Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:30

Dadaşbala əməliyyatı (pyes)


Rəhman Əlizadə

D A D A Ş B A L A Ə M Ə L İ Y Y A T I

İki hissəli məzhəkə

İŞTİRAK EDƏNLƏR

D A D A Ş B A L A - “KOSMOS” kooperativ bərbərxanasının müdiri.

45 yaşında.

F A T M A - onun arvadı, həm də bərbərxananın xadiməsi.

ZÖHRƏ - onların qızı, sonuncu sinif şagirdi.

TAMARA - bərbər, 35 yaşında.

ABAS - onun əri, keçmiş prokuror, 65 yaşında.

QEYBULLA - arxioloq, 45 yaşında.

SARA - onun arvadı, aktrisa.

İLYAS - onların oğlu, sonuncu sinif şagirdi.

ÇİNGİZ - milis serjantı, 35 yaşında.

PÜSTƏ - onun arvadı.

MİRZƏAĞA - gənc şair, bərbər, teatrşünas və s.

MÜŞTƏRİ - cinsiyyəti və şəxsiyyəti naməlum şəxs.

CEYRAN - Abasın pişiyi.

XAN QIZI - Qeybullanın qazıb çıxardığı skelet.

GÖY MƏXLUQ

- Dadaşbalanın naməlum planetdən gəlmiş

SARI MƏXLUQ çağırılmamış qonaqları.

Əhvalat bizim günlərdə olur.

BİRİNCİ HİSSƏ

O qədər də böyük olmayan köhnə bir həyət. Bu həyətdə dörd ailə yaşayır; Dadaşbala – arvadı Fatma, qızı Zöhrə ilə, Çingiz – həyat yoldaşı Püstə ilə, Qeybulla – oğlu İlyasla, Abas – arvadı Tamara, pişiyi Ceyran və kirayənişini Mirzəağa Məftunla. Həyətin hər yerində köhnə yazılı daşlar, sınıq qab – qacaqlar səliqə ilə düzülüb – bunlar Qeybullanın tapıntılarıdır. Səhnənin lap önündə “Kosmos kooperativ bərbərxanası” yazılmış təzə tikili var. Dadaşbalanın evi alçaq olduğundan evin qır damı və damdan o yana şəhərin bir parçası açıq – aşkar görünür. Lap arxada isə üstündə heç hərf olmayan sarı bir qapı da var ki, bu qapı dörd ailəyə mənsubdur. Bərbərxananın qarşısında güzgü, miz və kürsülər qoyulub. Mirzəağa Məftun müştərinin üzünü təraş edir.

MİRZƏAĞA. Yaxşı qursaq qutabımız var.

MÜŞTƏRİ. Arağ?

MİRZƏAĞA. Var. Sonra şübhəsiz ki, çay da içəcəksiniz. Əla hind çayıdır.

MÜŞTƏRİ. Gəlsin.

MİRZƏAĞA (bərbərxanaya sarı). Tamara xanım!

Ağ xalat geymiş Tamara xanım bərbərxanadan çıxır.

TAMARA. Bəli, Mirzə bəy.

MİRZƏAĞA. Qutab, çay, arağ! Çayı axırda verərsən!

TAMARA. Daha sonra?

MİRZƏAĞA (müştəriyə). Qağa, Şekspir, səkkiz cilddə. Gəlsin?

MÜŞTƏRİ. Varımdır.

MİRZƏAĞA (Tamaraya). Varıdır! Sifarişi gətir.

TAMARA. Baş üstə. (gedir)

MÜŞTƏRİ. Bu həyətdəki daşlar da sənindir?

MİRZƏAĞA. Qeybulla müəllimindir. Bizim eranın üçüncü min illiyinə aiddir.

MÜŞTƏRİ. Qiyməti?

MİRZƏAĞA. Gərək yiyəsiylə razılaşaq.

MÜŞTƏRİ. Razılaşmasa?

MİRZƏAĞA. Bir şey fikirləşərik.

Tamara yemək gətirir, gedir. Müştəri yeyir, Mirzəağa onun üzünü taraş edir.

MÜŞTƏRİ. Dəhşət – şəhvət filmləri necə? (yeyir)

MİRZƏAĞA. Tapılar.

MÜŞTƏRİ. FRQ olmasın. Zəhləmi aparıb. (yeyir)

MİRZƏAĞA (bərbərxanaya tərəf). Tamara xanım, bir dənə yaponski seks!

TAMARANIN SƏSİ. Oldu! Çay da dəm alıb!

MİRZƏAĞA. Gəlsin!

Dadaşbala pəncərədən boylanır.

DADAŞBALA. Mirzəağa, vaxtdır, işi təhvil ver Tamaraya. Artistlərə çatdır ki, onlardan şikayət var. Ağızlarına gələni danışmasınlar səhnədə! Vallah bu kooperativ teatrı başıma bəla açdı. (Pəncərədən çəkilir)

MİRZƏAĞA. Oldu, ustad! (Xalatını soyunur. Tamara çaydan və istəkan – nəlbəki gətirir. Mirzəağanı əvəz edir.)

TAMARA. Hansı tamaşadır bu gün?

MİRZƏAĞA. “Mərdməzar olmasaydı...”

TAMARA. Şekspirindir?

MİRZƏAĞA. Yox, özüm yazmışam, özüm də qurmuşam.

MÜŞTƏRİ. Deməli sizin teatrınız da var?!

MİRZƏAĞA. Ayıb şeydir ki, qağa!

TAMARA. Dadaşbala qədeş çoxşaxəli fəaliyyət göstərməyi sevir.

MÜŞTƏRİ. O kimdir?

TAMARA. Şefimizdir.

MÜŞTƏRİ. Maraqlıdır, çox maraqlıdır. (Qalxır. Çıxarıb Tamaraya pul verir.) Bəsinizdirmi?

TAMARA. Allah cibinə bərəkət versin.

MÜŞTƏRİ (Mirzəağaya). Mən də səninlə teatrınıza gedirəm. Bəlkə bir para məsləhət və qeydlərim xeyrinizə oldu.

MİRZƏAĞA. Unutmayın ki, mənim əsil sənətim teatrşünaslıqdır.

MÜŞTƏRİ. Bütün sənətlər nəhayətdə ticarət limanına yan alırlar.

MİRZƏAĞA. Dadaşbala əmi demişkən, bazar ata – ana tanımaz. Gedək!

Müştəriylə Mirzəağa gedirlər. Püstə bəzənmiş halda öz qapılarından çıxır.

PÜSTƏ. Axşamın xeyir, Tamara xala.

TAMARA. Ay qız, Püstə, vur – tut beş yaş səndən böyüyəm, nə xala – xala salmısan.

PÜSTƏ. Niyə inciyirsən? Yetmiş yaşında kişinin arvadına xala deyərlər də.

TAMARA. Yaramı təzələmə, ay Püstə.

PÜSTƏ. Yaxşı, araya çıxarmağa əntiqə nəyin var? Gecə növbəsinə gedirəm, bəlkə xirıd eləyə bildim.

TAMARA. Qiyamət köynəklərim var. Gedək, bax.

Püstəylə Tamara bərbərxanaya keçirlər. Dadaşbala qoltuğunda yorğan – döşək evdən çıxıb nərdivanla dama qalxır. Fatma çətinliklə skeleti otaqdan çıxarıb artırmaya qoyur.

FATMA. Səni görüm, bunun kökünə düşəsən, mənim də canım qurtarsın.

DADAŞBALA. Belə ki, sən başlamısan axırda bundan da pis günə düşəcəyəm.

FATMA. Dama yox ey, lap göyə də çıxsan mənim əlimdən qurtara bilməyəcəksən. (Onun ardınca dama qalxır.)

DADAŞBALA. Arvad, sənin üzündə bir tikə abır – həya qalmayıb. Bir dama çıxmağın qalmışdı, onu da elədin. Sən atanın goru düş aşağı!

FATMA. Niyyətindən dönməsən düşən deyiləm.

DADAŞBALA. Atam da qəbirdən çıxıb gələ, dediyimi eləyəcəyəm!

FATMA. Belə rəhmətlik atan səni əkən yerdə...

DADAŞBALA. Arvad, axşam vaxtı şərini məndən uzaq elə götürüb ataram səni damdan yerə.

FATMA. Dadaşbala, allahdan qorxmursan, qanundan qorx, qanundan qorxmursan öz vicdanından qorx!..

DADAŞBALA. Yoxdur, heç biri yoxdur! Bu dünyada bircə şey var, qazanc!

FATMA. Qorx ki, qazanc qudurub mayanı yeməsin!

DADAŞBALA. Axşam – axşam mənə zərbi məsəl öyrətmə! Yaxşısı budur ki, qızın gəldi, ucundan – qulağından de ona. Özünü naza qoymasın. Özün də indidən bəlağətlə danışmağı öyrən, bacarsan bir – iki qəzəl də əzbərlə, hər halda şair qaynanası olacaqsan.

FATMA. Bəlkə gedib qabağında göbək rəqsi də oynayım.

DADAŞBALA. Fatma, sən atanın goru, düş aşağı!

FATMA. Sözündən dönməsən, düşən deyiləm!

DADAŞBALA. Ay arvad, niyə qanmırsan ki, dünyanı gəzsək də Mirzəağadan yaxşı kürəkən tapa bilmərik! Həm şairdir, həm teatrşünasdır, həm rejissordur, həm bərbərdir, bir sözlə od parçasıdır.

FATMA. Sən də birdəfəlik qan ki, mənim qızımı oxutdurub bir sənət sahibi eləməsəm ölsən də ərə verən deyiləm! Mən istəmirəm ki, o da mənim kimi bədbəxt olsun! (Ağlamsınır)

DADAŞBALA. Ay bədniyabət, bədbəxt niyə olursan, şir kimi ərin var!

FATMA. Vaxtında oxusaydım, indi sənin bərbərxananı silib – süpürməzdim. (Hönkürür)

DADAŞBALA. Zırıldama! Tutaq ki, oxuyub olacaqdın müəllim, hər gün uşaqlarla boğazını yırtıb vur – tut, lap uzağı iki yüz manat alacaqdın, mən isə sənə duru yerindən ayda dörd yüz yazıram! Neyləyirsən ki, gündə bir dəfə dükanı süpürürsən, o da xala xətrin qalmasın! Nə isə qızın evə gələn kimi onu başa sal, bəxtinə təpik atmasın!

FATMA. Ölsən də Zöhrəni Mirzəağadır, nə zibildir, ona verən deyiləm!

DADAŞBALA. Hələ ona baxarıq!

FATMA. Baxarıq!

Abas öz qapılarından çıxır.

ABAS. Qadan alım, ər – arvad dama niyə çıxmısız?

FATMA. Mazaqlaşırıq!

ABAS. Hə, damda ləzzət eləyər. Qadan alım, belə də həyət olar?! Adam qorxusundan çıxa bilmir; qəbir daşları, sür – sümük, qab – qacaq... Balam, sən indi alim olacaqsan deyə, camaatı dəlixanaya göndərməyəcəksən ki?! (Skeleti görür) Bismillah!!! Bu şoğəribi kim qoyub bura! Qorxudan ürək – göbəyim düşdü!

DADAŞBALA. Mən qoydurmuşam!

FATMA. Deyir, bu tünbətünün qorxusundan evdə yata bilmirəm. Abas qədeş, indi gör bu neçə ildə mən yazıq Dadaşbalaya baxıb nələr çəkmişəm!

DADAŞBALA. Fatma!..

ABAS. Dadaşbala, mənim ceyranımı görməmisən?

DADAŞBALA. Tamaranı deyirsən? Dükanda olmalıdır.

ABAS. Pişiyi deyirəm, qadan alım. Səhərdən yoxdur. Bir dəqiqə onsuz dayana bilmirəm. (Skeletə baxır) İlahi, yəni hamımızın axırı belə olacaq?

FATMA. Qeybulla müəllim deyir ki, bu vaxtıyla xan qızı olub.

ABAS. Əgər xan qızı axırda bu hala düşürsə, gör indi bizim aqibətimiz necə olacaq. Eh, gedim Ceyranı axtarım... Ceyran, Ceyran... (dönür.) Dadaşbala!

DADAŞBALA. Hə!!!

ABAS. Əncir ağacı qum – qum.

DADAŞBALAş Evin dalı dum – dum! Arxayın ol!

ABAS. Ceyran, Ceyran... (küçəyə çıxır.)

FATMA. Nə qum – qum?! Nə dum – dum?!

DADAŞBALA. Sən arvadsan, elə şeyləri bilməzsən! Düş damdan, yorğan – döşək salıb yatacağam! Yorulmuşam! Düş, dükanı da süpür!

Tamara ilə Püstə bərbərxanadan çıxırlar.

TAMARA. Bacarsan lap yüz manata sat, bizə dəxli yoxdur, bizim yetmiş manatımızı ver.

PÜSTƏ. Yaxşı. (Fatma ilə Dadaşbalanı görür.) Axşamın xeyir Fatma xala, axşamın xeyir Dadaşbala əmi.

DADAŞBALA. Yenə gecə növbəsinə gedirsən?

PÜSTƏ. Bəli, Dadaşbala əmi. Xüdahafiz. (gedir)

DADAŞBALA. Görürsən, mənə əmi deyir.

FATMA. Bəs bibi desin? Atası yaşdasan da!

TAMARA. Dadaş, yenə damda yatacaqsan?

FATMA (nərdivanla həyətə düşür). Belə cəhənnəmdə yatacaq, gorda yatacaq!!! Ağəz, sənə nə var harda yatacaq?!

TAMARA (əhvalını pozmadan). Soyuqlarsan, Dadaş!

FATMA. Ağəz, sənə qalıb soyuqlar! Lap sətəlcəm olar, qara yara çıxarar, belə spid olar sənə qalıb ağəz?!

TAMARA (əhvalını pozmadan süpürgəni Fatmaya verir). Çığır – bağır salmaqdansa dükanı süpür, bağlamalıyam. Ayda dörd yüz alırsan!

FATMA (hikkəylə süpürür). Əcəb eləyirəm!

Abas qucağında Ceyran gəlir.

ABAS. Axır ki, tapdım bu canı yanmışı.

TAMARA. Harda idi?

ABAS. Qonşu həyətin Məstanıyla ixtilat edirdi.

TAMARA. Deyirəm axı, niyə çörək yemir.

ABAS. Ceyran, gedək bir az kitab oxuyaq, sonra da yıxılıb yataq. Dadaşbala, qum – qum...

DADAŞBALA. Abas, xatircam yat, dum – dum.

Abas evinə keçir.

FATMA. Qum – qum? Dum – dum?

TAMARA. Tez süpür qurtar, dükanı bağlayıb yatacağam.

DADAŞBALA (Tamaraya). Toma, açarları ver Fatıya, özü bağlayar dükanı.

TAMARA (açarları Fatmaya verir). Buyurun. Amma, Dadaş, dükandan bir şey çatışmasa mən cavabdeh deyiləm.

FATMA. Oğru sənin naməlum atandır!

TAMARA. Gecən xeyrə qalsın, Dadaş! (Evə keçir)

FATMA (onun arxasınca kül eləyir). Mürdəşir yusun sənin ləktə, kovul sifətini!

DADAŞBALA. Fatma, bilirsən ki, ya axşam saat doqquzdur.

FATMA. Bilirəm! Nə olsun?

DADAŞBALA. O olsun ki, qızın hələ də evə gəlməyib, allah bilir hansı cəhənnəmdədir.

FATMA.Cəhənnəmdə niyə olur, buraxılış sinfidir, həlbət imtahanlara hazırlaşırlar. Qeybullanın oğlu İlyas da hələ gəlməyib. (Süpürür)

Dadaşbala. Atalar düz deyib: qız yükü, duz yükü.

FATMA. Sən özündən muğayıt ol, mən öz qızımdan xatircamam.

Küçədən Qeybullanın səsi eşidilir.

QEYBULLANIN SƏSİ.

Gözlərinə qurbanam,

Qarabağın maralı.

DADAŞBALA. Deyəsən sürsümük alimi yenə lülqəmbərdir.

FATMA (skeleti göstərir). Bu şoğəribin dərdi yazığı çərlətməsə yaxşıdır.

Qeybulla zümzümə edərək gəlir. O sərxoşdur.

QEYBULLA.

Qalxaq İsa bulağına

Azərbaycan maralı...

DADAŞBALA. Axşamın xeyir. Təzə sür – sümük tapmısan? Həyətdə bir az yer var.

QEYBULLA. Dadaşbala, bu gördüklərin nə sür – sümükdür, nə də daş – kəsək!

DADAŞBALA. Bəs nədir Qeybulla müəllim, qızıldır, yoxsa ləl – cəvahirat?! (gülür).

QEYBULLA. Ləl – cəvahiratdan da qiymətlidir bunlar! Bunlar bizim keçmişimizdir, ata – babamızın tarixidir! (Skeletə yaxınlaşıb həsir papağını onun başına qoyur, skeleti oxşayır.) Ah, səni qarət edəni bircə tapa biləydim, yapışardım onun hulqumundan, deyərdim: ay cüvəllağı, ay dələduz, ay zatı qırıq, adam öz keçmişini çalıb – çapmaz!!!

DADAŞBALA. Ay Qeybulla, yəni bu skiletə görə sapsağlam adamı boğazlaya da bilərsən?!

QEYBULLA. Dadaşbala, bu skelet deyil! Bu xan qızı Zübeydə xatundur!

DADAŞBALA. Qeybulla bu elə bir haldadır ki, nə arvadlığı məlumdur, nə kişiliyi...

QEYBULLA. Dərindən fikirləşsən görərsən ki, çoxumuz bunun kökündəyik.

FATMA. Qeybulla müəllim bunu lap doğru dedin, ürəyimdən tikan çıxardın! Bir para kişilərdənsə bununtək arvad olmaq yaxşıdır.

QEYBULLA (skeleti oxşayıb ağlamsınır). Sənə əl qaldıranın əli sınsın, səni qarət edəni allah özü talasın! (Ağlayır) Ay insafsız, ay vicdansız, başqaları min cürə lotuluqla ordan – burdan ələngə - mələngə tapıb özləri üçün tarix uydururlar, biz isə olanımızı da talan edirik.

FATMA. Ağlama, Qeybulla müəllim ağlama! Sən oğlun İlyasın canı ağlama, məni də ağlamaq tutur!.. (ağı deyir)

Dərd – qəmlə oydun məni,

Taladın soydun məni.

Sən öldün, borcdan çıxdın,

Pis günə qoydun məni. (Ağlayır)

Çingiz gəlir, şübhəli nəzətlərlə onları seyr edir.

QEYBULLA. Ürəyimi parça – parça elədin, birni də de, Fatma bacı.

FATMA.

Dağlar dağımdı mənim,

Qəm oylağımdır mənim.

Dindirmə qan ağlaram,

Yaman çağımdı mənim.

DADAŞBALA.Əcəb yasxana açmısız həyətdə. Bircə rovzəxananız çatmır.

ÇİNGİZ. Aydındır!!! (Cib dəftərçəsini çıxarıb qeyd edir.) Dadaşbala damda oturmuşdu, Fatma xala ağı deyirdi, Qeybulla müəllim skeletin boynunu qucaqlayıb hönkürürdü. Hə, skeletin başında həsir papaq vardı! Indi isə, əvvəla salam, sonra deyin görüm nə olub?

DADAŞBALA. Nə olacaq, bu xanəxarabın qızı qarət olunan gündən qulaq dincliyimiz yoxdur ki!

QEYBULLA (eynəyini çıxarıb silərək). Çingiz...

ÇİNGİZ. Yoldaş serjant!

QEYBULLA. Yoldaş Çingiz serjant, bu biçarəni talan edənləri tuta bilmisinizmi?

ÇİNGİZ. Hələlik xeyr, amma deyəsən izlərinə düşmüşəm. Üzr istəyirəm, ho edin görüm.

QEYBULLA. Ho... Nə olub ki?

ÇİNGİZ. Neçə yüz qram içmisiniz?

QEYBULLA. Dəqiq bilmirəm. Işdən sonra dostlarımla.

ÇİNGİZ (qeyd edir). Aydındır, işdən sonra, dostlarıyla, deməli, miqdarını itirənəcən vurublar.

DADAŞBALA. Yoldaş serjant, əgər bu bədbəxti soyanları tapa bilməsəniz nə olacaq?

ÇİNGİZ. Onda Qeybulla müəllimin özünü məsuliyyətə cəlb edəcəyik.

FATMA. Daha onu niyə?

DADAŞBALA. Sən arvadsan, belə şeyləri bilməzsən.

ÇİNGİZ. Qeybulla müəllim tarixi dəyəri olan arxioloji tapıntılarını aparıb öz institutlarına təhvil verməkdənsə icazəsiz – filansız həyətdə nümayiş etdirmişdir. faktları araşdırsaq, Qeybulla müəllimin bunu qəsdən edib öz tapıntılarını mənimsəmək istəməsi ehtimalını irəli sürə bilərik.

DADAŞBALA. Ağılabatandır. Vallah, adam gördüklərinə məhtəl qalır, ac deyilsən, susuz deyilsən, oxuyub alim olmusan, nə ölümün var qarətdə, soyğunçuluqda. Gəl bundan sonra ziyalılara inan görüm, necə inanırsan.

ÇİNGİZ. Dadaş bala əmi, unutmayın ki, mənim dediklərim hələlik ehtimaldır.

DADAŞBALA. Yoldaş serjant, od yanmasa tüstü çıxmaz.

ÇİNGİZ (dəftərçəyə qeyd edir). Tüstü? Püstə işə getdimi?

FATMA. Hə, bir hovur var gedib.

ÇİNGİZ. Dəqiq deyə bilməzsiz?

FATMA. Yox...

ÇİNGİZ (qeyd edir). Belə, aydındır...

FATMA. Yoxsa məndən də şübhələnirsən?..

ÇİNGİZ. Xeyr, hələlik faktları araşdırıram.

Çingiz açarla qapını açıb evlərinə keçir.

DADAŞBALA. Görürsən özünü necə çəkir? Eh, mənim sözüm, mostovoyda postovoysan, get postovoyluğunu elə də! Hər paqon taxan dönüb müstəntiq olur mənimçün!

ÇİNGİZ (qapıdan başını çıxarır). Vətəndaş Dadaşbala nə isə dediniz...

DADAŞBALA. Dedim ki, mostovoyda postovoy olmaq kosmonaft olmaqdan da çətin və şərəflidir.

ÇİNGİZ. Aydındır, belə də qeyd edərik. (Başını çəkir).

FATMA. Ürəyini sıxma, Qeybulla müəllim, inşaallah tapılar cer – cehizi bu biçarənin.

QEYBULLA. Allah ağzından eşitsin. Eh, Fatma bacı, mənimki gətirmir ki, gətirmir. Bir il əvvəl arvad atdı məni... İndi də, namizədlik dissertatsiyamın müdafiəsi ərəfəsində... Düz deyiblər: bəladan qaçan bəlaya düşər...

Olduqca mən götürmə bəladən iradətim,

Mən istərəm bəlanı, çün istər bəla məni... (Evə keçir)

DADAŞBALA. Arsız başına qar yağsın, hələ bir qəzəl də deyir mənimçün.

FATMA. Dərdi olan söz söylər.

DADAŞBALA. Fatma, öz aramızdır, axır vaxtlar yaman canfəşanlıq edirsən Qeybulla üçün a!

FATMA. Neyçün də eləməyim?

Mən aşiq, dərdli bilər,

Dərdimi dərdli bilər.

Bu dünyada dərdlinin

Qədrini dərdli bilər.

DADAŞBALA. Bərəkallah, Fatma! Xalis şair qaynanasısan! Zöhrəylə Mirzəağanın toyunu edəndən sonra sənin də şerlərinə bir əncam çəkərik. Özünü yaxşı aparsan aktyor evində yaradıcılıq gecəni də keçirərik. Evdar şairə Fatma Dərdbilən!

İlyasla Zöhrə gəlirlər.

İLYAS. Axşamınız xeyir.

FATMA. Axşamın xeyir, oğlum!

DADAŞBALA. Tez gəlmisiz, gedin bir az da gəzin sabah açılsın.

ZÖHRƏ. Imtahanlara hazırlaşırdıq...

DADAŞBALA. Buna bax a, hələ bəzi ağzıgöyçək and – aman eləyirlər ki, indiki uşaqlar dərs oxumurlar! Riyakarlar! Zöhrə, sabah dərsdən sonra birbaş gələrsən “Kosmosa”, Mirzəağaya tapşırmışam sənə bərbərlik öyrədəcək! Bildin?! Yoxsa bir də təkrar edim?!

ZÖHRƏ. Bilmədim! Sən özün də birdəfəlik bil ki, mən bərbər olmayacağam! Arxioloq olacağam!

DADAŞBALA. O nə sənətdir belə?!

İLYAS. Zöhrəylə mən söz vermişik ki, atam kimi arxioloq olaq.

DADAŞBALA. Atan kimi? Həyətdə sür – sümük azdır, bir az da siz yığıb gətirərsiz. Sən atan kimi nə olmaq istəyirsən ol, amma mənim qızıma vəkillik eləmə! Zöhrə, sabah dərsdən sonra birbaş gələrsən “Kosmosa”!

ZÖHRƏ. Dünya dağılsa da mən bərbər olmayacağam! (Hirsli evə keçir)

DADAŞBALA. Fatma, keç evə qızını başa sal! Yaxşı – yaxşı başa sal a! Özün yaxşı bilirsən, hirsim tutanda atam Qədəşbala da qəbirdən çıxıb gələ mənnən bacarmaz!

FATMA. Yaxşı, yaxşı axşam – axşam rəhmətlik atanı qəbrdən çıxarma canımızçın! (Evə keçir)

İLYAS. Dadaşbala əmi, Zöhrə sinifmizin əlaçısıdır. Onu bərbər işləməyə vadar etmək böyük insafsızlıqdır.

DADAŞBALA. Oğlum, axşam – axşam mənim başıma ağıl qoymaqdansa, get atana qatıqdan – zaddan içird ağlı başına gəlsin.

İLYAS. Atama nə olub ki?!

DADAŞBALA. Evinizə keçsən bilərsən. Zəhmət olmasa həyətin işığını da söndür, gözümə düşür.

Ilyas həyətin işığını söndürüb evə keçir.

DADAŞBALA (öz – özünə). Zöhrəni Mirzəağa Məftuna versəydim heç dərdim olmazdı. Zalımın oğlu od parçasıdır. Anadangəlmə vələdüznadır. Bir – neçə kərəm haqq – hesabda mənim özümü də aldadıb. Qırx manatlıq şalvarı yüz manata mənə elə sıradı ki, heç ruhum da incimədi. Yenə şalvar impırtnı olsaydı dərd yarıydı. Sonradan bildim ki, “Voladarskidir”.

Çingiz əynində dizlik əlfanarını yandırıb oğrun – oğrun həyətə düşür. Daşları diqqətlə nəzərdən keçirib dəftərçəsinə nə isə qeyd edir. Sonra sarı qapını açıb içəri girir.

Tamara əynində çəhrayı nimtənə həyətə düşür.

TAMARA (pıçıltı ilə). Dadaş...

DADAŞBALA. Ay can...

TAMARA. Gəlim?

DADAŞBALA. Parolu de...

TAMARA. “Do i posle polunoçi”.

DADAŞBALA. Gəl!..

Tamara nərdivanla dama qalxır. Çingiz sarı qapının arxasından çıxır.

ÇİNGİZ (öz – özünə). Do i posle polunoçi... (Dəftərçəyə qeyd edir.) Aydındır... (Sarı qapının arxasında gözdən itir.)

Zöhrə həyətə düşüb Qeybullagilin pəncərəsinə yanaşır.

ZÖHRƏ (astadan). Ilyas...

Ilyas həyətə çıxır.

İLYAS. Niyə gec gəldin?

ZÖHRƏ. Gözlədim anam yuxulasın. Bilirsən, atam istəyir mən Mirzəağaya ərə gedəm.

İLYAS. Bəs sən?!

ZÖHRƏ (ərknazla). Heç özüm də bilmirəm. Sifətdən pis oğlana oxşamır.

İLYAS. Səndən azı on yaş böyükdür...

ZÖHRƏ. Nə olsun... Gənc şairdir, jurnallarda şerləri dərc olunur. Kitabı çıxıb...

İLYAS. Dırnaq nazikliyində, altı qəpik...

ZÖHRƏ. Ilk kitabıdır da... O biri kitabları qalın olacaq, özü də baha. Həm də atamın sağ əlidir.

İLYAS. Dələduzun, sırtığın biridir!

ZÖHRƏ. Əvəzində əli pulla oynayır. Bir də evdə qalıb un çuvalına tay olmayacağam ki, elə deyil. Onsuz da Mirzəağadan savayı istəyən yoxdur məni.

İLYAS. Hardan bilirsən yoxdur. Bəlkə var, sən bilmirsən?!

ZÖHRƏ. Istəyən olsaydı çoxdan büruzə vermişdi.

İLYAS. Istəyəndə necə büruzə verirlər?..

ZÖHRƏ. Utanım yerinə, onu da bilmirsən?

Ilyas qəflətən Zöhrənin üzündən öpür.

ZÖHRƏ. Neylirsən?

İLYAS. Bilmirəm... Özün dedin ki, onsuz da səni sevən yoxdur... Mən isə... Mən isə... Zöhrə... Bilirsən...

ZÖHRƏ (İlyası öpür). Bilirəm...

İLYAS. Bəs Mirzəağa?..

ZÖHRƏ. Öp məni, İlyas...

Öpüşürlər.

ZÖHRƏ. Gəl sabah dərsə getməyək...

İLYAS. Bəs hara gedək?

ZÖHRƏ. Bizim bağa...

Öpüşürlər

İLYAS. Sizin bağda nə var?

ZÖHRƏ. Sirrdir...

Ceyran Abasgildən çıxıb Dadaşbalagilə qaçır.

İLYAS. Kim isə sizə qaçdı...

ZÖHRƏ. Qorxma, Ceyrandır.

Abas həyətə çıxır.

ABAS. Ceyran... Ceyran... Əndamın açılsın sənin, Ceyran (Skeletlə üzləşir.) Dadaşbala, gecəynən hara belə?

DADAŞBALA. Deyəsən məni çağırdılar.

TAMARA. Sənə elə gəldi...

Qeybulla həyətə çıxıb sarı qapıya tərəf gedir.

ABAS. Ay zalım, niyə susursan? Hara belə?

QEYBULLA. Hara lazımdır ora...

ABAS (qorxaraq). Dadaşbala, hardasan?!

Fatma artırmaya çıxır.

FATMA. Kimdir?

ABAS (lap qorxaraq). Mənəm Fatma bacı... Elə bildim ki, Dadaşbaladır...

QEYBULLA. Fatma bacı özünsən...

Pişik ucadan miyovlayır.

ABAS (heyrətlə). Ceyran!...

FATMA. Nə istəyirsən?! (İşığı yandırır. Abas skeleti görüb çığırır.)

ABAS. Ay haray, kömək edin, sür – sümük danışır!

Çingiz əlində tapança sarı qapıdan çıxır.

ÇİNGİZ. Əllər yuxarı!

ABAS. Vay öldüm! Boynun sınsın, Qeybulla!

TAMARA (damdan). Abas nə olub?

FATMA. Ağəz, sən orda nə qələt eləyirsən?! Günahkar olursan işığı yandırırsan! De görüm orda neyləyirdin?!

TAMARA (kəkələyərək). Burda... Sabah müştərilərçün aş bişirəcəyəm çıxdım Dadaşdan soruşum üç kilo düyü üçün nə qədər su qaynadım...

ABAS. Tamara, boynun sınsın, sən özün də az aşın suyu deyilsən!.. (Bayılır)

FATMA. Bu saat aşının suyunu verərəm, onda bilər! (Nərdivanla dama qalxır.)

TAMARA. Yaxın gəlmə! Ataram özümü damdan!

FATMA. Cəhənnəmə atarsan! Heç olmasa şortunun biri azalar şəhərdən!

DADAŞBALA. Fatma, sən Zöhrənin canı, dama çıxma!

FATMA. Zöhrənin əziz canıyçın ikinizə də od qoyacağam!

TAMARA. Vaxsey, tutun onu, şaxsey tutun onu!..

Qalmaqal düşür. Işıq sönür.

Həmən həyət. Yenə də axşamdır. Artırmadakı skeletin qolu boynundan asılıb. Qeybulla yeyib – içir, Mirzəağa Müştərinin dırnaqlarını manikür edir. Müştəri qadın qiyafəsindədir.

MİRZƏAĞA. Qeybulla müəllim, dünən gecə həyətdə nə baş verib ki? Bayaqdan nə Tamara gözümə dəyib, nə də Dadaşbala.

QEYBULLA. Dünən gecə nə isə baş verdi. Əvvəlcə pişik miyovladı, sonra Fatma dama çıxdı, iki nəfəri damdan düşürdü aşağı. Birinin deyəsən qanadları vardı, lap elə bil mələykəydi! Səhər oyanıb gördüm ki, daşlarımdan ikisini oğurlayıblar, xan qızının da qolunu sındırıblar. (İçir).

MİRZƏAĞA. Qeybulla müəllim, sən bir dənə him eləsən sənin daşlarınçın elə müştəri taparam ki, gəl görəsən. Ya da hopdum sat mənim özümə. Neçə desən verərəm.

QEYBULLA. Eh, elə hər şeyimizi daş – kəsəkdir, deyib sata – sata yurdsuz – yuvasız qalmışıq da.

MİRZƏAĞA (kitabça verir). Qeybulla müəllim, ilk kitabımdır. Sizə bağışlayıram. Bir ziyalıtək fikriniz mənimçün maraqlıdır.

QEYBULLA. Oxuyaram.

MÜŞTƏRİ (qadın səsiylə). Mən oxumuşam, çox maraqlıdır. “Antraktida” silsiləsi məni xüsusilə valeh etdi. Aysberqlər, pinqivinlər, buz bağlamış səma... Qiyamətdir.

QEYBULLA. Mirzəağa, bəyəm Antraktidada olmusan?

MİRZƏAĞA. Xeyir, özüm olmamışam, amma ilham pərim qanadlanıb uçub o yerlərə.

QEYBULLA. Əşşi, sən kənddə doğulmusan, orda böyümüsən, saz götür yamaclardan, güneylərdən, qüzeylərdən, canım sənə desin öz gözlərinlə gördüyün yaxşı – yamandan yaz. Antraktidada nə ölümün var.

MİRZƏAĞA. Indi saza, sözə qiymət qoymurlar, qağa! Indi gərək ümumbəşəri, qlabal məsələlərdən yazasan, ekologiya, Alyaska sahillərini bürümüş neft təbəqəsi, fələstinlilərin mübarizəsi...

MÜŞTƏRİ. “Fələstinli qız” şerinizi oxuyanda hönkürtümə bütün plyaj qoşuldu. “Qapı” şeriniz mənə o dərəcədə təsir etdi ki, dərhal əzbərlədim.

... Otuz yeddinci ildə döyüldü qapımız,

Döyüldü atamız, söyüldü hamımız...

Qulaqlarım səs salıb

Taqqıldayır gecələr yatanda da,

Canımdan çıxmır qorxu – hürkü

Günəş çıxanda da, batanda da...

Bu şerdən aşkar görünür ki, siz represiya dövrünü öz gözlərinizlə görmüş, bütün varlığınızla o dövrün amansız burulğanında çabalayıb əl – qol atmısınız. Onda sizin altı – yeddi yaşınız vardı...

MİRZƏAĞA. Mən əlli dördüncü ildənəm...

MÜŞTƏRİ. Afərin, aradan uzun müddət keçəndən sonra o amansız dövrü belə həssaslıqla duymaq hər adama müyəssər olmaz. Bu şerinizə görə sizə azı komsomol mükafatı vermək lazımdır.

MİRZƏAĞA. Bəli, Qeybulla müəllim indi elə zamandır ki, gərək özünü gözə soxmağı bacarasan.

QEYBULLA. Elə buna görə, bir çoxunuz gözə girməyə elə canfəşanlıqla səy göstərirsiz ki, bir də baxıb görürsən gözə girməkdənsə çaşıb... Əstəfullah...

Dadaşbala həyətə çıxır. Başı sarıqlıdır.

DADAŞBALA. Axşamınız xeyir.

MİRZƏAĞA. Xeyirdə olasan, şef.

QEYBULLA. Başına nə olub?

DADAŞBALA. Damdan yıxılmışam. Tamara hanı?

MİRZƏAĞA. Bayaqdan o da gözümə dəyməyib.

DADAŞBALA (müştərini göstərir). Bu malımatan kimdir?

MİRZƏAĞA (Dadaşbalanın qulağına nə isə pıçıldayır). Verim?

DADAŞBALA. Ver! (Qeybullaya) İçirsən? Iç! Məni Fatma öldürəcək, səni də arağ! Qeybulla, gəl bu sür – sümüyü, daş – kəsəyi tök ətəyindən, ol bizim koperativin üzvi, sənin əziz canınçın lap geci bir ilə arvadın da qayıdıb gələcək, hələ üstəlik (müştərini göstərir) bu malımatan kimi iki – üç məşuqən də! Hə, necədir səninçün?

QEYBULLA (qalxır). Mən aliməm, Dadaşbala, tacir deyiləm.

DADAŞBALA. Əgər firavan yaşamaq istəyirsənsə, alim olanda da gərək tacirindən olasan.

QEYBULLA. Dadaşbala, əlli manat borc ver, maaşda qaytararam.

DADAŞBALA (Mirzəağaya). Əlli manat ver alim müəllimə.

Mirzəağa Qeybullaya pul verir.

QEYBULLA. Çox sağ ol, gedim ət – yağ alım, yoxsa talonlarım batar. (gedir).

Tamara evlərindən çıxır.

TAMARA. Axşamınız xeyir... Dadaş, rengenə gedirəm, əgər həkim desə ki, beynim tərpənib, onda vay arvadının halına, canını məhkəmədən qurtara bilməyəcək. (gedir).

MİRZƏAĞA. Şef, nə olub ki?

DADAŞBALA. Heç, Fatma yüngülvari əzişdirib Tamaranı. Dünənədək bilmirdim ki, Fatma karate priyomları bilir. Belə getsə boşayacağam Fatmanı.

MİRZƏAĞA. Mənim məsələmi dedin ona?

DADAŞBALA. Deməyinə demişəm. Sən özün də bir hərəkət elə də. Qıza him – cim elə, çalış könlünü ələ al... Yekə kişisən, daha hər şeyi mən öyrətməyəcəyəm ki, sənə.

Fatma evdən çıxır.

MİRZƏAĞA. Axşamın xeyir, Fatma xanım. Keyfiniz əhvalınız necədir. Allah haqqı, sizi görəndə, elə bil öz doğma anamı görürəm. Vallah, elə bil bir almasınız, tən yarıdan bölünmüsüz... Hər dəfə anam yadıma düşəndə sizə baxıb təskinlik tapıram...

FATMA. Çox dil tökmə, onsuz da...

MİRZƏAĞA. Fatma xanım, üzünüzə nə olub?

FATMA. Heç, Abasın pişiyi cırmaqlayıb.

MİRZƏAĞA. Ceyran?

FATMA. Yox, qaranovzu pişiyi! Hanı o ləçər? Bu dəfə əlimə keçsə parça – parça edəcəm onu!

DADAŞBALA. Həkimə getdi. Dedi ki, əgər beynim tərpənsə verəcəyəm Fatmanı məhkəməyə.

FATMA. Vermiyən heç kişi qızı deyil! Adamdan məhkəmədə soruşarlar ki, gecənin bir aləmində yad kişiylə damda neyləyirdin?! (Dadaşbalaya) Pul ver, bazara gedirəm, zəqqum alacağam səninçün.

DADAŞBALA (Mirzəağaya). Əlli manat ver Fatıya.

FATMA. Əlli azdır. Yüz ver!

Mirzəağa Fatmaya pul verir.

DADAŞBALA. Mineralnı su da al. Hərdən hıçqırığım tutur.

FATMA. Zəhrmar alaram səninçün, zəqqum alaram! (gedir)

MÜŞTƏRİ. Yaman hikkəli arvaddır. (Çantasından pul çıxarıb Mirzəağaya verir.) Yaxşı, mənim əmanətimi verin, mən də gedim. Işim çoxdur.

MİRZƏAĞA. Bu saat. (Bərbərxanaya keçir)

DADAŞBALA. Qəşəng qız, adın nədir?

MÜŞTƏRİ. Gülçöhrə...

DADAŞBALA. Elə adıntək özün də təp – təzə gülsən. Bu gecə harda görüşə bilərik? Saat onda “Gülüstan”ın qabağında gözləyəcəyəm.

MÜŞTƏRİ. Nə danışırsız?! Mən həyalı – abırlı, məsum, bakirə bir qızam...

Mirzəağa əlində bağlama gəlir.

MİRZƏAĞA. Buyurun, bu da sizin əmanətiniz. Açıb baxa bilərsiz.

MÜŞTƏRİ. Inanıram... (Bağlamanı götürür.)

Çingiz çiynində radioqəbuledici, bir əlində qəbuledicinin mikrafonu, o birində tapança həyətə girir.

ÇİNGİZ. Tərpənməyin! Əllər yuxarı! (Mikrafona) Dalğa, Dalğa, mən Məşələm! Əməliyyatı davam etdirməkçün iki nömrəli dalanın qırx üç nömrəli həyətindəyəm.

DADAŞBALA. Yoldaş Çingiz serjant, nə olub ki?

ÇİNGİZ. Məşhur bir fırıldaqçının izinə düşmüşük. Bizim məhəllədəki həyətlərin birində gizlənir. Əllərinizi salın. (Dəftərçəyə qeyd edir.) Dadaşbala – başı sarıqlıdır! Vətəndaş Dadaşbala başınıza nə olub?

DADAŞBALA. Dünən gecə özün gördün ki...

ÇİNGİZ. Aydındır. Vətəndaş şair Mirzəağa Məftun! Aydındır... (Müştəriyə.) Bəs siz kimsiniz?

MÜŞTƏRİ. Müştəriyəm. Adım Gülçöhrədir. Dırnaqlarımı manikür elətdirmişəm. Bu bağlamadakı isə qadın şəlpə - şülpəsidir. Özüm də həyat yoldaşınız Püstə ilə bir xəstəxanada şəfqət bacısı işləyirəm. Sizin fırıldaqçı kişidir yoxsa qadın?

ÇİNGİZ. Kişidir...

MÜŞTƏRİ. Əfsuslar ki, mən kişi deyiləm. Gedə bilərəmmi?

ÇİNGİZ. Bu nə sözdür. Əlbəttə gedə bilərsiz Gülçöhrə xanım.

MÜŞTƏRİ. Hələlik, Dadaşbala əmi. (gedir)

DADAŞBALA. Can əmi! Gördüz zalımın qızı necə sındırırdı.

ÇİNGİZ (qəflətən). Sıs... Ayaqyoluda kimsə var... Dalğa, Dalğa, mən Məşələm. Ayaqyoluda kimsə var. Əməliyyatı davam etdirirəm. Yatın yerə... (Tapançanı sarı qapıya tuşlayır.) Hey, tez dışarı çıxıb əllərini yuxarı qaldır!

Sarı qapı astadan açılır. Abas bir əlində Ceyran o birində aftafa qorxa – qorxa eşiyə çıxır.

ABAS. Mənəm, qadan alım...

ÇİNGİZ. Orda daha kim var?! Çıx görüm!

ABAS. Qadan alım, bura kazarma deyil ki, qoşun çıxsın.

MİRZƏAĞA. Yoldaş serjant, icazə versəydiniz qalxardıq.

ÇİNGİZ. Qalxın! Hamınız azadsınız.

MİRZƏAĞA. Şef, mən getdim teatra.

ÇİNGİZ. Bu axşam hansı tamaşadır?

MİRZƏAĞA. “Ekvatorda sui – qəsd”. Özüm yazmışam.

ÇİNGİZ. Aydındır. (Dəftərçəyə qeyd edir.) Gedə bilərsən.

MİRZƏAĞA. Hələlik. (gedir)

ABAS. Ceyran, qadan alım, biz də gedək, bir az da bulvarı gəzək, görək orda başımıza nə gəlir. (gedir)

ÇİNGİZ. Dadaşbala əmi, lütvən deyin görüm; skelet qarət olunan günü harda idiniz.

ABAS. Burda dükanda idim, Abasın başını qırxırdım.

Qeybulla əlində tor zənbil təngnəfəs gəlir.

QEYBULLA. Dadaşbala, evimiz yıxıldı! Ilyasla Zöhrə bu gün məktəbə getməyiblər!

DADAŞBALA. Necə yəni məktəbə getməyiblər?! Kim dedi sənə ki, məktəbə getməyiblər?!

QEYBULLA. Bizdən iki tin aşağıda olan kompozitor var a, onun oğlu. Dedi ki, bu gün İlyasla Zöhrə məktəbə gəlməyiblər!..

DADAŞBALA. Bəs hara gediblər?! (Qeybullanın yaxasından yapışır) Cavab ver, görüm hara gediblər?!

QEYBULLA. Əşi, burax yaxamı, mən hardan bilim hara gediblər. Səhər qırışmal iyirmi manat qopartdı məndən.

ÇİNGİZ (qeyd edir). Iyirmi manat...

DADAŞBALA. It qızı, yalvar – yaxar otuz manat aldı məndən.

ÇİNGİZ (qeyd edir). Otuz manat. Bu eylədi əlli manat. Aydındır.

DADAŞBALA. Nə aydındır.

ÇİNGİZ. Əlli manat restoranda keyf eləməkçün iki nəfərə gen – bol bəsdir.

QEYBULLA. Mənim oğlum restoranda?!

DADAŞBALA. Dadaşbalanın qızı restoranda?! (Qeybullanın yaxasından yapışıb silkələyir.) Qeybulla, həzrət Abbas haqqı, Zöhrənin başından bircə tük əskik olsa, həyətdəki bu arxioloji tapıntıları bir – bir vuracağam təpənə!

ÇİNGİZ. Dalğa, Dalğa, mən Məşələm. Iki yeniyetmə, bir qız, bir oğlan yoxa çıxıblar.

Fatma gəlir.

FATMA. Başına daş düşsün, Dadaş! Sənin müştərin çalıb – çapdı məni!

ÇİNGİZ. Hansı müştəri? Bayaq burdan gedən Gülçöhrə xanım?

FATMA. Nə Gülçöhrə, nə xanım?!

DADAŞBALA. Bayaq burda manikür elətdirən qızı deyir də...

FATMA. Kül olsun ölünün gözünə! Nə qız?! Qız bir odur, bir də sən!

DADAŞBALA. Üzünə baxantək bildim ayağı sürüşkən arvaddır.

FATMA. Nə arvad?! Arvad zad deyildi! Xalis kişiydi!

DADAŞBALA. Necə?! Kişiydi?! Hardan bildin?! De görüm hardan bildin kişiydi?!

FATMA. Çantamı bazarda əlimdən qapıb qaçanda pariki düşdü, başı sənin başından da dazdı! Yüz manatı...

ÇİNGİZ. Aydındır. Başı Dadaşbalanın başından da dazdı. (Qeyd edir) Dalğa, Dalğa, mən Məşələm! Fırıldaqçının izinə yenidən düşmüşəm. Qadın libasındadır! Əməliyyatın adını dəyişməyi təklif edirəm. “Dadaşbala əməliyyatı”! Bəli! Mən elə gəlir ki, yeniyetmələrin yoxa çıxması da bu fırıldaqçı ilə əlaqədardır. Buna görə də İlyasla Zöhrəni hökmən tapıb dindirmək lazımdır. Mən getdim təzə bazara.

Çingiz gedir.

FATMA. Necə yəni İlyas və Zöhrə?! Uşaqlara nə olub ki?!

QEYBULLA. Yoxa, çıxıblar... Məktəbə getməyiblər bu gün...

FATMA. Vay evim yıxıldı! Aman – zaman, gözümün ağı – qarası bircə qızım vardı! Can ay bala...

DADAŞBALA. Yasxana açma! Qarışdırmasalar yaxşıdır!

FATMA. Nəyi?!

DADAŞBALA. Araqla şampanskini!

FATMA. Anan ölsün, ay Zöhrə!!!

Tamara gəlir.

TAMARA. Aha, burdasan?! (Çantasından rengen fotosunu çıxarır.) Bax, yaxşı – yaxşı bax! Döş qəfəsimin iki sümüyü əyilib!

FATMA. Ağəz, sən anadangəlmə raxitsən mən neyləyim?!

TAMARA. Raxit özünsən! Məhkəmədə cavab verəndə bilinər kimdir raxit!

FATMA. Sən ölənlərinin goru, əl çək məndən! Mənim dərdim özümə bəsdir!

TAMARA. Əl çəkən deyiləm! Məhkəmədə cavab verməlisən!

FATMA. Dama çıxmağın az deyil, hələ üstəlik məni məhkəməyə də verirsən?!

TAMARA. Öz işimdir, istərəm dama çıxaram, istərəm nərdivan qoyub lap göyə çıxaram! Sənə borc deyil!

FATMA. Siz allah, yumun bu bihəyanın ağzını!

TAMARA. Bihəya özünsən!

FATMA. Ağəz, mənə deyirsən?! Al gəldi!

Fatma ilə Tamara əlbəyaxa olurlar. Dadaşbalayla Qeybulla onları aralaşdırırlar.

DADAŞBALA. Fatı, sakit ol!

QEYBULLA. Tamara bacı, ayıbdır!

TAMARA. Burax məni!

Püstə gəlir.

PÜSTƏ. Axşamınız xeyir. Nə olub ki?

FATMA. Xeyirimiz şərə qarışacaq. Püstə, sizin xəstəxanaya İlyasla Zöhrəni gətirməyiblər?

PÜSTƏ. Xeyr, Fatma bacı. Iki nəfəri gətirmişdilər heç tanımaq olmurdu. Maşın qəzasına düşmüşdülər.

FATMA. Vaxsey onlardır, şaxsey onlardır! (Bayılır)

QEYBULLA. Püstə, onların neçə yaşı olardı?

PÜSTƏ. Bilmədim, vallah. Mən növbəni təhvil vermişdim ki, gətirdilər. Deyirdilər, cavandırlar.

QEYBULLA. Onlardır...

PÜSTƏ. Tamara, əmanəti xirıd elədim. Gəl bizə, işim var sənlə.

Tamara ilə Püstə evə keçirlər.

FATMA. Anan ölsün, ay qızım...

DADAŞBALA. Bəsdir uladın.

Çingiz gəlir.

ÇİNGİZ. Heç ürəyinizi sıxmayın, bütün şöbələri qaldırmışam ayağa, harda olsalar tutub atalarını yandıracaqlar. Püstə gəldi?

FATMA. Hə... Anan ölsün... Püstə gəldi... (ağlayır)

ÇİNGİZ. Nə olub Püstəyə?

FATMA. Maşın qəzasına düşüblər... Üz – gözləri tanınmaz olub. Anan ölsün, qızım...

ÇİNGİZ. Püstənin üzünə nə olub?! (Çığırır) Püstə!!!

PÜSTƏ (evdən çıxır). Nə olub, niyə qışqırırsan?

ÇİNGİZ. Üzünə nə olub?!

PÜSTƏ. Heç nə! Nə olacaq?! Həyət deyil ki, dəlixanadır.

ÇİNGİZ (dəftərçəsini çıxarır). Püstə skelet qarət olunan gün harda idin?

PÜSTƏ. Keç evə, evdə başa salaram səni harda idim!!!

Tamara Püstəgildən çıxır, Çingiz tapançasını ona tuşlayır.

ÇİNGİZ. Əllər yuxarı!

TAMARA. Tanımadın, mənəm də Çingiz qardaş.

ÇİNGİZ. Bağışlayın, lap ağlımı itirmişəm.

PÜSTƏ. Gedək yat, ağlın gəlsin başına.

Çingiz və Püstə evə keçirlər.

DADAŞBALA. Fatma, yuxum var, çıxıb damda yatıram, uşaqlar tapılsa, oyat məni, durub hər ikisinin dərsini verim. (Evə keçir).

FATMA. Belə də daş ürəkli ata olar, heç kəs bilmir qızı hardadır bu isə yıxılıb yatır.

TAMARA. Özünü öldürməyəcək ki.

FATMA. Sən mumla!

Abas gəlir.

QEYBULLA. Abas, uşaqları görməmisən?

FATMA. Deyirlər, hər ikisi qanına qəltandır.

ABAS. Düz deyirlər, qadan alım, mən onları görəndə hər ikisi tər – qan içindəydilər.

FATMA. Ölmüşdülər?

ABAS. Mən görəndə hələ sağ idilər.

QEYBULLA. Hardadırlar, Abas, cavab ver! Sağdırlar?

ABAS. Sağdırlar, qadan alım. Öpüşürdülər.

FATMA. Mənim qızım?!

Dadaşbala yorğan – döşəklə artırmaya çıxır.

DADAŞBALA. Dərd qızım, azzar qızım! Qoy evə gəlsin ikinizi birlikdə döyəcəyəm! (Dama qalxır)

QEYBULLA. Hardadırlar?

ABAS. Kukla teatrının yanında.

DADAŞBALA. Kül başına Dadaşbala!

FATMA. Qeybulla qardaş, ardımca!

QEYBULLA. Irəli!

Qeybulla ilə Fatma küçəyə qaçırlar.

ABAS. Tamara, qadan alım, gəl gedək yataq. Ceyran gedək bay – bay eləyək.

TAMARA. Gecən xeyirə qalsın, Dadaş.

DADAŞBALA. Həyətin işığını söndür.

TAMARA. Baş üstə. (İşığı söndürür.)

ABAS. Gəl, qadan alım.

Tamara ilə Abas evə keçirlər.

DADAŞBALA. Belə getsə Mirzəağa əldən çıxacaq. (Səma azacıq ağarır) Bu nədir, gecə vaxtı yoxsa gün çıxır?! Yox, bu günə oxşamır! Allah bilir, hansı bombadır, partlayıb. Bir kərəm vurub dünyanı darmadağın edəcəklər, sonra xatircam olub oturacaqlar. (Nə isə uğuldayır. Uğultu tədricən artır.) Vay qulaqlarım! Vay başım! Deyəsən dünənki qapazlar öz təsirini indi göstərir...

Damda iki nəfər – göy və sarı geyimdə peyda olurlar.

GÖY MƏXLUQ. Əl - əf – fə!

Dadaşbala cəld əllərini qaldırır.

SARI MƏXLUQ. Bö!

Dadaşbala diz çökür.

GÖY MƏXLUQ. Dadaşbala Qədəşbala oğlu Dadaşov, sizə uzaq bir planetdən atəşin salam!

DADAŞBALA. Təpənizə dəysin salamınız, ürəyim az qalmışdı partlasın.

SARI MƏXLUQ. Siz bizdən qorxmayın. Biz xoş məramla sizin planetə gəlmişik. Istəyirik görək necə yaşayırsınız.

DADAŞBALA. Əla yaşayırıq. Baş qırxırıq, üz qırxırıq, cib qırxırıq. Bütün insanlar qardaşdırlar. Bəs siz bizim dili hardan bilirsiz?

GÖY MƏXLUQ. Dil öyrənmək bizimçün su içməktək asandır.

SARI MƏXLUQ. Piş. Ş – ş!

DADAŞBALA. Mənim pişiyim yoxdur. Ceyran Abasındır.

GÖY MƏXLUQ. O demək istəyir ki, sizin planetin həyatı ilə maraqlanırıq.

DADAŞBALA. Əcəb xudmani diliniz var. Yaxşı, siz nə millətsiniz? Bığlarınızdan qafqazlıya oxşayırsız.

SARI MƏXLUQ. Bığ? Nə bığ?

DADAŞBALA. Burnunuzun altındakı biz – biz tükləri deyirəm.

GÖY MƏXLUQ. Bunlar bığ deyil.

DADAŞBALA. Bəs saqqaldır?

SARI MƏXLUQ. Lakatordur!

DADAŞBALA. Get atanı ələ sal! Lakator... Bəlkə elektrik stansiyasıdır?! Bax, gəlin qısa eləyin! Gəlmisiz məni soymağa! Belə əcəb eləmisiz, xoş gəlib səfa gətirmisiz. (cibindən pul çıxarır.) Alın olanım budur. Planım, daşbaşım, hamısı burdadır. Alın məndən əl çəkin.

GÖY MƏXLUQ. Plan? Daşbaş? Bu nədir?

DADAŞBALA. Necə yəni nədir? Korsan? Puldur! Pul!

SARI MƏXLUQ. Bu kağız – kuğuzu cibinizə qoyun.

DADAŞBALA. Kağız – kuğuz?! Bizim planetdə bu kağız – kuğuza görə hamı şeytana papış tikir!

GÖY MƏXLUQ. Biz tamam başqa şeyçün gəlmişik. Biz sizə cihaz bərkidəcəyik, siz hara getsəniz, nə etsəniz görəcəyik. Razısızmı?

DADAŞBALA. Nə? Mən, Dadaşbala – cəsus?! Mən rüşvət alaram da, verərəm də, adam da sataram, oğurluq da edərəm, lazım gəlsə hər cürə köpəyoğluluğa baş qoşaram, amma cəsusluq, heç vaxt! (Məxluqları sillələyir.)

SARI MƏXLUQ. Sizin bu əməliniz bizi heyrətləndirir. Biz bilmirik ki, bunu nəyin rəmzitək qəbul edək; məhəbbət, qonaqpərvərlik yoxsa...

DADAŞBALA. Başınız xarabdır?

GÖY MƏXLUQ. Sizi bilmirəm, bizim planetdə bir nəfər də olsun başıxarab məxluq tapmazsan.

DADAŞBALA. Əcəb planetdir.

SARI MƏXLUQ. Siz könüllü olaraq bizim təklifimizi qəbul edəcəksiz, ya yox?

DADAŞBALA. Yox, yox, yenə də yox!

GÖY MƏXLUQ. Çü – çi – piş.

SARI MƏXLUQ. Kü – ki – piş.

GÖY MƏXLUQ. Piş – piş – piş.

DADAŞBALA. Orda nə piş – piş salmısınız. Onu bilin ki, məni döymək istəsəniz qışqıracağam. Həyətimizdə milis serjantı da var!

SARI MƏXLUQ. Başlayaq.

DADAŞBALA. Nəyi başlayırsız? Yox! Yox!

Dadaşbalanın dayandığı yerdə partlayış olur.

DADAŞBALA. Vay yandım!

GÖY MƏXLUQ. Qorxma. Artıq sən bizim adamsan!

DADAŞBALA. Istəmirəm! Xəbər tutsalar atamı dalıma sarıyarlar.

SARI MƏXLUQ. Indən belə sənin gözlərin kamera, qulaqların mikrafondur. Beş gündən sonra gəlib səni tilsimdən qurtaracağıq.

DADAŞBALA. Indi edin...

GÖY MƏXLUQ. Olmaz. Hələlik, Dadaşbala!

SARI MƏXLUQ. Hələlik, Dadaşbala!

Yox olurlar.

DADAŞBALA. Dünyada məndən bədbəxt adam yoxdur! Qeybullanın ah – naləsi tutdu məni. Mən bədbəxt indi nə edim, necə yaşayım?!

Yorğan – döşəyə girib fikrə gedir. Ilyasla Zöhrə gəlirlər. Ilyasın əlində bağlama var.

İLYAS. Səs salma.

ZÖHRƏ. Ayılsalar işimiz bitdi.

İLYAS. Bunları harda gizlədək?

ZÖHRƏ. Gəlsənə gecəikən verək Çingizə?

İLYAS. Hə, gəl verək.

Ilyas əlində bağlama Çingizgilin evlərinə yaxınlaşır, zəngi basır, Çingiz çıxır.

ÇİNGİZ. Sənsən? De görüm skelet qarət olunan gün harda idin?

İLYAS. Səs salma. Al bunu saxla, səhər danışarıq.

ÇİNGİZ. Bu nədir belə?

ZÖHRƏ. Lazımlı şeydir.

ÇİNGİZ. Aha, sən də burdasan?

İLYAS. Zöhrə, gedək yataq, səhər hər şeyi aydınlaşdırarıq.

Tamara əynində nimtənə oğrun – oğrun evdən çıxır.

ÇİNGİZ (astadan). Səs salmayın, axır ki, bu fırıldaqçı əlimə keçdi. (həyətə düşür.)

TAMARA. Dadaş...

Çingiz qəflətən Tamaranı qucaqlayır.

ÇİNGİZ. Yaxşı əlimə keçmisən! Daha canını qurtara bilməyəcəksən! Bu dəfə arvad paltarıyla aradan çıxa bilməyəcəksən!

TAMARA. Burax, mən Tamarayam...

ÇİNGİZ. Indi yoxlayaram, görüm arvadsan yoxsa kişi.

TAMARA. Burax! Ay haray, kömək edin!

Püstə həyətə düşüb işığı yandırır.

PÜSTƏ. Sənin belə yaramaz işlərin də var?! (Çingizə sillə vurur.) Pozğun!!!

Abas həyətə çıxır.

ABAS. Gör asayişimizi kimə tapşırıblar! Qadan alım burax arvadımı!

PÜSTƏ. Burax xalxın arvadını, əxlaqsız!

Fatma ilə Qeybulla küçədən təngnəfəs gəlirlər. Fatma Zöhrənin, Qeybulla da İlyasın üstünə cumurlar.

FATMA və QEYBULLA. Aha, gəlib çıxmısız...

Həyətdə qalmaqal düşür.

DADAŞBALA. Biabır olduq! Biabır olduq!

İŞIQ SÖNÜR

İKİNCİ HİSSƏ

Həmən həyət. Həyətdə elə bir dəyişiklik yoxdur. Aradan dörd gün keçib. Səhərdir. Çingiz Qeybullagildən çıxıb oğrun – oğrun öz qapılarına yaxınlaşır, qulağını qapıya tutub dinləyir, sonra çəkilir. Püstə öz evlərindən çıxıb açarlayır.

ÇİNGİZ. Püstə... Püstə...

PÜSTƏ. Açıl başımdan, zəhləmgetmiş!

ÇİNGİZ. Püstə, axı ayıbdır. Dörd gündür Qeybulla müəllimgildə yatıram.

PÜSTƏ. Məhkəmənin hökmüylə kimin harda yatması aydınlaşanacan dörd gün Tamaragildə, beş – on gün də Dadaşbalagildə yatarsan.

ÇİNGİZ. Nə məhkəmə, nə hökm? Nə demək istəyirsən?!

PÜSTƏ. Demək istəyirəm ki, məhkəməyə ərizə yazmışam! Boşanıram!

ÇİNGİZ. Püstə, vallah, məndə taqsır yoxdur! Mən Tamaranı təhlükəli cani zənn edib qucaqlamışdım!

PÜSTƏ. Yaxşı lotuluqdur! Sən gündə bir arvadı tutub qucaqlayacaqsan, nə bilim nə qələt eləyəcəksən, sonra da bəhanə gətirəcəksən ki, elə bildim təhlükəli canidir?!

Abas əlində Ceyran sarı qapıdan çıxır.

ABAS. Sabahınız xeyir. (Gülümsəyir). Püstə, qızım, vaxtın olanda, qadan alım, mənim Ceyranıma bax.

PÜSTƏ. Abas əmi, mən genekoloqam, pişik həkimi deyiləm.

ABAS. Qadan alım, Dadaşbalanın halı necədir?

PÜSTƏ. Dünən sayıqlayırdı.

ABAS. Deyirsən yəni o dünyalıqdır?!

PÜSTƏ. Baş açmıram. Nəbzi, hərarəti qaydasındadır. Amma sayıqlayır. (Dadaşbalagilə keçir)

ABAS. Bəlkə başına hava gəlib. Indi belə şeylər çox olur. (Gülür)

ÇİNGİZ (dəftərçəsini çıxarır). Nəyə gülürsüz, vətəndaş Abas əmi?

ABAS (skeleti göstərir). Baxıram buna gülmək tutur məni, qadan alım. Zinətsiz tarixi dəyəri olan sür – sümük də öz qiymətini, hörmətini itirir. Bunun üstündəki qızıl – gümüş itməyincə üç yüz doxsan yaşı vardı. Qeybulla deyirdi, hansı xanınsa qızıdır. Zinəti itəndən sonra bu yazıq da düşdü hamının gözündən. Baxıram buna, gülmək tutur məni, qadan alım. Yazığın başına gah papaq qoyurlar, gah vurub qolunu sındırırlar. Bu da arsız – arsız dayanıb baxır. Insan belədir də, başına nə oyun açsalar, qadan alım, dayanıb baxacaq. Vaxt vardı, prokuror pencəyimi geyib ittiham etməkçün kürsüyə yaxınlaşanda, qadan alım, müttəhimlər əsim - əsim əsərdilər... İndi isə (gülür) serjantın biri məni sorğu – suala tutur...

Qeybulla evlərində çıxır.

QEYBULLA. Sabahınız xeyir.

ABAS. Səhər – səhər hara belə, qadan alım?

QEYBULLA. Işə gedirəm.

ABAS. Hə, Ceyran, biz də gedək Tamaranı oyadaq, ritmik gimnastika ilə məşğul olaq. (Evə keçir).

ÇİNGİZ. Qeybulla müəllim, bu axşam sizə sürpriz göstərəcəyəm.

QEYBULLA. Olmaya zinətləri tapmısız?

ÇİNGİZ. Axşamadək dözün.

QEYBULLA. Yaxşı, Dadaşbala necədir?

ÇİNGİZ. Dünənədək heçkimlə dinib – danışmayıb. Püstə elə indi getdi baş çəksin.

QEYBULLA. Əlbət damda yatanda soyuqlayıb.

Püstə Dadaşbalagildən çıxır.

PÜSTƏ. Sabahın xeyir, Qeybulla müəllim.

QEYBULLA. Aqibətin xeyir. Dadaşbala necədir?

PÜSTƏ. Baş açmaq olmur. Gərək qanını yoxlatdırsın. Hələlik, işə tələsirəm. (gedir).

ÇİNGİZ (onun ardınca gedir). Püstə... Püstə...

PÜSTƏ. Dalımca düşmə, şorgözün biri...

Püstəylə Çingiz həyətdən çıxırlar.

QEYBULLA (öz qapılarına tərəf). Ilyas, tez ol, dərsə gecikərsən.

Zöhrə öz evlərindən çıxır.

ZÖHRƏ. Sabahın xeyir, Qeybulla əmi.

QEYBULLA. Aqibətin xeyir qızım. Atan necədir?

ZÖHRƏ. Elə - elədir, sayıqlayır, kosmosdan danışır.

Ilyas çıxır.

İLYAS (Zöhrəyə). Gedək?

ZÖHRƏ. Gedək.

QEYBULLA. Evə gec gəlməyin! Düz saat üçdə evdə olun!

İLYAS. Yaxşı.

Ilyasla Zöhrə gedirlər. Fatma evdən çıxır.

FATMA. Əvvəl vardı hüsni – cəmalı, indi olub dəli bayraməli!

QEYBULLA. Necədir?

FATMA. Necə olacaq? Necə olacaq? Yemir, içmir, danışmır. Danışanda da, ay Qeybulla qardaş, qəribə sözlər deyir e! (ağlamsınır) Piş eləyir... Düz dörd gündür töküb kitabları qabağına ucadan oxuyur. Nə özü yatır, nə də bizi qoyur yatmağa. Sən demə qara günüm qabaqdaymış! (Ağlayır)

QEYBULLA. Ağlama, Fatma bacı.

FATMA. Bir söz soruşanda gah ələffə deyir, gah böyüldüyür. Bayaq deyirəm ona, kişi, gəlsənə bir az çörək yeyəsən. Kitabı yerə qoyub piş elədi mənimçün. Ürək – göbəyim düşdü. Dörd yüz manat pul verib mənə, bir metrə uzunluğunda da siyahi. Bax (kağızı göstərir) Kitab adlarıdır. Deyir, yerin deşiyində də olsa tap gətir. Azərbaycan muğamları, Azərbaycan minyatür sənəti, Azərbaycan etnoqrafiya lüğəti, Azərbaycan dilinin antonimlər lüğəti... Bunlar da plastinka adlarıdır: Ü. Hacıbəyov “Koroğlu”, Q. Qarayev “İldırımlı yollarla”, F. Əmirov “Şur”, A. Məlikov “Məhəbbət əfsanəsi”... Belə də dərd olar, belə də müsibət olar?! Bu yazıq ömründə kitab nədir, heç qəzet də oxumazdı, televizorda ritmik gimnastikadan savayı heç zada baxmazdı. Qeybulla qardaş, lapdan – şapdan buna nə oldu?! Görəcək günlərim varmış! Mən yazıq, bunun bura yazdıqlarını indi hardan tapım?! (Ağlayır)

QEYBULLA. Ağlama, Fatma bacı. Gedək mağazaları sənə göstərərəm.

Qeybulla və Fatma gedirlər. Tamara həyətə çıxır, Dadaşbalagilin evinə yaxınlaşır.

TAMARA. Dadaşbala... Dadaş...

Dadaşbala şıq geyinmiş halda, əlində kitab qapıda görünür.

DADAŞBALA. Bəli, nə buyurursuz, Tamara xanım?

TAMARA. Necəsən, Dadaş?

DADAŞBALA. Çox yaxşıyam.

TAMARA. Əlindəki nədir?

DADAŞBALA. Kitabdır... Kitab... Sabir...

TAMARA. O kimdir, Dadaş?..

DADAŞBALA. Şairdir! Dahi şairdir! (Oxuyur)

Mən belə əsrarı qana bilmirəm,

Qanmaz olub da dayana bilmirəm...

Adamların ayıblarını, qüsurlarını onların üzünə dedikcə göz yaşı töküb...

TAMARA. A, səndən çıxmayan iş. Sən ömründə qəzet oxumamısan, indi şer əzbərləyirsən?

DADAŞBALA. Lazımdır...

TAMARA. Dadaş, öp məni, dörd gündür darıxmışam səninçün.

DADAŞBALA. Olmaz, Tamara bacı, mən ailəli adamam. Insan gərək öz nəfsini boğmağı bacarsın...

TAMARA. Sən allah, özündən hoqqa çıxarma! Saatlarca məndən əl çəkməyən sən deyildin?

DADAŞBALA. Xahiş edirəm, danışığınıza hədd qoyasız. Siz bu biabırçı, bayağı sözlərinizlə təkcə şəhərimizi yox, bütün yer kürəsini rüsvay eləyirsiz.

TAMARA. Sən allah, artistlik eləmə, qoy bir dəfə bığlarını tumarlayım.

DADAŞBALA. Əl dəyməyin, bunlar artıq bığ deyil. Lakatordur! Gözlərim obyektivdir, qulaqlarım mikrafon, bığlarım lakatordur.

TAMARA. Yaxşı... Yaxşı... Sənin deyəsən doğrudan da başına hava gəlib... (qorxur).

DADAŞBALA. Xeyr, Tamara bacı, mən dəli deyiləm. Sadəcə olaraq başqa planetdən gəlmiş qonaqlarçın həyat tərzimi göstərir və şərh edirəm. Mən indi sənə baxıram, başqa planetdə səni görür və eşidirlər.

TAMARA. Başa düşürəm... (qorxur).

DADAŞBALA. Bu saat həyətimiz barədə kiçik bir reportaj verəcəyəm. (Gözlərini bərəldib həyəti seyr edir.) Bizim həyət şəhərimizin köhnə məhəllələrindən birindədir. Gördüyünüz bu daşlar Qeybulla müəllimin arxioloji qazıtıları nəticəsində aşkar edilmişdir. Tunc dövrünə aiddir. Bu skelet isə xan qızıdır... Onun bəzəkləri... Onun bəzəkləri Tamara bacı, mümkünsə həyat yoldaşınız Abası çağırın...

TAMARA (qorxaraq). Bu saat, bu saat, Dadaşbala qardaş! (Evlərinə keçir).

DADAŞBALA (öz – özünə). Dünyada məndən bədbəxt adam yoxdur. Dörd gündür evdə oturmuşam, heç yana çıxmıram... Qorxuram ki, hər şeyi görərlər, biabır olarıq... Aşağı tüpürürəm saqqaldır, yuxarı tüpürürəm – lakator... (Birdən başını tutub qıvrılır.) Vay, vay qulaqlarım... Yaxşı, yaxşı... Hər şeyi, yaxşını da pisi də... Sabir demişkən, düzü düz, əyrini əyri...

Abas qucağında Ceyran çıxır.

ABAS. Həmişə ayaq üstə, qadan alım. Bəs Püstə deyirdi, o dünyalıqsan.

DADAŞBALA. Hər vaxtın xeyir, Abas. Mən qərara gəlmişəm, həqiqəti açıb söyləyəm.

ABAS. Deyəsən sənin başına doğrudan da hava gəlib, qadan alım. Balam həqiqət indi kimə lazımdır?

DADAŞBALA. Insan öz zəhmətiylə yaşamalıdır. Doğru yolla gedən yorulmaz. Yalan üz qaraldar...

ABAS. Saxla, qadan alım, saxla. Mən prokuror olanda həmişə oğrulara, fırıldaqçılara bu sözlərdən də kəsərlisini demişəm. Söz deyilməkçündür, qadan alım. Kim isə nə isə deməlidir. Imtiyazlı adamlar belə sözləri deyəndə yerinə düşür.

DADAŞBALA. Abas, bizə göz qoyurlar. Bilirsən?

ABAS. Kim, Çingiz?

DADAŞBALA. Yox, yuxarıdan.

ABAS. Səhv eləyirsən, qadan alım, yuxarıdan dəllək – dülləyə heç vaxt göz qoymayıblar.

DADAŞBALA. Ordan demirəm, lap yuxarıdan göz qoyurlar.

ABAS. Gicləmə, Dadaşbala, onların iş – gücləri qurtarb yadlarına düşən bir sənsən bir də mən.

DADAŞBALA. Lap yuxarıdan, Abas!

ABAS. O yoxdur, Dadaşbala! Iyirmi il prokuror işlədim bir dəfə özünü mənə görsətmədi! Ondan qorxma!

DADAŞBALA. Səni heç cürə başa sala bilməyəcəyəm. Başa düş, mən sənə baxıram, başqa planetdə səni görürlər və eşidirlər. Heç olmasa ömründə bircə kərə haqla, ədalətlə iş gör.

ABAS. Dadaşbala, sən artıq dəlisən, qadan alım.

DADAŞBALA. Ələffə! Şkantara – piş!!!

ABAS. Ceyran, gəl qaçaq, bu dəlixanalıqdır! Amma bil, Dadaşbala mənim heç nədən xəbərim yoxdur!

DADAŞBALA (onun yaxasından yapışır). Yox, canını qurtara bilməyəcəksən! (Gözlərini bərəldir) Obyektivə yaxın dur, necə varsan görsünlər sifətini! Baxın, yaxşı baxın, yer üzündəki ən naqis, xəbis adamlardan biri, Abas Əlabbas oğlu! Prokuror işləyib, yüzlərlə doğrunu damlayıb, oğruya bəraət qazandırıb. Dörd arvad alıb, hərəsini bir bəhanə ilə boşayıb. Tamara beşinci arvadıdır. Otuz yaş ondan kiçikdir. Katibəsi olub... Bir kərəm...

ABAS. Burax yaxamı! Bəsdir məndən danışdın! Güya özün çox təmiz adamsan! Öz gözündə tiri görmürsən...

DADAŞBALA. Özümdən danışım?! Özümdən?! Bura gəl! (Abası həyətdəki güzgüyə tərəf aparır)

ABAS. Burax məni! Burax! Tamara! Tamara!

DADAŞBALA (güzgüyə baxıb gözlərini bərəldir). Baxın, yaxşı – yaxşı baxın, Dadaşbala Qədəşbala oğlu Dadaşov! Onuncu sinfi güc – bəla qurtarmışam! Kamal atestatı almaqçın rəhmətlik atam məktəb direktoruna min manat verib!

ABAS. Ay haray! Tamara!

Tamara həyətə düşür.

TAMARA. Dadaş nə olub?! Burax onu!

DADAŞBALA. Ələffə! Piş! Mən əxlaqsızın böyüyəm! Bu Abasın arvadı Tamara ilə min hoqqadan çıxmışam!

ABAS. Kəs səsini!

DADAŞBALA. Bu Abas da hər şeyi bilirdi!!!

ABAS. Bilmirdim!

DADAŞBALA. Bilirdin! Oğraş! Çünki Tamara ona verdiyim pulları sənə gətirirdi!

TAMARA. Bəsdir ağzına gələni danışdın! Dəlixanaya zəng edərəm gəlib apararlar səni!

DADAŞBALA. Gecdir! Indi dəlixanalar da xozrasçotdur! Baxın, mən bu Abasla yazıq Qeybullanın skeletini qarət etmişik! Qəniməti də bağımdakı əncir ağacının dibində basdırmışıq!

ABAS. Tamara, yalan deyir, mənim xəbərim yoxdur!

DADAŞBALA (Abası buraxır). Cəhənnəm olun! Gedirəm! Gedim qonaqlarımıza şəhərmizin səfalı guşələrini də göstərim! Görsünlər ki, bizim şəhərdə Abastək əclaflarla bahəm gözəl insanlar da var! (Bərkdən çığırır.) Hanı Qeybulla müəllim?! Hanı?!

ABAS. Işə getdi, atamın goru üçün işə getdi!

DADAŞBALA. Gəlsə, deyin heç yana getməsin! Onuntək insanı başqa planetdə hökmən görməlidirlər! Qeybullanın başından bir tük əskik olsa özünüzü ölmüş bilin! Irəli, Dadaşbala, irəli! (Gözlərini bərəldib həyətdən çıxır.)

ABAS. Başına daş düşsün, Dadaşbala! Az qala boğmuşdu məni! Sən niyə dayanıb durmuşdun, niyə dadıma çatmırdın?!

TAMARA. Qorxurdum, Abas! Indiyəcən özümə gəlməmişəm!

Mirzəağa gəlir.

MİRZƏAĞA. Hər vaxtınız xeyir. Dadaşbala dabanəllialtı hara gedirdi. Elə bil cin qovurdu onu. Salam verdim salamımı da almadı.

TAMARA. Deyirdi qonaqlarım var xaricdən, şəhərlə tanış edəcəm.

MİRZƏAĞA. Xarici qonaqlar. Bəyəm koperativ inturist açıb? Deyəsən təzə fırıldağı var.

ABAS. Nə fırıldaq, qadan alım, başına hava gəlib. Bayaq məni boğurdu.

MİRZƏAĞA. Maraqlıdır, Tamara xanım bu gün işləyirik? (Dükanın qapılarını açır.)

TAMARA. Əllərim yarpaqtək əsir... Heç bilmirəm işləyə biləcəyəm, yoxsa yox.

Fatma hər iki əlində zənbil gəlir.

FATMA. Abas qardaş, Dadaşbala həyətə çıxmamışdı?

ABAS. Çıxmışdı.

FATMA. Hanı bəs? (Sarı qapını göstərir) Ordadır?

ABAS. Xeyr. Küçəyə çıxdı.

TAMARA. Dedi, qonaqlarım var, şəhəri onlara göstərəcəyəm.

FATMA. Axı niyə buraxdınız onu küçəyə?! Gedib birinə sataşıb – eləyər tutub salarlar qazamata! Camaat bu saat özündən bezardır. Elə biriyçün ələffə, piş eləsə kifayətdir. Allah baisin evini yıxsın. Kişi üçün cadu elədilər, nədir. Gecə damda yatdı, səhər durdu başladı sarsaqlamağa!

TAMARA. Damın bura nə dəxli var?!

FATMA. Soğan yeməmisən için niyə göynəyir?

ABAS. Qadan alım, bütün günahlar Qeybulladadır.

MİRZƏAĞA. O yazıq neyləsin?

ABAS. Daha bundan artıq neyləyəcək?! Bu həyətdə bizik dözürük bu sür – sümüyün içində. Qorxub, vallah qorxub sür – sümükdən.

Çingiz gəlir.

ÇİNGİZ. Hər vaxtınız xeyir.

MİRZƏAĞA. Xeyirdə olasan yoldaş serjant. Gəl otur üzünü qırxım.

ÇİNGİZ. Sonra qırxarsan. Fatma xanım, bu zənbillərdəkilər nədir?

FATMA. Kitabdır, bir də plastinkalar.

ÇİNGİZ (zənbilləri yoxlayır). Bu nədir?

Çingiz lülələnmiş xəritəni zənbildən çıxarır.

FATMA. Azərbaycanın xəritəsidir...

ÇİNGİZ. Aydındır...

ABAS. Yoldaş serjant hələlik biz sənə lazım deyilik ki?..

ÇİNGİZ. Xeyr. Hələlik lazım deyilsiz.

ABAS. Tamara gedək özümüzə gələk, bir az qüvvə toplayaq. Dadaşbala getdi bu gəldi canımızçın...

Abasla Tamara gedirlər.

ÇİNGİZ. Azərbaycanın xəritəsi... Özü də faydalı qazıntılar xəritəsi... Maraqlıdır. Çox maraqlıdır. Yaxşı, Fatma xanım, siz skelet qarət olunan gün harda idiniz?

FATMA. Vallah, bilmirəm. Gərək ki, mətbəxdə idim.

ÇİNGİZ. Nə bişirirdiniz?

FATMA. Ət qutabı idi deyəsən.

ÇİNGİZ. Səhv etmirsiz? Bəlkə göy qutabı olub?

FATMA. Ay Çingiz mənim öz dərdim özümə bəsdir, sən də bu yandan başlamısan...

ÇİNGİZ. Vətəndaş, Fatma xanım, xahiş edirəm suallarıma düzgün cavab verəsiz. Ət yoxsa göy?

FATMA. Ət!

ÇİNGİZ. Aydındır, göy qutabı...

FATMA. Ət qutabı!

ÇİNGİZ. Üzür istəyirəm, ət qutabı. Bir dəqiqə, deməli belə, Fatmanı, Dadaşbalanı dəli olmamışdan qabaq dindirmişəm, Abası, Tamaranı... Aləm qarışıb burda bir – birinə. Mirzəağa qalıb, Ceyran qalıb... Aha, Ceyran... (Abasgilin qapısını döyür.)

Abas çıxır.

ABAS. Bəli qadan alım.

ÇİNGİZ. Ceyran danışa bilir?

ABAS. Hələlik xeyr, qadan alım.

ÇİNGİZ. Əvəzinə onun sahibitək şəhadət verə bilərsizmi?

ABAS. Pişiyin əvəzinə şəhadət verim? Mən qələt elərəm, qadan alım.

Püstə gəlir.

PÜSTƏ. Fatma xala, muştuluqmu ver!

FATMA. Nə olub bəyəm?

PÜSTƏ. Dadaşbala əmi sağalıb!

ABAS. Ola bilməz, qadan alım.

PÜSTƏ. Bu saat bulvarda idi.

ÇİNGİZ. Bulvarda? Bəs siz orda nə edirdiniz?

PÜSTƏ. Hava udurdum! Altı – yeddi nəfər yığılmışdı ətrafına, əl – qolla nəsə deyirdi onlara.

FATMA. Evim yıxıldı!

ABAS. Qadan alım, ələffə demirdi?

PÜSTƏ. Eşitmədim.

MİRZƏAĞA. Turistlər idilər?

PÜSTƏ. Nə turist?

ABAS. Indi turistlərlə bizimkiləri seçmək olur ki.

FATMA. Başınıza dönüm, qadanızı alım, gəlin gedək axtaraq Dadaşbalanı! Qoşular turistlərə çıxıb gedər allah eləməmiş, dilim – ağzım qurusun hara gəldi...

PÜSTƏ. Gedək, Fatma xala, mən yerini bilirəm.

ABAS (evlərinə tərəf). Tamara, Tamara!

Tamara çıxır.

TAMARA. Nə olub yenə?

ABAS. Dadaşbalanı axtarmağa gedirik, qadan alım.

ÇİNGİZ (Püstəyə). Evin açarlarını mümkünsə verin!

PÜSTƏ. Açarları neyləyirsən?

ÇİNGİZ. Axtarış aparacağam.

PÜSTƏ (açarları verir). Al, onsuz da boşanacağam!

FATMA. Başınıza dönüm, yubanmayın! Yoxsa kişi əldən gedər!

ABAS. Gedəyin, qadan alım!

Abas, Fatma, Tamara və Püstə gedirlər.

ÇİNGİZ. Hə, Mirzəağa Məftun müəllim, buyurun, üzümü təraş eləyin. Amma üzümü qırxa – qırxa suallarıma da xumur – xumur cavab verin.

MİRZƏAĞA. Bəlkə əvvəlcə yüz əlli vurasız yoldaş serjant. Əla qutabım da var.

ÇİNGİZ. Yox, qulluqdayam, yüz əlli yox, iki yüz, qutab da gətir.

Mirzəağa içki və yemək gətirir, Çingizin üzünü sabunlayır.

MİRZƏAĞA. Buyurun, dinləyirəm sizi.

ÇİNGİZ. Siz savadlı adamsız, teatrşünassız, şairsiz, həm də bərbər – bufetçisiz, ətrafımızda baş verən hadisələr barədə nə deyə bilərsiz? (İçir, yeyir.)

MİRZƏAĞA. Vallah, kim nə deyir, desin, janrını təyin etmək qeyri – mümkün olan çox qəribə və maraqlı bir zamanda yaşayırıq. Teatrşünas diliylə desək, ana xətt ildırım sürətiylə inkişaf edir. Hadisələr bir – birini göz qırpımında əvəz edir. Konfliktdən, konfliktlər doğur, zavyazka, razvyazkaya qarışıb, dialoqlar, monoloqa çevrilir, zənn edirsən, bax bu saat kulminasiya olacaq, hər şey özünün son həddinə, zirvəyə çatacaq, amma birdən kiminsə naqafil improvizasiyası nəticəsində qəflətən yeni bir ekspozisiya başlanır, düşündüyün kompozisiyanın atası yanır.

ÇİNGİZ. Afərin, dadlı qutabdır. Yaxşı, skelet qarət olunan gün harda idiniz və nə edirdiniz?

MİRZƏAĞA. Burda idim və Abasın üzünü qırxırdım.

ÇİNGİZ. Maraqlıdır... Axı Abasın üzünə tük çıxmır!

MİRZƏAĞA. Maraqlıdır!... Bəs niyə üzünü qırxdırırdı.

ÇİNGİZ. Bunu kim təsdiq edər ki, siz Abasın üzünü qırxmısınız?

MİRZƏAĞA. Dadaşbala!

ÇİNGİZ. O dəlidir, onun şəhadəti keçmir. Belə... (Qeyd edir)

Ilyasla Zöhrə gəlirlər.

İLYAS. Hər vaxtınız xeyir.

ÇİNGİZ (qalxır). Vaxtında gəlmisiz. Mənə kömək eləyin Xan qızını qoyaq bizim evə. Bu gün axşam əsil möcüzə olacaq.

MİRZƏAĞA. Yoxsa oğruları tapmısız?!

ÇİNGİZ. Sirrdir, şair, sirr! Skeletin artırmadan bizim evə köçməsi mənim başladığım əməliyyatın düyün nöqtəsidir! Kulminasiya axşam olacaq!

ZÖHRƏ. Ilyas, sonra pasportunu götürməyi unutma.

İLYAS. Yaxşı. Sən də öz pasportunu götür!

Çingizlə İlyas skeleti Çingizgilə aparırlar.

MİRZƏAĞA. Zöhrə xanım, pasportu neyləyirsiz?

ZÖHRƏ. Məktəbdə istəyiblər, lazımdır. (Evlərinə keçmək istəyir.)

MİRZƏAĞA. Zöhrə xanım, sizin barənizdə atanız Dadaşbala müəllimlə danışmışam. O razıdır... İndi sizin razılığınızı almaq istəyirəm.

ZÖHRƏ. Atam nəyə razıdır?

MİRZƏAĞA. Bilirsiz, mən sizi görəndə səfalı müqəddəs yurdumuzdakı qaynar bulaqların nəğməsini eşidir, uca dağlarımızın bəyaz qarını görür, xınalı kəklikləri, adamı vəcdə gətirən şaftalı, nar bağlarını xatırlayıram. Hər dəfə sizin od saçan qara gözlərinizə baxanda ürəyim çinar yarpağıtək əsir, bütün mənəviyyatım novruz xonçasında yandırdığımız şamtək əriyir.

ZÖHRƏ. Mus – mus deyincə birkərəmlik Mustafa de!

MİRZƏAĞA. Mən sizi sevirəm, Zöhrə xanım, istəyirəm mənim ömür, gün yoldaşım olasınız!

ZÖHRƏ. Doğrudan?! Get anqır, tayını tap!

MİRZƏAĞA. Mənə, şairə, Mirzəağa Məftuna anqırmaq təklif etmək?! Heç eybi yoxdur! Bəyənmə məni! Vaxt gələcək, sənin uşaqların Azərbaycan sovet ədəbiyyatı dərsliyindən mənim həyat və yaradıcılığımı öyrənəcəklər. Bax, sən onda biləcəksən ki, necə bir şairin könlünə dəymisən!

ZÖHRƏ. Cəhənnəm ol həyat və yaradıcılığınla birlikdə! (Evlərinə keçir).

MİRZƏAĞA. Eybi yoxdur, mən Nobel mükafatı alıb bütün şəhərə banket verəndə...

Çingizlə İlyas çıxırlar.

ÇİNGİZ. Sözümüz sözdür!

İLYAS. Əmin olun. (Evlərinə keçir).

ÇİNGİZ. Yüz də süz. (Qəbuledicinin mikrafonuna.) Diqqət, diqqət! Dalğa, Dalğa! Mən Məşələm! Əməliyyat davam edir! Bu gün axşam ildırım çaxacaq, buludlar çalxalanacaq, bütün canilər yaxalanacaq! (İçir).

Ilyasla Zöhrə çıxırlar.

İLYAS. Gedək?

ZÖHRƏ. Gedək!

ÇİNGİZ. Gedin! (Artıq o keyflidir) Ümidimiz sizə, gənc nəslədir!

İlyasla Zöhrə gedirlər.

MİRZƏAĞA. Yüz də süzüm?

ÇİNGİZ. Süz gəlsin! Mən içəndə daha dərrakəli və sayıq oluram! (İçir).

Püstə gəlir.

MİRZƏAĞA. Dadaşbala tapıldı, Püstə xanım?

PÜSTƏ. Yox, avtobusa minib Suraxanıya, Atəşgaha gedib.

ÇİNGİZ. Restorana? Restorana gedibsə lül – atəş qayıdacaq!

PÜSTƏ. Restorana yox, ibadətgaha! (Evə keçir).

ÇİNGİZ. Onda işimiz var, gecə - gündüz hind mahnısı oxuyacaq!

Püstə çığırıb həyətə düşür.

ÇİNGİZ (cəld tapançasını çıxarır). Nə oldu?! Hanı?! Kimi öldürdülər?!

PÜSTƏ (halsız). Paltar şkafındakı kimdir?

ÇİNGİZ. Xan qızı...

PÜSTƏ. Bəs onu şkafa niyə soxmusan?!

ÇİNGİZ. Dedim... Fikirləşdim ki, ortalıqda olsa qorxarsan...

PÜSTƏ. Belə getsə bu həyətdə bir nəfər də ağıllı adam qalmayacaq. (Özündən gedir).

ÇİNGİZ. Püstə, özünə gəl Püstə... Gedək dincəl...

PÜSTƏ (zarıyır). Ömrümə bir saat da qalmış olsa boşanacağam...

ÇİNGİZ. Püstə, gedək yat... İncimə, Püstə, əməliyyat belə tələb edirdi...

PÜSTƏ. Əməliyyat... Hansı əməliyyat...

Çingiz Püstəni evlərinə aparır. Qeybulla zümzümə edərək gəlir. O da keyflidir.

QEYBULLA.

Məni dərdə salan dilbər,

Yaxan düymələ, düymələ...

Hanı, hanı məni içməyə, əzab çəkməyə məcbur edən?! Hanı?!

MİRZƏAĞA. Çingizgilin şkafındadır.

QEYBULLA. Ilahi, gərdişi kəcrəftara bax, Mustafa xanın qızı Zübeydə xatun, milis serjantının şkafında. Gorun çatlasın, Mustafa xan!

MİRZƏAĞA. Çingiz deyir ki, axşam hər şey aşkar olacaq.

QEYBULLA (saatına baxır). Axşama nə qalıb ki! Əlin qurusun, boynun sınsın, ay məni bu dərdə salan!

Çingiz gəlir.

ÇİNGİZ. Nə olub Qeybulla müəllim?

QEYBULLA. Yaxan düymələ, düymələ...

ÇİNGİZ. Bir az döz, Qeybulla müəllim...

QEYBULLA. Bir aydır dözürəm! Daha bacarmıram! Ay əliyanmış oğurlamağa başına şey qəhətdir?

Abas qucağında Ceyran təngnəfəs gəlir.

ABAS. Qaçın gizlənin, qadanızı alım! Dadaşbala zəncirdən qırılmıştək gəlir. Çingiz qadan alım, qorxsa səndən qorxar. Tut apar onu dəlixanaya. Bayaq Atəşgahda yenə boğazlamışdı məni! Vallah, axırda “ələffə” deyib birini boğub öldürəcək.

Püstə çıxır.

PÜSTƏ. Bu şoğərib çox qalacaq evdə? (həyətə düşür.)

ÇİNGİZ. Az qalıb...

PÜSTƏ. Bir azdan rədd elə onu adamın bağrı yarılır.

ABAS. Nədir o, qadan alım?

ÇİNGİZ. Heç, elə - belə.

Dadaşbala həyətə girir.

DADAŞBALA. Əziz qonaqlar, biz yenə bizim həyətdəyik. (Gözlərini bərəldir) Tanış olun həyətimizin fəxri Qeybulla müəllim! Şəhərimizin ən namuslu, təmiz adamlarındandır. Nə olsun, kimdir buna qiymət qoyan! Mən onuncu sinfi güc – bəla qurtarmışam, o isə alimdir, unversitet qurtarıb, xalqının keçmişini qazıb torpağın altdan çıxarır, bununla belə elə ay yoxdur ki, məndən yüz manat borc eləməsin!

QEYBULLA. Maaş alanda qaytaracağam...

Fatma, Tamara gəlirlər.

FATMA. Tutun saxlayın, qoymayın küçəyə çıxsın! Ayaqlarım qırıldı!

DADAŞBALA. Sıs... Səs salma, özün də çəkil obyektivdən! Hə, harda qaldım! Bəli, Qeybulla, ürəyini buz kimi saxla, sənin xan qızının qızıl – gümüşünü mənlə Abas oğurlamışıq! Aparıb bizim bağda əncir ağacının dibində basdırmışıq.

ABAS. Yalan deyir! Mənim xəbərim yoxdur.

ÇİNGİZ. Aydındır!

DADAŞBALA. Qeybulla, sabah tezdən gedərik bağa, xan qızının cer – cehizini əlbəəl verərəm sənə.

QEYBULLA. Çox sağ ol, Dadaşbala! (Dadaşbalanı öpür.)

DADAŞBALA (Gözlərini bərəldir). Tanış olun, Mirzəağa Məftun, şairdir, vələduznanın cövhəridir. Bağışla, Mirzəağa, Zöhrəni sənə verəsi olmadım! Özün də bu gündən özünə iş axtar! Bu geydirmə koperativi bağlayıram! Hər kəsən gərək öz işiylə məşğul olsun! Mən adicə bir dəlləyəm, gərək dəlləkliklə də məşğul olam! Indisə əziz qonaqlar, qalxağın bizim dama, bizim damdan tariximizin nadir incisi olan İçəri Şəhər bütün əzəmətiylə görünür.

FATMA. Qoymayın dama çıxsın! Atar özünü damdan!

ABAS. Ay balam görmürsüz bu əməlli başlı gicdir, zəng eləyin dəlixanaya da!

DADAŞBALA. Çəkil obyektivdən! Şkantara – piş!

ABAS. Gəl gedək Ceyran, indi sənlə düşnüşdü.

DADAŞBALA (dama çıxır). Baxın, bu Qız qalasıdır!

ABAS. Güya qız qalasını birinci kərəmdir ki, görürük.

DADAŞBALA. Baxın, baxın! (Gözlərini bərəldir.) Şirvanşahlar sarayıdır!

ABAS.Qadan alım çıxın dama, düşürün onu aşağı, görmürsüz ki, bunun dəliliyi getdikcə tüğyan eləyir.

FATMA. Ay allahı sevən, kömək eləyin, kişi əldən gedir! (ağlayır).

ABAS. Ağlama, qadan alım, indi dəliləri tez sağaldırlar!

Çingiz, Abas və Mirzəağa dama qalxırlar.

DADAŞBALA. Ələffə! Mənə yaxın gəlməyin, mən dəli deyiləm!

PÜSTƏ. Həyəcanlanma, Dadaşbala əmi...

ABAS. Düşürün onu aşağı əl – qolunu bağlayın!!!

Dadaşbalanı damdan düşürürlər.

DADAŞBALA. Inanın mənə, nəyə istəyirsiz and içim, mən dəli deyiləm!

ABAS. Dəlidən də beşbetərsən, qadan alım!

PÜSTƏ. Əyləş, Dadaşbala əmi. (Nəbzini yoxlayır.) Nəbzi qaydasındadır. Istiliyiniz də yoxdur.

ABAS. Bağlayın, qollarını! Dəlinin bəyəm istiliyi olar?!

DADAŞBALA. Qulaq asın, inanın... Bir azdan gələcəklər...

ÇİNGİZ. Imkan verin danışsın! Danış, Dadaşbala əmi!

DADAŞBALA. Bir azdan gələcəklər.

HAMI. Kim?

DADAŞBALA. Məxluqlar, kosmosdan gələcəklər!

TAMARA. Dadaş onlar necə məxluqdurlar?

DADAŞBALA. Yaxşı məxluqdurlar. Çox mədəni və mərifətlidirlər. Mən onlara pul təklif eləyəndə almadılar, təəccüblə üzümə baxdılar.

ABAS. Gördünüz ki, gicləyir! Elə yer yoxdur ki, orda pul alıb verməsinlər. Lap Amerikada da rüşvət alıb verirlər.

DADAŞBALA. Sən sus!

FATMA. Püstə, qızım kömək elə, görürsən də sayıqlayır. Bəlkə iynə vurmaq lazımdır.

DADAŞBALA. Arvad!.. E... Ey mənim həyat yoldaşım, ey mənim qonşularım, niyə məni başa düşmürsüz?! Niyə hamınız mənə dəlitək baxırsız?! Ondakı mən cürbəcür hoqqalar çıxarırdım, kimsə məni dəli adlandırmırdı. Baş qırxıb bir manatın yerinə beş manat alanda kimsə mənə gic demirdi. Dəllək dükanını koperativ adıyla möhtəkirlik yuvasına çevirəndə kimsə mənim qollarımı bağlamırdı, başqasının arvadıyla damda... Bir nəfər də olsun mənim nəbzimi hərarətimi yoxlamırdı! Indi nə olub, mən deyəndə ki; bizə göz qoyurlar, gəlin adamtək yaşayaq, namuslu olaq, vicdanlı olaq, hamı mənə gic deyir! Mən axı elə bir qəliz şey demirəm. Deyirəm ki, başqa planetlər var, orda da adamlar yaşayırlar. Onlardan ikisi bizə qonaq gəlib. Bir azdan öz gözlərinizlə görəcəksiz.

ÇİNGİZ. Onda onları layiqincə qarşılamaq lazımdır. Şüarlar yazmaq lazımdır!

PÜSTƏ. Doğrudur, şüarsız qonağın nə ləzzəti.

Təcili yardım maşının həyəcan qıynağı. Hamısı donuxub durur. Həkim libasında olan Müştəri əlində tələsik gəlir.

MÜŞTƏRİ. Dəlixanadanam. Zəng elədilər ki, təcili gələk.

ABAS. Vaxtında gəlmisiz! Aparın bunu canımız qurtarsın.

MÜŞTƏRİ. Dəli kimdir?

ABAS (Dadaşbalanı göstərir). Budur, qadan alım.

ÇİNGİZ. Yaxşı, bizlərdən axı dəlixanaya zəng eləyən olmayıb! Hamı burdadır?!

TAMARA. Mirzəağa yoxdur.

ÇİNGİZ. Maraqlıdır...

MÜŞTƏRİ. Mənə zəng vurdular mən də gəldim. Indi ki, dəli yoxdur... Kimin meylindən dəlixanaya getmək keçirsə buyura bilər... Hələlik... Gələn görüşlərətək. (Tələsik gedir.)

PÜSTƏ. Heç bir şey başa düşmədim!

ÇİNGİZ. Bu həkimin yol yerişi axı mənə tanış gəlir. Aydındır... (Qəbuledicinin mikrafonuna.) Dalğa, Dalğa. Mən Məşələm... Əməliyyatı davam etdirirəm! (Qaçıb səhnədən çıxır.)

Ilyasla Zöhrə gəlirlər.

ZÖHRƏ. Çingiz əmi hara belə qaçdı?

FATMA. Bu vaxtacan harda idin? Sənə neçə yol demişəm ki, evə gec gəlmə?!

QEYBULLA. Fatma bacı, uşağın üstünə qışqırma.

FATMA. Niyə susursuz, hara getmişdiniz? Kinoya?

ZÖHRƏ. Yox...

ABAS. Bəlkə yenə kukla teatrına getmişdiniz.

ZÖHRƏ. Zaqsa getmişdik...

FATMA. Vaxsey!

QEYBULLA. Bəlkə səhv eləyirsən qızım?

ZÖHRƏ. Zaqsa getmişdik...

QEYBULLA. Ilyas, orda neyləyirdiz?

İLYAS. Ata, mən Zöhrəni alıram.

FATMA. Qələt eləyirsən!

ZÖHRƏ. Ana, biz artıq qanun qarşısında ər – arvadlıq.

DADAŞBALA. Ələffə! Şkantara - əbüdüyyə - piş!

MƏXLUQLAR. Ələffə, Dadaşbala!

GÖY MƏXLUQ. Dadaşbala, biz sənin köməyinlə çox şeyləri gördük və eşitdik.

ABAS. Qadan alım, bunlar bizim dildə tər – təmiz danışırlar ki!

QEYBULLA. Özümüzdən savayı hamı bizim dildə danışmağı bacarır.

SARI MƏXLUQ. Biz gördük və eşitdik ki, siz o qədər də yaxşı yaşamırsız. Mağazalarda da olduq, teatrlarda da... Gördük ki, insanlar da o qədər mehriban deyillər, əsəbi və yalqızdırlar. Sizin planetdə oğurluq, yalan, rüşvət, yaramaz hərəkətlər əsil insani keyfiyyətləri çayırtək basıb. Biz bütün bunları sənin gözlərinlə gördük, qulaqlarınla eşitdik.

ABAS. Deməli hamımızı özgə planetdə rüsvay eləyib! Satqın! Cəsus! Buna görə Dadaşbala sənin atanı yandıracaqlar!

GÖY MƏXLUQ. Siz ruhunuzun, mənəviyyatınızın qeydinə qalmadığınız kimi, sağlamlağınızı da qorumursuz. Əcayib içkilər içib gülünc sifətlərə düşürsüz, söyüşürsüz, dalaşırsız! Ən dəhşətlisi, hətta bir – birinizi öldürürsüz də. Unudursuz ki, təbiətdəki ən xırda canlı belə yaşamağa layiqdir.

SARI MƏXLUQ. Biz səni bu gündən azad buraxacağıq.

GÖY MƏXLUQ. Istəsən bizimlə gedə bilərsən.

FATMA. Getmə, Dadaşbala!

DADAŞBALA. Qorxma, getmirəm.

SARI MƏXLUQ. Insantək yaşamaq istəyirsənsə gedək bizimlə Dadaşbala!

GÖY MƏXLUQ. Dadaşbala, bizim planetdə insanlar bir – birlərinə güldən artıq söz demirlər. Başqasının həyatını özlərinkindən artıq bilirlər. Gedək bizimlə...

DADAŞBALA. Yox balam, sizdə yaşayış necə gözəl olsa da, insanlar bir – birlərinə can deyib, can eşitsələr də mən orda yaşaya bilmərəm. Darıxaram. Bu həyat üçün, burdakı yaxşı – yaman adamlarçın. Sizdə “Vağzalı” çalırlar?

GÖY MƏXLUQ. Vağzalı?

DADAŞBALA. Hə, “Vağzalı”.

MƏXLUQLAR. Yox.

DADAŞBALA. Bizdə isə çalırlar. Mən qızım Zöhrəni Qeybullanın oğlu İlyasa verəcəyəm. Qızım gəlin gedəndə “Vağzalı” çalınacaq, mən kövrələcəyəm, arvadım Fatma ağlayacaq. Qızımın körpəliyini, öz gəncliyimizi xatırlayıb ağlayacağıq.

SARI MƏXLUQ. Qəribə adamlarsız, musiqilə ağlamaq olar.

DADAŞBALA. Hə, biz qəribəyik, bizi başa düşmək o qədər də asan deyil. Bizi anlamaqçın çox şeyi bilmək lazımdır... Çox şeyi... Məni azad edin...

GÖY MƏXLUQ. Oldu!

Damda səssiz partlayış baş verir.

MƏXLUQLAR. Sən azadsan.

DADAŞBALA. Istəyirsinizsə qalın qonağımız olun.

GÖY MƏXLUQ. Çox ağ ol! Yaxşı, onda hələlik.

DADAŞBALA. Yaxşı yol!

MƏXLUQLAR. Dadaşbala, xoşbəxt ol.

Məxluqlar yox olurlar.

DADAŞBALA. Indi mənə inandınız?

HAMI. Inandıq.

ABAS. Qadan alım, sənin bu hərəkətin sənə baha başa oturacaq.

DADAŞBALA. Heç nədən qorxmuram! Heç nədən! Amma bu gündən necə yaşamağım düşündürür məni. Adam hiss edəndə ki, o insandır, bax, elə o andan onun üçün yaşamaq çətinləşir.

QEYBULLA. Elədir, Dadaşbala...

Çingiz gəlir.

ÇİNGİZ. Hər şey aydınlaşdı! Sən demə, Mirzəağa ilə cildini dəyişən müştəri əlbirimişlər. Hə, hamınız burdasız? Sizinçün sürpriz hazırlamışam. Ilyas, Zöhrə bura gəlin.

Çingiz, İlyas və Zöhrə evə keçirlər.

ABAS. Görəsən nə hoqqası var, Ceyran!

Çingiz, İlyas və Zöhrə üstünə ağ mələfə salınmış bir şeyi gətirirlər.

ÇİNGİZ. Diqqət! Sizcə bu nədir?

FATMA. Döşəküzüdür də!

ÇİNGİZ. Elədir. Amma bu döşəyüzünün altındakı isə bütün bər – bəzəyi ilə üç yüz doxsan yaşı olan xan qızıdır!

QEYBULLA. Deməli tapmısız! Bəs Dadaşbala dedi ki, bərbəzək, onların bağlarındakı əncir ağacının dibində basdırılıb! Siz məni fövqəladə şad etdiniz!

ÇİNGİZ. Basdırılmışdı. Artıq beş gündür ki, Zöhrəylə İlyas bər – bəzəyi ordan çıxarıb mənə veriblər.

ABAS. Tut məni, Ceyran, başım fırlanır! (Yıxılır)

ÇİNGİZ. Deməli belə. Qarətçilər məlumdur. Indi isə aley – hop!

Çingiz mələfəni çəkir, mələfənin altından asılqan çıxır. Asılqandan Çingizlə Püstənin camaşirləri və üstüyazılı lövhə asılıb.

QEYBULLA (oxuyur). Getdik özümüz üçün gəzməyə! Əlvida, Qeybulla müəllim. Imza, Xan oğlu! Ələffə - piş!

DADAŞBALA. Ola bilməz!...

ÇİNGİZ. Mənim tumanım?..

PÜSTƏ. Mənim...

ABAS. Ola bilməz, qadan alım... (Cəld evə keçir.)

TAMARA. Kimin işi ola?..

İLYAS. Axı, bu necə oldu...

PÜSTƏ. Bizim evə bizdən savayı bir kimsə ki, girməyib...

DADAŞBALA. Ələffə - piş!!! Ola bilməz! Onlar ki, axı heç cürə inana bilmirəm...

QEYBULLA. Belə çıxır onlar bura bizim tariximizi çırpışdırmağa gəliblər... (Həyətə göz gəzdirir...) Daşların da çoxusu yoxdur!

Abas heyrət içində evdən çıxır.

ABAS. Qadan alım, hər şeyimi, iyirmi il ərzində qazandıqlarımı çalıb çapıblar. (Kağızı göstərir.) Mücrünün içində bundan savayı heç zad yoxdur! (Oxuyur) Bağışla bizi, qadan alım! Şkantara – piş! Əclaflar, özgə planetdən var – yoxumuzu talan etməyə gəliblər! Bütün günahlar Dadaşbaladadır! (Dadaşbalaya hücum çəkir.) Mənim qızıllarım, almaslarım, brilyantlarım, istiqrazlarım!!!

Səma saralır. Əcayib səs eşidilir.

DADAŞBALA, baxın, baxın yenə gəlirlər!

FATMA. Görəsən bunlar hansı planetdəndirlər?!

ÇİNGİZ. Diqqət, diqqət... Mən Dalğayam!!! Tfu! Dalğa, Dalğa. Mən Məşələm! Gəlirlər! Əməliyyata başlayıram! Adı?! Elə köhnə addır! Dadaşbala əməliyyatı!!!

Həyətdə qalmaqal düşür. Işıq sönür.

XS
SM
MD
LG