Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:13

Musa Yaqub "Min ilin bir gecəsi" (Poema)


1
Səmənd atım, mənə bax,
Mən varammı? Bilmirəm,
Odam, suyam, torpağam,
Odvarammı? Bilmirəm.
Səmənd atım, mənə bax,
Xalına qurban sənin.
Bizim yolumuz hanı,
Yoluna qurban sənin.
Qoy yalını oxşayım,
Halına qurban sənin.
Bircə kərə doyunca
О saçı hörməz oldum.
Kamımızın dalınca
Bir səni sürməz oldum.
Darıxıram, yalqızam,
О anı görməz oldum.
Nə bir soraq, nə bir səs,
Babam da məni bilməz,
Anam da məni bilməz.
Bu xeyirmi, bu şərmi?
Oddur mənim ürəyim,
Könlümə şeir girərmi?
Atəşə girişərmi...
Sinəmdə od var, od var,
Girsə Qara Div yanar.
Girsə şeytanlar yanar...
Səmənd atım, mənə bax,
Mehribanım, hayanım!
Наnı mənim meydanım?
Nə uzundur bu günlər,



Qısalmazmı günlərim?
Açmaz oldu çiçəyim,
Bitməz oldu güllərim.
Lap deyim ki, gülüm var,
Güllərimi neyləyim.
Bir isticə əlim var,
Əllərimi neyləyim?
Sinəmdən axmaz oldu,
Sözlərimi neyləyim?
Gözlərə baxmaz oldu,
Gözlərimi neyləyim?
Tanrım, səbrimi qaytar,
Mənim könlümü qaytar,
Rahat günümü qaytar!
Torpaq məni saxlamır,
Torpağına öyüd ver.
Atəşimi az eylə,
Ocağına öyüd ver.
Səslər məni qaçmağa
Yollarına öyüd ver.
Qanadım yox uçmağa,
Göylərinə öyüd ver.
Ya bir çarə qıl mənə,
Ya mənə bir ümid ver.
Özün mehr vermisən,
Neyləyim bu mehrimi.
Nədir bu sehrin adı?
Aç mənim bu sehrimi!
Bir təsəlli ver mənə,
Səməndim harda çapar?
О atəşli gözləri
Gözlərim harda tapar?..
Bu dünyaya ümidimi,
Ömrümü bağlayan oğul
Ocağında alovumu,
Odumu saxlayan oğul!
Nə yanıqlı oxuyursan
Sinəmi dağlayan oğul!?
Gözünün nuruna dönüm.
Dərdin alım, dərdin nədi?
Axan çayım, doğan günüm,
Sirrin nədi, sirrini de.
Heç olmasa birini de.

- Eh, ay ana,
Nə vaxtacan dözmək olar?
Nə vaxtacan bir yuvada
Dayanıb can üzmək olar?
Nə vaxtacan
Bir məcrada axmaq olar
Çaylarım daşmazmı daha?
Nə vaxtacan
Bir ocağa baxmaq olar.
Ahım alışmazmı daha?
Gözlərim yoldadir, ana,
Gözümü yığa bilmirəm.
Elə bil ki, sehirdəyəm
Sehrdən çıxa bilmirəm
- Eşitmə, tannm, eşitmə,
Bu danışan Odvar deyil.
Məni günahkar etmə,
Keçir zülüm ələyindən,
Bu danışan Odvar deyil.
Bu şeytanlar, əcinələr
Çıxın onun ürəyindən
Ey Qara Div
Çıx Odvarın ürəyindən!
Aman Odvar,
Bu nə sözdü dedin mənə?
Bu mənəmmi, bu sənsənmi,
Qara Div son nəfəsdədi
Ona nəfəs verirsənmi?
Bu nə sözdü dedin Odvar
Səndə özgə niyyətmi var?
Di yaxın gəl bu atəşə,
Yerdə yanan bu günəşə
səcdə elə.
Səcdə elə bu ocağa,
Sən məzdanın nəfəsinə
Səcdə elə dönə-dönə,
Bu məbədə -
Əyil ümidgahımıza,
Gün düşsün dərgahımıza.
Oğul Odvar,
Çaylarımız axırmı, de?
- Axır, anam, axır hələ.
- Günəşimiz çıxırmı de?
- Çıxır, anam, çıxır hələ
- Sirdaşımız о ruhlara
Ayinimiz yetirmi de?
- Yetir, anam, yetir hələ.
- Baban orda əkib-biçir,
Sünbülümüz bitirmi, de?
- Bitir, anam, bitir hələ.
- Yerdən çıxan qara nöyüt
Axırmı, de?
yanırmı, de?
- Axır, anam, yanır hələ.
- Onda, oğul, nə var belə,
Söyləməzsən dərdin nədi...
Günah həmin gecədədi,
О gecədə, о səfərdə...
О gecədən sonra axı
Nə göydəsən, nə də yerdə.
Rəngin qaçıb, ruhun uçub.

О gecə deyiləndə
Canı yandı Odvarın.
Gözləri ulduz-ulduz
İşıqlandı Odvarın.
O gecə başqa gecə,
O yer başqa yer idi.
Cığırları, yolları
Bəlkə elə sehr idi.
Ardıc agacı kimi
Bitmişdi bu qayada.
Eh, Odvar nə bilirdi,
Nə görmüşdü dünyada.
Dünyasının içində
Başqa dünyanı gördü.
O köhnə yurd yerini
Doğma məkanı gördü.
Yüz ilinin içində
Qəribə anı gördü...
Anasıydı, özüydü
Saqqalından nur daman
Bir də Urxan babası.
Hər üçü at belində
Baxırdılar bu yurda.
Çox tamarzı-tamarzı
Bu Novruz axşamında
Bəlkə almışdıq soraq
Bu gecə oyaq idi,
Deyəsən ruhlar oyaq.
Odvar birinci kərə
Müqəddəs daşı gördü,
O daşdakı yazını,
O daş yaddaşı gördü.
Eşitdi babasının qəribə söhbətini,
Eşitdi ayinini,
Gördü ibadətini.
Amma gərək ki Odvar
Babasının verdiyi
Təlimdən çıxmayaydı.
Olmazdı sağa baxmaq,
Olmazdı sola baxmaq.
Odvar dözməzdi ancaq...
Baxdı, diksindi birdən
Baxdı, baxdı gözünə
Nə göründü bu ara?!
Ordan - ala-torandan
İki göz - sehrli göz
Dikilmişdi Odvara.
Bu necə möcüzəydi
Odvarla üz-üzəydi.
Bu onun gül sifəti,
Bu xurmayı saçları,
Bu da gözlər... baxışlar...
Aydınca gördü Odvar.
О gözlərin alovu,
Sehrli duyğuları
О qəfləti baxışla
Axdı Odvara sarı.
Tufan qopdu başında,
Odvann göylərində
Şaqqıldadı ildırım.
Göyün yağış damarı
Qırıldı qırım-qırım.
Sel qopdu, dağ titrədi,
Yer-göy zağ-zağ titrədi.
Ayağının altından
Yer getdi,
gəldi,
durdu...
О baxışın şimşəyi,
Tufanı onu vurdu.
Gizildədi sinəsi,
Göynədi barmaqları.
Gərildi daş qollan,
Çatladı dodaqları.
Baba Odvara baxdı
Hər şey dəyişdi birdən.
Bircə anın içində
Qeyb oldular o yerdən
- Çiçəklərin acar olsun,
Odvar, sənin.
Durnaların uçar olsun,
Odvar, sənin.
Damcı daşı ovan kimi
Göz yaşlarım
Ürəyimi ovsun mənim
Dərdin varsa, olsun mənim
Əzabın var, olsun mənim.
Sənin günün qaraldıqca,
Mənim ilim qara gəlsin.
Mənim ağaclarım solsun,
Sənin pöhrən bara gəlsin.
Gözün niyə oyaq qalıb,
Axı könlün niyə yatmır?
O nə hissdir ürəyində
Məzdanın da gücü çatmır.
Odvar, gəlirmi eyninə,
Söylərsənmi indi mənə;
Yəqin ki, var o gecədə
O atanın ruhu olub
Görünübdür gözlərinə.
O atanın ruhu olub bəlkə elə
O gecəni işıldadıb
Sənə baxıb həsrət ilə.
Ola bilsin yaddaşında
Qalıb boyun, qalıb adın.
Bir gözaltı eyləmişdim sənə
о vaxt-
Gültac xatın.
Düşüb yoluna, izinə
Bəlkə elə həmin gecə
Çiçəklənib, mələklənib,
Ürəklənib Gültac xatın.
Özünü göstərib sənə...
Oğul Odvar! Sənin atan! –
Əkib-biçən,
Dərya keçən
İldırımdan od qoparan,
Eldən-elə ad aparan,
Öz atına qanad verən,
Mənə, sənə həyat verən,
El-obanın qoruyanı
Şər əlində
Yurd yerində axdı qanı,
Baxanda çaşdı Odvar –
Anasını heç zaman
Görməmişdi bu halda,
Bu halda, bu xəyalda,
Bu baxış, bu duruşda.
Görməmişdi heç zaman –
Dumanlıydı sifəti
Zərif idi bu duman,
Təmiz idi bu duman.
Nə isə titrəyirdi
Dilində, dodağında.
Damcı-damcı göz yaşı
Yanırdı yanağında.
Yox, başqaydı bu yanğı.
Özgəydi bu intizar –
Onda bildi ki, Odvar
Bu dünyada nəsə var,
Ürəklərdə nəsə var.

Atəşgahın alovunda
Soyudu bir, isindi bir.
Gülnar xatın birdən-birə
Öz-özünə diksindi bir.
- Yox, yox asi deyiləm mən,
Yox, narazı deyiləm mən.
Sızlamıram ay Qara Div,
Rədd ol mənim ürəyimdən.
Ey şeytanlar, əcinnələr,
Çıxın mənim ürəyimdən!
Tanrım görmə, görmə məni
Tanrım görmə məni, sən məni görmə,
Xeyir nəzərini bizdən götürmə.
Sən qurtardın bizi şərin əlindən,
O Qara Divlərin qara yelindən.
Hardan qaynadılar, hardan gəldilər?
Şəri göyərtdilər, xeyri sildilər.
Oynadı havada qılınclar, oxlar,
Varı yox etməyə var oldu yoxlar.
Günəşlə açılan o sabahları,
Viranə qoydular atəşgahları.
Alıb dilimizdən ayinimizi,
Alıb əlimizdən kitabımızı,
Şər vurub ayağa salanda bizi
Yenə sən saxladın hesabımızı.
Yenə sən azaltdın əzabımızı
Göydə Əhrimənin gücünü aldın,
Yerdə qara Divi tilsimə saldın,
Verdin açarını Urxan babaya,
Min ildir əyildik sən verən paya.
Onda şər söndürdü ocağımızı,
Burda sən yandırdın çırağımızı.
Əbədi bir alov bəxş etdin bizə
Bir təzə məbədgah çıxartdın üzə.
Urxan babamızı, məni, Odvarı
Ruhlara keşikçi saxladın barı,
Bizə ömür verdin, zamanı verdin,
Üstəlik bu gizli məkanı verdin.
Yox, narazı deyiləm mən,
Yox, yox, asi deyiləm mən,
Görmə, tanrım, görmə məni...
Odvar, sən də gəl yaxına,
Gəl Məzdanın ocağına
Bəxtimizdə
Yandırdığı çırağına
səcdə edək.
О Qara Div
Bu ocağa baxıb ölür,
Bu çırağa baxıb ölür.

- Bu nədir, Gülnur xatın,
Bu nədir, oğul Odvar?..
Könlünüzdə
Yoxsa başqa niyyətmi var?
Görməzsiniz yoxsa məni?..
- Üstümüzə nur çilənir,
Qalx ayağa baban gəlir!
- Oğul Odvar!
- Yox, babacan,
Ruhumdadır fıkrin bütün
Eşidirəm hər kəlməni.
- Yox, başqadır səndəki hal,
Yurd yerindən söz düşəndə
Aparmışdı səni xəyal.
Bezmisənmi, doymusanmı?
Yalanlara uymusanmı?
Könlünə şər dolar birdən,
Ey pöhrəmiz, budağımız,
Ey qaynayan bulağımız,
Ey qolumuz-qanadımız,
Bizdən sonra həyatımız
Ey varımız - Odvarımız.
Könlünə şər dolar birdən!
Ey göyərən buğda dənim...
- Yox, babam, yox,
Bir uluca duyğum var ki,
Könlümə şər girməz mənim;
Neyçün babam bilməz məni?!
- Gülnur xatın, nə var belə?
- Heç, ay baba.
- Könlümüzdə mehr nədir?
- Bu ocaqdır,
Baba, yenə bu ocaqdır.
- Bəs əzəli xeyir nədir?
- Bu torpaqdır,
- Baba, yenə bu torpaqdır.
- Əbədilik qalan nədir?
- Xeyri verən, xeyri bilən.
- Bəs can üstə olan nədir?
- Şərdi babam, şərdi ölən...
- Şər yamandır, şər yaman.
Gülnur xatın, şər yaman.
Oğul Odvar, şər yaman.
Min-min fıtnə göyərər
Bircə qətrə qanından
İnsan ki var, ilk dəfə
Günəşi salıb yada.
Əyilib qızıl oda.
Bu dünya xeyrin olub
Şər olmayıb dünyada.
Torpaq yaranıb ilkin
Torpaqda şər olarmı?
Ocaq alışıb ilkin
Ocaqda şər olarmı?
Xeyir üçün yaradıb
Məzda bu ağacları.
Dəni xeyir bitirib
Doydurubdur acları.
Amma xeyir var ikən
Birdən yol azdı insan
Onun üçün yaranan
Torpağa ağ olanda,
Üstünə kölgə salan
Budağa ağ olanda,
Toxum düşdü göyərdi -
Yarandı ikiliklər,
Ürəkdən boylandı şər;
Yarandı qara fikir
Yarandı qara niyyət.
İlk adı günah oldu,
Bir adı tamah oldu;
Şeytan olub böyüdü,
İblis olub böyüdü
Eşitmədi yaxşını,
Götürmədi öyüdü.
Dediyi mən, mən oldu,
Yerdə nəhəng Qara div,
Göydə Əhriman oldu.
Ox oldu, nizə oldu,
Nə oldu, xeyrə oldu.
Nə oldu, bizə oldu.
- Amma çətin ölür bu şər,
Amma ölür, ölür daha.
Təkliyimiz yetir sona,
Taleyimiz gülür daha.
Qara Divdə güc nə gəzir,
О tilsimdən çıxa bilsin;
Ruhları da tuta bilsin,
sıxa bilsin.
Şərin yolu iynə ucu,
Xeyrin yolu hamar qalıb.
Əhrimənin göydən yerə
çatan qolu,
Qara Divi tutan qolu.
Quruyub bir damar qalıb.
О damar da quruyacaq.
Qara Divi, eh daha kimi
qoruyacaq,
Baxıb yaşıl əkinimə
Paxıllıqdan çıxır canı.
Görür ocağımız yanır
Damar-damar donur qanım.
Ölür, paxıllıqdan ölür,
Can deyil ki, saxladığı
Əzabdadır, çoxdan ölür.
Özünü öldürür kini,
Elə bil ki, zəncirdədir
Hey gəmirir tilsimini.
Yox ümidi, yox həyanı,
Qıvrıl-qıvrıl əşir yeri,
Cırmaqlayır daş-qayanı.
Gör о qara buludu
Əhriməndi, Əhrimən...
Günəşimiz doğuldu,
О düşdü pərən-pərən.
Göyərən zəmimizdən,
Yanan ocağımızdan,
Qızıl torpağımızdan
Zara gəlib ölür şər.
Ölür qara fıkirlər,
Ölür qara niyyətlər.
Biz dünyanın tərtəmiz
İlkinə qayıdırıq.
İnsanların insana
Ərkinə qayıdınq.
Bu dünya təzələnər
Ürəklər təzələnsin...
Ürəkdən boylanır şər.
Dayan görüm, Gülnur xatın.
Dayan görüm, oğul Odvar.
О müqəddəs daşımıza
Harda isə toxunan var.
Eh, bu nədir ürəyimi
Titrətdi bir qəribə hiss.
Elə bil ki, harda isə
Oxunur о ayinimiz.
Dayan görüm, ruhlar birdən,
Qalxa bilər yerbəyerdən.
Tanrımıza, daşımıza,
Əl toxunur, el toxunur...
Hə, oxunur, hə, oxunur,
Ayinimiz gəlir dilə.
Tutun məni!
Möcüzədi!
Görməmişəm bunu hələ;
- Ulu Məzda, kömək elə!
- Ulu Məzda, kömək elə!
- Ulu Məzda, kömək elə!

2
- Bu daş kitabədən dünyada olmaz,
Tarixin yolunda ləngiyib bir az;
Gör indi dünyaya nə səs salacaq.
Adı, şöhrəti də bizim olacaq.
Orxan daşı çevirir oyan-bu yana,
Turac gülümsəyir göz qoyur ona
- Yox, bu nə şəkildi, bu nə naxışdı,
Bax, hərfdi, yazıdı əməlli başlı –
Özü də başqa cür, tam başqa sayaq.
Şöhrət olacaqdır bu Yalodüzə.
Axır ki, bizimlə danışdı torpaq.
Axır ki, babalar sirr açdı bizə.
Ay Orxan, tələsmə, tələsmə hələ.
- Burda calamışıq illəri ilə,
Biz bu Yalodüzdə nələr etmişik.
Neçə gecələri səhər etmişik...
Turac, qəribədir bəzi adamlar
Gəlib çox eyhamla soruşan da var:
«Нес qızıl tapmısız? Hə, qızıl necə?»
Neçə yol könlümə toxunub bu söz,
Dayanıb durmuşam lap kirimişcə;
Nə deyim, danışmaq demək də artıq.
Guya ki, biz qızıl axtaranlarıq...
Mənimçün bax, bu daş, bu daş qızıldı,
Dünya tarixinə bəlkə yazıldı.
Qızıldır bizimçün bu xətt, bu yazı,
О saxsı qırığı, о gil parçası.
- Bəh, bəh, kefdəyik ki, ay Orxan lələ,
Xəbər bilməmişik qızıldır hər yan...
- Yalçın, getməmisən, burdasan hələ?
Eh, sən də qalmırsan zarafatından;
Nə bir maşın gəldi, nə də bir kömək
- Hər dəfə üz qoyub avtobazaya
Müdirlə döş-döşə gələsən gərək.
Məni görüb cini qalxacaq yenə;
Bilirsənmi dünən nə deyir mənə:
«Alan aldığını nə qaytarıb ki,
Maşın nə mənimdi, nə də sənindi.
Torpağın üstündə iş qurtarıb ki,
Torpağın altına girişək indi?
A balam, əl çəkin, yüz dərdimiz var,
Taxıla, üzümə gedir maşınlar.
Bu yoldu, bu bağdı, bu tikintidi,
Nə bilim yük qalıb fılan mahalda;
Lap başım itibdi bu qalmaqalda...»
Dedim, yoldaş müdir, başın itibsə,
Bu saat qayıdıb qoy Yalodüzə,
Neçə cür baş desən gətirim sənə.
Qədim kişilərin bax kəlləsinə,
Hansını bəyənsən qoy olsun başın.
Amma bir şərtim var,
köhnə kişilər
Nə qaraj görübdür, nə də ki, maşın,
Maşını görəndə hürkməyəsən ha...
Qızardı, bozardı, dinmədi daha,
Dedi: - Maşın verin bu goreşənə.
- Bic oğlu bicə bax,
Nə deyib sənə;
Goreşən deyibsə mən buna şərik,
Doğrudan biz elə goreşənlərik.
İynəylə gor qazan!!!...
Arxeoloq işi deyildir asan.
- Di, yaxşı, mən getdim...
Yaxşı yol söylədi Turacla Orxan.
Alıb Yalodüzü səhər günəşi,
Bir az qızılladıb yoxuş-enişi.
Qazıntı yerində tam başqa nəfəs,
Hər torpaq qatında min əsrin yaşı.
Nə yaxşı, insanın cığırı itməz.
Torpağın altında qalıb nə yaxşı.
Bu yer kitab kimi açıhb durub,
Oxu ömürləri, oxu illəri,
Zaman bu daşlara naxışlar vurub,
Bax, bu ev yeridir, bu həyət yeri.
О qat başqa ömür,
bu başqa ömür;
Min ilin izini saxlayır о gün.
Təndirin yanında bir parça kömür
İndicə çörəkdən qopulub düşüb.
Bu külfə, bu maşa, bax, bu da ocaq...
Elə bil sahibi var qayıdacaq.
Qulpunda əllərin izini saxlar.
Bu gil qab-qacaqlar, saxsı çıraqlar.
Bəlkə də bu həyət haray qoparır,
Deyir bu gün hara, о günüm hara?..
Adamın fikrini çəkib aparır,
Çox-çox dərinlərə - lap uzaqlara,
Doğma ocaqlara, qədim çağlara.
- Bu atəşsevərlər, bu odsevərlər
Nələr yaradıblar, burda gör nələr.
Doğrudan Yalodüz başqadır, Turac
Hər torpaq qatını gəl səbirlə aç,
Aç oxu...
Aldatmaz məni gümanım,
Bilirəm qüvvə də var qələmində;
Mənim aspirantım, qoy Turac xanım
Bir fəğan eyləsin elm aləmində.
- Biz burda əlləşək, axtaraq, tapaq,
Bir də görəcəksən hamıdan qabaq,
Alıb ağızlardan təzə söhbəti
İndi Qara Əjdər yazır vurhavur;
«Yalodüzün maddi-mədəniyyəti».
Onda nə qeyrət var, nə millət qanı,
Var gücü, adamı, işi, imkanı.
Nə bilim, bu hesab, ha о hesabdan,
Görərsən ki, çıxdı kitabı çapdan.
Di gəl, bundan sonra sən də fikir yaz.
Biri söyləyəcək, yox, belə olmaz,
Bu söz sərf eləmir Qara Əjdərə,
Bu fikir toxunur Sarı Əjdərə -
Görərsən bir nağıl başladı hərə.
Di gəl yaz...
- Turac, elmin yolu qovğasız olmaz.
Heyf ki, bu yoldan çoxu bixəbər,
Sözü hazır gəlir, fikri də hazır.
Heyf ki, hər ələ qələm veriblər,
Heyf ki, hər qələm bir tarix yazır.
Yaxşı ki, tarixlə üzləşmirik biz,
Babalar bir quru candır, danışmaz.
Kitabı, qılıncı şahidlik etsə,
Xoşun gəlməyəni yandır, danışmaz.
İndiyə nə var ki, elin, millətin
Keçən keçmişiylə döyüşmək olar.
Tarixin özünü dəyişmək çətin,
Sözünü min dəfə dəyişmək olar.
Sözün kimə sərfdi, necə biləsən,
Deməsəm ölürəm, desəm ağ olar.
Gərək doğanaqdan keçə biləsən.
Elmin də yolunda doğanaq olar!?
Tarix bu torpaqdır, Turac, bu torpaq,
Yeni Odlar yurdu, bu od, bu ocaq.
Gərək onu bilək, onu oxuyaq.
Ən qədim insanın çənə sümüyü
Tapılıbsa Azıx mağarasından
Demək bizimkidir, bu ad, bu ünvan;
Bu gün bu torpaqda doğulanındır
Bu ömür, bu tarix, bu şöhrət, bu şan –
Ən ulu babamız, - ən qədim insan...
Bax, elə özün gör bu Yalodüzü,
Torpağı, insanı, az öyrənmişik.
Hələ az demişik öz sözümüzü,
Bu qədim məkanı az öyrənmişik.
Haqq var ki, üstünü toz-torpaq alıb,
Qələm var, tarixdə itirib izi.
Torpaq ayaq altda baxılmaz qalıb,
Havadan yazmışıq tariximizi.
- Kökümüz dərindir, lap çox-çox dərin,
Bundan başı çıxmaz Qara Əjdərin.
- Kök haqda, biz kimik sualı haqda
Qorxur danışmağa adam bir az da.
Bizi xar edənlər qalır qıraqda
Düşmən axtarırıq öz aramızda.
Qara Əjdər kimi о «haqq» sevərlər.
Guya millətsevər, о xalqsevərlər
Nə Şabrana baxar, nə də Azığa,
Bir Vətən, bir torpaq, bir elli xalqı
Aparıb çıxarar tayfabazlığa.
Bu vaxt Turac deyir:
- Yazıq, çox yazıq
Bitib tükənməzmi bu tayfabazlıq.
- Lap deyək ki, sən Muğ qəbiləsindən
Mən oğuzlardanam -
bu torpaqdanıq.
Yəni bir nəfəsik, yəni bir canıq.
Qoy olsun,
deyək ki, о vaxt babamız
Çaş salıb, bilməyib bəlkə xeyrini,
Vuruşub, öldürüb biri-birini...
Onda bu gün biz də düşmən olaq, hə?
Gəl Turac, bu qəbri göstərim sənə,
İnsan torpaq altda qol-boyun yatır.
Bu sənin babandır, mənim babamdır,
Yeni bir torpaqdır, yeni bir addır.
Gərək bu ülfəti çıxaraq üzə
Bu məhəbbəti çıxaraq üzə.
Ulu babaların
Daha bir-birini qırmağını yox,
Çatıb çapmağını, vurmağını yox,
Nə bilim, kinini, söyüşünü yox,
Çürük qoz üstündə döyüşünü yox,
Ən xoş sorağını çıxaraq üzə.
Bəlkə qılıncını, nizəsini az,
Əvvəl orağını çıxaraq üzə.
Heç yurdun bu qədər çırağı yoxdur,
Barı çırağını çıxaraq üzə.
Bax, о təndir kimi, о ocaq kimi,
Ömürlər saxlayan bu torpaq kimi.
Daş-torpağı min illərdən bac alıb,
Yalodüzə bir qəbir də açılıb.
Şahidi var getmək olar iziylə;
Nəyi varsa basdirılıb özüylə.
Basdırılıb qoyunu da, atı da,
Qılıncı da qalib torpaq qatinda.
Torpaq altda şərik olmuş hər paya.
Guya bir də gələcəkmiş dünyaya.
Qab-qacaqdan guya varmış gərəyi,
Saxsı qabda basdirılıb xörəyi.

Bir az fikirlidir Turacla Orxan,
- Turac, qəribədir doğrudan insan;
Torpağı danışmaz, məzarı gülməz,
Amma heç arzusu, ümidi ölməz.

Ən şirin, ən ulu nakam sevgilər,
Hicranın əlindən nə zaman gülər.
Ağ donlu ümidim hələ yol gələr,
Hanı bu dünyanın ən şirin çağı?!

Hər cür nəşəsinə uymaq da olmur,
Dadlı acısından doymaq da olmur.
Bir oddur aparmaq, qoymaq da olmur,
Hanı bu dünyanın ən şirin çağı?!
Bu yollar zirvədə bitərmi görən,
Bitəndə murada yetərmi görən?..
Bu karvan gələrmi, gedərmi görən,
Hanı bu dünyanın ən şirin çağı?!
- Bəh, bəh, Orxan, sənin şairliyin var,
Deyəsən dəbərtdi səni bu məzar.
- Qəbrə bax, paya bax,
bu sovqata bax,
Arzuya, ümidə, etiqada bax...
Yəni insan ölmür, о qayıdacaq –
Yəni о ölsə də, о gömülsə də,
Bir də dönüb gəlir insan yaşayır,
Çevrilir ruh olur, о can yaşayır;
Deyir ki, biz varıq, həmişə varıq.
İl ilə qovuşur, sahil sahilə,
Bəlkə onlar bizik, biz də onlarıq;
Bəlkə də о ruhlar yaşayır hələ...
Bir yuxu görmüşəm elə bu gecə,
Uzun bir nağıldır, mətləbi incə.
Gördüm harda isə qədim atəşgah,
Həmin atəşgaha gətirib pənah
Üç nəfər yaşayır, -
bir baba...
- Bəsdi!
Bəsdi, Orxan, bəsdi!
Bədənim uçundu, ürəyim əsdi.
Zorla çıxarmışdım yaddan,
di qurtar...
Elə bil alıblar ixtiyarımı,
İlahi, sən məni özümə qaytar,
Özümünkü elə ayaqlarımı! .
Orxan donub qaldı, artdı marağı,
- Turac, nə olub axı?..
- Sən yuxu görmüsən, mən isə onu.
Çox açıqca gördüm insan oğlunu;
Bax orda,
atlıydı,
bir cavan idi,
Sanki başdan-başa həyəcan idi.
Elə bil yanırdı üzü, bədəni,
Alıb baxışıyla çəkirdi məni.
О atəşli gözlər mənə ki, baxdı,
Könlümə qəribə duyğular axdı.
Bağrıma od düşüb yandı elə bil
Gördüm ki, ürəyim mənimki deyil...
Sonra, sonra gördüm...
gördüm ki, yoxdu...
İndi də özümə gələ bilmirəm.
- Yox, yox, Turac xanım, sənə gülmürəm,
Niyə demədin ki, məni götür qaç.
Yəqin mənim mehrim azdır ki, sənə,
Durub hər kötüyü, hər qaraltını
Məhəbbət donunda görürsən, Turac.
- Yox, belə sözlərin yeri deyil heç...
О halda deyiləm danışa bilim,
Çırpınır ürəyim, dolaşır dilim.

- Dayan görüm, dayan -
boylandı Orxan.
- Gəlirlər?
- О Yalçın, о maşın, о da adamlar,
Yox, balam, tarixi yada salan var.

3

Birdən-birə tufan qopdu, dəli bir tufan,
Birdən-birə göy çaxnaşdı, vermədi aman.
Şaqqıldadı göyün, yerin min-min damarı,
Atlar sıxıb aralığa aldı Odvarı.
Yel onları gücdən salıb, çapdı dörd yana,
Az qaldı ki bu tufandan atəşgah sönə.
Gülnur xatın qorumaqda idi odunu,
Odvar hərdən səsləyirdi Gülnur xatını.
Çay daşırdı, dərələrdə uğuldayırdı,
İldırımlar doğrayırdı göyün qatını.
Bu vaxt qəfil nərə qopdu - titrədi zağ-zağ,
Titrədi göy, titrədi yer, titrədi daş-dağ.
Bu nərədən cingildədi daşlar mis kimi.
Yumşaq otlar baş qaldınb durdu biz kimi.
Bir küləyin ağzı düşdü səmaya doğru,
Qara-qara buludları cırdı bez kimi.
Harda isə qaranlıqlar çırpındı hərdən,
Sonra hər şey döndü birdən, dəyişdi birdən.
Yer səngidi, göy səngidi, hava duruldu.
О tufanın dodağına qıfil vuruldu.
Əvvəl bir az işıq düşdü ağ buludlara,
Sonra günəş şüa-şüa yerə ələndi.
Elə bil ki, bütün dünya nura bələndi.
Bu dünya təzələndi,
Ömürlər təzələndi,
Ürəklər təzələndi,
Çiçəklər təzələndi...
- Var ol, ey ulu Məzda!

Ey xeyrin hökmdarı.
Qırıldı Əhrimənin,
Qırıldı şah damarı!
Qara-qara buludlar,
Sırtıq-sırtıq tikanlar,
Zülmət-zülmət tufanlar,
Nizə-nizə əsəblər,
Qılınc-qılınc qəzəblər –
Öldü!!! QaraDiv öldü!
Öldü, öldü, öldü şər!
Torpaq da bu sevinclə
Danışırdı, dinirdi.
Gəlirdi Urxan baba,
Qarşı döşdən enirdi.
Gəlirdi nur sütunu,
Odvar görürdü onu.
Gülnur xatın sevincə
Açmışdı gül qoynunu.
Atlar ona baxırdı,
Səmənd atın sevincdən
Gözündən yaş axırdı.
- Gülnur xatın, sən sevin!
Oğul Odvar, sən sevin!
О zəhərli nəfəsi,
Kəsildi Qara Divin!
Yaşıl-yaşıl torpaqlar,
Alov-alov ocaqlar,
Qızıl-qızıl sabahlar,
Salam, ey atəşgahlar,
Öldü şər!..
Öldü qara fıkirlər!..
Ayılan ruhlar, salam!
Siz ey nakam gedənlər,
Qalxın! Ərlər, ərənlər!
Şər yoxdur bu həyatda,
Qalsın nizələriniz

Qalsm torpağın altda.
Qalsın qılınclarınız,
Qalsın torpağın altda, -
Şər yoxdur bu həyatda!
İşimiz yönə düşdü,
Görün şərin ölməyi,
Görün xeyrin gülməyi
Nə gözəl günə düşdü.
Gəlib Novruza düşdü,
Gəlib ilk yaza düşdü.
Ruhlar da otlar kimi
Göyərəcək, qalxacaq,
Ayılacaq, baxacaq.
Hər şey təzələnəcək,
Bu torpaq çiçək-çiçək,
Bu torpaq məzar-məzar
Duracaq, oyanacaq!
Ayinimiz oxunub,
Ocağımız yanacaq.
Göyərəcək yurd yeri
İlk yaz gecələrində.
Var ol, ey ulu Məzda!
Bizi göyərdən yerdə.
Alın qara nöyütü,
Qoy əldə çıraq olsun,
Ruhlara soraq olsun.
Atlanın, ha atlanın,
Yurd yerinə gedirik!
Atlanın ha atlanın,
Biz murada yetirik!

4

- Qoşa çadır
Səsim çatır.
Quşlar oyaq,
Turac yatır.
Ay Turac, Turac
Gözlərini aç.
Günəş üfüqdən
Qalxdı bir qulac.
Altı döşək, üstü yorğan,
Nə yatmısan, canım Orxan.
«Günəş çıxdı dağ başına,
Bax yarına, yoldaşına»!
Dursana, qalxsana,
Yalodüzə baxsana.
«Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!
Nə də tərpənməyir üstündəki yorğan, ölübə!»
Bir az da qaldırıb səsini Yalçın,
Orxana söz qoşur zarafatyana,
Gah da ki, adını tutur Turacın.
- Axı, bu gün bizə qonaq gələcək,
Yığışıb da yaxın, uzaq gələcək.
Bu gün Yalodüzdən dünya söz deyir.
Radiolar, qəzetlər Yalodüz deyir.
Yalodüz şöhrətdir, bu elə, yurda,
Tapılmaz məbədlər tapıldı burda.
Bəs о yazılan daş – qədim əlitba?
Hələ indi düşür dəftər-kitaba.
Ən məşhur alimlər gələcək bu gün,
Yalodüzün bəxti güləcək bu gün.
Siz də ki, yatırsız...
Di qalxın görək,
Qalxın, işimizi salaq sahmana,
hazırlıq görək.
Gör e, Qara Əjdər gələcək hətta,
Gərək adı olsun bu hesabatda.
Yalçın bunu deyib çıxır irəli,
Açılmış bir qəbri göstərir əli.
Nə bilim, bir fıkri, yüz fikrə qatır,
Fikirləşir bir az...
«İnsan torpaq altda qol-boyun yatir» -
- Əşşi, nə qol-boyun?..
Sən sözə bir bax,
Filosofluq edir Orxan lələmiz,
Özündən fəlsəfə uydurur qoçaq.
Dur bax, bir məzardan nə çıxıb üzə,
Bir oraq, beş qılınc, on-on beş nizə.
Bəs nədən ötrüymüş bu qədər silah?
Halva doğramağa?
Quş ovlamağa?
Yoxsa ki, atları qaşovlamağa?
Eh, insan!.. İnsanın etdiyi günah!..
Torpaq eyləməyib, daş eyləməyib,
Şaxta eyləməyib, qış eyləməyib
İnsanın insana elədiyini.
Daşqın eyləməyib, sel eyləməyib,
Boranlar, çovğunlar, yel eyləməyib
İnsanın insana elədiyini.

Qəfil zəlzələlər, qəfıl tufanlar,
Nə bilim, əqrəblər, əfi ilanlar,
Ac qurd eyləməyib, şir eyləməyib,
İnsanın insana elədiyini,
Vəbalar, taunlar, min cür bəlalar,
Bəlkə yüz yerində bir eyləməyib
İnsanın insana elədiyini.
О saysız davalar, vəhşi döyüşlər,
Neçə yol qanında boğulub bəşər.
Tarixin yolları, cığırları qan,
Nə vaxt bir-birinə gün verib insan?!
Əcəl eyləməyib, baxt eyləməyib,
О ölüm vədəsi - vaxt eyləməyib
İnsanın insana elədiyini.
- Yalçın, sabah-sabah nə olub yenə,
Yoxsa təzə fıkir gəlib beyninə?
Yavaş, qırıb tökdün bütün milləti!
Yalçın dönüb baxdı,
Dayanıb Orxan.
Salam, Orxan lələ, qalxdın yuxudan?
Bax da babamıza, nənəmizə bax,
Ön qılınc düzəldib, bir dənə oraq
- Yalçın, indi песə, bəs bu gün necə?
Guya aşıb-daşır ağıl, düşüncə,
Guya ağıllanıb böyüyüb insan...
Tarix boyu bütün о silahları,
Bütün nizələri, bütün oxları,
Bütün tüfəngləri bir yerə yığsan
Bu gün bir raketin qiyməti olmaz.
- Sabahınız xeyir.
- Sabahın xeyir olsun, ay Turac xanım,
Bu gün bəzən-düzən, sən mənim canım.
Məşhur alimlərlə bir cərgədə sən
Televizora da çəkiləcəksən...
Həm də yazacaqlar Yalçınla Orxan.
Bir gənc alim üçün can qoyublar, can
Gənc alim Turac da öz növbəsində
Axtarmaq, öyrənmək elm həvəsində,
Nə bir dinclik bilib, nə də ki, yatmış,
Uzun gecələri gündüzə qatmış.
Alim tərəfindən bir gil parçası
Tədqiq olunubdur, min dəfə azı.
Qədim bir millətin şan-şöhrətini,
Mədəniyyətini, məişətini,
Nə bilim öyrənib el həyatını,
Öyrənib dilini, etiqadını
Ən incə mətləblər çıxarıb üzə.
İllərini verib о Yalodüzə.
Bütün bu zəhməti alıb nəzərə,
Alimin yazdığı gözəl əsərə...
Yalçın söz tapmadı daha bu yerdə:
- Orxan, ardını de...
Orxan fikirdəydi, bir az fikirdə,
- Qəribə bir yuxu görmüşəm yenə.
- Sənin yuxuların öldürdü bizi.
Sən allah, sən pozma gəl kefimizi.
Araya düşəndə yuxu söhbəti,
Orxan hiss etdi ki, Turac titrədi.
Orxan çaşıb qaldı, dinmədi daha.
Araya bir anlıq sükut çökəndə,
Hər üçü boylanıb baxdi sabaha.
Alıb Yalodüzü səhər günəşi,
Nura bürüdükcə yoxuş-enişi,
Damcılar işarır yamacda par-par.
Xırdaca təpələr qızıllanırdı.
Bəlkə alışırdı köhnə ocaqlar,
О qədim məbədlər sanki yanırdı.

5
Səmaları naxış-naxış
bu gecənin,
Torpaqları oyaq idi
qarış-qarış
bu gecənin.
Qabığına sığan deyil tumları da
Rişələnib göyərirdi qumları da
bu gecənin.
Hər bənövşə yarpağında
Damcıları almaz idi.
Çayları bir yana qalsın,
Daşları da pərvaz idi
bu gecənin.
Göyərirdi kötüyü də,
Yarpaqları sevişirdi
bu gecənin.
Daş altında bitən otu
Qıvrılırdı, sevişirdi
bu gecənin.
Ağacların ən bəxtəvər çağı idi
Hər kol dibi bir gülüstan bağı idi.
Talaları xonça-xonça
bu gecənin.
Oduna yel gərək idi bir balaca
bu gecənin.
Bu gecənin ağuşunda,
Ulu tanrı alqışında,
Xoşbəxtliyin çağrışında
Nə xoş səfər!
О üç nəfər
Gedirdilər, gedirdilər,
Bir dərənin dumanında itirdilər,
Bir təpənin işığında bitirdilər.
Urxan baba-nur sütunu
Göydəmirin belindəydi.
Gülnur xatın -
Ağyal atın
Bəxt yüyəni əlindəydi.
Oğul Odvar Səməndiylə ərzi-halda,
О yanıqlı bayatısı dilindəydi.
Ulu tanrı dərgahından
Gəlib çıxan kəs idilər,
Ən incə bir səs idilər.
Tale kimi həm vardılar,
həm yoxdular,
Gözəgörünməz idilər.
Bu gecənin ağuşunda,
Xoşbəxtliyin çağrışında,
Yurd yerinə gedirdilər.
Bu gecənin yaşıllığı
Yaşıllığın yaxşılığı
olmasaydı,
Bu gecənin ulduzları,
Göyün nuru, yerin nuru,
Qayaların daş qüruru
olmasaydı,
Könlündəki о işıqla,
İnsanlığa bəxş eləmək
İstədiyim yaxşılıqla
Urxan baba bəs edərdi
bu gecəyə.
Bu gecənin kövrəkliyi,
Şehə batan çiçəkliyi,
Təmizliyi, büllurluğu
olmasaydı,
Bulaqların duruluğu
olmasaydı;
Gülnur xatın –
О xatının, о qadının,
О mələyin, о çiçəyin
kövrək qəlbi,
büllur təbi,
Məlahəti, təravəti,
Bəs edərdi bu gecəyə.
Bu gecənin şimşək-şimşək
Yerişləri olmasaydı,
Ocaqlan, atəşləri
olmasaydı,
Bulaqların qaynarlığı,
Dağ selinin oynarlığı
olmasaydı,
Ocaq-ocaq yanğısıyla –
Alov saçan gözləriylə,
Ürəyini
Lalə-lalə odlarıyla,
Qızıl-qızıl gözləriylə
Oğul Odvar
Bəs edərdi bu gecəyə.
Bəs edərdi
Sevgi dərdi bu gecəyə.
Gedirdilər... Gedirdilər...
Bir dərənin dumanında itirdilər.
Bir təpənin işığında bitirdilər.
Urxan baba
Dilindəydi tanrı adı.
Ayinini oxuyurdu dodaqaltı
Səsləyirdi о ruhları, о canları,
Qaytarırdı yurd yerinə
Yaşıl-yaşıl zəmiləri,
Meydan-meydan xırmanları
О həyatı, о büsatı,
Gülnur xatın qırxotaqlı,
О qızıldan evindəydi.
Axır о da
Kam alırdı bu dünyadan,
Qırx xatınla
Baxçasında, kefindəydi.
- Dayan görüm! Odvar, yavaş!
Odvar bu vaxt
Babasını keçdi bir baş.
- Odvar! Yavaş!
Bizi vurub ötürsənmi?
Şər yolunu gedirsənmi?
Cərgəmizi pozursanmı?
Öz yolunu azırsanmı?
Bu nə haldı?!
Urxan baba bircə anlıq
At belində donub qaldı.
Gülnur xatın
Yaman düşdü haldan-hala.
Oğul Odvar yavaşıdı,
Səməndiylə qaldı dala.
Qaldı dala,
amma Odvar
Özündən çox qabaqdaydı,
Cığırından,
İzindən çox qabaqdaydı.
Ürəyi də, əlləri də,
Gözləri də baxışından
qabaqdaydı.
Ayaqları yerişindən qabaqdaydı.
Öz yerində oynayırdı,
Öz içində qaynayırdı.
- Oğul, Odvar, yavaş görüm!
- Bəlkə, babam!
Bir az çapım, bir az sürüm?
- Oğul Odvar, yavaş görüm!
Yolumuzu azırsanmı?
Cərgəmizi pozursanırıı?..
- Dayan, dayan!
Yurd yeri!
Ey, uladı qurdumuz
Budur bizim yurdumuz.
Ey ömrümüz, yaşımız,
Ey oxunan daşımız!
Bu həmin arxlardımı?
Suları çağlardımı?
Bax, о da xırman yeri,
О da dəyirman yeri.
Bəs, hanı о daş küçə?
Hə, о təpə Güllücə!
Bax, bu da yığnaq yeri,
Sol yanı sığnaq yeri.
Bax, orada yanacaq,
Odumuz ocaq-ocaq.
İndicə yurd yerinin
Yanar çırağı bir də.
Var ol, ey ulu Məzda!
Bizi göyərdən yerdə,
Şəri öldürən yerdə,
Xeyri güldürən yerdə...
Urxan baba bu sözləri
Deyirdimi, demirdimi?
Yurd yerinə bir də baxin,
Başdan-başa sehrdimi?
Hə, deyəsən о ayinlər oxunurdu.
Bu ayinin isti əli
Torpaqlara toxunurdu.
Sanki daşlar dikəlirdi,
Birləşirdi, yekəlirdi.
Hə, deyəsən dəbərirdi
yavaş-yavaş,
Torpaq özü dəbərirdi.
Yurd yerinin
Yolu, izi dəbərirdi.
О Güllücə məzar-məzar
oynayırdı.
Bax, deyəsən о dərədə
Kimsə bura boylanırdı.
Atəşgahlar alışmağa tələsirdi,
Ruhlar gəlib bir-birinə
Qovuşmağa tələsirdi.
Hə, deyəsən, о kölgələr
Tanıyırdı bir-birini.
İlxıların ayaq səsi
yaxınlaşıb
Bürüyürdü yurd yerini.
Elə bu vaxt elə bil ki,
Turacı da səslədilər:
- Turac! Turac!
Gözünü aç!..
Turac bunu eşidirdi
lap yaxından;
Gördü çöldə səs-səmir var,
Qalxıb durdu yatağından.
Ürəyində qorxu, təlaş,
Çıxdı çölə yavaş-yavaş.
Əvvəl baxdı həmin yerə,
Kəklik kimi səkib durdu,
Nəfəsini çəkib durdu.
Donub qaldı birdən-birə,
Gücdən düşdü qol-qanadı.
Gördü ki, о atlı oğlan
Həmin yerdə durub yenə,
О tanıdı!..
Bu tanıdı!..
Bu titrədi, о titrədi.
Öz hökmünü göylər dedi.
Öz hökmünü yerlər dedi.
Hə, deyəsən
О tufanlar qopdu yenə,
О küləklər çapdı yenə.
Dəli göylər coşdu qəfil,
Həmin çaylar daşdı qəfıl.
Hə, deyəsən о sevginin
Alovları dilimləndi.
О baxışdan od ələndi,
Bu baxışdan od ələndi.
İldırımlar şaqqıldadı
şaraq-şaraq.
Turac daha bümədi ki,
nə olacaq.
Odvar daha bilmədi ki,
nə olacaq.
О şimşəklər titrədirdi göyü, yeri.
- Oğul, Odvar! Qayıt geri!
- Odvar, Odvar, qayıt geri!
Qaranlıqda Odvar elə
Atıldı ki, irəliyə;
Şimşək о cür çaxa büməz,
Güllələr də lüləsindən
Elə cürə çıxa bilməz.
Elə cürə heç işıq da
saça büməz,
Heç fikir də uça bilməz.
Çaşıb qaldı Urxan baba,
Gülnur xatın gəldi dilə.
- Ulu Məzda, kömək elə!
Sən özün bax bu günaha...
Eşitmirdi Odvar daha.
- Ayinimizdir oxunan
Onu dildə saxlarsanmı?
Yolumuzu bağlarsanmı?
Odvar, bizdən bezarsanmı?
Əhdimizi pozarsanmı?
Qayıt geri!!!
О şimşəklər titrədirdi göyü, yeri,
Eşitmirdi Odvar daha
О çadırın yaxınında
Bir qəfləti işıq yandı.
Səmənd göydə havalandı,
Turac göydə havalandı.
О işıqdan bircə anlıq
əllər keçdi,
üzlər keçdi,
gözlər keçdi.
Sonra birdən...
Hə, deyəsən Urxan baba,
Hə, deyəsən Gülnur xatın
Qeyb oldular həmin yerdən.
Elə bu vaxt birdən-birə,
Orxan çıxdı səs-səmirə,
Yalçın çıxdı səs-səmirə,
Gördülər ki, Turac yoxdu.
Başqa yerə varmı güman?
- Ehey, Turac, sən hardasan!?
- Ehey, Turac, sən hardasan!?
- О şimşəklər titrədirdi
göyü, yeri.
- Turac, Turac, qayit geri!
Hani Turac?!
Bir sevginin çağrışında,
Xoşbəxtliyin ağuşunda,
Gedirdimi? Qaçırdımı?
Uçurdumu?
Qırılırdı yol yarıda.
Bu sevginin qanadları
Qaldırmışdı Səməndi də,
Turacı da, Odvarı da.
Bu dünyanın
Bütün sevgi qurşaqları,
Bütün həsrət qovşaqları,
Bütün vüsal ləzzətləri,
Bütün ömür cənnətləri,
Səmənd atın belindəydi.
Səmənd atın gümüş yalı,
Sanki işıq selindəydi.
Gedirdilər, uçurdular,
Yox idilər, var idilər.
Buludların arasında,
Uçan durnalar idilər.
Harda isə Gülnur xatın
gəlir dilə:
- Ulu Məzda kömək elə!
О şimşəklər titrədirdi
göyü, yeri.
- Ehey, Turac, qayıt geri!
Hə deyəsən,
Sellənirdi о yağışlar,
Yerin, göyün tufanında,
Əriyirdi о çağnşlar!
Orxan, Yalçın yüyürdü
ayaqyalın
Heç axırı yox idimi
Bəs bu yolun...
Sonra... Sonra...
Hə, deyəsən, yer səngidi,
Göy səngidi bir balaca.
Orxan gəldi qaça-qaça,
Yalçın çatdı qaça-qaça.
Gördülər ki,
Turac durub, Turac burda,
Bu tufanda, bu küləkdə,
Üşüyürdü bir köynəkdə.
О, yazılı daşı qucub ağlayırdı,
Səsi ürək dağlayırdı.
Orxan baxdı, donub qaldı,
Yalçın baxdı, donub qaldı.
- Amma Turac!
Bu nə haldı?!.
Ayıldı...
Səsinə diksindi Orxan.
Güldü bir balaca özü-özünə.
Durub həyəcanla çıxdı çadırdan,
Sübhün ilk şəfəqi düşdü üzünə.
Yenə bir balaca güldü özünə.
Sonra durub baxdı...
həmin yal-yamac...
О daşa əyilib durmuşdu Turac.
Doğrudan durmuşdu,
bu necə sirdi?..
Orxan qulaq verdi
qonşu çadırdan
Deyəsən Yalçının səsi gəlirdi.
Axşam qonaqlarçın qalanan ocaq,
Elə tüstülənib yanırdı hələ.

Sanki bu ocaqdan od alıb torpaq,
Alışıb yanırdı hey lalə-lalə.
Ən gözəl günüydü, ən gözəl günü,
Qızıl dan yerinə çevrilib yönü,
Yalodüz lap başqa Yalodüz idi.
Şirin nağıl idi, şirin söz idi.
Nə bilim, bir cənnət qoruğu kimi,
Çəməni yerində, gülü yerində.
Biçənək qırqovul quyruğu kimi,
Yanırdı səhərin şəfəqlərində.
Bu gün Yalodüzün sonu görünmür,
Üstü də ömürdü,
altı da ömür.
Otu uzanırdı, suyu axırdı,
Ağacı boylanıb yola baxırdı.
О duman ruhdumu, xoş xəyaldımı?
Qoşulub axına çıxıb gedirdi.
Abidə dərənin daş yaxasına
Toxuna-toxuna çıxıb gedirdi.
Bir gün də düşürdü, yanırdı
par-par,
Xırdaca təpələr qızıllanırdı.
Bəlkə alışırdı köhnə ocaqlar,
О qədim məbədlər sanki yanırdı.

SON


Noyabr, 1982 - İyun, 1983.
İsmayıllı.
XS
SM
MD
LG