Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 07:18

Birincilərin təzə kitab arzusu


Arxiv foto
Arxiv foto
«Birinci siniflərə verilən kitablar hamısı köhnədir. Bizə verilən kitablar 2008-ci ilin kitablarıdır. Bütün tapşırıqların cavabları qələmlə yazılıb. Məktəbdə deyirlər ki, nazirlikdən kitab ayrılmalıdır, amma hələki yoxdur. Bu kitablar dəyişdirilməlidir».

«NİYƏ ÖZÜMÜZ ALMALIYIQ?»

Bakı sakini Gülnaz Səmədovanın (ad şərtidir- M.Ç.) övladı bu il Binəqədi rayonundakı 207 saylı orta məktəbin 1-ci sinfinə gedir. Deyir həvəslə kitab götürməyə getsələr də cırıq, vərəqləri yazılmış dərslikləri onlara verəndə xeyli məyus olublar. Problemi direktora şikayət etməklə aradan qaldırmaq cəhdləri isə uğursuz alınıb. Onlara məktəbin bundan başqa əlavə kitabları olmadığını deyiblər. Valideynə məsləhət görülüb ki, əgər bu kitabları götürmək istəmirlərsə, onda satış mərkəzlərindən əldə edə bilərlər.

Gülnaz Səmədova isə bu məsləhətlə razı deyil. Deyir orta məktəb şagirdlərinə pulsuz kitab verilməli olduğu halda o, nəyə görə kitabları özü almalıdır?

ƏVVƏLCƏ MƏKTƏB DİREKTORU, SONRA KATİBƏ

Məktəbdən isə valideynlərin şikayətinin əsassız olduğunu deyirlər. Əvvəlcə özünü məktəb direktoru kimi təqdim edən xanım kitab məsələsinin Təhsil Nazirliyinə və nəşriyyata aid bir məsələ olduğunu və buna görə məktəbin məsuliyyət daşımadığını bildirdi:

-Mən yüksək vəzifəli şəxs deyiləm ki, adicə məktəbin direktoruyam. Məktəb nəşriyyat deyil ki. Məktəb kitabı alır, paylayır. Kitabı pulla paylasaq, şikayəti qəbul etmək olar. Ona görə də sizə şikayət edənlərə deyin ki, gedin şikayətinizi Təhsil Nazirliyinə edin. Sualı düz ünvanlamaq lazımdır.

-Xanım mən kiminlə danışıram?

-Məktəbin katibəsi ilə....

Faiq Şahbazov
«KİTABLAR 4 İLDƏN BİR ÇAP OLUNUR»

Təhsil Nazirliyində Dərslik və Nəşriyyat Şöbəsinin müdiri Faiq Şahbazov deyir ki, kitablar 4 ildən bir çap olunduğundan bu ilki 1-ci sinif şagirdlərinə köhnə kitabların verilməsində qeyri-adi bir hal yoxdur:

«Dərsliklər 4 il üçün nəzərdə tutulub. Bəzi valideynlər köhnə kitabları istəmir. Ancaq hər il hamıya təzə kitab verməyi biz çatdıra bilmərik axı».

Nazirlik rəsmisi deyir ki, çatışmayan dərsliklərlə bağlı problemi rayonlar üzrə Təhsil Şöbələrinin kitab fondundan məktəblərə əlavə kitablar paylamaqla həll etməyə çalışacaqlar.

Faiq Şahbazov köhnə kitabları götürmək istəməyənlərə məsləhət görür ki, özləri satış mərkəzlərindən alsınlar. Bütün şagirdlərə dərsliklərin pulsuz verildiyini deyən Faiq Şahbazovun sözlərinə görə, dərsliklər 4 ildən bir yenilənsə də, sonrakı 3 ildə də keyfiyyətsiz hala düşən kitabları əvəzləmək üçün kitabların 45 faizi yenidən çap olunur.

Əlövsət Osmanlı
KİTAB MƏSƏLƏSİNDƏ GİGİYENA VƏ KORRUPSİYA SÖHBƏTİ

Dərslik məsələləri üzrə ekspert Əlövsət Osmanlı isə hesab edir ki, bütün siniflər üzrə olmasa da ən azından 1-ci sinif şagirdlərinə hər il yeni kitablar verilməlidir. Ekspertə görə, birincilər yuxarı sinif şagirdləri ilə müqayisədə kitablarla o qədər də səliqəli davrana bilmir, onlar kitabları daha çox çirkləndirir. Bu səbəbdən də Əlövsət Əliyev çirkli kitabların yenidən növbəti 1-ci siniflərə ötürülməsini ən azı gigiyenik baxımdan düzgün addım saymır. Digər tərəfdən ekspert burda korrupsiya amilinin olmasını da istisna etmir. Onun deməsinə görə, 4 ildən bir məktəblərə yeni kitablar paylansa da, növbəti 3 ildə çap olunan kitabların əksəriyyətini satışa çıxarılır.
XS
SM
MD
LG