Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:12

“Ölümündən qabaq Rafiq Tağıya naməlum tərkibli iynə vurulub”


Elçin Sadıqov və İlqar Tağı (sağda)
Elçin Sadıqov və İlqar Tağı (sağda)
-

Yazıçı Rafiq Tağının qətlindən az qala bir il ötür. İstintaq hansı qənaətə gəlib? Ailə kimdən şübhələnir? Bıçaqlanandan sonra sağ qalan yazıçı bir neçə gün sonra xəstəxanada niyə öldü? “Pen klub” proqramının qonaqları – yazıçının qardaşı İlqar Tağı və vəkil Elçin Sadıqov bu haqda danışıblar.

“RAFİQ TAĞININ QƏTLİNİN İSTİNTAQI DAYANDIRILIB”

Elçin Sadıqov:

- İstintaq ilk gündən qeyri-obyektiv gedir. Rafiq Tağının işdən evə getdiyi ərazidə 43 kamera olduğu halda istintaq 41-ni müəyyən etmişdi. Həmin kameralardan götürülən görüntülərdə nələr olmasından xəbərsizk. Bu haqda vəsatət qaldırsaq da. İstintaq bu yöndə Milli Təhlükəsizlik Nazirliyinin araşdırma apardığını desə də, bu günə qədər məlumat ala bilməmişik. İstintaq bu günə qədər obyektiv addım atmayıb, istintaq səssizlik nümayiş etdirir. Biz bir həftə öncə istintaqın nə yerdə olmasını öyrənmək məqsədilə prokurorluğa müraciət göndərmişik. Amma hələlik cavab almamışıq. Bizdə olan məlumatlara görə, Rafiq Tağının işini araşdıran istintaq dayandırılıb. Bu işi aparan müstəntiqlər başqa cinayətləri araşdırırlar artıq. Bu, dəqiq məlumatdır. Biz də istintaqın dayandırılıb-dayandırılmamasını öyrənmək üçün sorğu göndərmişdik. Cavab yoxdur.

Proqramın tam videoyazısı

“HƏKİMLƏRİN BU CİNAYƏTLƏ BAĞLILIQLARI VAR”

İlqar Tağı:

- Biz Rafiq Tağının ölümündə həkimlərin məsuliyyəti ilə bağlı da vəsatət qaldırmışıq. Amma həkimlərin məsuliyyəti məsələsi arxa plana keçirilib. Mənim həmin həkimlərə suallarım var. Birinicisi, Rafiq Tağı niyə tələm-tələsik reanimasiyadan palataya köçürüldü? İkincisi, niyə xəstəyə nəzarət yox idi? Onun otağı az qala karvansaraya döndərilmişdi. Yalnız sonuncu gün nəzarətçi qoyuldu. Rafiq Tağı son saatlarında dedi ki, nəfəs ala bilmir, ağrıları var, niyə ona kömək göstərilmədi? Həkimlərin bu cinayətə bağlılıqları var. Onlardan bir neçəsinin adını istintaqa da demişəm. Amma cavab ala bilməmişəm.

Elçin Sadıqov:

- Rafiq Tağı ölümündən qabaq ağrılardan şikayətlənib və ona naməlum tərkibli iynə vurulub. Biz həkimlərlə bağlı araşdırma aparılmasını istəmişdik. Ancaq onlar məsuliyyətdən kənarlaşdırılıblar. Araşdırma aparılarsa, bu cinayətin həkimlərlə əlaqəli törədildiyi məlum olacaq. İstintaqla bağlı ümidlərimizi itirmişik. Onu da Elmar Hüseynovun istintaqının taleyi gözləyir. Hökumət qurumları qətlin üstünün açılmasında maraqlı deyillər. Biz yəqin ki, bütün prosedurlardan sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Bir də onu deyim ki, Rafiq Tağı həbsdəki müddətdə xüsusi mühafizəsi olan yerlərdə saxlanıb. Ancaq əfvdən sonra onunla bağlı təhlükəsizlik tədbirlərinə xitam verilib. Görəsən nəyə əsasən xitam verilib? Dövlət Rafiq Tağını müdafiə etməməklə onun ölümünün məsuliyyətini paylaşır.

P.S. Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi bu ilin əvvəlində bildirmişdilər ki, araşdırma zamanı Rafiq Tağıyevi müalicə edən tibb işçilərinin məsuliyyətsizliyini təsdiqləyən faktlar aşkarlanmayıb: «Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərib ki, ölümün səbəbi zərərçəkənin bədəninə bıçaqla yetirilən xəsarətlər olmuşdur».

Proqramı tam şəkildə dinlə
XS
SM
MD
LG