Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:21

Mətləb Muxtarov. Azadlıq heykəli


Mətləb Muxtarov

ŞEİRLƏR


Azadlıq heykəli

(for Pablo N)

Bizi həbs etdilər yağışlı oktyabr gecəsi
məni, Pablonu və azadlıq heykəlini
ayaqqabısı cırılmışdı gecənin,
su keçirirdi başımıza, islanmışdıq.
Azadlığın əlində yanırdı molotov kokteyli
yağış onu söndürməmişdi,
yağış onu söndürə bilməzdi,
çünki yağış bizim dostumuz idi.

Əvvəl polislər bizi dövrəyə aldılar
və əlimizi bağladılar ki, yazmayaq.
yazmadıq... yazmayacayıq, rədd olun!
sonra ağzımızı bağladılar ki, danışmayaq
danışmadıq... danışmayacayıq, rədd olun!
sonra gözümüzü bağladılar ki, görməyək...
Görürük... görürəm və
hər yer işıqlıdır yağışlı oktyabr gecəsində
Qaranlıq it kimi ulaşır sabahın gəlişinə
qaranlıq düşməndir molotov kokteylinə
yağış ürəyimizi islada bilmir nədənsə
və azadlıq heykəl kimi donub yerində

Bizi həbs etdilər yağışlı oktyabr gecəsi
məni, Pablonu və azadlıq heykəlini
ayaqqabısı cırılmışdı gecənin
su keçirirdi başımıza, islanmışdıq.


Qadınlar Sevir

Kiçik oyuncaq qablarında
kişi hormonları böyüyür.
Uşaqlar ölür...
Uşaqlar ölmür...
Kiçik yemək qazanlarında
böyük kişilər kiçilir.
Qadınlar bilir,
sabahın yaşam reseptlərini.
Uşaqlar gülür,
alçaqdan uçan quşlara.
Həyat sözü hecalara bölünür.
Hə, yat!
İnsan ömürlük oyaqdır, həyat...
Məni aparsın uçan boşqablar.
Təki evlərdəki "uçan" boşqablar,
aparmasın.
Məni gətirib uçan xalçalar.
Divardan asılan xalçalar aparmasın.
Kiçik kişi qollarında,
yeni körpələr böyüyür.
Sanki yeni kölgələr böyüyür.
Qadınlar görür,
körpənin gözündəki kişini.
Bəlkə də hiss edir.
Bəlkə də sevir,
körpənin gözündəki kişini


Ardıcıllıq

sonra ağ ayılar düşdü,
sonra pandalar düşdü,
sonra zebralar,
sonra Sibir pələngləri,
Afrika filləri, Asiya filləri,
qorillalar, koalalar, kivilər,
bəzi-bəzi ağaclar,
sevgi,
dostluq,
qardaşlıq,
yoldaşlıq,
amma ən birinci insanlıq düşmüşdü
"Qırmızı Kitab"a


Körpənin Günəşi

Yeni çıxan dişlərini
barmağı ilə itiləyən körpə.
Nə vaxtsa onların sarılığında
günəşi axtaracaq...


''Avtobus''

Qabaq şüşəsində
''Allah Qorusun'' yazılmış avtobusun
əyləci işləmirdi...
Sürücüdən savayı
heç kəs bunu bilmirdi...
hətta allah da


Azərbaycan

Salam, Azərbaycan.
Necəsən?
Mən yaxşıyam, narahat olma...
Azərbaycan,səndən uzaqda, hər gecə sənin xəyalınla yatıram.
Yuxuda səni görməsəm də, öpüşdüyümüz az olmayıb,
axı əsl sevgililər öpüşərkən gözlərini yummalıdır.
Gözlərimi yumduğum üçün səni görə bilmirəm.

Azıx mağarasında heç vaxt olmamışam, heç olmaq da istəmirəm
çünki mağaranın adı adamı azdırır. "Azmaq" istəmirəm, Azərbaycan.
Sodom və Homorranın taleyini yaşamaq gücündə deyiləm, bağışla.
Keçmişlə fəxr eləmək lazım deyil,
hansısa qadının alt çənə sümüyü ilə fəxr edə bilmərəm,
mən dünya adamıyam. Amma yenə də səni sevirəm və bilirəm ki,
qocalığım Sumqayıtın küçələrini sülənərək keçəcək. Bu mənim arzumdur.
İnan mənə, bu mənim arzumdur.

Nə Manna,
nə Atropatena, nə Şirvanşahlar, nə Şəddadilər, nə Rəvvadilər...
heç biri mənə yaxın deyil Real Madrid qədər.
Heç birində doğmalıq hiss etmirəm Tarkovski qədər.
Bəzən muğam dinləyərək ağladığım vaxtlar olub, amma
"Nothing else matters" qədər sarsılmamışam.
Etiraf edirəm,
Bayatı-Şirazını belə "Still got the blues" qədər dinləməmişəm.

Bəlkə də ruhən xürrəmiyəm, bəlkə də hamımız ruhən xürrəmiyik,
sən də,Azərbaycan... Babək Bakının atası sayılır yəqin ki...
Ba-ların uyğunluğuna fikir vermisənmi ? çox qəribədir...

Sənə sualım var, Azərbaycan,
niyə uşaqlarının adını qoyunla adaş eləmişdin?
Ağ-Qara həyatın əsl rəngləridir, amma niyə məhz qoyun?
Kəsməyə başqa dövlət tapmamışdınmı?

Hərdən fikirləşirəm ki,
mən on dörd yaşlı uşağın kötücəsi ola bilmərəm.
Mən ərəb tayfasının ruhən məğlub insanlarının qalığıyam.
Sənin ən məşhur savaşında belə bir erotizm var, Azərbaycan.
Və o yataqda sən öz qardaşına məğlub olmusan.

Kişilərindən çox qadınlarınla fəxr edirəm, Azərbaycan.
Nigarla, Həcərlə, Sara Xatunla... hətta Tomrisinlə belə.

Bir zamanlar ataların bəy olub, Azərbaycan.
Amma indi bəylər belə atalıq iddiasında deyil,
hamının bir atası var, Azərbaycan...o da sən deyilsən.

Hər rayonunda bir xan balası yetişib,
hanı onlar, Azərbaycan ?
Hər şəhərin bir xan torpağıymış,
Elə indi də xanlıqlara bölünmüsən,
amma sənin xəbərin yoxdur.

Səni əsgərlik xatirələri qədər sevirəm.
Gizirlərin söyüşləri qədər acizsən, Azərbaycan.

Nizamin belə farsa yazıb-yaradıb,
Füzuli haqqında isə heç bir fikrim yoxdur,
çünki indi o işğal altındadır.
Nəsimi olmasaydı, daha böyük görsənərdin, Azərbaycan.
Dünya bir insana sığışa bilməz!

Neçə dəfə əməliyyat olunmusan?
Ayağını müharibələrdə itirməkdən bezmədinmi?
Eybi yox, təki ağlını itirmə, Azərbaycan.

Adın o qədər uzundur ki, Bakı demək istəyirəm sənə.
Şairlər səndən şeir yazarkən çox əziyyət çəkiblər,
adın heca vəznini əziyyətə salsa da,
qafiyəyə uyğunsan, Azərbaycan.

Bu qədər yazdım, bəsdir.
Hələlik, Azərbaycan.
Sənin sağlığına içirəm...
XS
SM
MD
LG