Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:03

Adil Cəmil. "Mən və sən", "Bu qış"


MƏN VƏ SƏN

Mən ki oynamıram duyğularınla,
Demirəm bağışla, ya da ki, əfv et.
Qəlbində, ruhunda varamsa əgər,
İnciyən deyiləm, sən səni məhv et.

Mən kiməm, sən kimsən - hələ bilinmir,
Durmuşam qarşında bir əmma kimi.
Baş aça bilmirəm bu doğmalıqdan,
İlləri yaşadıq müəmma kimi.

Çox da ki, çox şeyə mən tələsmirəm,
Tələsən ömrümdən daha nə qaldı?
Qovuşmaq arzusu alınmayanda,
Ayrılıq adında bəhanə qaldı.

Hərəmiz bir yolun yolçularıyıq,
Hardasa qovuşan yollar da bizim...
Mən sənə, sən mənə qucaq açanda,
Qəfildən qırılan qollar da bizim.

Görürəm, beləcə görk edir fələk,
Taleyin görünməz görkü bizimdir.
Bütün sevgilərdən başda dayanan,
Amma başaçılmaz sevgi bizimdir.


BU QIŞ

Kasıbın olanı əlindən getdi,
Varlının əlində var ərimədi.
Tamah çoxaldıqca dünya malına,
Gözləri bağlayan tor ərimədi.

Kəsdi əlimizi şaxta ülgücü -
Şəhərdə buraxdı hamı iş-gücü.
Gecələr upuzun, günlər üzücü,
Qış elə gəldi ki, qar ərimədi.

Hər yaşın özünün ovqatı varmış,
Taleyin qəribə sovqatı varmış.
Soyuq ürəyində buz qatı varmış -
Eşqimin oduna yar ərimədi.

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG