Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:42

Samirə Əşrəf "Soyğun" (Hekayə)


.
Mən Gülşəni çoxdan tanıyırdım. İlk dəfə onunla bir toyda tanış olmuşduq. Onda, o ərə gedib, boşanmışdı.

Bir suyu, hind aktrisası Zinet Amanın cavanlığına bənzəyirdi. Özü də çox arıq idi. Hansısa salonda saç ustası işləyirdi. Yaxşı əl qabiliyyəti vardı.

Çoxları onun, adamayovuşmaz, qapalı qadın olduğunu söyləsələr də mən onda mehribanlıq hiss etmişdim. Gülşənin atası hələ o balaca olanda rəhmətə getmişdi. Onun özündən başqa iki bacısı da vardı. Bir müdət sonra onun subay bir oğlanla ailə qurduğunu eşitdim.

Deyilənlərə görə onların evlənmələrinə nə qızın, nə də oğlanın anası razı olmamışdı. Gülşən onunla iki il birlikdə yaşadı. Bir oğlan uşaqları da oldu. Amma, oğlunun bir yaşı olanda, əri avtomobil qəzasına düşüb dünyasını dəyişdi.

Gecə saat dörd idi. Gülşən divanda oturaraq dizlərini qucaqlayıb, gözlərini pəncərədən içəri dolan qaranlığa zilləmişdi. Səhərin açılmasını heç istəmirdi. Günlər ötür, səhərlər açılır və heç biri ona xeyir gətirmirdi.

Çarpayıda yatmış Gülşənin iki yaşlı oğlu qurcalandı. Gülşənin ürəyi çırpındı. Dodaqları səyriyə-səyriyə oğluna yaxınlaşdı.

Gözlərində yaş damlaları yuvarlandı. Öz-özünə pıçıldadı – oyanma, bu gecəni də yat, sabah bir şey fikirləşəcəm. O oğlunun oyanacağından ehtiyatlanaraq, nəfəs almaqdan belə qorxurdu.

Amma faydasız... Uşaq yuxudan ayılıb ağlamağa başladı. Gülşən butulkadakı şirin çayı oğluna içirdi. Uşaq acgözlüklə əmziyi sorub, içərisindəki şirəni içib bitirdi və ağlamağa başladı. Gülşən yanağında duzlu göz yaşları mətbəxə qaçdı.

Uşağın butulkasına çay süzüb, mürəbbə qabının dibində qalmış mürəbbənin axırıncı şirəsini qaşıqlayıb butulkaya tökdü və otağa döndü. Körpə bu dəfə də çayı son damlasına qədər içib, yenidən ağladı.

O körpəni qucağına alıb yırğalamağa başladı. Uşaq yatmaq istəyir, fəqət ac oluğu üçün yata bilmirdi. Bu onun içdiyi, üçüncü şirin çay idi. Nəhayət kəmşirin çay, körpənin mədəsinə yayıldı və uşaq yuxulayıb yatdı.
Saat beş idi. O, uşağı çarpayıya qoyduqdan sonra yenidən qayıdıb divanın üstündə oturub göz yaşlarına güc verdi...

... Adamın gözündə nə qədər yaş olar? Deyə öz-özünə düşündü. Bu gün ikinci gündü ki, özü də uşağı da acdı. Dünən oğlu dəfələrlə mətbəxə gedib, yemək axtarmışdı. Evdə olan düyünü, Gülşən iki gün öncə qaynadıb oğluna yedirtmişdi. Axırıncı iş yeri də bağlanandan sonra hansı salona gedibsə yer yoxdu deyirdilər.

Bütün qəsəbədəki salonlar elə bil, bir-birləri ilə sözləşmişdilər. Anası ilə lap yaxınlıqda qonşu yaşayırdı, amma nə anası, nə də bacıları heç biri onunla danışmırdılar..

Təqsiri o idi ki, anasının razılığı olmadan ərə getmişdi. İndi həm özü, həm də balası aclıq çəkir və o da əli-qolu bağlı gecənin bu zülmətində oturub sıtqayırdı.

Gülşən qalxıb otaqda var-gəl etdi. Nə etsin? Satılmalı heç nəyi qalmayıb, evdə gözə görünən pula getməli nəyi varsa, hamısını satıb. Beynindən keçən fikir onu dəhşətə gətirdi. Birdən oğlu yenə yuxudan oyansa nə edəcək? Axırıncı mürəbbə suyu da bitdi.

İlahi, insanın mürəbbə suyunu dərd etməsinin özü də böyük dərd olarmış...
Oğlunu ana südündən ayırdığı üçün özünə acığı tutdu. Heyf deyil ana südü. Indi döşündə süd olsaydı, oğlu heç olmasa, gecələri ac qalmazdı. O, ümüdsüz halda oğlunun yanına uzandı. Bəlkə gedib bank yarsın, mağazanın şüşələrini sındırıb, ərzaq oğurlasın?.. Təki oğlu üçün yeməli bir şeylər tapıb gətirsin...

...Ağlına gələn fikirdən əvvəlcə dəhşətə gəlib, sonra toxtadı. Bütün qəlbi ilə özünə haqq qazandırdı.Çünki, başqa çıxış yolu yox idi!

Zahid kişinin sınıq-salxaq ərzaq mağazası, lap yaxınlıqdaydı. Oğlunu aclıqdan qurtarmaq üçün ona yarım saat vaxt lazım idi.

Gülşən, Zahid kişinin kasıb, balaca mağazasının qarşısında ayaq saxladı. Fənəri qalxızıb içərini işıqlandırdı. Vitrində süd, un, pesok və aclıqdan xilas olmaq üçün xeyli ərzaq vardı.

O, fənərin işığını söndürüb, ətrafa göz gəzdirdi. Küçə bom-boşdu. Uzaqdan anasının eyvanı görsənirdi. Gülşən istehza ilə gülümsədi. Mağaza çox balaca, qapısı adi lambir qapıdı.

İçərisində gündəlik istifadə olunan ərzaqlar satılır. Gülşən saçına vurduğu dəmir sancağı açıb, qapının açar yerinə sancdı. Bir neçə dəfə sancağı burdu və qapı açıldı. Bu bacarığı ona dörd il əvvəl türmədə rəhmətə getmiş dayısı uşaqlıqda, öyrətmişdi...

O tez sellofanlardan birini götürüb ərzaqlardan yığmağa başladı. Pesok, süd, makaron, yağ... Bir sellofan doldu. O ikinci sellofanı götürüb onu da doldurub, sevincək mağazadan çıxdı. Qapını örtüb, iri addımlalarla ordan uzaqlaşdı. O yorulub, əlindəkiləri yerə qoyub, dincəldi.

Yadına mağazasını soyduğu Zahid kişinin qızı Zəhra düşdü. Zəhran, üçüncü sinifə gedir. Yay-qış sinəsi, qolları bağlı paltarlar geyinir. O, beş yaşı olanda, anasının bişirdiyi qaynar mürəbbə dolu ləyənin içərisinə düşüb. Qızın qurşaqdan yuxarısı tamam yanıb. Axırıncı dəfə o Zəhranı, on gün əvvəl Zahid kişidən alver edərkən görmüşdü. Qız dərsdən çıxıb atasından evlərinin açarını almaq üçün mağazaya gəlmişdi. O getdikdən sonra, Zahid kişi, təəssüf qarışıq kədərlə demişdi.

- Qızımın müalicə pulunu tamamlaya bilsəydim, aparıb əməliyyat elətdirərdim. Uşaq bu bağlı paltarlardan qurtulardı.

Zahid dayı qaçqın idi. Arvadı, özü və bir qız övladı ilə yaxınlıqdakı yataqxanaların bir otağında qalırdılar. Arvadı Gülyaz, aptekdə xadimə işləyirdi. Bircə övladlarının belə vəziyyətdə olması ata ilə ananı həmişə məyus edib, görkəmlərinə qəribə bir kədər bəxş etmişdi.

Lənətə gələsən, Gülşən öz-özünə pıçıldadı... Elə bil Zəhranı xatırlamağa vaxt qəhət idi... Bu qızcığaz onun yadına düşdü? O bir anlıq mağazadan oğurladığı ərzaqları hesabladı. Təxminən əlli manata yaxın edirdi.

Əlli manat... Bu pul, Zahid kişininin iki günlük bəlkə də üç günlük qazancı idi. Zəhranı qollu, yaxalı köynəklərdən çıxmasını yaxınlaşdıran üç gün deməkdi.
Gülşən, geri qayıdıb, qapını yenidən açıb mağazaya daxil oldu. Əlindəki ərzaq dolu sellofanı piştaxtanın üstünə qoyub evinin yolunu tutdu. Evə getmək istəsə də, bacarmırdı. O, bir daşın üstünə çoküb hönkürtü ilə ağlamağa başladı. Bir az toxtadıqdan sonra ayağa durub evinə doğru addımladı. Hava yavaş-yavaş işıqlanır, aclıq və çarəsizlik dolu bir gün başlamaq istəyirdi...

Evinə çatıb qapıya söykəndi. İçəridən oğlunun gülüş səslərini eşitdi. Gülşən qapını açıb otağa daxil olduqda, divanda oturan anasının qucağında şən qəhqəhələrlə gülən oğlunu gördü.

11 İyun 2011
XS
SM
MD
LG