Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:06

Elmar Şahmarın 20-liyə düşməyən hekayəsi


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.

Elmar Şahmar


SON KADR (QAR DİLƏNÇİSİ)

Artıq havanın qanı qaralmağa başlamışdı, özü də çox soyuqcasına.

Qar da yağırdı, həm də çox sürətlə, amansızcasına. Bir avtobusa minən sevinirdi, bir də düşən – ayaqüstə getməsindən, yerə enərkən dizəcən suya batmasından asılı olmayaraq...

Qışı çox sevdiyimdən ən arxada, pəncərə tərəfdə oturub qarın yağmasını seyr edirdim, canlı, səssiz bir film kimi.

Hələ mən yaxşıydım, sağımda əyləşən “qaqaş” tum da çırtlayırdı, əsəblərimlə oynaya-oynaya.

Baxışları pəncərəyə doğru yönəlmişdisə də, o, “film”i yox, “Donmuş-hərəkətsiz Bakı rallisi”ni izləyirdi – artıq uzun bir tıxac yaranmaqdaydı, ənənəvi Bakı halı iştə.

Təbəssümündən hiss etmək olardı ki, bu, onun xoşuna gəlir. Ancaq mənim ondan heç xoşum gəlməmişdi.

Nəhayət, birtəhər “addım-addım” avtobusumuz gəlib çatdı “Xalqlar dostluğu” metrostansiyasının yanına. Sürücü motoru söndürdü, deyəsən, qarşıda qəza baş vermişdi. Həmişəki kimi sərnişinlər deyinməyə, narazılıqlarını bildirməyə başlamışdılar. Qış vaxtı Bakıda belə hadisələrə tez-tez rast gəlmək olar.

Hərə bir işlə məşğul idi – kimi deyinir, kimi telefonla qurcalanır, kimi də baş-beynimizi aparan siqnallara öz sərt nidalarıyla cavab verirdi. Axtarsan mışıl-mışıl şirin yuxuya “batan” da tapmaq olardı. Mənsə həyəcanla öz “film”imi izləməkdəydim, sadəcə olaraq, qarşıdakı qəza PAUSE düyməsini basmışdı.

PLAY üçün sürücü mühərriki işə salmalı, yola davam etməliydik. Kadr həmən kadr idi, darıxırdım. İmkanım olsaydı düşüb yolumu metro ilə davam etdirərdim, amma qapının ağzında minik maşını dayanmışdı, bir sözlə, darıxmağa davam etməliydim – onunla dostlaşmalıydım.

İnsan darıxarkən, harada olmasından asılı olmayaraq, başqa vaxt heç fikir belə vermədiyi çox adi şeylərdə məna axtarır, nəsə gizli bir şey cəlb edir onu. Qarın soyuğu ilə nəfəsimin istisinin təsirindən monitorun – avtobus şüşəsinin tez-tez nəmlənməsindən asılı olmayaraq, əlim dadıma yetirdi. Hər şeyi yenidən aydın görə bilirdim. Növbəti soyuq və islaq təmasdan sonra konkret nə olduğunu dəqiq bilməsəm də, donmuş kadrda nəyinsə dəyişdiyini hiss etdim. Bəli, bu əlavə, – bəlkə də heç nə dəyişməmişdi, sadəcə daha diqqətli baxmıdım – bir əlində əsa, digər əli isə açıq halda qarşıya uzanmış, stansiyanın divarına söykənmiş bir qarı idi.

Olduqca təsirli səhnə idi. Yaşı 65-70 olardı, aramızsa 6-7 metr. Üzündə nur vardı, təbəssümü çox xoş təsir bağışlayırdı, görünüşündən dilənçiyə oxşamırdı, qaraçı deyildi (Azərbaycanda, nədənsə, bütün dilənən insanları qaraçı hesab edirlər!), səliqəli geyinmişdi. Əynində qara yubka, yundan toxunma nazik jaket, rezin çəkmə vardı, bir ucu sinəsinə düşən qara şalla bağlanmış başı bir qədər qabağa və aşağı əyilmişdi. Kürəyi divara söykənsə də, onu saxlayan yerə dayadığı sağ əlindəki əsa idi. Hamı öz işindəydi, qar da yağmağıyla məşğul idi. Mənsə yarımçıq qalmış filmimi tamam unutmuşdum, artıq 5-ci dəqiqəsi idi darıxmaqla olan dostluğumun...

Özümə verdiyim sadə, lakin kədərli ilk suallarım belə oldu: Görəsən, kimdi, nəçidi, niyə dilənir? Heç kimi yoxmu? Suallar get-getə mürəkkəbləşirdi: Onun həyatı belə bir havada dilənəcək qədər əzablımı? Əzablısa, üzündəki təbəssüm nə? Axı onun dişləri, gözləri niyə parıldayır? O, nəyə sevinir? Dilənməyinəmi?! Suallar məni sıxmağa başlamışdı, çox duyğulanmışdım, darıxmaqdan betər günə düşmüşdüm. Özümü bir anlıq onun yerinə təsəvvür edərək ona daha çox acımağa, özümə və 5-10 dəqiqə evə gec çatacaqları üçün bayaqdan dır-dır deyinən insanlara nifrət etməyə başlamışdım. İnsanlara qarının gözüylə baxırdım və çox eybəcər şeylər görüb utanırdım.

Qarın sürətlənməsi ilə getdikcə havanın qanı daha çox qaralırdı, soyuq da geri qalmırdı onlardan – şiddətlənirdi, elə sərnişinlərin hiddətləndiyi kimi. Mənsə düşüncələr aləmində “monitor” silə-silə gözümü belə qırpmadan qarını izləyirdim. Bayaqdan bir dəfə də olsun tərpənməmişdi. Əlində bir neçə qəpik qaralırdı – yanından ötənlərin səxavəti. Hesablasan, qarı 1 ya 2 manatlıq insanlıq tutmuşdu əlində. Bir çox insanlar kiməsə yardım etmək üçün xüsusi bayramları gözləyirlər və ya lazımsız adamlara yardım edirlər. Mərhəmətimiz belə özümüzə hesablanır – kiməsə əl tutan zaman. Amma onun həqiqətən köməyə ehtiyacı vardı, mən bunu dərindən hiss etmişdim, özümü onun yerinə qoyan zaman.

Artıq 10 dəqiqə olardı ki PLAY düyməsini gözləyirdim, amma darıxmırdım, onu sıxılmaq əvəz etmişdi. Mən və digər sərnişinlər dəfələrlə aşağı enmək üçün sürücüyə müraciət etsək də, bizim, eləcə də sağdakı maşının qabağa ya arxaya getmək imkanı yox idi – Bakıda ara məsafəsi 20 sm-dan artıq olanda sürücü söyüş və ya gülüş obyektinə çevrilir. Çox uzun bir tıxac yaranmışdı. Hələ bir neçə maşın da bir-birinə dəyməkdəydi. Qarıya doğru can atsam da, ürəyim bayaqdan onun həndəvərində dolansa da, özüm ilişib qalmışdım içəridə. Artıq narahat olmağa başlamışdım – qolumdakı saatın əqrəbləri belə yerini dəyişmişdi, o isə hələ də tərpənməmişdi, sanki, unutmuşdu hərəkət etməyi. Qara paltarı rəngini dəyişmişdi, ağ olmuşdu. O, sanki, Allhdan qar dilənirdi, havada açıq qalmış əlinin içinə qar yağırdı...

Az-çox nəzir yığıb, axı niyə evinə getmir? Necə acgöz insandı ee, canının qədrini bilmir heç. Belə havada bu qədər də (əslində nə qədər olduğunu bilmirdim) dilənmək olar?! Zalım qızı, zalım, Allah gözünü doydursun! – deyə bir ara öz-özlüyümdə qınadım da onu, ta ki anasından qəpik alıb ovcuna qoymaq üçün qarıya doğru qaçan balaca qızcığazın ayağı əsaya ilişənə qədər...

Qarı böyrü üstə yerə çırpıldı, burnundan qan açıldı. Əlindəki qəpiklər qar üstünə səpələndi. Qızcığaz qorxub ağlaya-ağlaya anasına tərəf qaçdı. Az zaman keçmiş qarının donmuş cəsədi dairəyə alındı – maraqlı insanlar tərəfindən. Avtobusda da hamı o tərəfə boylanaraq “öldü! – sağdı!” “savaş”ına başlamışdı. Heyif “qaqaş”ın tumu qurtarmışdı. Mənsə şokdaydım, bir toxunuş bütün suallarıma məntiqli cavab vermişdi, nə edəcəyimi bilmirdim, qurumuşdum, baxışlarım belə donmuşdu, eynən qarı kimi. Onun xoş simasının, qəribə, sirli sevincinin, dişlərinin və gözlərinin parıltısının səbəbi lap qar kimi aydın olmuşdu – Allahdan qar dilənən qarının əlinə yağan qar kimi... Bilsəydim “Allah qarnını doydursun” deyərdim bayaq, “gözünü doydursun” demək əvəzinə... Artıq gec idi, olan olmuşdu, deməyə bir söz qalırdı mənə - Allah rəhmət eləsin!

Əllərim “ekran”ı təmizləməyə davam etsə də, görə bilmirdim, təəccüblənmişdim. Yalnız ilk damla dodağıma çatanda anladım gözlərimin yaşla dolduğunu. Sərnişinlərin baxışlarını üzərimdə hiss edirdim, utansam da, göz yaşlarım dayanmırdı. Deyəsən, yol açılmışdı. Sürücü mühərriki işə saldı, asta sürətlə irəliləməyə başladı. PLAY basılsa da, filmin marağı qalmamışdı, həvəsim də yox idi, olsaydı belə, hava daha da qaralmışdı, heç nə görmək olmurdu. Film yarımçıq qalmışdı...

Avtobus tərpənən zaman çevrilib arxa şüşədən son dəfə qarıya tərəf boylandım və ətrafa toplaşan insanların ayaqları arasından bir parıltı – onun donmuş gözlərini və dişlərini gördüm. Bu, SON KADR idi və heç vaxt yadımdan çıxmayacaqdı. Film isə çoxdan bitmişdi, özü də qəhrəmanın ölümüylə... Ancaq o, hələ də gülürdü...
XS
SM
MD
LG