əlyar kişinin kürəyini döyəcləyib, “Mama, Sulduzun gəlib” deyərək nənəmə göstərdiyində qadının üzündə təbəssüm yaransa da, Zəfəran arvada dərman olan “Oyun”, nənəmin təkcə sudurqasına təsir etdi.

Zamanla, Əlyar dayı oynadığı “Sulduz” roluna o qədər alışdı ki, nənəmin sayıqladığı saatları təqvimində qırmızı rənglə işarələmiş kimi davrandı. Balaca otaqdan “Sulduz” sədası eşitməyimizlə Əlyar kişinin qapının zəngini sıxmağı eyni anda baş verirdi.

***

Əslində qarlı, sazaqlı qış gecələrin birində baş verməsini gözlədiyim, özümü həmin günə hazırladığım hadisə, tam fərqli, quşların civiltisi, böcəklərin oyandığı, sübh mehinin uzaqlardan gətirdiyi torpaq qoxusunu hiss etdiyim baha səhərində, atamın “Əlyarr” deyib, qışqırdığı gün baş verdi. Eşitdiyi səsdən karıxıb gecəliyini dəyişməyən Əlyar kişi qapımızda görünəndə bir anlıq dayanıb, özünü “Sulduz” olaraq düzəldərək balaca otağa tələsdi. Küləkdə unutduğu saçını başının ortasına doğru sığallamağı yadından çıxartdığı üçün qarşısında “Sulduz”u görən nənəm nöqtə boyda gülümsədi.

Gecədən ağrıları möhkəmləşib, bir neçə dəfə dili qatlanan, nəfəsi daha da ağırlaşan nənəmin dayanacaq əlavə gücünün qalmadığını hamımız anladıq.

Bir addım irəli atdığımızda geri dönməyə şansın olmadığı dünyada, heç olmasa, döyüş oyunlarındakı "+" işarəli “Əlavə can” qutuları olsaydı... Heç olmasa birini tapıb nənəmə versəydim... Canı çoxalsaydı... Gücü artsaydı... Davam etsəydi...
Məsələn: “Yağ bıçağı” planetində “Əlavə can” qutuları yüzlərlədi.

Dərdin dərmansızlığına təslim olub, eyni otaqda bir-birimizdən xəbərsiz susduğumuz gün əlində məktub tutmuş sarı gödəkcəli, çəhrayı çantalı oğlan qapımızı döydü.

Məktubda yazılaranları oxduqdan sonra qapımızı döyən əlin əslində Allahın əli, məktubun isə göndərdiyi dərman olduğunu anlamışdım.

Məktub;

Salam qardaş, necəsən? Anam, atam necədir? Burda havalar çox soyuqdu, bahar gəlmək bilmir. Quşlar da civildəşmir, Allahın böcəyi də gösrənmir, hər tərəf o qədər təmizdir ki, torpaq qoxusu belə yoxdu...

Qardaş, bağışla ki səfeh-səfeh danışıram... Əslində qorxuram... Qorxuram soruşam... Qorxuram soruşam ki, kimlər sağdı?

Anam təcili tibbi yardım-ın nömrəsini yığana qədər, atam kresloya söykənib sakitləşməyə çalışdı. Dili söz tutmasa da əli ilə yerə düşmüş məktubu götürüb oxumağımı istədi.

Qardaşının yazıdığı məktub bir aylıq müzakirələrə səbəb olduqdan sonra, qərar verildi. Əlaqə yaradıb onsuz keçən iyirmi beş illin yol xəritəsini cızdıq. Vəziyyətin ağırlığını başa saldığımız günə qədər telefon ekranından baxışdıq, danışdıq, ağlaşdıq.

Uzun məsafəli ayrılıqların səsli-küylü görüş yeri olan hava limanında böyüklər kimi qucaqlaşıb, uşaqlar kimi ağlayan iki kişiyə baxıb, “Görəsən nə olub?” sualına cavab üçün ora-bura boylanan, gözləri yaşaran, gülümsəyən onlarla insanın fikirlərində min cür həyat hekayəsi canlanırdı.

Evə çatdığımızda bütün qohumların, Əlyar kişinin də həyəcanla Sulduz əmimi gözlədiyini gördüm. Utanmasa atamı kənara çəkib, başqa “Sulduz” tapmasının səbəbini soruşacaqdı. Qapıdan içəri daxil olduğumuzda əmimin üstünə qaçıb “Dədəm, nənəm sənə qurban ay Sulduz” deyib hönkürən qadınlar sıra ilə əmimi qucaqlayıb ağladılar. Əmimlə ən sonuncu anam görüşdü. Qucalamadan, sadəcə əl uzadaraq “Xoş gəlmisən” dedi. Titrəyən dodaqlarını dişi ilə sıxırdı. Hiss edirdim ki, əslində, “Xoş gəlmisən”in əvəzinə, “Bu günə qədər hardasan, ay vicdansız?!” demək istədiyir. Əmim də hiss etmişdi. Gözlərini anamın gözlərində saxlamadan, “Hansı otaqdadı?” deyərək, atamın işarə etdiyi tərəfə yönəldi.

Yavaş addımlarla otağa daxil olub nənəmin çarpayısında əyləşdi. Dərisiz büzülmüş ana əlini əlləri ilə qucaqlayıb kövrəldi. İllərdir dilində yığılıb qalan sözləri demək istəsə də güc “Mama” deyməyə çatdı. Nənəm yığılaraq nöqtə boyda olmuş gözlərini açıb əmimə baxdı. Ürəyində qoruyub saxladığı sonuncu gücü ilə, – Oğlum - deyib gülümsədi. Gözündən axan bir damla yaş başı ilə bir yerdə balışa düşdü.

***

Nənənim cansız bədənini torpağa tapşırıb evimizə qayıtdığımız gündən sonra əmimlə tək qalacağımız anı gözlədim. Zamanla evimizdə ağlayıb, dünya işlərindən danışanların sayı azaldı.

Hay-küysüz günlərin birində əmimə hər şeyi, “Sulduz” oyununu, Bəhruz kişinin hekayəsini, Əlyar dayının aktyorluğunu danışıb, “Nə üçün çıxıb getdin?” sualına cavab istədik. Əmim bir neçə dəfə dərindən nəfəs alıb gülümsədi. Üzümə baxıb, “Hər şey ütüdən başladı” dedi.

Hər şeyin ütüdən başlaması;

Həyətdə oynadığımız zaman elə bir gün olmamışdı ki, Raiq anamı sələməsin – Atam təsdiqlədi. Fərq etməz, üstü bulşadı, acdı, kimləsə dalaşdı səsinin cır yerinə salıb var gücü ilə “Mama” deyib qışqırırdı.

Adi günlərin biri idi. Mamam paltar ütləyir, mən isə dərsimi oxuyurdum. Hərdən də gözucu saata baxırdım. Raiqin qışıracağı saat idi. Tərslik oldu. Hər şey elə bir anda, elə bir sürətlə, elə bir ardıcıllıqda baş verdi ki, öncə maşının tormuz səsi, ardınca “dupp”, sonra isə uşaqların bir ağızdan “Güllü xala, Raiqi maşın vurdu!” qışqırığı eşidildi. Özümüzü küçəyə atdığımız an, mamam məni saxlayıb, “Ütünü tokdan çıxartmadın?” dedi.

Həmin gündən sonra Raiq sağalsa da, mən sağalmadım. Elə hiss edirdim ki, getdiyim hər yerdə, baxdığım hər kəsdən, “Ütünü tokdan çıxartmadın?” sualını eşidirəm. Toxunduğum hər şey, qələm, oxduğum kitab, sevdiyim qız da ütü formasını alırdı. Danışsam heç kim anlamaz deyə susurdum. Ətrafımdakı hər kəs çölünə, mən isə içimə doğru yaşayırdım. İçimdə böyüyüən dərin, qaranlıq çuxura düşməmək üçün, “Ütünün yandıra biləcəyi paltarın, paltarın yandıra biləcyi xalçanın, xalçanın yandıra bilcəyi evin, evin yandıra biləcəyi gələcəyin insan həyatından dahamı dəyərlidir?” sualına cavab axtarırdım. Bir insanın yoxluğu, “Ütünü tokdan çıxartmadın?” sualıdakı “Raiqi maşın vurub, olan olub, heç olmasa ev yanmasın” həqiqətindədirsə mənim yoxluğum dərd olmamalı idi. Qərar verdim, çıxdım, getdim.

Quşlar civildəşsəydi, torpağın qoxusu gəlsəydi, hər şey cəhənnəmə, böcəklər görsənsəydi dözərdim, məktub yazmazdım, gəlməzdim. Olmadı. Hər yer o qədər təmizdiki...

Əmimi yola saldığımız gün, turnukentdən keçməmiş geri çönüb “Bilirsən, həmin gündən sonra heç vaxt ütü almadım” deyib çoxluğa qarışdı.

16.02.2017

Bakı

XS
SM
MD
LG