Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:06

«Rus məktəblərini bağlasaq, sivilizasiyanın yarısını itirərik» - Debat


Rəhim Əliyev (sağda) və Natiq Cəfərli
Rəhim Əliyev (sağda) və Natiq Cəfərli

-

Rəhim Əliyev:

- Daha rus məktəblərini bağlamaq istəyirsən.

Natiq Cəfərli:

- Pullu olsun deyirəm, bağlamıram... Siz dövlət siyasəti ilə dil siyasətini qarışdırırsız. Rusiya bizim torpaqlarımızın işğalında iştirak edib.

Rəhim Əliyev:

- Amerika Yaponiyaya iki atom bombası atıb. Amma indi müttəfiqdirlər...

Dövlət rus dilinə pilot dil kimi dəstək verməlidirmi? Yoxsa bunu öyrənmək hər kəsin öz öhdəsinə buraxılmalıdır?

AzadlıqRadiosunun "Pen klub" proqramında dövlətin dil siyasəti ilə bağlı ötən müzakirəsi mediada, sosial şəbəkələrdə polemikaya yol açdığından mövzunu davam etdiririk.

Bu dəfəki debata "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, yazıçı və tənqidçi Rəhim Əliyev, REAL hərəkatının icraçı katibi Natiq Cəfərli, eləcə də jurnalist Pərviz Əzimov qatıldılar.

Rəhim Əliyev:

- Rus dili Azərbaycanda pilot dil deyil. Azərbaycan Rusiya tərkibinə daxil olandan ayrıca bir mədəniyyətimiz yaranıb, Avropa tipli, maarifçi tipli mədəniyyət yaranıb.

Bu, rusdilli məktəblərin təsiri ilə yarandı həm də. Bu dildə elm yaranıb, kafedralar yaranıb, SSRİ dağılana qədər alimlərimizin çox hissəsi rusdilli idi, rus dilində yazırdılar.

Məsələn, Ziya Bünyadovun əsərləri rus dilində idi. Bu gün də bu davam edir, bu, Azərbaycan mədəniyyətinin bir hissəsidir. Tarix belə gətirib. Yaxşıdır, pisdir, başqa məsələ. Ancaq bu dildə bütöv bir sivilizasiya yaranıb. Bəzi adamlara elə gəlir ki, rus dilini kənara qoysaq, heç nə dəyişməz. Ancaq bu halda o dövrdə qazandıqlarımızı itirə bilirik. Kitabxanalarda kitabların 98 faizi ruscadır. 15 il sonra rus dilini bilən olmasa kitabxanalarımız makulatura olacaq. Rus dili mədəniyyətimizin bir hissəsidir.

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı

Şahnaz Bəylərqızı:

- O zaman dövlət rus dilinə dəstək verməlidir?

R.Əliyev:

- Əlbəttə verməldir, əlbəttə. Mən dövlətdən çox narazıyam ki, televiziyalarda rus dilini ləğv etdi. Dövlət televiziyası ləğv edəydi, özəl kanalda qalaydı. Biz rus dilini televiziyadan öyrənmişik də. Bir də rus dili əlimizdə bir alətdir. İki milyon azərbaycanlı Rusiyada işləyir, rus dilini bilməyən bazarda gəzir, nə iş tapır, nə polislə danışa bilir, nə vergiylə.

Xaricdə ingilis dilindən istifadə edirlər, bizdə rus dilindən. Bizdə bu dildə məktəb var, ənənə var, dərslik var. Biz onların hüququnu əlindən alırıq.

Natiq Cəfərli:

- Bu məsələnin müzakirəsində bir neçə institusional məsələ qarışdırılıb. Tarixi dəyişmək olmaz, razıyam həmsöhbətimlə. Bizim bəlli bir sürədə Rusiya ilə, rus mədəniyyəti ilə bağlılığımız olub.

Amma bu bizim seçimimiz deyildi. Bizi rus imperiyası işğal etdi, Britaniya imperiyası işğal etsəydi, ingilis dilində danışacaqdıq. Necə ki Hindistanda bu gün uşaqdan böyüyə hamı ingiliscə danışır. Rus imperiyası Azərbaycanı parçaladıqdan, işğal etdikdən sonra rus dili burda dominant rol oynadı. Əlbəttə, bunun müsbət tərəfləri oldu.

Natiq Cəfərli
Natiq Cəfərli

Rus dili vasitəsilə ziyalı kəsim yarandı. Hətta ADR-in yaranmasında rus dilinin çox müstəsna rolu oldu. Orda aktiv rol oynayanların əksəriyyəti Rusiyada təhsil almışdı. Rus mədəniyyəti, ədəbiyyatı Azərbaycanda elitaların formalaşmasında böyk rol oynayıb, bunu danmaq olmaz.

O ki qaldı sovet dövründə yaranmış elm və ədəbiyyat nümunələrinə, onların böyük əksəriyyəti ideoloji idi. Onları itirməklə Azərbaycan xalq və ya dövlət olaraq heç nə itirmir. Dövlət dəstəyinə gələndə. Ona qalsa gərək dövlət rus dili kimi fransız, ispan, ingilis dilinə də dəstək versin. Rus dilini təqribən 500 milyon insan bilir, danışır, ispan dilində bir milyarda yaxın, ingilis dilində 2 milyarda yaxın, çin dilində bir milyard yardım insan danışır. Bu kateqoriyalarla yanaşsaq nəyə görə dövlət tək rus dilinə dəstək olmalıdır? Dövlət büdcəsindən maliyyələşən məktəblərdə tədris ancaq dövlət dilində olmalıdır. Rus, ingilis, başqa dillərdə məktəblər pullu olmaldır.

R.Əliyev:

- Rusdilli məktəblər qalmalıdır. Müəllimin bir fikri ilə razı deyiləm. Dövlət ancaq ana dilində orta təhsilə pul qoya bilməz. Bütün dünyada orta təhsil pulsuzdur. O təhsilin ayrılmaz hissəsi xarici dillərdir. Xarici dillər instrumentdir, azərbaycanlı Türkmənistanda, Ukraynada da işləsə, rus dilindən istifadə edəcək.

N.Cəfərli:

- Mən onun dil öyrənməsinə qarşı deyiləm axı.

R.Əliyev:

- Siz deyirsiz ki, rus dilində təhsil pullu olsun. Bu mümkün deyil.

N.Cəfərli:

- Niyə ey? Bir qrup yığışar deyər ki, biz istəyirik uşaqlarımız fransız dilində pulsuz oxusun. Nəyə görə rus dilində təhsilə üstünlük olmalıdır? İngilis dili, fransız dili olmamalıdır?

R.Əliyev:

- Onlar getsin Təhsil Nazirliyinin qarşısında aksiya keçirsinlər ki, uşaqlarımıza fransız dilində təhsil verilməsini istəyirik.

N.Cəfərli:

- Oyun qaydaları bir olmalıdır. Futbolda hərə bir qayda gətirsə, bu oyun olmaz, onda biri autu əllə atar, biri ayaqla, o biri də kəlləylə… Qayda eyni olmalıdır.

R.Əliyev:

Lev Tolstoy
Lev Tolstoy

- Mədəniyyət, elm istəmirsiz, olmasın. Kəndlinin, fəhlənin balası üçün ingilis dili də, rus dili də alətdir, Azərbaycanda işsizlikdir, məsələn, girsin internetə, harasa CV göndərsin, dünyada iş axtarsın. İki dil bilən həm MDB-də iş tapacaq, həm də dünyada.

N.Cəfərli:

- Seçməli dərs olsun, desin ki, mən rus dilini öyrənmək istəyirəm. Seçməli dərs pulsuz ola bilər.

R.Əliyev:

- Siz və bəzi adamlar mətbuatda gecə-gündüz rus dili əleyhinə təbliğat aparırsız. Mən anti-rus olmamışam, amma uşaqlarım oturub-durub Rusiyanın əleyhinə danışırlar. Mən təəccüblənirəm ki, məktəbdə bu psixologiya hardan gəlir? Çünki müəllimlər bütün metodikanı dəyişdirib rus dili əleyhinə təbliğat aparırlar, uşaqların beynini Rusiya əleyhinə pis şeylə, düşmən fikirlərlə doldururlar.

N.Cəfərli:

- Siz qarışdırırsız. Rus dilinin əleyhinə deyilik. Mən Tolstoyu da sevirəm, Dostoyevskini də.

R.Əliyev:

- Rus məktəbi bağlansa, necə rusca oxuyacaqlar?

N.Cəfərli:

- Siz dövlət siyasəti ilə dil siyasətini qarışdırırsız. Rusiya bizim torpaqlarımızın işğalında iştirak edib.

R.Əliyev:

- Amerika Yaponiyaya iki atom bombası atıb. Amma indi müttəfiqdirlər. Keçmişlə yaşamaq olmaz. Mən də rus dilini müdafiə edəndə o kəndli balalarını müdafiə edirəm. Rus dilini bilən orda beş manat qazanır. Siyasətdən danışmırıq. Putindən mənim də xoşum gəlmir, axmaqdır, Rusiyanı da aparıb dalana salıb. Bunun rus dilinə nə dəxli var? Bütün Avropa Rusiyaya nifrət edir, ancaq həm də Rusiyaya can atır, istəyirlər açıq cəmiyyətə çevirsinlər onu, onların sərvətlərini əldə etsinlər. Biz niyə vətəndaşımızı qoymuruq rus dilini öyrənib 5-3 manat qazansın? Sabah neftimiz qurtaranda işçi qüvvəsinin Rusiyada işləməyə qat-qat çox ehtiyacı olacaq. Dövlət kimi gələcəyə baxmalıyıq. İkincisi, heç kim demir rus dilinə xüsusi status verilsin.

N.Cəfərli:

- Rus dilində pulsuz məktəb olması artıq statusdur.

R.Əliyev:

- O, status deyil. Müəyyən adamlar var ki, öz dilində bu gün də danışa bilmir, rusca danışır. Onlar Azərbaycan xalqının bir hissəsidir, ADR yaradanların nəslidir, elita balalarıdır. Biz onlardan imtina edə, onlara arxa çevirə bilmərik.

N.Cəfərli:

- Kim deyir ki arxa çevirək?

R.Əliyev:

- Daha onların məktəbini bağlamaq istəyirsən.

N.Cəfərli:

- Pullu olsun deyirəm, bağlamıram.

R.Əliyev:

- Niyə pullu olsun? Dövlət rus dilinə də, ingilis dilinə də pul ayırmalıdır. Bu iki dil vacib dildir. Rus dili o biri dillərə çıxışdır. Azərbaycan dilində texniki lüğətlər yoxdur. Azərbaycan dilindən inilis dilinə birbaşa çıxış yoxdur.

N.Cəfərli:

- Var. Tanıdığım minlərlə belə gənc var. Rus dilinə mənim etirazım yoxdur. Mən rus dilini rusdan da yaxşı bilirəm. Söhbət rus dilinə qarşılıqdan yox, dövlətdən, onun maraqlarından gedir. Rusiya bu gün hansı prinsiplərlə ətraf ölkələrə saldırır? Rusdilli əhalinin hüquqlarını qorumaq prinsipi ilə. Belə prinsip var dünyada?

R.Əliyev:

- Siz qarışdırırsız. Azərbaycandakı rus məktəbləri Azərbaycan xalqının sərvətidir, bugünkü sivilizasiyanın bir hissəsidir. Nə vaxt Azərbaycan kitabxanalarında 10 faiz ingilis dilində kitab olsa, mən belə diskussiyalara gəlməyəcəyəm. İngiliscə kitab yoxdur.

N.Cəfərli:

- Bu sizin, mənim günahımdır?

R.Əliyev:

- Günah deyil, tarixdir. Biz rus məktəbinə qadağa qoysaq sivilizasiyanın yarısını itirərik. Biz dünyaya rus dilində çıxırıq. İnternetdə rus dilində potensialı, imkanları bilirəm. Rus dilində imkanlar ingilis diliylə müqayisədə 100-ün birədir, Azərbaycan dilində 1000-dən biridir. Biz ingilis dilinə inteqrasiya olmamış, məktəblər, kadrlar olmamış birdən-birə ingilis dilinə keçsək bütün mədəniyyətimiz gedər, insanlarımızın ixtisas səviyyəsi gedər. Bütün dillər, spravoçniklər rus dilindədir. Bu, bizim taleyimizdir.

Şahnaz B.

- Elçin bəy, bəs siz bu məsələdə hansı mövqeyi tutursunuz, sizin fikrinizcə, Azərbaycanda dövlət rus dilinə pilot dil kimi hansısa dəstəyi verməlidirmi? Rus dili ilə bağlı ənənələr qalmalıdırmı?

Elçin Şıxlı
Elçin Şıxlı

Elçin Şıxlı:

- Hər şeydən əvvəl onu söyləməliyəm ki, Azərbaycanın rus dilinə pilot dil statusu verib-verməməsi birinci yox, onuncu yerdə duran məsələdir, çünki indi Azərbaycanın daha ciddi və daha mürəkkəb problemləri var. Rus dilinə gəldikdə, rus dili, Dostoyevskisindən, Tolstoyundan, Puşkinindən, Lermontovundan tutmuş bu günə qədər öz böyüklüyünü saxlayır. Bayaq həmsöhbətlərdən biri söylədi ki, bizdə Azərbaycan dilində həm texniki, həm də bədii ədəbiyyat yoxdur.

Böyük fransız yazıçısı Mopassanın əsərləri heç bizdə tərcümə olunmayıb, rus dilini bilməsək, Mopassandan, Balzakdan, Valter Skottdan xəbərimiz olacaqmı? Biz müsbət şeylərin sinəsindən vurub geriyə itələməməliyik, bundan öz xeyrimizə istifadə etməliyik. Biz bəyəndik-bəyənmədik tarix belə gətirib. Mən Putin hakimiyyətini, sovetləri heç vaxt sevməmişəm, amma eyni zamanda biz Rusiyada ona etiraz edənlərə də baxmalıyıq. Makareviçin mahnılarına da baxaq.

Biz nə qədər özümüzü türk dövləti hesab etsək də, keçmiş SSRİ-nın türk xalqlarıyla ancaq rusca danışırıq. Bəxtimiz gətirib ki, Anadolu türkcəsi ilə Azərbaycan türkcəsi oxşardır. Rus dili BMT-nin 7 rəsmi dilindən biridir, ən əsası rus dili bir ünsiyyət vasitəsidir. İndi kimsə Rusiyanın bazarına gedib pul qazanacaqsa, ona görə rus dili öyrənməyin mənası yoxdur, çünki o bazara gedənlərin əskəriyyəti illərlə orda yaşayıb “da”, “net”dən başqa bir şey bilmir.

Şahnaz B:

- Telefon xəttində jurnalist Pərviz Əzimovdur. Pərviz bəy, siz bu yaxınlarda Azərbaycan kinoteatrlarında filmlərin hələ də rusca getməsi ilə bağlı bir məqalə yazmışdınız. Bu gün çıxan filmlərin, kitabların çoxu tərcümə olunmur, rus dilində təqdim olunur, bu halda pilot dili kimi rus dili qalmalıdırmı?

Pərviz Əzimov
Pərviz Əzimov

Pərviz Əzimov:

- Yazıçı Seymur Baycanın bir sözü var: “Natiq Rəsulzadə bu yaxınlarda sonuncu oxucusunu qatarla yola saldı”. Azərbaycanda bir zamanlar rus dilli intelligensiya formalaşmışdı, burda sovet təhsilinin rolu vardı. Amma indiki rusdillilərin səviyyəsi çox-çox aşağı düşüb. Artıq insanlar arasında rus dilini bilməklə bilməmək arasında, müqayisə aparılmır. Son on ildə rusdillilərin cəmiyyətə bəxş etdiyi bir sima yoxdur. Məsəlçün, bir sima Elmar Hüseynov idi, onu da rusdillilərin heç biri tanımır. Kinoteatrlara gəlincə, Mədəniyyət Nazirliyinin 2011-ci ildə qəbul etdiyi bir qərar var, bu qərara görə, kinoteatrlarda bütün filmlər dövlət dilində getməlidir. Kinoteatrlar isə buna əməl etmir.

Rəhim Ə:

- Siz ildə neçə dəfə kinoya gedirsiniz? Düzünü deyin amma.

Pərviz Ə:

- Axrıncı dəfə bu yaxınlarda Nuri Bilge Ceylanın türkcə bir filminə baxmışam. Ümumiyyətlə ayda iki dəfə gedirəm. Bir də əgər filmlər öz dilimdə deyilsə niyə getməliyəm?

Rəhim Ə:

- İnsanlar gedib rusca filmlərə baxırlar, onun sizə nə ziyanı var, sizi niyə qeyzləndirir?

Pərviz Ə:

- Mən öz ölkəmdə öz dilimdə filmlərə baxmaq istəyirəm, bu mənim haqqımdır.

Müzakirənin davamı burda
XS
SM
MD
LG