Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:45

Zümrüd Yağmurdan yeni roman gəldi (Əsərdən parçanı oxu)


Azerbaijan - Azeri author Zumrud Yaghmur, undated
Azerbaijan - Azeri author Zumrud Yaghmur, undated
Yazıçı Zümrüd Yağmurun “Diriləri basdırın” adlı növbəti romanı çap olunub.

Diktatorlara ithafən yazılmış romanda “insanın hər şeyini, bütün dəyər və mənəvi keyfiyyətlərini, hətta doğmalarını belə hakimiyyət hərisliyinə qurban verməsi əks olunub”.

Bir müddət əvvəl Z.Yağmur Bakıdakı özəl mətbəələrdən birinin əvvəlcə onun romanını çap etməyə razılıq verdiyini, amma sonradan “Diktatorlara ithaf”la yazılmasına görə bundan imtina etdiyini bildirmişdi.

Kitabı "Əli və Nino", Akademkitab, eləcə də metronun Nizami və İçərişəhər stansiyalarının girişində yerləşən kitab dükanlarından əldə etmək olar.

Romandan bir parçanı oxucularımızın ixtiyarına veririk:


Zümrüd Yağmur


DİRİLƏRİ BASDIRIN

Diktatorlara ithaf

Rəşad dirsəklərini stola dayayıb başını əlləri arasına aldı. O, tez qalxıb buradan getmək, Əsməri görmək istəyirdi. Ayaqlarındakı sızıltı getdikcə bədəninə yayılırdı və o, ağırlaşan başını bir azdan daşıya bilməyəcəyini düşünüb dərindən köks ötürdü.

Tale onu məzarlıqdan alıb “həyat” deyilən bu gurultunun içinə atmışdı. O, indi bu həyatın əlində oradan-bura atılan, gah sauna işlədib özü də fahişə qızlarla əylənən, ya da narkotik alveriçisinə çevrilən bir adama dönmüşdü.

Həyatın onun ətrafında fırladığı dinamikliyə hələ də tam alışa bilməmişdi.

“Güclü olmaq! Nədir axı bu güclü olmaq? Əslində, güclü olmaq deyilən bir şey yoxdur axı... Gücün özü yoxdur çünki... Bu, nisbidir, dəyişkəndir, hətta bayağı dərəcədə sürüşkən, küçə qadını qədər səthidir. Mən niyə güclü olmaq istəyirəm? Nə edəcəyəm o gücü? Bu güc məni hara götürəcək? Təbiətə, aslanın, şirin yanına... Yaxşı, niyə şirin? Şir niyə? Bu, haradan gəldi ağlıma? Hə, şir... uşaqlıqda oxumuşdum.... hərə bir şeyə “sən nə güclüsən” deyir. Ay siçan..., ay pişik...., ay it.... Amma bunların heç biri güclü deyil, daha doğrusu, onların gücü özündən zəifin yanındakı gücdür. Məsələn, pişik siçanın yanıda güclüdür, itin yanındasa zəifdir. Beləcə, davam edir, edir... və sonda şirə dayanır. Amma şir nə qədər nərildəsə də, guruldasa da, güclü olduğunu sübut edə bilmir. İnsanlar ondan güclüdür. Amma bu silsilə bitmir, bitmir... eləcə zəncir kimi halqaları bir-birinə bağlanıb gedir. Demək, “güclü olmaq” deyə bir şey yoxdur. Sadəcə, güclü olmaq istəyənlərin arzuları və bu istəklərin təzahüratı var. General güclüdür, hə, güclüdür, amma onun da zəif olduğu, kiminsə qarşısında əyildiyi biriləri var, mütləq var. Mümkün deyil ki, olmasın. Bəs, onda nə edir o bu gücü? Nə edir? Axmaq, mənim
kimiləri əzir, istədiyi formaya salır, alır, satır, kimliyimizi istədiyi kimi formalaşdırır. Mən... Mən varam ki? Hanı mən? Tüpürəm mənim mənliyimə! Bacımı nə vaxtdır görə bilmirəm, “mən” deyib durmuşam. “İndi gedərəm” deyirəm, amma buradan qalxıb bir fahişənin qucağında onu unudacam. Hər şeyi, hamını, hətta anamı, atamı danacam. İndi məzarlarını heç günlərlə xatırlamıram... Yaxşı, tutaq ki, mən lap güclü oldum, qoy olsun General qədər, birilərlərinin qarşısında əyildim, sındım, amma birilərini də qarşımda əydim, sındırdım. Bunlar bir-birini tamamlaya biləcəkmi, qapada biləcəkmi güclə zəiflik bir-birini?! Hə, bərabərlik olacaq, yoxsa balans yenə pozulacaq? Pozulacaq, bilirəm... Deyən lazımdır ki, ay əbləh, əgər pozulacaqsa, niyə güc deyib, dirmusan? İndi qalxıb çıxsam, Əsməri də alıb uzaqlar getsəm, bunların hamısı bir anda yox olacaq, hər şey... Kəndə qayıdaram, Əsmər də yenə orda yaşayar, mən də ölənləri basdıraram, bu gurultu, qızlar, əyləncə, güc də gərəyim olmaz. Nəyimə lazımdır mənim orda güc? Amma burada qalsam, güclü olmalıyam. Ən azından indiki kimi olmamalıyam, olmamalıyam... Bu, mümkün deyil. Əzilmək, qaranlıqda yaşamaq, aciz olmaq, məzar daşı görən kimi ölümdən qorxa-qorxa titrəmək istəmirəm mən! Mən dəyişmişəm? Yox, əslində bura gələnə qədər belə olub, kimsəyə də deyə bilməmişəm bunu... Qorxu deyildi bu, üşüməkdi, soyuqdan ölməkdi. Amma Əsmər üşümürdü, o, məzarlardan da qorxmurdu. O, adamlardan daha çox qorxurdu, adamlardan... Yaxşı, bunu bilə-bilə, niyə onu adamların, özü də tanımadığı adamların arasında tək qoyub gəldim?! Gəldim, yox, getdim mən... Onun yanına gələ bilmirəm, indi durub getsəm Əsməri qucaqlayaram, mütləq ağlayacaq, üzü də solacaq, əlləri də mənə elə sarılacaq ki, sanki daha açılmayacaq, onlardan xilas ola bilməyəcəyəm... Boğulacam, darıxacam... amma yenə durum, gedim, gedim...” Yenə hər şey ikiləşdi, yaddaşında basdırmağa çalışdığı Rəşad onunla üzbəüz dayandı.

Rəşad başını qaldırdı. Ondan az aralıda gənc, solğun bənizli, gözəl bir qız bütün bədənini əsdirə-əsdirə rəqs edirdi. Rəşad bir anlığa bu qıza baxıb Əsməri düşündü. Ürəyi sıxıldı və Mənsum onun rənginin necə ağardığını gördü.

- Nə oldu, nə oldu? Bir yerin ağrıyır, hə? Bir din də, ay adam...

- Yox, ağrımır, Əsməri düşündüm. Görmək istəyirəm, indi gedirəm, elə indi... Sonra yenə gedə bilməyəcəyəm, amma getməm lazımdir...

- Gedirik də, indi gəlirlər. Gözlə, birlikdə gedərik, mən də Generala baş çəkəcəm. Gedərik, az səbr et, gedərik. Əsməri burada niyə düşünürsən, yer tapdın? Bacını adam belə yerlərdə düşünməz, bu axmalıqdır, bildin? Onlar hara, Əsmər hara...

- Amma onlar da təmiz, saf olublar. Özün dedin bayaq, həyat hərəsini bir yana tullayıb. Vicdanım haqqı, bunlardan betər fahişələr var, daxilində bunların olduğundan daha atrıq fahişəliyi olanlar var ki, indi evində xanımlıq edir. Həyatdır də, hərəni bir yerdə duelə çağırır, sonra da sən gözləmədiyin halda hədəf alıb atır, yaralayır, zəif salır. Elə ki zəif düşdün, bir yerlərə atıb yenisinin dalınca ova çıxır. Belə deyil? Elədir, sən də bilirsən.... Guya sən qurbanlıq deyilsən? O özünü əsdirən qızdan nəyimiz yaxşıdır bizim? Hə, o qadındır, satdısa - fahişədir! Ay qardaş, bizim də satılası şeyimiz vicdanımız, ləyaqətimizdir, onu satmışıq da, yoxsa burda nə işimiz vardı?! Hə, bax, mən necəyəm? O kənddən gəlmiş ürkək oğlandan nə qalıb məndə? İlk dəfə saunada o fahişə məni zorlayanda itirdim də mən ləyaqətimi... Nədi, nə gözlərini bərəldirsən? Belə olmayıb?! Mən alçaq da zorlanmama izn verdim, elə bildim kişilikdi bu... Amma sən demə kişiliyindən olmaqmış. Kişi olsaydım indi o qıza elə ağzı sulana-sulana baxardım? Yox! İndi dur get, onunla əylən, yat, bu da olacaq kişi halı, hə? Amma o qızın halı qadınlıq halı deyil, fahişəlikdir. Bəs onda biz kimik, hə?! Onun ismətini bizim kimilər parçalamır, didmir?!... Deyirsən “bunun kimisi”... Nə bilirsən, onun kimisi bəlkə heç yoxdur? Bəlkə indi oynaya-oynaya ürəyi ağlayır, olmaz? Hə, olmaz?!... Bax, mən kişilyimi itirib qan ağlamıram, demirəm ki, kişi deyiləm... Bəlkə, o bilir qadın olmadığını, bunun yasını saxlayır? Bizə nə, hə, bizə nə? Kişiyik, alırıq, satırıq, istədiyimizə sahiblənirik, sonra da ayağımızın altına alıb döyürük. Bax, mən indi o qızı döyə bilərəm, ancaq qapıda dayanan vəhşini döyə bilmərəm. O qızın qabağında cəngavərəm mən, əzərəm onu, amma o qapıçının yanında cücəyəm, cücə! Məni söysə də əl-qol atmaram, yola verməyə çalışaram. Amma o qız məni söysə, baa, onda aslan olacam. Bax, əsl məsələ budur - zəifin qarşısında aslan, güclünün qarşısında cücə, tülkü... General kimi... Tüpürüm sənin Generalına, adamdır o? Güclüdür, hə? Bəs niyə səhərdən axşama kimi güllükdən, bağçadan çıxmır, niyə? Çünki özünü tanıyır, bədbəxtdi, yaramaz olduğunu bilir, güllərin arasında gizlənmək istəyir! Elə ki o bağdan çıxır, şirə dönür... Nədi, qorxdun? Elədir də...

- Yenə başladın. Vallah, sənin bu halını daha çox sevirəm də... Bu qədər işin içində hələ bir filosofluq da edirsən. Amma gözlə ki, başına bəla olmasın bu... Səni anlamaq da olmur, birdən, şirə dönürsən, gücdən dəm vurusan, sonra da rast gəldiyin birini müdafiə edirsən. Gah hər şeydən imtina edirsən, gah da xırda bir şeydən ötrü canavara dönürsən... Ancaq sən yenə də bunları danışma, bildin? Ay adam, başın xarab olacaq, gedib-gəlirsən, bir yerdə dura bilmirsən, nədi? Hamımızı öldürtmək istəyirsən? Qalx, qalx, get maşına otur! Burda qalsan, bir zibil çıxaracaqsan. Mən gəlirəm, maşında gözlə...

- Gedirəm, gedirəm... Amma bəzi şeylərə ölüm hökmü oxuyub öldürməyin vaxtı çatıb...

- Rəşad yavaşca desə də Mənsum eşitdi və onun havalandığını düşünüb başını yırğaladı.
XS
SM
MD
LG