Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:03

Alikin ayaqları


NAHİD
NAHİD

Atam məndən utanırdı... O, kafelərdə oğullarına söyüş öyrədib bir-birinin anasını söydürən dostlarına paxıllıq edib içirdi...

NAHİD

ALİKİN AYAQLARI

Yazıçı Alikin “Keçmişdən gələcəyə”

romanı və həyatı haqda məqalə

Sahə həkimi “Müalicə ən azı 20 gün getməlidir. Seansına da 15 manat pul verəcəksən” deyəndə Alikin anası susmuşdu.

Uşağın atası ilə məsləhətləşməyə qalxmış, “sağ ol”u çox astadan, heç kim eşidə bilməyəcəyi ucalıqda demişdi.

Alik yataq matrasının üzərində uzanıb ayaqları ilə oynayanda, anası işdən gəlmiş ərinə 15 manatın rəvayətini təmkinlə “kaş razı olaydı” ümidi ilə danışırdı.

- Hımm – fikirləşmədiyinin səsiydi “hımm”. Alik gülmüşdü. Bu yekəpər, üzü tüklü kimiydisə ona gülməli gəlmişdi.

- Nolub bunun ayaqlarına? Maradonanın ayaqlarıdı elə bil. Belə də gözəldi – demişdi atası.

Həmin gündən sonra yeməklərin yağının az olmasına bir neçə dəfə hirslənib, qabları sındırıb, qapını çırparaq çayxanaya üz tutmuşdu yekəpər.

Anasının gözündən axan yaşın bir neçə damlası “simişka” yağlı əllərinə düşsə də, Alikin əyri ayaqlarına heç bir məlhəm olmadı. Sonra çox tez böyüdü. Bütün uşaqlardan tez. Küsməyi hamıdan tez tanıdı. Gizlin-gizlin ağlamağı, qarğışı, duanı, kədəri, gücsüzlüyü, insanları…

Zaman keçdikcə məhlədə, futbol oyununda hücumdan müdafiəyə qədər gerilədi “Maradona”. Ən sonda da qapıçı dayandı. “Yoxsa heç bir futbol yarışında iştirak etməyəcəksən” bildirişli təhdidlər aldı.

Həyatının ən dramatik qolunu buraxanda - ayaqları arasından, bəxtinin qürub çağları başlamışdı. Maradonanın narkotik bəlası kimi bir şey idi bu. Yalnız azarkeşlik etmək üçün, iki “kubiklik” qapılardan düzəldilmiş stadionlara gələ bilərdi. Onun üçün məhlənin ən ağır qadağası bundan savayı heç nə ola bilməzdi.

“Taleyimin qürub çağlarının ən kədərlisi, futboldan da dəhşətlisi, məktəb illərimi xatırlayanda, fotolara baxıb Nərgizi görəndə yadıma düşür. Dünyanın ən gözəl şalvar modellərini yalnız mənim ayaqlarımda eybəcər görə bilərdiniz. Hərbi dərslərdə yalnız mənə icazə verilmişdi ki, dabanımı bir birinə birləşdirməyim. Yalnız mənə icazə verilmişdi ki, ən təhlükəli və ən zəhmli əmirlərdə belə “azad” vəziyyətində durum. Ayağımın əyriliyindəki dairəni görməmək üçün məni görməzdən gələnlərin sayını dəftərimdə qeyd etmişdim. Heç vaxt kədərlənmirdim. Barışırdım bütün lağlağılarla. Həmişə anam ağlayırdı mənim yerimə.

Sevirdim Nərgizi. Neçə dəfə oturduğu partaya A+N= yazırdım, mesaj ötürürdüm, ancaq cavab gəlmirdi.

“Nərgiz, səni sevirəm. Mənim olarsan?” yazılmış kağızı ədəbiyyat dərsinin tənəffüsündə Nərgiz üzümə atıb “get ayaqlarıvın dərdini çək” deyəndə tanımışdım sevgini. Sinif yoldaşlarım sevgimdən özləri üçün zarafat düzəldib gülür, məni ələ salırdılar” – “Keçmişdən gələcəyə” romanında keçmişini belə xatırlayır Alik.

Atasının əli pula çatdıqca Alikin ayaqlarını aydın görməyə başlamışdı. Niyə onu razı salmadığına, uşağı bədbəxt, eybəcər etməsinə hirslənib, söyürdü, döyürdü arvadı.

“Atam məndən utanırdı. Bunu hiss etməmək üçün ya daş olmalıydın, ya da mənim atam kimi. O, kafelərdə oğullarına söyüş öyrədib bir-birinin anasını söydürən dostlarına paxıllıq edib içirdi. Mən kafenin kirli pəncərəsindən onun kədərli üzünə baxır, ağlaya-ağlaya onun dostlarının anasını bütün uşaqlardan yaxşı söyürdüm. Ancaq o, eşitmirdi. Eşitsəydi fərəhlənərdi” (Alikin “Keçmişdən gələcəyə” romanından).

Sonra yararsız günləri başlandı Alikin. İlk öncə hərbidən “yararsız” cavabını aldı. Sonra iş yerlərindən, sonra sürücülük vəsiqəsindən, sonra…

Sonra heyfsilənməklə keçdi günləri. Öncə nə islamın, nə də elmin insanlığa heç nə öyrədə bilməməsinə heyfsiləndi. Sonra cəmiyyətə, sonra hakimiyyətə, təbiətə, çaya, suya, dağa, torpağa… Ən sonunda ayaqlarına.

Ən sonunda bəşəriyyətin istədiyi olmuşdu. Ayaqlarından intihar etmişdi Alik.

Yorğun, qan sarmış gözlərini açanda anasının “Mən qonşuya gedəndə otağında idi. Bir ay olardı ki, heç həyətə də çıxmırdı. Heç kimlə danışmır, gündə bir dəfə yemək yeyirdi. Otaqdan ancaq ehtiyaclarını ödəmək üçün çıxırdı. Həmin gün, ayaqlarının damarını kəsdiyi gün otağından çıxmamışdı. Qonşudan qayıdan kimi onu səslədim. Cavab vermədi. Otağın qapısını döysəm də yenə səs çıxmadı. Sonra da…” – danışığını eşitdi, ardınca da ağlamağını.

“Yazıq qadın, mən doğulandan ağlayırdı. Bütün analar kimi ağlayırdı, ancaq mənim anam daha çox ağlayırdı” (Alikin “Keçmişdən gələcəyə” romanından).

Alikin həyatını Nilay adlı həkim qız dəyişdi. Nilay iki il bundan qabaq Norveçdən köçüb vətəninə qayıdan Eldarın və onun Elya adlı Norveç əsilli qadınının sonbeşiyiydi. Həyatının bütün günlərini Alik sağalana qədər ona danışmışdı. Hətta Alik həkimlərə “Ayaqlarımı kəsin, yalvarıram kəsin” deyib qışqıranda belə onun əlindən tutub sakitləşdirməyə, hər şeyin yaxşı olacağına inandırmağa çalışmışdı. Alik Nilayın mərhəmətinə sığınmadığını hiss etdikdən sonra onu tanımağı özünə icazə verdi.

“Əslində bu ayaqlarla nə edəcəyimə, necə davranacağıma heç vaxt qərar verə bilməmişdim. Nə Nilaydan öncə, nə də Nilaydan sonra. Ancaq ata olub Kamranın həyatında ən mühüm rol oynadığımı anlamaq və onun mənə ehtiyacını dərk etmək hissi məni tamamilə dəyişdi. İndi hər şey başqa cürdü. Kamranın gözündə ən son modalı şalvar belə ayaqlarımda gözəl görsənir. Onun üçün mən də bütün atalar kimiyəm və daha doğrusu, bütün atalardan da güclüyəm.

İndi o nədənsə qorxanda öz kövrək ayaqları ilə mənə tərəf qaçıb, dünyanın ən etibarlı ayaqlarından iki əlli sarılıb özünü təhlükəsizlikdə hiss edir. Mən də bunu anlayıram və həyatımda heç kimə lazım olmayan, həmişə lağ edilən ayaqlarımın indi kiməsə lazım olduğuna, kiminsə ümid yeri olduğuna sevinirəm” (Alikin “Keçmişdən gələcəyə” romanından).

Bilirəm, indi bu məqaləni oxuyan hər kəs “Keçmişdən gələcəyə” adını “kursorla” qaralayıb “Google” saytında axtarışa verəcək. Ancaq heç nə tapmayacağınıza əmin ola bilərsiniz. Elə romanlar, elə kitablar var ki, onlar gözə insan şəklində görsənir. Siz o insanları görərsiniz, lakin oxumağa gücünüz, həvəsiniz çatmaz. Oxumayacağınız növbəti bir kitabın izahatında görüşmək ümidi ilə.

XS
SM
MD
LG