Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:36

Abbas Səhhət. Ana və oğul


Hər sabah gün ki, saçar aləmə nur,
Danədən ötrü uçar cümlə tüyur,
Quşlar ol dadlı civiltilə oxur.
Aç gözün uyqudan, ey tifli-qəyur.
Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!

Gün çıxıb dağü daşa nur səpər,
Hamı dünyada çalışmağı sevər,
Hərə bir səmtə gedər əhli-hünər.
Ana övladına şəfqətlə deyər:
Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!

Yanaşar bəstəri-ətfala ana,
Uyqudan yavrusu istər oyana,
Əyilər ta üzü-üzə dayana,
Çox yavaşca söləyər onda ona:
Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!

O gözəl, sevməli, ol nurlu bəbək,
Uyqusundan oyanar əsnəyərək,
Didə məxmur, özü misli-mələk,
Madəri onda edər böylə dilək:
Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!

Ayıl, oğlum, bu qədər eyləmə xab,
Dur götür qoltuğuna indi kitab,
Məktəbin vaxtı keçir, eylə şitab,
Cəhd elə elm oxu həngami-şəbab,
Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!

1907

balalar-az.com
XS
SM
MD
LG