Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:58

Firuz Mustafa. Kosmonavt


Firuz Mustafa
Firuz Mustafa
-

Firuz MUSTAFA


KOSMONAVT
(hekayə)

Ayağı yerə , daha doğrusu, beton döşənmiş meydançaya dəyəndə Kərəm qeyri-ixtiyari başını qaldırıb göyə baxdı; sanki buraya hansı yolla gəldiyihi müəyyənləşdirmək istəyirdi. Göyün üzündə mavi-çəhrayı bulud layları vardı. Adətən yayı isti keçən əyalət şəhərinin bu kiçik hava limanı sanki mürgü dənizindən silkinib çıxmaq istəyirdı. Elə meydançada tənbəl-tənbəl vurnuxan adamların da üz-gözündən yuxu tökülürdü; deyəsən, bu gün ilk təyyarəni qəbul etmişdilər.
Bürküyə düşəcəyini düşünən Kərəm zənnində yanılıbmış. Meh əsirdı. Yaxınlıqdakı şam meşəsinin ətrinə xoş bir sərinlik hopmuşdu.
Köhnə hava limanından əsər-əlamət qalmamışdı. Burada meydançadan tutmuş zalacan hər yeri, bir sözlə, bütün köhnə tikililəri söküb təzədən qurmuşdular.
Kərəmin yükü yüngül idi; o, diyircəkli, kiçik əl arabasının dəstəyindən yapışıb salondan çıxdı. Alıcı quş kimi başının üstünü kəsdirən üzütüklü, qartalburun taksi sürücüsünün sorğu-sualına etina etmədən arabasını sürüyə-sürüyə enli asfalt yola cıxdı. O, əlbəttə, bu yolu mənziləcən payi-piyada getmək niyyətində deyildi. Sadəcə olaraq, bir müddət özü ilə tək qalmaq, doğma və doğma olduğu qədər də indi yad görünən bu yerlərə gözüdolusu baxmaq, çoxdan qopub ayrıdığı – artıq keçmişə çevrilən o uzaq illərə, xəyalən də olsa qayıtmaq, bir növ yaddaşını təzələmək istəyirdi. Amma deyəsən əriyib zamanın sularına qarışmış o illərin izindən heç bir əsər-əlamət qalmamışdı. Bu yerlərdə hər şey ayrı, az qala ögey, yad bir zamanın havası ilə nəfəs alırdı.
Göyün üzündəki mavi-çəhrayı bulud layları cəkilib getdi.
Bir dəstə torağay şam meşəsinin üstündə halay vurub səs-səsə vermişdi. Az sonra təyyarə uğultusu eşidildi; sən demə, torağaylar hava laynerinin uçuş vaxtını əvvəlcədən bilib hay-küy salıblarmış. Kərəm qeyri-ixtiyari gülümsədi, torağay dəstəsinə baxıb öz-özünə pıçıldadı: “Dispetçer köməkçiləri...”
Addımlarını yavaşıtdı.Yanından keçən taksiyə əl elədi. Sürücü əyləci basıb maşını saxladı. Kərəm diqqət edib gördü ki, bu, bayaqkı üzütüklü, qartalburun, dil-boğaza qoymayan kişidir. Nədənsə ilk baxışda ürəyinə yatmayan bu adamdan yaxa qurtarmaq üçün dar macalda bir bəhanə uydurmağa çalışan Kərəm, gözünü açıb-yumunca, sürücü cəld yerə düşüb arabacığı maşının yük yerinə atdı, qapını açıb mərifətli adamlarsayaq əlini sinəsinə qoyaraq dilləndi:
-Xahiş edirəm, buyurun. Yəqin şəhərə gedirsiniz. Mən qiymət davası döyən adam deyiləm... Nə versəniz qənimətdir. Qismət tanrıdandır...
Kərəm könülsüz halda keçib maşına əyləşdi.
Sürücü:
-Ya Allah, -deyib, qazı basdı.
Yaşıllıqların arası ilə axıb gedən asfalt yol rahat idi.
Sükutu sürücünün səsi pozdu:
-Şəhərin hansı tərəfinə gedəcəyik?
“Qoy bir şəhərə çataq, sonra məlum olar hara getməyim”. Kərəm ürəyində müsahibinə belə cavab verdi.
Sualının cavabsız qaldığını görən sürücü, deyəsən yolçunun ağır eşitdiyini zənn edib, ucadan dilləndi:
-Qardaş, hansı tərəfə gedirik?
-!..
-Deyəsən, bu tərəflərə birinci ğəlişinizdir hə?
Kərəmin naqqal adamlardan zəhləsi gedirdi. Öz müşahidələrindən bilirdi ki, adətən, bu cür adamların ilk baxışda mənasız görünən sualları get-gedə dərinliklərə işləyir: kimsiniz, nəçisiniz, gəlişinizin məqsədi nədir... və sair. Ən yaxşı cavab- susmaq idi.
Elə bil sürücü onun qırımını başa düşüb daha sual vermək fikrindən vaz keçdi.
Araya çökən sükutu maşının uğultusu pozurdu.
Kərəm diqqətlə ətrafa baxırdı. Yolun üstündə salınmış meşə zolağı bu yerlərin əzəlki, onun uşaqlıqda gördüyü, sərt görkəminə mülayim bir ab-hava gətirmişdi.
Kərəm əlini irəli uzadıb qeyri-ixtiyari dilləndi:
-O ağaclar çoxdan əkilib bu yerlərdə?
Sürücü sürəti hiss olunacaq dərəcədə azaldıb, yolçunu sınayıcı nəzərlərlə süzdü.Kərəm də azacıq yana dönüb kişinin tüklü sifətinə baxdı: sivri burnu bu adamı profildən qartala oxşadırdı.
Kişi çəkinirmiş kimi astadan:
-Kərəm deyilsən? -deyə, soruşdu.
Qəfil sualdan Kərəm duruxdu.
-Hə, Kərəməm...
Kişi güldü. Elə bil onun bayaqdan açılmayan tutqun sifəti birdən-birə işıqlandı.
-İndi sən yaddaşını yoxla, tap görüm mən kiməm?
Kərəm müsahibini süzdü; sürücünün lupa altında böyüdülmüş kimi bütün cizgiləri aydın görünən tüklü sifəti bir andaca dəyişib başqa görkəm aldı; sanki gözəgörünməz bir əl ötüb keçmiş illərin üstünə qalaqlanmış qalın toz laylarını sildi.
-Murad?..
-Ay səni...Bayaqdan maşınıma minmək istəmirdin. Hə, indi düş maşından... Qoy bir əməlli-başlı görüşək...
Onlar yerə düşüb qucaqlaşdılar.
Kərəm:
-Yaxşı zəndin varmış, pəhləvan, -deyə, ərklə əlini kişinin çiyninə qoydu.
-Əşi, bayaqdan ağzına su alıb susursan. Sual verirəm ki, bir səsini eşidib görüm Kərəmsən ya yox... Axı, adamın özü dəyişsə də, səsi dəyişmir. Sən ısə ağzına su alıb susursan...
Kərəm zarafata keçdi:
-Pəhləvan, böyüyüb yekə oğlan olmusan.
-Heç özündən xəbərin yoxdu, kosmonavt...
Hər ikisi ürəkdən güldü.
Keçib maşına əyləşdilər. İndi bayaqkı soyuq sükut aradan götürülmüşdü.
Murad:
-Arabir aeroporta baş vururam, -deyə, sükanın arxasında yerini rahatlayan Murad, bir daha Kərəmi diqqətlə süzərək asta-yumşaq səslə dilləndi. -Əvvəlcə səni tanımadım, düşündüm ki, yəqin buralara bələd olmayan yad adamdır. Sonra, özünü nə qədər boğsan da, rəftarında bir doğmalıq hiss elədim. Səsini eşitdəndə isə yüz faiz əmin oldum ki, bu, sənsən...
Kərəm bir az əvvəl öz keçmiş məktəb yoldaşına qarşı göstərdiyi saymazyanalığı xatırlayıb pərt oldu, daxilən özünü qınadı.
Hava get-gedə isinirdi.
Murad maşının sürətini artırdı...
Kərəmlə Murad cəmi beş il birlikdə oxumuşdular: beşinci sinifdən onuncuyacan. Əslində onları bir-birinə bağlayan xatirələrin ömrü də elə bu qədər ildi. Ömrün beş ilində baş verən bir çox hadisələrin birgə şahidi olmuşdular və elə birlikdə keçirdikləri o beş il indi onları istər-istəməz birləşdirirdi. Söhbətlərinin mövzusu xatirəyə çevrilmiş beş illik vaxt çərçivəsindən kənara çıxmırdı.
Hər ikisi valideynlərini körpə ikən itirmişdi. Elə bu erkən yetimliyə görə yaxın qohumları onları rayon mərkəzindəki internat məktəbə qoymuşdular.Onların uşaqlıq dövrü o internatda keçmişdi. Yaxın dost olmasalar da, o vaxt xoş münasibətləri vardı.
İndi onların bir-birinə “pəhləvan” və “kosmonavt” deyə müraciət etmələrinin də öz tarixçəsi vardı. Ədəbiyyat müəllimi bir dəfə “Mənim arzum” mövzusunda inşa yazdırmışdı. Onda Kərəm böyüyəndə hava gəmisi ilə kosmosa uçacağını, Murad isə güləşçi olacağını yazmışdı. Uşaqlar öz yazılarını ucadan oxuyan zaman müllim zarafatla Kərəmə və Murada üz tutub, arzularına müvafiq olaraq, “kosmonavt” və “pəhləvan” deyə müraciət etmişdi və elə həmin vaxtdan da bu sözlər onların ləqəbinə çevrilmişdi. O zaman nədənsə bəyənmədikləri bu müraciət forması indi hər ikisinin ürəyindən idi... Orta məktəbi bitirəndən bəri görüşməmişdilər. Həyatın sərt küləkləri onların hərəsini bir tərəfə atmışdı. Bir yandan da yetimlik, imkansızlıq... Əvvəllər uzaqdan-uzağa da olsa bir-birinin iş-gücündən xəbər tuturdular. Sonralar bu “simsiz” əlaqələr də tədricən qırıldı. Murada məlum olan təkcə bu idi ki, Kərəm Moskva tərəflərdə yaşayır və deyilənə görə, hansısa hərbi zavodda mühəndis işləyir.
-Harada işləytirsən?
Kərəmin sualına Murad gülə-gülə cavab verdi:
-İnternetdə...
Muradın qaşı çatıldı.
-İnternetdə? Doğrudan?
-Əşi, yox ey... Sən də inandın deyəsən. İnternatda işləyirəm. İndi oraya cavanlar təzə ad qoyublar: internet...
Kərəm də Murada qoşulub ürəkdən qəhqəhə çəkdi.
-Amma, öz aramızdır, yaxşı ad qoyublar...”İnternet”...Bəs orada nə iş-güclə məşğul olursan?
-Təsərrüfat işlərinə baxıram.Boş vaxtlarımda da bax belə, gördüyün kimi, aeroportda qonaq qarşılayıram... Yaxşı, de görüm, sən özün haralardasan, nə işlə məşğulsan?
-Moskva yaxınlığında yaşayıram.
-Hə, eşitmişəm... Deyəsən, elə əsgərlikdən sonra qalansan o tərəflərdə.
-Hə, elədir...
-Səhv etmirəmsə, mühəndissən.
Kərəm duruxub handan-hana dilləndi:
-Kosmonavtam.
Murad başını yana döndərdi; Kərəmin sifətinin ciddi poza almasından belə çıxırdı ki, o, heç də zarafat etmir.
Murad gülməkdən özünü zorla saxlayıb dedi:
-Kosmonavt olduğunu bilirəm.Onsuz da sən köhnənin kosmonavtısan...Bəs çörəyin nədən çixir?
Kərəm yenə ciddi tərzdə:
-Sənə dedim də, -deyə, dilləndi. -Kosmonavtların çörəyi haradan çıxmalıdır ki?
-Yəqin ki, göydən...
-Elədir... Mən ixtisasca hərbi təyyarəçiyəm... Bir müddət kosmonavtlar hazırlanan dəstəsinin üzvü olmüşam. Sınaq uçuşlarında iştirak etmişəm... Hazırda kosmik cihazlar zavodunda mühəndisəm.
-Deyəsən bizim uşaqlar arasında öz arzusunun arxasınca sonacan gedən təkcə sən olmusan...
-Amma sən, deyəsən, öz arzuna xəyanət etmisən.
-Düzdür, mən pəhləvan ola bilmədim... Amma həmişə arzularımın dalıyca sürünmüşəm. Hətta, idman texnikumunu bitirib bir müddət müəllim də işləmişəm... Amma həyat ayrı şeydir. Ailə, uşaq, ev-eşik qayğısı... Bu zalım dünya bir imkan verir ki, adam öz ürəyinə yatan iş-güclə məşğul olsun? Eh... Bu ötən illərdə başım cox daşdan-daşa dəyib, Kərəm... Çox yerləti dolaşdım, çox üzlər gördüm. Axırda yenə öz doğma ocağıma-internata qayıtdım. Yetim uşaqlqrla işləyirəm... İkimiz də yetimliyin dadını görmüşük...
-Orada uşaqların sayı artıb, ya azalıb?
-Harada?.. İnternatda? Yox, heç nə artıb-azalmayıb. Hər şey elə sən gördüyün kimidir. Həmin məktəb, həmin otaqlar, həmin həyət-baca... Hərdən düşünürəm ki, yəqin mən özüm də dəyişməmişəm, elə həmin yetiməm...
Murad köksünü ötürüb söhbətə ara verdi. Qarşı tərəfdən gələn maşın parlaq gecə faralarını yandırıb-söndürdü: yəqin ki, bu, yolda ehtiyatlı olmağa bir işarə idi. Deyəsən, işarənin məğzini Kərəm də anladı; o, gülümsəyərək Murada sarı dönüb:
-Yəqin xəttdə yol müfəttişi var,- deyə, əlini ehmalca onun çiyninə toxundurdu.
Kərəm sürəti azaltdı.
Az sonra yolun kənarında- qovaq ağacının altında dayanıb əlindəki zolaqlı ağacı oynadan yol polisi göründü. Murad açıq pəncərədən əl edib yola sarı qışqırdı:
-Salam, rəis!..
“Rəis” də öz növbəsində, dodaqları arasında bərk-bərk sıxdığı fitlə onu salamladı.
Kərəm handan-hana dilləndi:
-Bilirəm ki, ürəyində mənə gülürsən.
Murad təəccüblənsə də özünü o yerə qoymadı; baxişlarını yoldan ayırıb Kərəmə baxdı:
-Gülürəm?.. Nə üçün?
-Yəqin ki, özümü “kosmonavt” adlandırdığım üçün.
-Yox... Qətiyyən. Onsuz da sən elə o vaxtdan kosmonavtsan.
Kərəm susdu. Maşının pəncərəsindən ətrafa göz gəzdirdi. Hər şey dəyişmişdi: yol kənarındakı palçıq evlərin yerində hündür binalar ucaldılmışdı. Bir vaxtlar çayın üstündən keçən darısqal körpüdən əsər-əlamət qalmamışdı-orada beton bənd atıb kiçik göl yaratmışdılar. İndi bir az yad görünən bu yerlər ona həm də doğma idi. Kərəmi ən çox cəlb edənsə açıq göy üzü idi. O, bu yerlərin səmasını bu vaxtacan heç yerdə görməmişdi. Yalan deyirlər ki, göy üzü hər yerdə eyni cürdür. Kərəm yüz faiz əmin idi ki, hər bir yerin yalnız özünəməxsus təbiəti, relyefi, adamları, heyvanları olduğu kimi, başqa yerlərdə təsadüf olunmayan səması olur.
Murad sanki Kərəmi vurnuxduğu dədin xəyallar aləmindən dartıb çıxarmaq üçün ehtiyatla dilləndi:
-Kərəm, bir az yerinə düşməsə də soruşum: nə yaxşı yolun bu tərəflərə düşüb? Amma mənim sualımdan incimə ha...
-Əmim rəhmətə gedib. Teleqram vurmuşdular...
-Yadıma düşdü. Hərdən sənə baş çəkirdi. Arıq, uzun kişi idi deyəsən...
-Hə, elə odur...Mənə gec xəbər veriblər, birisi gün qırxıdır...
-Allah rəhmət eləsin... Gedib bu gün qalarıq bizdə, sabah səni apararam öz kəndinizə...
Kərəm astadan dilləndi:
-Baxarıq...
-Nəyə “baxarıq”?Yetim olmağıma baxma, geniş ev-eşiyim, həyət-bacam var. Uşaqların hərəsi bir yerdə işləyir. Damın altında arvadla tək qalmışam...
-Baxarıq...
-Yenə “baxarıq”?
Gülüşdülər.
Murad əlini tüklü sifətinə çəkib dedi:
-Danış görək, oralarda nə var nə yox?
Kərəm könülsüz halda:
-Yaxşılıqdır, -deyə, qısaca cavab verdi.
Arabir Muradın ordan-burdan verdiyi sualları dilucu cavablandıran Kərəmin fikri tez-tez baş alıb uzaqlara gedirdi. O, həqiqətən uşaqlıqda kosmonavt olmaq istəyirdi. Elə bu arzularla da Rusiyaya getmişdi. Bəxti gətirmişdi: əsgəri xidmətdən sonra hərbi təyyarəçilik məktəbində oxumuş, kosmonavtlar hazırlanan kursa daxil olmuşdu. Hətta, pilotla idarə olunan kosmik aparatlar heyətində ağır sınaq və təlimlər keçmişdi. Amma ona uçmaq qismət olmamışdı. Son illər kosmik cihazlar zavodunda layihəçi-mühəndis vəzifəsində çalışırdı. Amma, yenə də öz uşaqlıq arzusu ilə yaşayırdı. Göylər Kərəmi yenə də özünə doğru çəkirdi. Nə idi onu göylərdə cəlb edən? Bəlkə yer üzündə gördüyü ədalətsizliklər? Axı, o, valideynsiz böyümüşdü. Düzdür, uşaqlıq vaxtlarında adamlardan xeyirxahlıq görmüşdü. Amma Kərəm həyatı boyu çoxlu haqsızlıqlarla da üzləşməli olmuşdu. Nədənsə ona həmişə elə gəlirdi ki, Yer üzündə baş verən bütün xırda və böyük hadisələrin kökü göylərlə bağlıdır. Bəlkə də elə buna görə o, nə vaxtsa Yerin orbitindən çımaq, ulduzları yaxından görmək, Ayın, hətta, imkan olarsa Marsın üstündə gəzib dolaşmaq və oradan insanların yaşadığı planetə baxmaq istəyirdi. Amma kosmik mərkəzdə onun uçmağına həmişə mane olmuşdular. Kimlərsə onun simasında öz rəqibini görürdü... Kosmonavt olmaq-uçmaq istəyi Kərəmə ağır bəlalar da gətirmişdi. Sevimli arvadı ərinin göyə hədsiz sevgisinə görə qısqanıb ondan ayrılmışdı. Kərəm, hətta, arada bir müddət psixi sarsıntılardan üzülüb yatağa düşmüşdü. Amma uçmaq arzusu onu heç vaxt rahat buraxmxmışdı. Kərəm neyləyə bilərdi ki? Axı, həmin arzuları o, özü yaratmamışdı ki, özü də boğub bir kənara atsın... Göylər Kərəmi daim öz qoynuna çağırırdı. Görünür, adamlar kimi göylərin də öz arzusu olur. Nə bilmək olar,bəlkə də Kərəm elə o uzaq səmadakı ulduzlardan birinin Yerdəki gizli-sirli arzusu idi? Göylər səsləyir, insanların yaşadığı Yer planeti isə onu öz orbitindən çıxmağa qoymurdu.
Hələ uşaqlıqdan Kərəmə elə gəlirdi ki, insan bu dünyaya uçmaq üçün gəlib və əslində insanın vətəni göylərdir; hansı təsadüfsə insanı uçmaq imkanından məhrum edərək torpağın əbədi köləsinə çevirib.
Kosmik sürətlə ötüb keçən illər Kərəmin kosmosa uçmaq arzusunu öldürə bilməsə də, onun Yer orbitindən çıxmaq şansini arxa plana atmışdı. Artıq yaş öz işini görməkdə idi. Hələ son illər az qala günbəgün artan ağ-gümüşü saçlar da bu yandan... Saç-saqqalına dən düşmüş adamdan nə kosmonavt? Bütün dünyada kosmosa yalnız boy-buxunlu, yaraşıqlı, sağlam gənclər uçur. Kosmonavt olmaq əslində elə aktyor olmaq kimi bir şeydir: gərək tamaşaçı sənə vurulsun, səni hər yerdə alqışlasın.
Əvvəllər Kərəm tez-tez öz gəmisi ilə ucuşa necə çıxacağını təsəvvüründə canlandırmağa çalışardı: budur, uçuş əmri verilir, əvvəl uğultu, sonra partlayış səsləri eşidilir, gəmi yerdən ayrılır... Daha sonra mavi səma, parlaq ulduzlar, sonsuz kəhkəşan... Kərəm tapşırıqları uğurla yerinə yetirib Yerə qayıdır. Onu böyük təntənə ilə qarşılayırlar. Əli gül-çiçəkli adamlar onu atıb-tutur. Kərəm gül dənizində itir... Hələ onu öpən, qucaqlayan gözəl-gözəl qızlar, qadınlar...
-Çatdıq...
Muradın səsi onu xəyaldan ayırdı. Kərəm dodaqaltı nəsə mızıldandı.
Murad əyləci basdı.
-Hə, bax bu da bizim məktəb. Uşaqlar tətilə çıxıblar, düşərgəyə göndərmişik.Ona görə indi buralarda sakitlikdir. Səni bilərəkdən əvvəlcə bura ğətirdim ki, hər şeyi öz gözünlə görəsən.
Onlar maşından düşdülər.
Yol boyu səliqəli tikililəri görüb bayaqdan daxilən sevinən Kərəmin ihdi qanı qarqldı: köhnə məktəb binası uçub-dağılmaq üzrə idi. Murad onun ürəyindən keçənləri oxuyubmuş kimi, ətrafa göz gəzdirib dedi:
-Görürsən də, şəhərdə çox şey təzələnib... Amma məktəb yaddan çıxıb. Görunür, yetimlərin məktəbi də yetim günündə olmalıdır...
Məktəb həyətinin yuxarı başında- postament üzəridə ucaldılmış təyyarə Kərəmin diqqətini uzaqdan çəkdi.
Murad əlini irəli uzadıb dostunu məlumatlandırdı:
-Mətəbimizin yeganə yeniliyi bax o təyyarədir. Bilirsən nə üçün gətirib quraşdırıblar burada? Sən demə, ölkənin ilk təyyarəçisi bizim şəhərdə doğulubmuş, özü də bizim məktəbin məzunu imiş. Elə onun şərəfinə qoyulub bu abidə.
Kərəm sövq-təbii, postamentə sarı addımladı. Murad təəccüblə onu süzürdü. Kərəmin bayaqkı asta-ləngərli yerişi dəyisğşmişdi; elə bil, o, bu dəqiqə ayaqlarını yerdən üzüb təyyarəyə sarı atılacaqdı.
Murad hiss etdi ki, hətta, Kərəmin üz-gözünün ifadəsi də dəyişib. Dostunun bayaqdan yorğunluq tökülən sifətində indi işıq dolu bir təbəssüm oynayırdı.
Kərəm mavi səmanın fonunda siluetinin kəskin cizgiləri ilə aydın seçilən gümüşü təyyarəyə yaxınlaşdı. Sonra postamentin ətrafında bir-iki dövrə vurub Murada sarı döndü:
-Murad, bu, təyyarədən çox, kocmik gəmiyə oxşayır...
Murad başını yuxarı qaldırıb dedi:
-Kərəm, düz tapmısan... Bu təyyarəni quraşdıranda dedilər ki, yəqin elə ilk təyyarəçi kimi ilk kosmonavt da bizim məktəbdən çıxacaq. Ona görə, bu təyyarə həm də kosmik peykin rəmzidir. Bir də ki, bunun təyyarə ya raket olmağını özün daha yaxşı bılərsən. Hər halda, sən kosmonavtsan...
Bu an sanki möcüzə baş verdi: Kərəm “hopp” edib pişik cəldliyi ilə yuxarıya- postamentin üstünə tullandı.
Heyrətdən Muradın sözü ağzinda qaldı. Boğazı qurudu. Handan-hana içini arıtlayıb az qala boğula-boğula, xırıltılı səslə:
-Kərəm, sən nə edirsən, yıxılarsan, düş aşağı,- deyə, qışqırdı.
Kərəm öz aləmində idi, heç nə eşitmirdi. O, əlini həyəcanla tanış qurğunun gövdəsində gəzdirdi. Sanki qəfildən canına elektrik cərəyanı işlədi; qurğunun gövdəsində yalnız təcrübəli mütəxəssisin duya biləcəyi bir titrəyiş vardı.
Murad əlini gözünün üstünə çardaqlayıb postamentin üstündə vurnuxan Kərəmi heyrətlə süzməkdə idi. Keçmiş məktəb yoldaşının nə kosmonavtlarla bağlı bayaqkı söhbətindən, nə də indiki gözlənilməz hərəkətindən onun ağlı bir şey kəsmirdi.
Kərəm qeyri-ixtiyari əlini uzadıb kip örtülmüş kabinənin dəstəyini burdu. Qapı açıldı. Bu ki, lap möcüzə idi: dəmir kreslonun üstündə kosmonavt skafandrı vardı! O, ətrafa göz gəzdirdi. Kosmik uçuş aparatının bütün cihazları starta hazır vəziyyətdə idi. Kərəm səhv edə bilməzdi; bu, əsl kosmik gəmi idi. Onun ürəyi həyəcanla vurmağa başladı. Bir anlıq hər şeyi unutdu. Keçib pultun arxasında əyləşdi. Skafandrı başına keçirdi. Gəminin uğultusu hiss ediləcək dərəcədə artmışdı.
Aşağıdan Muradın boğuq qışqırığı gəlirdi:
-Kərəm... Kərəm hey...
Kərəm əmin oldu ki, indi kabinəsində əyləşdiyi bu hava gəmisinin bütün daxili sistemi vaxtilə onun təlim keçdiyi konfiqurasiyalı- açılan kosmik peyklə az qala eynidir. O, bir peşəkar inamı ilə əlini atıb qarşısındakı parlaq metal düyməni basdı. Əvvəlcə işıqlar yandı, sonra kütlə hərəkətə gəldi. Havatəmizləyən qurğu işə düşdü. Salona yayılan sərinlik xoş bir rayihə kimi Kərəmin içinə hopmağa başladı.
Artıq Muradın səsi eşidilmirdi.
Kərəm tanış cihazlarda təzyiq, rabitə, meteoroloji sistemlərin vəziyyətini nəzərdən keçirib şəhadət barmağını uçuş pultunun üstünə qoydu.
Partlayış səsi eşidildi. Hava gəmisi hissolunacaq bir təkanla postamentdən ayrılıb yüksəkliyə doğru start götürdü.
Artıq Yer arxada qalmışdı...
Kabinəyə mavi-çəhrayı bir duman layı çökmüşdü.Deyəsən bu duman layını Kərəm bu səhər hava limanının üstündə görmüşdü.
Uzaqda parlaq ulduzların soyuq ziyası bərq vururdu.
Hava gəmisinin içində nəsə boğuq səslə guruldamağa başladı.
Mavi-çəhrayı duman get-gedə rəngini dəyişərək tünd-kəsif qoxulu qara tüstüyə çevrilirdi.
Cihazların əqrəbləri qəzəblənmiş zəhərli əqrəblər kimi qıvrılıb-açılırdı.
Kərəmin gözləri alacalandı. O, əlini sükana atdı. Gəmi yırğalandı.
Az sonra cihazlar, taxçadan düşən uşaq oyuncaqları kimi, bir-bir qopub gəminin döşəməsinə töküldü...
...Gözünü açanda başının üstündə ağ xalatlı cavan həkimi görüb təəccübləndi. Onun nəbzini tutan həkim, qanadı qırılmış qartal kimi büzüşərək kənarda dayanmış Murada sarı dönüb gümrah səslə dedi:
-Dostunun lap kosmonavt təzyiqi var. Hər şey yaxşı olacaq...
Bu vaxt Kərəmin gözləri önündən kiçik qığılcımlar-parlaq ulduz zərrələri ötüb keçdi. Onun qulağında nəsə tanış bir uğultu vardı.
-Şükür sənə, ilahi. Bu xata-bəladan yaxşı qurtulduq. Kimin ağlına gələ bilərdi ki, oyuncaq təyyarənin içidə yanacaq olsun...
Bu, Muradın səsi idi.
Amma deyəsən, deyilənləri Kərəm eşitmədi. O, yalnız bircə şeyə əmin idi ki, sağdır, ölməyib.
Gözlərini təzədən yumdu. Kərəm daxilən öz ömrünün ən böyük arzusuna qovuşduğuna əmin idi. O, uçuşu uğurla başa çatdırmışdı.
XS
SM
MD
LG