Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:47

Ədalət Əsgəroğlu. İlahi, sözləri düzdüm yan-yana...


-

İlahi, sözləri düzdüm yan-yana,
Haqqı tər sinəmə qızılı yazdım...
Dedim, unudarlar, pisdi zəmanə,
Onunçun dərdimi yazılı yazdım.

Ümiddən ev tikdim-bir ağ yalannan,
Öldüm öləniynən, qaldım qalannan.
Qıymadım dərd bölüm bir cüt balamnan.
Bəlam çox gördüm, azını yazdım.

Çox "fağır" olmağım susadı qana,
Gəldim eşq önünə mərdi-mərdana...
Qaşları, gözləri durdu bir yana
Elə naz içində nazını yazdım...

Böldüm, Əsgəroğlum, tikəni kimnən?
Çaşdım haça yolda bir əqli kəmnən.
Yaxşı ki, var imiş bir-iki kəlməm,
Az yazdım, düz yazdım, sazını yazdım.
XS
SM
MD
LG