Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:08

Əli Kərim. O qıza


Axtarıram mən səni,
Arayıram mən səni.
Soruşuram gözümlə ötüb keçəndən səni,
Axtarıram kitabda, arayıram həyatda.
Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda,
Sənin təhsilin nədir, sənin yaşın neçədir?
Aladırmı gözlərin, qaradırmı, necədir?
Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi,
Qoy qara xalın olsun həsrətimin nöqtəsi!
Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən;
Ol, kiçik ol. böyük ol, amma kamallı ol sən.
Kamal ol ki ömür bir şən nümayiş deyil,
Mənalı yaşamaqsa çox da asan iş deyil.
Ağıl da öz yerində. kamal da öz yerində.
Bir gözəllik də görüm mənalı gözlərində.
Kimə. niyə baxıram təkcə səni andırır.
Ürəyimdə sözüm var, ürəyimi yandırır.
O elə bir sözdür ki, dosta. yada deyilməz.
Anadan əziz nə var, anaya da deyilməz.
Əllərimi göynədir saçlarının həsrəti.
Gəl yiyəsiz qalıbdır könlümün məhəbbəti.
İşdir üz-üzə gəldik... Onda məndən utanma,
Ürəyindən keçəni nə gizləmə, nə danma
Gizləmə ki, danma ki, gedər hərə bir yana;
Qoyma canım od tutub yana, ömürlük yana.
Səni harda axtarım? De nəçisən? De kimsən?
Tez ol, görün, tez ol gəl, axtarıram səni mən!
Gözümdə, könlümdə qəm,
Yollarına bitmişəm.
İlk baharı gözləyən cavan ağac kimi.
Baharı gözləyirəm... Ay qız, gəl bahar kimi.
XS
SM
MD
LG