Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:36

Dalğa Xatınoğlu. Anam


Anamı sorsanız,
Köylü bir qadınmış derlər
məktəbə getməmiş heç zaman
Ürəyi vəbalı anam.
Adının cizgisini çəkirkən
Nöqtəsini unudardı qaliba
Dodağı qaçardı – bir gülümsəyə
Damğası söyüd budağı tək
Başı zavallı anam.
Min doqquzyüzunudulmuşuncu il…
Anamı sorsanız
14 yaşı varkən
Boylu bir qadınmış derlər
Gövdəsi dum-duru
Arxasından günəşi görərsən
Bənizində dişlərsən almanı
Sonra da,
gözlərindən ulduzları dərərsən…
Dodağından alov
Döşlərindən ay ışığı fışqırar
Böyləsinə duyurdum
Hər səhər əllərimi saçlarında yuyurdum
Anamı sorsanız,
Bir azca dəli,
Bir azca dolu qadınmış derlər.
Hələ də qoxusu burnumda
ətəyi reyhan,
əlləri xəmir qoxuyan anam…
şıltaq bir uşaqdım
“ Bu yetim tanrının bəlasıdır” derdi anam
Gündüzü oturmaq
Gecəni uyumaq bilməzdim
Hər gecə boylanıb pəncərədən dışarı baxardı,
“ Vay mənə!
Baxınız o qara devə,
Torbası çiynində,
Qabası əynində,
Necə də qanlı gözlərini dikmiş evə!”
Hələ də qulağımdadır…
Sonra böyüdüm
Ağzımda süd
əllərimdə qan qoxusu
hər zaman öldürəcəyimi düşünərdim…
bir gecə üstünə vardım
vay mənə!
birinci cinayət doğuldu əllərimdə,
hələ də xatirimdədir yalvarışları,
hələ də gözümdən itməz son baxışları
dodağı göm-göy
bənizi sap-sarı
xırxırası oğuldu əllərimdə
altıma sərildi leş kimi
sonra da zavalli bir bir quş kimi
titrəyib boğuldu əllərimdə
büsbütün susdu
qurumuş bir ağac da olmadı
sındığına şaqqıldasın
vay mənə!
birinci cinayət doğuldu əllərimdə…
məzarından alov püskürürdü,
əllərimi ciblərimdə gizlədim
hamının baxışlarını izlədim
və sonra,
ürəyim durmadan vururdu
hava betondan ağır
yağış yağmadan,
yel əsmədən dururdu.
Ağzımda süd
əllərimdə qan qoxusu
içimdə vicdan
dışımda polis qorxusu…
sonra böyüdüm
sözümü ürəyimə uddum
və hər şeyi unutdum
anamı sorsanız
14 yaşı varkən
Ölü bir qadınmış derlər…


kultaz
XS
SM
MD
LG