Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:46

Jalə. Bacaracağıq


"Adamlar" silsiləsindən


Bacaracağıq!

Kədərli şeirlər oxumağı sevməyən Rəbiqə üçün

quruyacaq göz yaşlarımız,
üsyanların ən asanını -
Allaha üsyanı belə unudacağıq…

unudacağıq qısqanclığı,
hətta sən də,
mən də qüruru evdə qoyacam…

öncə
gedəcəyik dərdin üstünə
gülüşümüzdən çaşacaq,
gözümüzdə,
qəlbimizdə
ona yer olmadığını görəcək
çıxıb gedəcək,
küsəcək bizdən
əbədi qonaq
əbədi olaraq…

sonra da
Günəşdən əlborcu
sap alıb
qıpqırmızı donlarımıza
qızılı naxışlar vuracağıq…

qanadlanacağıq,
uçacağıq,
bacaracağıq
xoşbəxt olmağı…

yağışa dil çıxarmaq,
günəşə göz vurmaq,
küləyə burun qırışdırmaq
ancaq bizim ağlımıza gələcək…

ağlımıza gəlməyən başımıza gələcək -
“dünyanın ən gözəl qadınısan…” deyəcəklər,
sevinəcəyik, inanacağıq,
“dünyanın bütün qadınlarını gördünmü?”
soruşmayacağıq…
qəsdən…

onlar mütləq tapılacaq -
bizdən azad,
bizdən xoşbəxt…
yalnız xoşbəxtlər
bacarırlar xoşbəxt eləməyi…

eheey, biz hələ sevəcəyik, dostum…
hələ sevəcəklər bizi
dəli-dəli…
XS
SM
MD
LG