Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:00

Sürücü polisə nədən əl qaldırsın?


Foto: Arxiv
Foto: Arxiv
-
Avqustun 1-dən 2-nə keçən gecə Yasamal rayonu ərazisində bir sürücü onu saxlayan yol polisini döyüb. Bu, Azərbaycan təcrübəsində nadir rastlanan hallardandır. Rəsmi məlumatlara görə, polis baş inspektoru Murad Ağamalı xidmətdə olarkən Naxçıvan sakini Sarvan Mürsəliyevin idarə etdiyi «Mercedes» markalı avtomobili saxlayıb. Avtomobili cərimə meydançasına apararkən onların arasında mübahisə yaranıb. Sürücü polisi döyərək ona qapalı kəllə-beyin travması və digər xəsarətlər yetirib. Polis hazırda xəstəxanada müalicə alır. Sürücüyə gəldikdə isə, rəsmi açıqlamaya görə, onu yol hərəkəti qaydasını pozduğu üçün polis saxlayıb. Hazırda təhqiqat gedir.

Bu, həmin hadisə barədə rəsmi tərəfin izahatıdır.

Babək rayon Cəhri kənd sakini Sarvan Mürsəliyev və ya onun yaxınlarının bu məsələ ilə bağlı mövqeyi hələ ki, ictimaiyyətə bəlli deyil.

«YOL POLİSİ ADAMIN DƏRİSİNİ SOYUR»

«Yol polisləri qaydanı pozdun, pozmadın saxlayıb adamın dərisini soyurlar. Onlarda insaf yoxdur. Haqsızlıq baş alıb gedir».

Bunu isə şəxsi maşınından taksi kimi istifadə edən sürücü Toğrul Əhmədov deyir. Onun fikrincə, yol polisləri sürücülərlə yaxşı rəftar etmirlər. T.Əhmədov deyir ki, açıq-aşkar qaydanı pozanlar bəzən hansısa maraqlara görə buraxılır, imkanı və arxası olmayanların isə maşınını evakuasiya edirlər:

«Halı xarab olduğu üçün maşını qanunla qadağan olunmuş yerdə saxlayanı cərimələyirlər, amma həmin yerdə dayanan başqa maşınlara toxunmurlar».

«BU, KASIB-KUSUB İŞİ DEYİL»

T.Əhmədov deyir ki, bir çox hallarda yol polisi öz davranışı ilə sürücünü sərt hərəkətlərə təhrik edir. Amma o, polisi vurmağı heç ağlına da gətirməyib. O hesab edir ki, polisi ya əsəbləri həddən artıq xarab olan birisi, ya da kiminsə qohumu döyə bilər. Onun ifadəsi ilə desək, «bu, kasıb-kusub işi deyil».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə bildirir ki, polisin öz davranışı ilə sürücünü nəyəsə təhrik etməsi barədə deyilənlər gülünc və əsassız iddialardır. Onun fikrincə, Dövlət Yol Polisinin əməkdaşı yollarda təhlükəsizliyin təminatı üçün öz xidməti vəzifəsini yerinə yetirir. O, yol hərəkəti qaydasını pozan sürücülərdən qanunlara hörmətlə yanaşmağı tələb edir. Ancaq, E.Zahidovun dediyinə görə, bəzən də elə sürücülərə rast gəlinir ki, nəinki qanunlara hörmətlə yanaşır, hətta polisə müqavimət göstərməkdən də çəkinmirlər:

«Polis qanunla ona verilən səlahiyyət əsasında qanun və qaydaların keşiyində dayanır. Vətəndaşdan, sürücüdən də başqa şey yox, qanunlara riayət etməyi tələb edir. Bəs həmin vətəndaş, sürücü hansı əsasla, hansı haqla polisin qanuni tələbinə tabe olmur, ona müqavimət göstərir? Buna aparılan araşdırmalar, istintaq cavab verəcək».

«ÖLKƏDƏ BALANS POZULUB»

Keçmiş polis rəisi, hüquqşünas Mahmud Hacıyev isə deyir ki, polislə sürücü arasında belə bir insidentin yaranmasına hazırkı Azərbaycan reallığını şərtləndirən bir sıra məqamlar da səbəb ola bilər.
Foto: Arxiv
Foto: Arxiv
Bunlardan biri də, onun fikrincə, Azərbaycanda qanun qarşısında bütün vətəndaşların bərabərlik prinsipinin pozulmasıdır:

«Ölkədə balans pozulub. Vəzifəli, arxalı adamlar, məmur övladları, qohumları və ya imkanlı adamlar qanun qarşısında məsuliyyət dərk etmirlər. Onlar qanundan qorxmurlar. İstədikləri anda hakimiyyət nümayəndəsinə, polis əməkdaşına əl qaldıra bilərlər və qaldırırlar da. Bir neçə il əvvəl «Gənclik» meydanında bir nəfər «cip»dən «vinçester» markalı silah çıxardıb polis əməkdaşlarına atəş açmışdı. Sonradan o hadisənin üstünü ört-basdır elədilər. Bu da ölkədə qanunların işləməməsindən irəli gəlir».

M.Hacıyev düşünür ki, polislə sürücü arasında belə hadisənin baş verməsinə hazırda Azərbaycanda insanların psixoloji durumunun həddən artıq gərgin olması da təsir edə bilər. Deyir ki, təkcə sürücülərin deyil, müəllimlərin, mühəndislərin-bir sözlə hər kəsin psixoloji durumu adi bir məsələni də kəskin mübahisəyə çevirəcək dərəcədə həssas vəziyyətdədir.

M.Hacıyev deyir ki, indiki halda konkret nə baş verdiyini öyrənmək üçün obyektiv təhqiqat və istintaq aparılmalıdır. Eyni zamanda, polisin daxili təhqiqatlar idarəsi də mütləq qaydada araşdırma aparmalıdır ki, polisə əl qaldırmağa sürücünü nə vadar edib? Ancaq M.Hacıyev belə bir araşdırmanın aparılacağına inanmır. Deyir, araşdırsalar, ortaya polisə sərf etməyən başqa məsələlər, nüanslar da çıxa bilər.
XS
SM
MD
LG