Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:31

Furqan Sadıq. Xatirə marşı


-

XATİRƏ MARŞI

Zamandı, görürsən durmadan axır,
nə illah eləsən saxlamaq olmur...
Həmişə sürüşüb əlindən çıxır,
sonra da neyləsən haqlamaq olmur,
tutub əl-qolunu bağlamaq olmur...
Zamandı, görürsən durmadan axır...

Qalın toz qatı var illərin üstə,
qaldır o illərin tozunu silək...
Orda xatirələr boğulur bəlkə,
kövrəlib, kövrəlib ağlayır bəlkə,
sevinc xatirələr, qəm xatirələr,
kədər xatirələr, şən xatirələr...
“Xatirə marşı”nı oxuyur bəlkə
göz yaşına düşmüş nəm xatirələr...

Qaldır o illərin tozunu silək,
qoy bir az sevinib gülsün illər də...
Yaşanmış illərə bəs necə dönək,
körpümü düzəldək xatirələrdən?!

Zamandı, görürsən durmadan axır,
ötən dəqiqələr verir əl-ələ...
Adlayıb keçmişə qayıtmaq üçün,
mürgülü illəri oyatmaq üçün,
xatirə körpülər qalacaq elə,
o qoca körpələr qalacaq elə...
XS
SM
MD
LG