Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:06

Azərbaycanla İsrailin 4 milyard dollarlıq ticarət dövriyyəsi


Avigdor Lieberman
Avigdor Lieberman
Aprelin 22-də İsrailin Xarici İşlər naziri Avigdor Lieberman Bakıya rəsmi səfərə gəlib. Aprelin 23-də isə o, prezident İlham Əliyevlə və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb.

Rəsmi məlumatda bildirilir ki, A.Lieberman prezident İlham Əliyevlə görüşdə Azərbaycana səfərindən ötən dövr ərzində ölkədə çox böyük inkişafın şahidi olduğunu deyib. Prezident Əliyev isə Azərbaycanda quruculuq işlərinin ardıcıl olaraq sürətlə həyata keçirildiyini vurğulayıb. Görüşdə Azərbaycanla İsrail arasında əlaqələrin müxtəlif sahələrdə inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İsrailin xarici işlər naziri Bakıda jurnalistlərə bildirib ki, Azərbaycanla İsrail arasında qarşılıqlı etimada söykənən, səmərəli münasibətlər var.

4 MİLYARD DOLLARLIQ DÖVRİYYƏ

A.Lieberman iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrin olduğunu, iqtisadi əlaqələrin də inkişaf etdiyini deyib:

«Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb. [Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin məlumatına əsasən, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 855 milyon dollar olubred.] Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşlər keçirdim. Görüşlərdə beynəlxalq siyasətin bütün spektri, regional məsələlər, o cümlədən İranla bağlı məsələ müzakirə olundu. Azərbaycan beynəlxalq arenada özünəməxsus yerə malikdir, ölkəniz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, «Eurovision» kimi nüfuzlu müsabiqəyə ev sahibliyi edir».

Bu səfərdən əvvəl ABŞ-ın «Foreign Policy» jurnalı İsrailin İrana mümkün hücum üçün Azərbaycanın hava limanlarında birini alması haqqında yazmışdı. Bu xəbərləri rəsmi Bakı təkzib edib.
Elxan Şahinoğlu
Elxan Şahinoğlu
A.Lieberman da İsrailin Azərbaycan ərazisində hərbi bazalarını yerləşdirməsi barədə xəbərlərin əsassız olduğunu bildirib.

İRAN VƏ TÜRKİYƏ

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İsrail ilə Azərbaycan arasında mədəniyyət və kənd təsərrüfatı sahəsində əməkdaşlığın olduğunu, son zamanlar iki ölkə arasında hərbi əməkdaşlığın diqqət çəkdiyini bildirir:

«Biz İsraildən 1.6 milyard dollarlıq silah almışıq. Bu da İranı qıcıqlandırır. Türkiyə ilə İsrail münasibətləri son zamanlar gərginləşib. Azərbaycanın da strateji müttəfiqi Türkiyədir, İsrail deyil. Bu mənada Lieberman'ın səfəri Ankarada müəyyən suallar doğurur. Ona görə İsraillə hərbi əməkdaşlıq edərkən iki məqama diqqət yetirmək lazımdır. Birincisi İrandır. İrandan təzyiq arta bilər. Biz hər zaman buna hazır olmalıyıq. Digəri də Türkiyə. Bakıda Lieberman'a o da izah olunmalıdır ki, onların İrana hava zərbəsi endirməklə bağlı planları varsa və bu mənada Azərbaycanı özlərinə strateji tərəfdaş sayırlarsa, Azərbaycanın da maraqlarını nəzərə almalıdırlar. Lieberman'a o da izah olunmalıdır ki, Türkiyəni görməzlikdən gəlib Azərbaycanla əlaqələri inkişaf etdirmək mümkün deyil».

KİMİNSƏ XOŞUNA GƏLMƏK YA GƏLMƏMƏK...

Rasim Musabəyov
Rasim Musabəyov
Politoloq Rasim Musabəyov diqqəti Azərbaycanla İsrail arasında 4 milyard dollarlıq ticarət dövriyyəsinə yönəldib deyir ki, Azərbaycan öz münasibətlərini özü müəyyənləşdirir:

«Bizim İsraillə kifayət qədər böyük ticarət dövriyyəmiz, Azərbaycanla İsrailin çoxşaxəli münasibətləri var. Oturub düşünəcəyik ki, bu səfər İranın xoşuna gələcək ya yox? Azərbaycan öz beynəlxalq münasibətlərini kimin xoşuna gəlib-gəlməməsi ilə müəyyənləşdirmir».

Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun sədri Yevda Abramov Lieberman'ın səfərinin iki dost ölkə arasında 20 il davam edən tərəfdaşlığın, əməkdaşlığın nəticəsi olduğunu bildirir:

«Bu səfər müasir dövrdə strateji maraqlar baxımından hər iki dövlət üçün çox önəmlidir. Bu gün bölgənin çox böyük problemləri var. Bu problem yalnız bu iki dövlətə aid deyil. Artıq bu problemlər dünya siyasəti müstəvisinə çıxıb. Bununla ən böyük dövlətlər belə məşğul olur. Bu səfər çox mühümdür».
Yevda Abramov
Yevda Abramov

SƏFİRLİK PROBLEMİ

Elxan Şahinoğlu diqqəti Azərbaycanın İsraildə hələ də səfirlik açmamasına yönəldir:

«Bir tərəfdən İsraillə hərbi əməkdaşlığı inkişaf etdirərkən digər tərəfdən İran amilini nəzərə alıb İsraildə səfirliyin açılmaması özü də çox böyük ziddiyyətdir».

Parlamentdən Yevda Abramov isə deyir ki, Azərbaycanın İsraildə səfirliyinin olmaması münasibətlərə xələl gətirmir:

«Bizim İsraildə Azərbaycan-İsrail Cəmiyyəti Assosiasiyası var. Bizim iki parlament arasında çox çevik işləyə bilən dostluq qruplarımız var. Nazirlər səviyyəsində görüşlər olur. Ancaq yenə deyirəm, səfirliyin olması daha yaxşı olardı».

A.Lieberman Azərbaycan Dillər Universitetinin nəzdində İsrail Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. Onun səfəri aprelin 24-ə qədər davam edəcək. A.Lieberman bundan əvvəl 2010-cu ilin fevralında Bakıda olub.

XS
SM
MD
LG