Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:50

Vaqif Sultanlı. YARPAQSIZ BUDAQLARIN YAŞIL NƏĞMƏSİ


-

Vaqif Sultanlı

YARPAQSIZ BUDAQLARIN YAŞIL NƏĞMƏSİ

Hekayə

Qara zurnanın səsi adamları evdən bayıra çıxarır, sehr kimi, tilsim kimi çəkə-çəkə toy evinə gətirirdi. Ayaqlar qarışqa kimi bu səsin qaynadığı yurda tələsirdilər.

Sona qarı mağarın bir güncündə əlləri qoynunda bitib durmuşdu. Üzünə, gözlərinə dünyanın əzabı çökmüşdü. Qara zurnanın səsi qara yel kimi içərisini dalğalandırırdı. Bir az qabaq bu səs onu da yatağından qaldırıb xəstə-xəstə mağara çəkib gətirmişdi. Ancaq indi qarı onu xəstə yatağından qoparıb gətirən zurna səsini eşitmirdi, tamam özgə, indiyəcən eşitmədiyi uzaq bir səs eşidirdi.

Onu heç kəs toylarda gördüyünü xatırlayammazdı; ma­ğar­da görünməz bir yerdə dayanar, gizlin-gizlin qulaq asar, son­ra da xəbərsi-ətərsiz çəkilib gedərdi.

Sona o səsin sehrinə düşüb hər şeyi unutmuşdu. O səsdən savayı heç nə eşitmirdi, eşidəmmirdi. ...O səs hayandan gəlirdi belə? Birdən-birə xəyalı körpəliyinə uçdu, yaddaşının ən uzaq torpanlıqlarında ay doğdu.

... Günəşli bir yaz günü, ağacların ağ-çəhrayı çiçəklər gətirən vaxtı balaca Sona uşaqlarla gizlənparç oynayırdı; qaçıb tut ağacının iri yaşıl yarpaqlı budaqları arasında gizlənmişdi, nə qədər axtarırdılarsa, tapammırdılar onu.

Bu, indiki kimi yadındaydı.

Sonra uşaqlar onu axtara-axtara düzü-dünyanı yorub əl­dən-ayaqdan salmışdılar. Kor-peşman evlərinə dağılışmaq istə­yəndə Sona qışqıraraq özünü budaqların arasından yerə burax­mış, güllü çit donu quru budağa ilişib cırılmış, müvazinətini itirərək boynu üstə yerə gəlmişdi.

Bunlar da yadındaydı.

Sağalandan sonra Sona yenə gizlənparç oynayırdı. İllər ötdükcə uşaqlar biri-birinin bəhsinə böyüyürdülər, təkcə Sona böyümürdü, boy əvəzinə belinin qozu dikəlib qalxırdı.

İndi o günləri xatırlaya-xatırlaya ürkək-ürkək mağarı sü­zürdü. Gəlini üzü duvaqlı yuxarı başda sağdışla soldışın ara­sında oturtmuşdular. Tanıdığı, bildiyi yaxın, doğma adamların içərisində birdən-birə qərib bir tənhalıq duydu. Qayıtmaq istədi, qaçmaq istədi, qoyub gəldiyi ölüm yatağının soyumasından qorx­du, ancaq bu qorxu, bu təlaş bircə an çəkdi, yenidən o səsin, o havanın sehrinə düşdü.

O səsi nə vaxt idi eşitmirdi Sona. O səs ruhuna, qəlbinə yayıldıqca dünyanın üzünə, gözlərinə çökmüş əzabı kölgə kimi, duman kimi çəkilib gedirdi. Sona qarı cavanlaşırdı, gözəlləşirdi. Elə bil toyu Qara Səmidin oğlu Lətiflə naxırçı qızı Gülsümə çalmırdılar, Yetim İsmiylə ona çalırdılar.

Ağappaq ay işığına bürünmüş bürkülü bir avqust gecəsi bir zaman yıxıldığı həmin iri yaşıl yarpaqlı tut ağacının altında Yetim İsmi onunla halallaşmışdı. Yetim İsmi davaya gedəndə bərk-bərk tapşırmışdı ki, gözləsin onu, qayıdacaq, qayıdannan sonra işləyib pul yığacaq, ev tikəcək, əməlli-başlı toy çaldı­racaq. İndi Sona qarı birdən-birə Yetim İsminin davadan qa­yıtmadığını unutmuşdu. Yetim İsmini gözləyə-gözləyə qoz be­linin bir az da büküldüyünü unutmuşdu.

Sonanın yaşıdlarından kimsə sağ qalmamışdı; təkcə o, Yetim İsmini gözləyə-gözləyə ömürdən bir az da möhlət istəmişdi. İndi o möhlət nə vaxtdan bəriydi qurtarmışdı, altı ay idi ki, Sona gözlərini yollardan yığmışdı, dünyaynan halallaşıb ölüm yatağına bürünmüşdü.

Qara zurna göynədə-göynədə çalırdı. Qızlar, gəlinlər əl-ələ, qol-qola yallı gedirdilər. Sona qarı heç kəsi görmürdü və heç kəs Sonanı görmürdü. O hava iliyinə qarışıb sümüklərinə yayılırdı, sümükləri öz-özünə oynayırdı.

Qara zurna oynayanları bir-bir yorub ortadan çıxarır, süst halda oturacaqlara salırdı.

Meydan tamam boşalmışdı. Zurnaçı Qara dərdli bir hava çalırdı. Elə dərdli çalırdı ki, elə bil qara zurna puçur-puçur yar­paqlayacaqdı. Elə dərdli çalırdı ki, oynamaq istəyənlər ha­vanın sehrinə düşüb özlərini unutmuşdular, oynamaq yadlarına düş­mürdü.

Handan-hana zurnaçı yorulub dayandı.

Sona qarı yerində dayana bilmirdi, əli-qolu, ayaqları oy­nayırdı, ürəyi oynayırdı, gözləri, bəbəkləri oynayırdı. Sona qarı nə illah eləyirdisə, özünü saxlaya bilmirdi. Və bir də gördü ki, meydanın ortasındadı. Qozbel Sona çalğısız oynayırdı. Zurna­çını da heyrət götürmüşdü; zurna dizinin üstündə ağzı açıla qal­mışdı, bilmirdi gülsünmü, ağlasınmı, yoxsa çalsınmı?

Zurnaçı birdən-birə özünə gəldi, qarının oyununa uyğun çalmağa başladı, ancaq qarının havasını tapammırdı, qarı öz ha­vasına oynayırdı, o havanın səsinə oynayırdı. O havanı heç bir alətdə çalmaq olmazdı.

Sona gəlinlə üzbəüz dayanıb oynayırdı. Elə bil gəlini qo­vub mağardan çıxarmaq istəyirdi, ancaq çıxarmırdı. Elə bil keçib gəlinin yanında oturmaq istəyirdi, oturmurdu.

Naxırçı qızının gözlərindən gildir-gildir yaş tökülürdü. Ancaq bu göz yaşları duvağın altından görünmürdü. Kimsə gə­lib Sonanın qolundan tutmalıydı, tutmurdu. Kimsə gəlib Sonanı çəkib mağardan çıxarmalıydı, çıxarmırdı, hamı heyrət içində bu oyunun sonunu gözləyirdi.

Qarı oynadıqca mağarın qırışığı açılırdı. Və birdən qarı oynaya-oynaya gülməyə başladı. Yavaş-yavaş camaat da ona qoşuldu. Səs-küy mağarı bürüdü. Qarını görənlər uğunub özlə­rindən gedirdilər. Sona qarı qəhqəhə çəkə-çəkə oynayırdı, dün­ya dağıla vecinə deyildi. Zurnaçı hələ də qarının havasını ta­pammamışdı, qəribə, əcaib bir şey çalırdı. Sonra qarı oynaya oy­naya mağardan çıxdı. Oynaya-oynaya həyət qapısından çıxdı. Oynaya-oynaya kəndi kəsib keçən ağ yola çıxdı.

Toy camaatı Sona qarının dalınca düşdü. Sona ayaqyalın oynayırdı, cırıq qaloşları çıxıb hardasa qalmışdı, köhnə, qara ör­tüyü boynundan düşmüşdü, bir çəngə ağ yumaq saçları pırpız­lanıb durmuşdu.

Zurnaçı Qara əcaib havasını çala-çala qarıya çatmaq is­təyirdi, ancaq çatammırdı. Camaat Sonanı qaytarmıq istəyirdi, ancaq qaytarammırdı. Sona qarı oynaya-oynaya gedirdi.

Sona qarı oynaya-oynaya birdən dikəlib durdu; kürəyin­dəki donqar tamam itdi. İndi dimdik oynayırdı, bayaqdan ikiqat bükülmüş qarı boylu-buxunlu bir arvad olmuşdu.

Sona qarının dikəlib durmağıyla zurnaçı Qaranın çaldığı o qəribə, əcaib hava dodaqlarında, barmaqlarının ucunda donub qaldı. İndi Sonanın qulaqlarında o hava daha aydın oxunurdu. Və Sona bayaqkı dəli ehtirasla oynaya-oynaya elə bil ki, düzdən-dünyadan çıxmaq istəyirdi, sehr kimi, ruh kimi qeyb olmaq istəyirdi.

* * *

Sabah yer üzünə dünyanın ən qərib gecəsi doğacaqdı; axşamdan başlayan payız yağışları bir həftə ara vermədən tökə­cək, evləri, ağacları, yolları başdan-başa yuyub çimizdi­rəcəkdi.

Sona qarı bunu bilmirdi.

Sabah gecə Yetim İsmi onu tut ağacının altına çağıracaq, qolları arasına alıb gildir-gildir tökən payız yağışlarının altında bütün gecəni ovunduracaqdı.

Sona qarı bunu da bilmirdi.

Sabah gecə soyuq payız yağışlarının altında tut ağacı son xəzəllərini töküb bir daha yarpaq gətirməyəcəkdi.

Sona qarı bunu bilməyəcəkdi.

1985, Bakı

XS
SM
MD
LG