Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:53

Furqan Sadıq "Kişi" (Hekayə)


-
Neçə gün idi ki, Qədirin kefi yox idi və elə kefsiz-kefsiz dolanırdı: işə gedirdi, işdən evə qayıdırdı, yatırdı, dururdu, kefi açılmırdı ki, açılmırdı.

Həkimlər atası Məcid kişini yoxladıqdan sonra heç nə deməmişdilər və bu “heç nə”dən hər şeyi anlamışdı.İndi də siqareti damağına qoyub tüstüsünü ciyərinə çəkə-çəkə böyük qardaşı Qafarla dərdləşirdi.

-Kişi sağalana oxşamır!-deyəndən sonra siqaretin tüstüsünü bir də ciyərinə çəkdi,sifəti qırışmışdı və bu qırışlardan dərdli olduğunu bilmək olardı.

Qafar:

-Allahın işinə qarışmaq olmaz,-dedi-özü bilən məsləhətdi.

Qədir dinmədi,başını yana çevirdi və gözlərini qıyıb sanki batmaqda olan Günəşə qədər gedib çatan yollara tərəf baxdı.

-Kişini yoxlamağa hansı doxtur gəlmişdi?-Qafar soruşdu.

-İlyasla Kazım-dedi Qədir.

-Kazım da doxtur olub ee...-Qafar sifətini büzdü.

Bir neçə dəqiqəlik sükütdan sonra Qədir siqaretin kötüyünü yerə atıb ayağıyla tapdaladı və dedi:

-Tez-tez Qüdrətin adını çəkir.-Qüdrət Məcid kişinin ortancıl oğluydu və davada şəhid olmuşdu.

-Allah rəhmət eləsin!-Qafar dedi.

-Amin!

-Resept veriblər?

Qədir ciblərini eşələyə-eşələyə :

-Verməyinə veriblər,-dedi-xala xətrin qalmasın kimi bir şeydi- resepti çıxarıb Qafara uzatdı- ciblərim də ki boş...

Qafar Qədirə çəpəki baxdı:

-Təki kişi sağalsın... Dərd pul deyil ki...

Qafar oturduğu daşın üstündən ayağa qalxdı. Gün artıq batırdı.

Dünyaya, daha doğrusu dünyanın bir tərəfinə qaranlıq çökürdü. Bir azdan qaranlığın hopduğu ağaclarda cırcıramalar oxuyacaqdı,bir azdan kəndin evlərindən dünyaya işıqlar boylanacaqdı. Və gecədən sonra səhər açılacaqdı.

Gələn yeni gün isə kimisi üçün əvvəlkinin təkrarı olacaqdı, kimi üçün isə yox...

-Gedim kişini görüm!-deyəndən sonra Qafar ayağa qalxdı. Evə gedəndən təqribən beş dəqiqə sonra gəlib bayaqkı daşın üstünə oturdu.

Əlindəki reseptin hər iki tərəfinə bir neçə dəfə baxdı, guya dərmanların tutduğu qiyməti yoxlayırdı:

-Bunların qiyməti nə qədər eləyər?

-İlyasdan soruşdum-Qədir dilləndi-dedi, təxminən altımış manat olar.

-Ə, evin tikilsin altımış manata dərman olar?-Qafar sağ əlini sağ dizinə çırpdı.

Qədir ürəyində dedi ki, “olur ki, var da...” Amma bu sözləri dilinə gətirmədi, bu, ən azından böyük qardaşa söz qaytarmaq olardı. Onun əvəzinə başqa söz soruşdu:

-Sənin işin nə oldu?

-Nə iş?-Qafar qaşlarını çatıb Qədirə baxdı.

-Dünən deyirdin, inəkləri aparacam satmağa.

-Hə...Sabah aparacam.

Bu,Qədirin ürəyindən olmadı.

-Başqa vaxt aparsan olmaz?-soruşdu.

-Yox...Nə olub ki?

-Gəl bu gecə qal mənimlə də.Gecə kişi pisləşir, özümü itirirəm, bilmirəm neyləyim.

-Necə yəni, neyləyim? Həmişə nə eləmisən, onu elə də... Ta özüvü niyə itirirsən?

Qədir dinmədi və dinməyə-dinməyə süküt yarandı.Sükut yarananda elə bil dünya kimsəsizləşdi və bu kimsəsiz dünyanın hansısa bir küncündə Qədir də tək qalmışdı, bilmirdi neyləsin.

Neyləyəcəyini bilməyə-bilməyə fikirləşirdi ki, durub bunun yaxasından tutub atım küçəyə ki,ay vicdansız, sən özün ağzında atana “kişi-kişi” deyirsən. Bəs kişinin oğlu da arvad olar heç?!

İkicə söz deyə bildi:

-Özün bilərsən...

Qafar bunu bilirdi ki, onsuz da mən öz işimi özüm bilirəm də, qonşu bilmir ha!

Və Qafar öz işini özü bilə-bilə səhərin gözü açılmamış atıldı pul dalınca. Hələ gün doğmamışdı, dünyanın biz olan tərəfi qaranlıq idi və “gecənin xeyrindən səhərin şəri yaxşıdı” deyənlər bütün işlərini səhərə saxlayıb yatırdılar.

Qədir yatmamışdı, Məcid kişinin yanında oturmuşdu.

Məcid kişi isə bunu anlaya bilməmişdi, bilsəydi deyərdi ki, “a bala, gecdi, get yat,öləcəm öləcəm də, dünyanın quyruğunu tutub durmayacam ki?”

Səhər gözünü tamam açandan sonra kəndə xəbər yayıldı ki, Məcid kişi canını Əzrayıla tapşırıb.

Bu xəbəri bütün kənd camaatı bildi, tək Qafardan başqa.Qafarın başı alverə yaman qarışmışdı. Və bilmirdi ki, bu dünyanın özü də alverdi.Və bunu da bilmirdi ki, odey...Əzrayıl atasının canını alıb aparıb... Alverdi də...

Qohum-qonşu Qədirgilin həyətində hərə öz əlindən gələni edirdi.Yas mağarı qurulandan sonra cənazəni dəfn etməyə apardılar.Dəfndə Qədirin ürəyi Qafara qarşı nifrət hissi ilə dolu idi.

Qafar gec gəldi,gün günortadan keçmişdi.Qədir yas mağarına baxa-baxa siqaret çəkirdi.

Qafar açıq həyət darvazasından həyətə girib yas mağarını görəndə çaşdı- bilmədi neyləsin.Handan-hana gəldi durdu Qədirin qabağında və:

-Allah rəhmət eləsin!-dedi.

Qədir dinmədi.Gözucu Qafarın sifətinə baxdı, dünyanın sahibi olarsa belə doymayacaq gözlərinə baxdı və heç nə demədən yas mağarının arxasına keçib başladı ağlamağa.Amma bilmədi onu belə ürəkdən ağladan nədir: atasının ölməyimi, yoxsa Qafarın vicdansızlığımı?..

yanvar-iyul, 2011
XS
SM
MD
LG