Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:10

Azərbaycanda neçə siyasi məhbus var?


Etiras aksiyası
Etiras aksiyası
Bir neçə hüquq müdafiə təşkilatının təmsil olunduğu Monitorinq Qrupunun siyahısında indi 13 siyasi məhbusun adı var. Həmin qrupa daxil olan İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlının deməsinə görə, onlar potensial siyasi məhbus hesab etdikləri 2 aprel məhbuslarından 6 nəfərlə bağlı apellyasiya məhkəməsinin qərarını gözləyirlər.

13 ÜSTƏGƏL...

Hüquq müdafiəçisi deyir ki, əgər Bakı Apelyasiya Məhkəməsi rayon məhkəməsinin hökmünü qüvvədə saxlayacaqsa onda aprel məhbuslarını da siyasi məhbus siyahısına daxil edəcəklər:

«2 aprel məhbusları Amnesty International təşkilatı tərəfindən həm vicdan məhbusu kimi tanınıblar, həm də bizim siyahıda potensial siyasi məhbusdurlar. Ona görə də apelyasiya məhkəməsinin qərarını gözləyirik. İlkin məhkəmənin hökmü qüvvədə saxlansa onda 13 nəfərin üstünə 6 nəfər də gələcək».

Səidə Qocamanlı təəssüflə bildirir ki, onların azaltmaq istədiyi siyahını Azərbaycan məhkəmələri artırmaqda davam edirlər.

DAHA İKİ FƏRQLİ SİYAHI

İnsan Hüquqları Müdafiə Təşkilatları Federasiyasının siyahısında isə siyasi məhbusların sayı 60-dır. Bu siyahını Monitorinq Qrupuna daxil olan təşkilatlar qəbul etmirlər. Hesab edirlər ki, həmin siyahıda terrora görə, həbsə atılanların da adları var.

Rəsul Cəfərov
Siyasi məhbuslarla bağlı üçüncü bir siyahı ötən ilin dekabrında təsis edilən İnsan Hüquqları Klubuna məxsusdur. Klubun koordinatoru Rəsul Cəfərovun deməsinə görə, onların siyahısında da siyasi məhbus hesab etdikləri 30 nəfərin adı var:
«Bura həm 2 aprel aksiyasına görə həbs edilənlər, Bəxtiyar Hacıyev, Cabbar Savalanlı, o cümlədən İslam partiyasının həbs edilən üzvləri daxil edilib».

RƏSMİ MÖVQE: AZƏRBAYCANDA SİYASİ MƏHBUS YOXDUR

Azərbaycanın rəsmi qurumları isə ölkədə siyasi məhbus olmasını qəti inkar edirlər. Elə bu səbəbdən də Avropa Şurasının Hüquqi İşlər və İnsan Haqları komitəsi Almaniya Bundestaqının deputatı Kristof Ştrasseri Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi təyin etsə də o Azərbaycana gələ bilmir. AzadlıqRadiosuna müsahibəsində cənab Ştrasser ona viza verilmədiyini deyib.

Azərbaycanın xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev də Azadlıq Radiosuna müsahibəsində Kristof Ştrasserə (Christoph Strässer) viza verilməməsini onun mandatı ilə əlaqələndirib.

Cristoph Strasser
Nazirlik rəsmisi deyib ki, siyasi məhbuslarla bağlı meyar hələ müəyyən olmadığı üçün bu səfərin həyata keçirilməsi də mənasız hesab olunur. Nazirlik AŞPA-nın siyasi məhbuslarla bağlı Azərbaycan üzrə məruzəçi təyin edilməsini ölkəyə qarşı ayrı-seçkilik hesab edir. AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da yerli mətbuata müsahibəsində deyib ki, sentyabrın 15-də başlayacaq Parlament Assambleyasının sessiyasında Azərbaycan tərəfi məsələ ilə bağlı özünün birmənalı mövqeyini ortaya qoyacaq: «Biz bu məsələdə ikili standartlara son qoyulmasını tələb etmək və mövcud olmayan məsələlərdən təzyiq kimi istifadə cəhdlərini mühakimə etmək niyyətindəyik-deyə Səməd Seyidov bildirib.

AzadlıqRadiosuna müsahibəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev də Azərbaycan həbsxanalarında bir nəfər də olsun siyasi məhbus olmadığını bildirib:

«Rəsmi sizə deyirəm və öz sözümə görə də məsuliyyət daşıyıram ki, Azərbaycanda siyasi məhbus yoxdur».

«EUROVİSİON»LA SİYASİ MƏHBUS HEÇ DƏ BİR-BİRİNİ TAMAMLAMIR

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üz qəbul ediləndə ölkədəki hüquq müdafiə təşkilatları quruma 716 siyasi məhbusun siyahısını təqdim etmişdilər. Elə bu səbəbdən də ölkə qarşısına qoyulan öhdəliklərdən biri də həmin məhbusların azadlığa buraxılması ilə bağlı idi. Hüquq müdafiəçisi Səidə Qocamanlı indi həmin siyasi məhbuslardan onların siyahısında 2-3 nəfərin qaldığını deyir. Səidə Qocamanlıda əminlik var ki, «Eurovision» mahnı müsabiqəsinə qədər bütün siyasi məhbusların azad olunacaqlar. Hüquq müdafiəçisi deyir ki, siyasi məhbusların olduğu ölkədə beynəlxalq mahnı yarışmasının keçirilməsi heç də bir-birini tamamlayan məsələ deyil.
XS
SM
MD
LG