Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:55

Əli Kərim. Kür, sənə bənzəyən nəğməm olaydı!


Ey Kürüm, sanıram bir xoş nəğməsən,
İndicə qopmusan min-min dodaqdan.
Sənintək mənalı bir nəğməni mən
"Hardasan", - deyərək gəzirəm çoxdan.

Doldurub ovcuma sərin suyunu
Sevdiyim nəğmənin bir damlasıtək,
Ey könül, deyirəm, seyr elə bunu,
Mənalı olmağı bundan öyrənək.

Yazdığım nəğmə də istərəm ki mən
Sədada, qüdrətdə tamam sən ola.
Həvəslə. zövq ilə həm dinlənilən.
Həm də ki gözlərə görünən ola.

Axar ürəyimə yüz ömrün kamı
O əziz yaransa elə su kimi.
Qoy belə olmasa könlün ilhamı,
Dağılsın bir uşaq yuxusu kimi!

Sənintək a Kürüm, mənim də nəğməm
Axa şəhərlərə, axa kəndlərə.
Mildə iş qurtarıb susanda aləm
Xoş səda salaydı aynabəndlərə.

O da dalğalanıb, yeriyib arx-arx
Bu ana torpağı qucaqlayaydı.
Sən ellər gəzəndə işıq saçaraq
Sözüm könüllərə şəfəq yayaydı.

Sənintək axaydı səsim də, a çay,
Muğanda "su" deyib yananda düzlər,
Mənim də nəğməmi tarlada hər yay
Sərin suyun kimi içəydi qızlar.

Hər könül istəyim, könül harayım
Ellərin qeydinə belə qalaydı.
Heç nə istəmirəm, mənim Kür çayım,
Bir sənə bənzəyən nəğməm olaydı.

1953
XS
SM
MD
LG