Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:06

Akademik Rafiq Əliyev işdən çıxarılıb


Rafiq Əliyev
Rafiq Əliyev
Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

Ona işdən çıxarılması ilə bağlı əmr noyabrın 4-ü Ziyalılar Forumunda iştirakından əvvəl təqdim edilib. Əmri kadrlar şöbəsinin müdiri çatdırıb.

Rafiq Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri idi.

Noyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində «Milli Birliyin şərtləri və yolları» mövzusunda keçirilən foruma sədrliyi akademik Rafiq Əliyev edib. Həmin forumda tanınmış ziyalılar ölkədəki ictimai –siyasi vəziyyəti tənqid ediblər.

Rafiq Əliyev 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.

ELDAR NAMAZOV: «BU, BÜTÜN ZİYALILARA QARŞI TƏZYİQ KAMPANİYASIDIR»

Ziyalılar Forumunun təşkilatçılarından Eldar Namazov hesab edir ki, Rafiq Əliyevin işdən çıxarılması onun ictimai-siyasi fəallığı ilə bağlıdır. O, bura akademikin gənclərin həbsi ilə bağlı tənqidi fikirlərini də aid edir.

Eldar Namazov
Eldar Namazov
Eldar Namazov belə bir qərarın yuxarıdan verildiyini düşünür:

«Əminəm ki, Rafiq Əliyevin işdən çıxarılma əmri rektorun şəxsi qərarı olmayıb. Çünki dünyada tanınan bir alim barəsində verilən bu qərar Akademiya üçün də biabırçı bir qərardır. Yəqin ki, Akademiya rəhbərliyinə bununla bağlı ciddi təzyiqlər edilib».

Eldar Namazovun fikrincə, bu, tək bir nəfərə deyil, bütün ziyalılara qarşı başlanmış təzyiq kampaniyasıdır.

Təhsil Nazirliyindən isə Rafiq Əliyevin işdən çıxarılmasına münasibət bildirmirlər.

70-Cİ MADDƏNİN «Ç» BƏNDİ

Rafiq Əliyevin əmrində onun Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndini pozduğuna görə vəzifədən azad edildiyi qeyd olunur.

Məcəllənin həmin bəndində deyilir:

«işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda (72-ci maddə) əmək müqaviləsi ləğv olunur».

Rafiq Əliyev kafedra müdirliyindən uzaqlaşdırılsa da, o, Akademiyada qalır.
XS
SM
MD
LG