Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:44

Azərbaycanda turizmi inkişaf etdirmək üçün 3 tövsiyə...


Uludağ
Uludağ

-

«Bir-iki dəfə Azərbaycanda istirahət etmək istəmişəm, amma ürəyim istədiyi kimi olmayıb. Ona görə, hələ ki seçimim xaricdə istirahətdir. Məsələn, qış istirahətimi Uludağda keçirdim və bu mənə 250 manata başa gəldi. Azərbaycanda bu məbləğə, eyni şəraitdə nəinki 3 gün, heç bir gün belə istirahət mümkün deyil».


Şahin Mikayılov qış istirahətini Türkiyədə keçirib. Deyir ki, bütün ilboyu gərgin iş yorğunluğunu çıxarmaq üçün ildə 2 dəfə yaxşıca istirahət edir. Özü və dostları ilə birlikdə istirahət üçün seçimləri xaric olur.

NİYƏ XARİC? VƏ YA GƏZMƏYƏ QÜRBƏT ÖLKƏ...

Şahin Mikayılov bunu Azərbaycanda qiymətlərin baha olması, xidmətin keyfiyyətli olmaması ilə əsaslandırır. Çox uzağa getmədən yanvarın əvvəlində Türkiyə səfərlərindən danışıb, xaricdə istirahətə üstünlük verməsini izah edir:


«Bu il qış istirahətimi Türkiyədə keçirdik. Bir həftə 4 gün İstanbulda, 3 gün Uludağda olduq. Bakıdan İstanbula gediş və dönüş biletinə 90 manat verdik. İstanbuldan Uludağa getdik. Orda hər cür qiymətlərə hotellər vardı. Biz özümüzə münasib – günü 45 manata oteldə qaldıq. Bu məbləğə gündə 3 dəfə yemək, xizək və digər ləvazimatlar üçün 30 faiz endirim, gecə saat 12-yə qədər pulsuz alkoqolsuz içkilər, otelin sauna və digər xidmətlərindən istifadə daxil idi. Xizəyin gündəlik kirayəsi 20 manat, bir də 15 manatlıq kart alıb kanat və digər xidmətlərdən istifadə etmək olar. Yəni, bir nəfərə Uludağda 3 günlük istirahət maksimum 250 manat oldu».

xüsusi reportaj - 4 fevral 2014

Canlı müzakirə

Azərbaycanda da qış istirahətinə gedənlər az olmadı. Özəlliklə, yeni il sonrası «facebook» sosial şəbəkəsini «Şahdağ»a istirahətə gedənlərin fotoları bəzədi. İstirahətə gedənlərdən xidmətin bahalığından gileylənənlər də oldu, tezcə geri dönənlər də.

İSTİRAHƏT NÖVBƏLƏRİ...

«F-Production» yerli və xarici turlar təşkil edir. Kompaniyanın əməkdaşı Rüfət Abdullayev deyir ki, təkcə yanvarda Qusara – «Şahdağ» turizm kompleksinə 200 nəfər aparıblar. Xeyli problemlərlə rastlaşıblar:


«Təsəvvür edin, insanlar saatlarla növbədə gözləyirdilər ki, xizək götürə bilsinlər. Düzdür, Yeni il öncəsi Şahdağa gedənlər çox idi deyə, bu problem yaranmışdı. Məsələn, yanvarın ortalarından bu problem həll olundu. Yeməklər, içkilər hədsiz baha idi. Ötən il 5 manat olan kanatla birdəfəlik gəzinti bu il 6 manat, xizəyin qiyməti bir ildə 14 manatdan 20 manata kimi artmışdı. Yarımgünlük kanatla gəzinti 11 manat, birgünlük 22 manatdır».


GÜRCÜSTANA GEDƏNLƏR...

Bakıdan «Şahdağ»a səhər yola düşüb, elə həmin gün də geri dönmək çoxlarını razı salmayıb. Odur ki, «F-Production» 5-günlük tur təşkil edir. Amma «Şahdağ»a yox, Gürcüstana - Bakuryaniyə:

Bakuryani
Bakuryani


«Bir gündə gedib və elə həmin gün də geri dönmək istirahətdən çox yorğunluq yaradır. Biz də çoxsaylı təkliflərdən sonra 5-günlük turun təşkilinə başladıq. Bakuryaniyə getmək və dönmək, 4-ulduzlu otel, yemək, xizək və digər bütün xidmətlərin daxil olduğu tur 525 manatdır. Bu turu biz «Şahdağ»a etmiş olsaydıq azı 1500 manata başa gələrdi. Vaxtı olanların çoxu da məhz Bakuryaniyə üstünlük verir. Çünki orda həm ucuzdur qiymətlər, həm xidmət daha keyfiyyətlidir. Təsəvvür edin, «Şahdağ»da birgünlük xizək və kanatdan istifadə 50 manat civarındadır, amma Bakuryanidə 5 günə 60 manatdır, eyni xidmət».


«QİYMƏTLƏR ÇOX UCUZDUR»

5-günlük Bakuryanidə istirahət 525 manata turun təşkili də daxildir. Məsələn, Namiq Hüseynov özü dostları ilə qış istirahətini Bakuryanidə keçirib və 3 günə cəmi 100 manat xərcləyib. Necəsi haqda özü danışır:


«Bakuryanidə hər cür qiymətə otellər də var. Həm də yerli əhali öz evlərindən pansionat kimi istifadə edir. Biz belə bir evdə qaldıq və gününə cəmi 15 manat ödədik. Bakuryanidə turistlərə xidmət daha çox yerli əhalinin nəzarətindədir. Hətta evinin bir hissəsini restoran kimi istifadə edənlər də var. Çox dadlı və keyfiyyətli ev yeməkləri olur, ən əsası qiymətlər çox ucuzdur. Məsələn, bir küçədə 5-6 nəfər öz evini restoran kimi istifadə edir və daha çox müştərisi olsun deyə, daha sərfəli şərtlər irəli sürürlər. Çünki orada rəqabət var və bundan da qazananlar turistlər olur. Məni bir şey təəccübləndirdi. Bakuryaniyə gələn turistlərin əksəriyyəti azərbaycanlılar idi. Çox az sayda erməni və Rusiyadan gələnlər var idi. Kanatda gəzmək heç bizim pulla bir manat belə etmir. Bakuryanidə 3-günlük istirahətim həm ürəyimcə oldu, həm də cibimə uyğun. Cəmi 100 manat xərcim çıxdı. Bura həm gecələmək, həm yemək, həm kanatda gəzmək, həm də xizək sürmək daxildir».

«Şahdağ»
«Şahdağ»

Namiq istirahətindən o qədər razı qalıb ki, deyir geri dönəndən ucuz və sərfəli istirahət axtarışında olan dost-tanışlarına Bakuryaniyə getməyi tövsiyə edir.

«2020 GƏLƏCƏYƏ BAXIŞ KONSEPSİYASI»

«2020 Gələcəyə Baxış Konsepsiyası» – hökumət 2020-ci iləcən qarşısına qoyduğu hədəflər toplusudur. Bu konsepsiyada əsas hədəf neftdən asılılığın azaldılmasıdır. Bu istiqamətdə turizmin inkişafı ayrıca qeyd olunur. Turizmin inkişafı yeni iş yerləri, regionların inkişafı, eləcə də yerli və xarici turistlərin hesabına dövlət büdcəsinə daxil olmaların artması deməkdir.

Ayrıca turizm haqda qanun hazırlanıb, eləcə də iki dövlət proqramı icra olunub. 2010-cu il isə Azərbaycanda Turizm ili elan olunub. Elə həmin il «2010-2014-cu illərdə ölkədə turizmin inkişafına dair» sayca ikinci dövlət proqramı qəbul olunub. Bu proqramın əsas məqsədlərindən biri yerli turistlərin Azərbaycanda istirahətlərini təşviq etməkdir. 2014-cü ildə bu dövlət proqramını icrası başa çatır. Yeni – sayca 3-cü dövlət proqramının qəbulu gözlənilir.

İstər qanun, istər dövlət proqramı, istər də hökumətin gələcək hədəflərində turizmin inkişafının əhəmiyyəti vurğulanır. Mədəniyyət və Turizm Nazirliyinin Turizmin inkişafı departamentinin rəhbəri Mahir Qəhrəmanlı bu istiqamətdə görülən işlərdən danışır:


«Mədəniyyət və Turizm Nazirliyi turizmin inkişafı siyasətini 2010-2014-cü illər üçün qəbul olunmuş dövlət proqramına uyğun aparır. Bu proqramın əsas məqsədi ölkə turizm qanunvericiliyinin yeniləşdirilməsi, yeni turizm infrastrukturlarının yaradılması, mövcud olanların bərpasıdır.
«Şahdağ» turizm kompleksində işlər 2018-ci ildə başa çatacaq.
«Şahdağ» turizm kompleksində işlər 2018-ci ildə başa çatacaq.
Yerli və xarici turistlərin sayının artırılması, turizm xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə xeyli işlər görülüb və görülür».


«OLA BİLƏR Kİ, «ŞAHDAĞ»DA QİYMƏTLƏR BAHA OLSUN... AMMA»

2014-cü ildə sayca ikinci dövlət proqramı da başa çatır. Bu proqramda göstərilənlərin real təsiri varmı? Mahir Qəhrəmanlı qış istirahətində yerli sakinlərin xaricə üz tutmasının səbəblərindən danışır:


«Bəli, ola bilər ki, «Şahdağ»da qiymətlər baha olsun və heç də hər kəsin cibinə uyğun olmasın. Amma burada bir məsələ var. Şahdağdakı turizm kompleksi yenidir və tam müasir avadanlıqlarla təchiz olunub, yüksək standartlara cavab verən otellər inşa olunur. İkinci tərəfdən, cəmi 10 yaşı olan Azərbaycan turizmini illərin təcrübəsi olan Gürcüstan və ya Türkiyə ilə müqayisəsi də düzgün deyil. «Şahdağ» turizm kompleksi hələ tam istifadəyə verilməyib. Orada işlər 2018-ci ildə başa çatacaq. İlkin olaraq 5-ulduzlu otellər inşa olunub, gələcəkdə 3-ulduzlu otellər, kotteclər də inşa olunacaq ki, əhalinin bütün təbəqələri bu imkanlardan yararlana bilsinlər».


Mahir Qəhrəmanlı rəqabət mühitinin də turizm inkişafına təsirindən danışır. Qəbələdə yenicə istifadəyə verilən «Tufan» dağ kompleksini bu baxımdan əhəmiyyətini qiymətləndirir.

«SEÇİMİN MƏHDUDLUĞU, RƏQABƏTİN OLMAMASI»

Turizm Universitetinin prorektoru Eldar Aslanovun fikrincə, ötən 5 illə müqayisədə bu sahədə xeyli işlər görülüb. Bununla belə turizm sahəsində hələ xeyli işlərin də görülməsinin zəruriliyini qeyd edir:


«Mən tez-tez Azərbaycan turizmində 3 məsələdən narazılıqları eşidirəm: Birincisi yerli turistlərin xaricə üz tutması, ikincisi bizdə qiymətlərin baha olması, üçüncüsü qiymətlərin baha olmasına rəğmən xidmətin keyfiyyətsiz olması. Bu iddiaları rədd etmək üçün əlimdə əsaslarım yoxdur.
Eldar Aslanov
Eldar Aslanov
Bir azərbaycanlı olaraq mən də müşahidə edirəm ki, yerli turistlər daha çox xaricə üz tutur. Heç bu sahədən başı çıxmayan bir vətəndaş belə şüurlu şəkildə buradan iki nəticə çıxara bilər. Birincisi bizim vətəndaşların imkanı var ki, xaricə gedir, ikincisi bizim vətəndaşlar Azərbaycanda münasib istirahət yerləri tapa bilmirlər deyə, xaricə gedirlər. Bunun hansı həqiqətdir..., mübahisəlidir. Amma məsələyə dərindən baxanda həqiqət ortadadır. Götürək, qış turizmini. Azərbaycanda qış turizminin cəmi 2 yaşı var. İkiyaşlı bir turizm sahəsinin illərin təcrübəsi olan Türkiyə, Gürcüstanla rəqabətə girməsi açığı sadəlövhlükdür. Amma Azərbaycan onların təcrübəsindən yararlanmalıdır. Yeni açılan turizm məkanları həm kasıb, həm orta, həm də varlıya uyğunlaşdırmalıdır. Azərbaycana hətta turist gəlsə belə onları yerləşdirməyə kifayət qədər yer yoxdur. Təsəvvür edin, bu qədər Azərbaycanın cəmi 32 min yataqlıq yerləşdirmə yeri var. Çox uzağa getməyək elə Türkiyənin Bodrumunun, Marmarisinin yataq sayı bütünlükdə Azərbaycanın yataq sayından çoxdur. Əsas səbəb də budur, yerlərin azdır, ona görə də qiymətlər çox bahadır. «Şahdağ»a yaxın ərazilərdə əhalinin bütün təbəqəsinə uyğun otel və motellər, digər yerləşdirmə obyektləri olarsa, turistlərin sayı artar. İnsanlar 20-30 manat verib «Şahdağ»da xizək sürüb, gecələmələri həmin yerlərdə edərdilər. Amma çox təəssüflər olsun ki, Azərbaycanda turizm sahəsi hələ tam formalaşmayıb. Azərbaycanda qış turizminin cəmi 2, ümumilikdə turizmin isə 10 yaşı var. Bizdə təklif olunan xidmətlər azdır, həqiqətən qiymətlər çox bahadır. Bunun da əsas səbəbi seçimin məhdudluğu, rəqabətin olmamasıdır».


3 TÖVSİYƏ...

Hazırda Azərbaycanda 516 otel, 32 min yataqlıq yer var. İldə ölkəyə 2.4 milyon əcnəbi vətəndaş gəlir. Eldar Aslanov Azərbaycanda turizmi inkişaf etdirmək üçün bu sahədə çalışanları 3 əsas məsələyə diqqət yetirməyə çağırır:


«Mənim Azərbaycanda turizm sahəsində çalışan sahibkarlara 3 mesajım var. Müasir otellər, istirahət mərkəzləri yaratmaq turizmin inkişafı demək deyil. Turizmi inkişaf etdirmək üçün ilk növbədə infrastrukturu yaxşılaşdırmaq lazımdır. Yollar, viza almaq şərtləri, bələdçi və asudə vaxt xidmətləri, teatrlar – bunlar infrastrukturdur. İkincisi xidmətin keyfiyyətini yaxşılaşdırmaq lazımdır. Bura turisti qarşılayan hava limanın işçisi, taksi sürücüsündən tutmuş bütün insan amilləri daxildir. Üçüncü məsələ marketinqdir. Turizm müəssisələri çalışmalıdır ki, işlərini 365 günə hesablasınlar. Yalnız mövsümün müəyyən vaxtına hesablamasınlar. Əhalinin yalnız bir təbəqəsi üçün xidmətlərini hesablamasınlar».


Eldar Aslanov müşahidələrinə əsasən deyir ki, Azərbaycan turistləri tibb və sanatoriyalar üçün Rusiyaya, qışda Gürcüstana, yayda daha çox Türkiyəyə üz tutur. Onun fikrincə, Azərbaycan bu ölkələrlə rəqabət imkanında olmasa da onların təcrübəsindən yararlanmalıdır.

XS
SM
MD
LG