Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:35

Xülya Sabirli "Gülən ev" (Hekayə)


İş yerim darıxdırıcı bir küçədə yerləşirdi.

Otağımın pəncərəsindən baxanda çoxmərtəbəli və azmərtəbəli binalardan, ucsuz-bucaqsız tıxacdan, uzaqdan qarışqa kimi qaynaşan balaca adamlardan başqa demək olar ki, heç nə görmək olmazdı.

Amma mən o ofisdə işlədiyim illər ərzində maraqlı bir əyləncə tapa bilmişdim özümə: boz binaların arasında utancaq qız kimi gizlənən, divarları açıq çəhrayı rəngli, balaca, bacasından həmişə tüstü çıxan bir ev..

Nə vaxt yorulsam pəncərəmdən azca boylanır və həmin çəhrayı evin bacasından çıxan tüstüyə tamaşa edirdim.

Xüsusilə də soyuq qış günlərində ofisimdə üşüyəndə bu mənzərəyə baxıb isinərdim.

O vaxtlar heç bilmirəm niyə, o evdə xoşbəxt, çoxuşaqlı bir ailənin yaşadığına inanırdım.

Evin geniş qonaq otağında qaçışan qayğısız körpələri, isti buxarının kənarında oturub şirin söhbət edən, hələ də gənclik sevgilərinin təravətini qoruyan xoşbəxt ata-ananı təsəvvür etməkdən zövq alırdım.

Xəyalımda onların hər birinin şəklini çəkirdim. Bir tərəfdən özüm yaratdığım o insanları sevir, digər tərəfdən də qısqanırdım..

Bəzən də bu qısqanclığın bəhrəsi olaraq özümü təsəvvür edirdim həmin buxarının kənarında.. Sol əlimlə saqqalımı ovuşdurur, arabir sağ əlimdəki qırmızı şərabdan bir-iki qurtum içirdim..

Otağın sükutu klassik musiqinin gözəlliyi qarşısında boyun əyərkən, mən də gözlərimi yumaraq şirin notlara təslim olurdum..

Arabir durub otaqda gəzişir, pəncərədən darıxdırıcı ofisim yerləşən boz binaya baxıb gülümsəyir, sonra da pərdələri bağlayırdım.. Bu xəyallar o qədər şirin və həqiqətəbənzər olurdu ki, sanki dodaqlarımda şərabın dadını hiss edir, ilıq musiqinin sədalarını duyurdum..

Bəzən isə özümü tək xəyal etmirdim o evdə.. Yanıma hansısa sevdiyim aktrisanı-Audrey Hepburn ya da Monica Bellucini qonaq edirdim.. Belə olanda çəhrayı evin tüstülü bacası soyuq qış günlərini daha da isti edirdi..

Çəhrayı evin qayğısız, gülərüz sakinlərinə, mehriban valideynlərə, onların şirin, dəcəl balalarına, hamısından çox isə tüstülü bacasına aşiq olmuşdum..

Qəribədir ki, tanımadan qısqandığım bu xoşbəxt ocağın sakinlərinin heç birini hələ görməmişdim. Evin pəncərəsində bir nəfər də gözə dəymirdi. Baca isə daim tüstüləyirdi.. Şirin-şirin.. Məsum-məsum..

Balaca evə ad da tapmışdım- “Gülən ev”! Axı bu evdə dünyanın ən xoşbəxt insanları yaşayırdılar.. Sanki onların qayğısız gülüşləri evin də əhvalına təsir edirdi.. Nə vaxt çəhrayı evə baxsam mənə elə gəlirdi ki, o, gülümsəyir.. Bacadan çıxan isti dumanlar da onun şirin qəhqəhələridir..

Beləcə, gündəlik iş rejiminin yorğunluğunu hər gün “gülən evin xəyalı ilə atırdım.. Bu, mənim ən maraqlı əyləncəm idi..

Bir səhər işə gecikdiyimə görə müdir məni danladı. Ona yarım saatdan çox tıxacda ləngidiyimi nə qədər izah etməyə çalışsam da o, fikir vermir, elə hey mənim məsuliyyətsizliyimdən şikayətlənirdi.

Mən qəmgin halda öz otağıma girib əyləncəmlə ovunmaq istədim. Amma pəncərəyə yaxınlaşanda təəccübləndim.

Evin ətrafı yanğınsöndürən maşınlarla əhatə olunmuşdu. Ətrafda xeyli adam var idi. Gülən evin çəhrayı divarları yavaş-yavaş narıncı alov dilimləri arasında gözdən itirdi.

Birazdan evdən bütün bədəni yanıqlardan tanınmaz hala gəlmiş bir adamın çıxarıldığını gördüm. Sonralar öyrəndim ki, bu şəxs həmin evdə yaşayan 80 yaşlı bir qadın imiş. Ötən il oğlu, gəlini və nəvələri bir qəzada həlak olduqdan sonra tək yaşamağa məcbur olmuşdu. Yataq xəstəsi idi..

Gündə bir neçə dəfə yanına baş çəkən qonşulardan başqa kimsəsi yox idi. Yanğın baş verəndə nə ayağa dura bilmiş, nə də səsini eşidən olmuşdu. Beləcə, yanaraq son nəfəsini vermişdi..

Çəhrayı evin qalıqlarını sonralar söküb yerində çoxmərtəbəli bir bina tikdilər. Mən isə işdən çıxdım.. Daha orda işləyə bilmədim..

Evin bacası son nəfəsinədək tüstülədi.. Yanğın baş verən gün çəhrayı evin bacasını heç vaxt görmədiyim qədər üsyanla tüstüləyən gördüm.. Son qüvvəsilə tüstülədi və birdəfəlik söndü.. Onda bu tüstü mənə “gülən ev”in qəhqəhələri kimi yox, “ağlayan ev”in hıçqırıqları kimi görünürdü..

İndi də hərdən qışın soyuğunda isinmək arzusu baş qaldıranda istəyirəm ki, özümü yenə həmin evdə, əlimdə qırmızı şərab, yanımda gözəl bir qadınla təsəvvür edim, ancaq alınmır..

Nə qədər çalışsam da gülən ev sonuncu dəfə gördüyüm ağlayan halı ilə gəlir gözümün qarşısına..
XS
SM
MD
LG