Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:41

Musa Əfəndi. Bir küçənin təsviri


Qısılır soyuqdan üşüyən hecalar dar sətirə,
Qısılır yağışa düşmüş sevgililər tək çətirə…
Qurumuş çiçəklər səhifə arasında isinir,
Bir pilləkanın altında balaca pişik qızınır…

Gözü yaşlı qoca sığınır qaranlıq gecələrə
Yuxulamış uşağın üstünü örtür pencəyiylə
Qısılır bundan xəbərsiz uşaq tozlu küçələrə
Gözlərindən küçələrə tökülən ümidləriylə…

Qatar gedərkən yorulur, yuxuya gedir, tüstüsü
Tökülür havadan təktək kimsəsiz dəmir relslərə.
Səhər açılır, qalıb relslərdə hələ də istisi
İşığa boyanır artıq gözü qaranlıq mənzərə…

Boş şərab şüşəsi qısılıb sərxoşun qucağında
Şərab dağılıb pencəyinə, sanki hərtərəf qandı..
Havada söyüş uçur, tərpənir dili uşağın da
Bəlkə uşağın dilindən deyil söyüş, havadandı
XS
SM
MD
LG