Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:12

Məqsəd Nur. Katastrofiklər (Hekayə)


-

Məqsəd Nur


Katastrofiklər


1. Miqalka

- Lift. Harda istədi dayanır. Qapını gupbuldat! Divarları döyək... Oranı açma! Gələrlər. Şaxtada siçovullar gəzir. Çaşıb başuva düşər. Ya da bir daş...
- Yox bir, daş orda hardan?
- ...hər şey ola bilər... Məsələn, lift götürər, şaxtanın dibinə yuvarlanar: hər şey olur.

***

- Ən sığortalı təminat lift troslarının dözümü qədərdi. Bu binada hamımız ən sığortalı təminatdan yapışıb-durmuşuq. Maaşdan. Mən də qaqaş...
- Getdik!

***

- İyirmidə zibillikdi. Tualet iyi, toz. On doqquzda həyat var ey.
- Nə həyat?
- ... nə qədər desən. Şəhərdə qız qalmıyıb ki, hamsı burdadı. Belə yerdə həyat bitmir ki. Hər gün fırranır...
-... heç vaxt da dayanmır...
- Həəə. Hər gün başlanan yarımçıq işlərdən biri bitir...
- Çox romantikdi!
- Sənə bir də deyirəm: sənin humanitar kodların məni qorxudur. Dayanıqlı deyil. Əriyirsən ey, bir şey eşidən kimi. Heç vaxt dəyərlərə bu qədər fikir vermə! Boylan get, boylan get. Başuvu içüvə dürtmə. Və öz dəyərlərin barədə hesabat vermə. Zəmanə hesabatı sevmir...
- Bildim də... Nə qədər “Və” işlədirsən!
- “Və”siz olmur də...

***

- Binamızın üstündə mayak var. Gəmilərçün. Vertolytlarçün mayak yoxdu-ey bizdə, fikir verməmisən?
- Bilmirdim...
- İstədiyin vertolyotu aldada bilərsən. Çıx dama, miqalkadan-zaddan bir şey tap, yandır-söndür, bayraq yellət-filan. Bir də görürsən, qəzaya uğruyan birisi uçur-uçur, düşəndə görür meydança yoxdu, armatur çöplərdi. Bu binanın üstü armatur çöpləridi, təsəvvür eliyirsən, tikib yarımçıq qoyublar...
- Pilotun da ağlı çaşa...
- Çaşsa da çaşar. Miqalkadı də, yerə gömülməkdənsə qoy, mayaka qədər ümidini itirməsin.
- ...

***

-...İndi bu siqaret püfləyən qəhbələrin arasından keçək, yoxsa, dayanaq?
- ...
- Özləri qanıb aradan keçməməyin keçilməz olduğunu qanalar hay! Kipriklərim aşağıdı. Sən də aşağı elə. Hər şeyivü! Guya abırlısan... Yarlıqlar! Yarlıqları gördün? (Başqasının boynunda, başqasının qatmasında qalanlar hey!) Hərənin boynunda bir tanıtım kartı, gördün?
- Kəbinli arvad kimi...
- Həə. Kimliyi, nəçiliyi və nəqayrançılığı da üstündə. Belə yaxşıdı: yoxsa, ay filankəs, ay qaqaş, ad yadda qalır? Adamın öz adı yaddan çıxanda-çıxır...
- Çıxanda-çıxır...

***

- Nəyə gülürsən, ən sığortalı təminatın iyinə gələn oğlan?! Məni çağırırlar!
- Get də.
- Sən belə elə... yuxarı qalx, iyirmi birə, dama, lap dama. Mayakın yanında ol. Başıvu qat. Gələn olar, gedən olar... Zarafatdı, incimə...
- Atdır eey...
- Özün bil... İşə düzəlməəəəə! Get yat!
- Özüm bilirəm də...
- ...............



2. Stol

- Doğdu, doğmadı, axır?
- ...
-...Şestoydadı, xarabada! Nənəmnən yaşıddı ey, qırxbeşdən qalıb o andır stol. Allah, Allah, mən bilirəm indi nə çəkir? Doğruyurlar ey. Qoyun qayçılıyan kimi... Həkimlər də bir sürü qancıx, bir sürü oğraş: qəssab köpəyuşağı. İnək ətənəsinin iyini verən yerə göz açır də körpə...
- Ətənə nədi?
- İnəkdən çıxan...
- Sən Allah bəsdi, bəsdi iyrəndirdin bizi!
- Nooldu, xəbər olmadı?
- Muştuluğunu özüm alardım-ey, ay qız, bacısı yarıyoldadı...
- Zəng elə cibinə.
- Hələ xəbər yoxdu axı. Zəng çatmır, “Bu nömrəyə zəng çatmır...” deyib durur imanı yanmış.
- Ətənə köpəyuşağı...
- Alo, alo, gəldi, gəlmədi...
- ????


3. Boyun

Boynum qıldan incə. Başımı qarşında əyərdim: qorxuram boynum qırıla. Borclu-borclunun sağlığını istər axı. Döz. Mən dözən tək sən də qıl boyda boyuvun ağrısına döz. Əysən, guya sınmağından qorx...


4. Ət tökən

Hərənin içində bir gəzəyən qurd: kompüter siçanı kimi. Qalxıb-enən qurd. Bir də görürsən, kosmopolit enerjisiynən hər şeyə biganə qalan birisi dingildəməyə başladı. Əmməlicə hərəkətə gəlir ey. Çiçəyi çırtlar, tövşüyüb ora-bura qaçar, sözünə söz, izinə iz çatdırmaq olmaz. Balam, gün hardan doğa?

...Heç kəs stabil deyil. O da, mən də, bəlkə sən də. Allah bilə, indi kimin yanından, hansı danışıqdan gəlib. Adamlar növ-növdü də! İndi bəlkə də kimsə ona nəsə ümid verib, ya buna bənzər bir şey. Məsəl, pul. Az qala atdanır ey, hamı görür ki, bu dıydıq sıyıq gedir də...

Kimdə olmur? Səndə də olur, məndə də: sirrini heçkəsə verməmək. Nətər deyir, “sirrini verməyir, nəyəsə dünya?” Bununki sirrin ögüsüdü də. Dingildədir. De də, de də: ya de, ya da demə. Belə gəzmə. Pis çıxır...

Helə can atırlar ey, bircə yırtıb girsinlər. Hamı hamının dəliyini axtarır. Gülmə. Düz demirəm bəyəm?
Ucuz sirr kimə lazım?..


5. Mazoxist

“İlk doğuşumda 17 yaşım vardı. Uşağı qeysər kəsiyiynən götürməyə pulumuz çatmadı: həm də belə danışdıq ki, özüm güc verib doğsam, daha yaxşı olar. Mən həmişə belə düşünmüşəm ki, qadın öz doğduğunun ağrısını çəkməlidi. Gərək qadın uşağını sevə bilsin. Gərək, ana balasına düşkün olsun. Mən doğuşdan sonra övladına biganə qalan anaları başa düşə bilmirəm. Doğuşdan qəbrədək bala baladı...
Bəlkə də ana olmağa qədər həyatımın bir dövründə sevgi qıtlığını başım çəkdiyindən bu fikirdəyəm. Amma ilk doğuşdan yadımdadır ki, adamın içini qəssab kimi kəsib doğrayır, qaşıyır, özündən iyrəndirir və əzab verirdilər. Bu məşəqqəti yaşarkən, dişlərini dişinə sıxır, bağırmaqdan səs tellərin çatlayır, ürəyin hövr eliyir, huşun itir və... sonra lap on uşaq da doğsan, hər şey buna bənzər öz təkrarını yaşayır. Fəqət bütün bu iztirablardan sonra yalnız ana, yalnız əsl ana dönüb övladına baxır, sevinir, iztirabdan qurtulmağında sanki bu körpə varlığın da köməyinə görə az qala ona təşəkkür edir... “

***

- Uşağı özün əmizdir, - deyirəm.
- Mama, sən mazoxistkasan, - deyir qızım... .


6. Tirpaş

- “Romans”! “Romans?” “Romans”!
- 12 dollara.
- 12 dollara?
- İndiki kursla 54 çörək və bir paranın yarısı...
- Qulağındakı pleyerə...
- YVC-di. Məndə YVC televizor var.

Şaqqanaq. Ekstaz.

***

- Adamın pulu ola, düşəndə bunun da pulunu verə...
- Deyə, “düşərsən”...
- Nə deyər?
- Dinməz.
- Yüz faiz, dinməz...
- Mikrorayona gedir.
- Yüz faiz...
- Mikrorayon balasıdı!
- Yüz faiz.
- Mikrorayonda qalasıdı???
- Yüz faiz!
Şaqqanaq. Şapalaq. Avtobusun arxa oturacağında ağnaşma. İkiqat ekstaz.

***

- Panellər, ay panellər...
- Zibillər, ay zibillər... Ölürəm sizinçün! Ouooo! (yüngülvari ekstaz) Mikrorayon uşağını iyindən bilirəm...
- Bombadu...
- Nəyi bombadu?
- Heç neyi.
- Deyirsən neyi bombadu?
- Özü bomba, sözü bomba...

Şaqqanaq. Ağnaşma. (Üçqat ekstaz)

***

- Qulağına bax də...
- Guya bilmirüy.
- Guya də.
- Nauşnikin altına səs girmir?
- Səs hər yerə girir, qaqaş!

Şaqqanaq.

***

- Allah bilə, Amerikaya hazırlaşır.
- Yüz faiz...
- Çıxıb gedecey???
- Gedecey.
- Cekin-mekin qucağına???
- Cekin-mekin qucağına...
- Pes biz...
- Allah bilə...

Şaqqanaq. (Xırda ekstaz)

***

- Uzağı Amerikaya gedecey də...
- Allah bilə.
- Nauşniklərini çıxarıb atar.
- Orda yaraşmaz bizimkilərə...
- Yaraşar.
- Yaraşmaz...
- Orda tirpaşdıq yoxdu...
- Necə yoxdu.
- Yoxdu də, “yoxdu” qanmırsan?
- Ən böyük tirpaş onnardı ki...
- Onda qoy getsün...

Şaqqanaq. (Vecsiz ekstaz)


7. Tros

Necədi səninçün, vələdüznalar şəhərin ortasında gəlin maşınının qabağını kəsdilər. Trosnan. Nəmər almağa. Maşın dayanar-dayanmaz gəlin düşdü. Ədəb-ərkanla qollarını gədələrə tərəf açdı: gədələrin birinə çatdı, əyildi...

***

Bir dənə şillə! İlişdirdi: dalınca şillə-təpik. Küprüyünü qaldırdı, kablukunun altıynan gədəni palçığa qarışdırdı, xancaladı... Boşqab sındırırdı eləbil zalım qızı. Çəkilib də oturdu maşına, “sür” dedi-getdi. Bəy “Mersedes”in pəncərəsini endirib mattım-mattım baxırdı. Belə keyfin istiyən bir oğlan ey. Əli ağzında qalmışdı...

***

Havadanıydı. Yüz faiz. Həmən gün mənim özümün də başım ağrıyırdı. Payız vaxtı belə olanda-olur...

***

Dalınca “indi gör bunun doğduğu nə olacaq?”,- dedilər.

2000
XS
SM
MD
LG