Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:52

Zəka Vilayətoğlu "Meşin çanta" (Hekayə)


Səksən il öncə aldığı əmanəti, qarı, səhərə yaxın, amansız tənhalığın, bədəninin hər yerinə gənə kimi daraşmış, sarınmış ağrıların, giziltilərin, zoqqultuların əlindən güclə qoparıb Tanrıya qaytardı.

Göylər, öz can əmanətini alıb apardıqdan sonra, kimsəsiz, alaqaranlıq otaqda, döşəməyə atılmış isti və təmiz yorğan-döşəyin arasında qupquru, sopsoyuq və xəstəlikdən şişərək, öz adi halından çxan cansız bədən qalmışdı.

Otaqdakı ölüm səssizliyi və qarının meyiti çox vahiməliydi. Bu vahiməli səssizliyi, bir az sonra qarının pişiyinin yazıq miyoltusu pozdu.

Pişik qarının ayaqucunda sərilib yatmışdı. Elə bil o, sahibinin öldüyünü qəfil hiss edib ayılmışdı.

Yazıq-yazıq miyoldayıb, qarının, bum-buz və şişkin əllərini yalayır, onu oyatmağa çalışırdı.

Qarı oyanmaq bilmirdi. Pişik yeriyib qarının sinəsinə çıxdı və əvvəlcə, diqqətlə onun üzünə baxdı; qarının gözləri açıq halda tavana zillənib qalmışdı.

Pişik onun üz-gözünü imsiyərək, yalamağa, təzədən yazıq-yazıq miyoldamağa başladı. Sonda qarının oyanmadığını görüb, otağın qapısına tərəf atıldı. Sağ pəncəsiylə köhnə dəmir qapını vurub, cırmaqlamağa başladı.

Sanki qarının ölüm xəbərini qonşulara çatdırmaq istəyirdi. Doğrudur; hazırda baş verənləri elə bu cür də yozmaq mümkün idi; amma pişik, qarının öyrətdiyi kimi bayıra çıxıb, öz təbii ehtiyacını ödəməyə can atırdı.

Həmişə belə idi; pişik işəmək,.. istəyəndə özünü qapıya tərəf atır və qapını cırmaqlayır, həyəcanla miyoldayaraq, sahibini xəbərdar edirdi.

Qarı da, öz ağıllı pişiyini xoş sözlərlə oxşaya-oxşaya gəlib qapını açırdı...

Pişik hələ də qapını cırmaqlayır, tez-tez qarıya tərəf boylanır, miyoldayırdı.

Qarı nə dinir, nə də tərpənirdi. Pişik isə ağrıdan ölürdü. Buna baxmayaraq, qarının təlim-tərbiyəsindən çıxmamağa çalışırdı. Amma, deyəsən, bu mümkün olmayacaqdı.

Hə, elə belədir ki, var; pişik, çömbəlib, düz qapının astanasına işədi və ardınca da daha ağır və qətran kimi qatı və qara yükünü yerə qoyunca, xoşagəlməz qoxu otağı bürüdü.

Bununla da pişik miyoltusunu kəsdi və günahkar və qorxaq baxışlarla, çoxdan ölmüş sahibinə tərəf baxdı: tək bircə ağız miyoldadıqdan sonra, ehtiyatla onun yatağına yaxınlaşdı və təzədən qarının ayaqucunda qisilib yatdı.

Qarı canını tapşırana yaxın yatağını əməlli-başlı bulamış, batırmışdı. Dünən axşam zorla yediyi şorabadan sonra bayıra çıxmamışdı və bayıra çıxsaydı da bu xoşagəlməz iş baş verəcəkdi.

Deyilənlərə görə, insanların hamısında, ölərkən belə bir vəziyyət baş verir.
Divarlarının suvağı çoxdan tökülmüş, döşəməsi çoxdan bərbad hala gəlmiş evin havası çox ağırlaşmışdı.

Köhnəlmiş kanalizasiya sistemindən gələn kif qoxusuyla birgə qarının yatağından və qapının çənədindəki pişik nəcisindən gələn pis qoxu biri-birinə qarışıb, otağın, onsuz da ağır olan havasını, dəhşətli dərəcədə ağırlaşdırmışdı.

Qarıya soyuq olmasın deyə kip bağlanmış qapı- pəncərədən, azacıq da olsa hava girmirdi. Saralmış, qocalmış, köhnəlmiş otağın özünün, bu dəm adama elə gəlirdi ki, bu dəhşətli üfunətdən bağrı çatlamağa gəlir və otaq, adam kimicə, pəncərədən görünən bağçaya həsrətlə baxır.

Bu anı, bu istəyi təsəvvür etməmək mümkün deyildi və bu üfunəti qovub, həmin bağçadan, çöldən-bayırdan bircə udum təmiz hava almaq üçün bir insan əli gərək idi ki, pəncərəni azacıq aralasın.

Qarı otuz ilə yaxın idi ki, tənha yaşayırdı. Yeganə oğlu otuz il əvvəl anasını atıb Uzaq Şərqə getmiş və ordan-Vladivostok deyilən yerdən anasına, hələ Sovetlər vaxtında bir məktub yazmışdı.

Yazmışdı ki, gəmiçiliklə məşğuldur və dolanışığı, gün-güzəranı ürəkaçandır. Dalısınca da yazmışdı ki, bir rus qızıyla evlənib...

Özgə bir şey yazmamışdı. Qarı da hamıdan, hər kəsdən üz döndərib, hərdən ac, hərdən tox qarınla, çətinliklə də olsa, ömrün zirvəsinə doğru qalxmağa başlamışdı. Hərdən, ömrün çətin yoxuşlarında ayaq saxlayır, oturub nəfəsini dərir və qalın-qalın dəftərlərə nəsə yazırdı. Əslində o “nəsə”ni yazmağa indi yox, lap gənclik illərindən başlamışdı.

Gənclik illərindən üzübəri yazdıqlarını da, öz canından artıq qoruyub saxladığı iri, meşin çantada gizlətmiş, saxlamış, indiyəcən bir kimsəyə göstərməmişdi.

İnsanlara etibarını çoxdan itirmiş qarı hara gedirdisə həmin çantanı da özüylə götürürdü.

Hətta çörək almaq üçün dükana gedəndə də. Amma kimsə bilmirdi ki, qarının çiynindəki bu ağır çantada nə var.

Qarının bu şəhərdə bir kimsəsi yox idi; belə deməyə əsas verən o idi ki, bu otuz ildə onun qapısını kiminsə (qonşulardan savayı) açdığını görən olmamışdı. Ən pisi də o idi ki, onu hamı bir rus qarısı hesab edirdi.

Qarının rusca çox səlist, azəri türkcəsində isə bir qədər çətinliklə danışması, eyni zamanda onun pişiyə meyilliliyi buna əsas verirdi. Qarının kimliyini dəqiq bilməyənlər bura sonradan köçüb gəlmə adamlar idilər. Əvvəllər qarının qonşuluğunda daha çox rus və rusdilli azərilər yaşayırdılar ki, onların da, demək olar, hamısı köçüb başqa yerlərə getmişdilər.

Məlum məsələdir ki, təzə gələn qonşularla qaynayıb qarışmayan qarı öz meylini pişiklərə salmışdı.

Qarı lap çoxdan pişik saxlamağa başlamışdı və onun yeganə dostu, sirdaşı pişiklər idi. İndi ayaqucunda yatan ala pişik qarinin ən sonuncu pişiyi idi. İndiyəcən saxladığı pişiklərdən qəşəngi, ağıllısı və tərbiyəlisi də, elə bu pişik idi.

Öldüyü günəcən yeməyinin çoxunu və yaxşı hissəsini qarı bu pişiyə yedirmişdi. Hətta dünən axşamüstü, on altı il əvvəl oğulluğa götürdüyü adamın gətirdiyi isti, dadlı ev xörəyinin də yarısını pişiyin qabağına qoymuşdu.

Ölümlə həyat arasındakı daracaqda çırpınmasına, zarımasına baxmayaraq, sevimli pişiyini unutmamışdı qarı.

On altı il öncəyə qədər dövlətdən aldığı cüzi təqaüd hesabına birtəhər dolanan qarı bircə dəfə də öz taleyindən, dolanışığından şikayətlənməmişdi. Ac qalanda, pulu tükənəndə də kimsəyə bildirməmişdi bunu.

Möhkəm iradəsi, qüruru, kiminsə qarşısında onu əksilməyə, alçalmağa qoymamışdı. Beləcə kimsəyə bir söz demədən, sirrini açmadan yaşayır və elə hey nəsə yazmağına davam edirdi. Hərdən də yazdığı dəftər qalağını stol üstə səliqəylə yığır, bir-bir varaqlayır, xoşuna gələnləri sonacan oxuyurdu.

On altı il öncə qarının qapısını döymüşdülər. Qapını açınca, qonşusu Alıhüseyni görmüşdü qarı. Alıhüseynin yanında bir cavan kişi də vardı ki, ədasından yer cırılırdı.

Bununla bağlı, görünür, ona haqq verən şeylər vardı ki, bu da onun uca boyu, insafən yaraşıqlı, gur, səliqəylə daranmış saçları, gözəl formada düzəldilmiş, daranmış qalın, ilk baxışdan diqqəti cəlb eləyən bığları və bir də qara, qaynar gözləri idi.

Və elə ilk qarşılaşmada, ciddi davranışı, baxışları və ümumi zahiri görünüşüylə onu yüksək vəzifəli şəxs hesab etmək olardı.

Əslində bizim bu tənha qarımız da elə bu cür zənn eləmişdi və daxilindən gələn yüksək mədəniyyətlə gələnləri salamlamışdı. Eyni zamanda ilk dəfə gördüyü, görən kimi də çox xoşlandığı bu adamdan, niyəsə utanıb, cavan, ərgən bir qız kimi nazlanmışdı da. Bunu Alıhüseyn də, yanındakı adam da o dəqiqə hiss eləmişdi və Alıhüseyn öz ana dilində, astadan yanındakına demişdi:

-Anası ölmüş, nə təhər də sənə naz satır, a Cavanşir! Elə bil altımış yaşında qarı deyil. Özü də, allahımız haqqı səni görən kimi belə nazlandı. Gör neçə ilin qonşusuyuq, indiyəcən mən bunda belə şey görməmişəm.

Bu yaşda, ölməmişin ənlik-kirşanına baxsan. Belə getsə, bu tezliklə o, ölümə yaxa verənə oxşamır. Qorxuram ki, sənin özünü üzüb haldan salar... Bax dəə, yenə özün bilən məsləhətdir.

-Əşi, allah bilən məsləhətdir, nə vaxt ölər, ölsün... Amma, mən elə hiss edirəm ki, beş ildən çox çəkməz. Mənə də elə beləsi lazımdır. Təki yola gəlsin, bizim dediklərimizlə razılaşsın, sonrası asan məsələdir,-Cavanşir adlı cavan kişi dillənmişdi.-Məncə nə vaxtsa pullanacağını, mənzil alacağını və ya mənzil almaq növbənin gəlib çatacağını, üzülə-üzülə gözləməkdənsə, bu qarının ölümünü gözləmək daha rahat və daha yaxşıdır.
Alıhüseyn Cavanşirin fikriylə razılaşıb, onu qarıya göstərərək, rusca demişdi:

-Ay qarı, bu cavan oğlan mənim yaxın qohumumdur. Onun sənə yazığı gəlir və elə bununçün də səni öz himayəsinə götürmək istəyir. Sən də, yazıqsan, bəsdir, tənha, ac-susuz yaşadın indiyəcən. Danışın, barışın, bitsin bu məsələ. Öləndə də, heç olmasa səni bir basdıran olar.-Sözün bu yerində Alıhüseyn gülmüşdü. Onun son sözlərindən qarı qətiyyən inciməmişdi və o özü də gülümsəmişdi. Alihüseynin təklifi onun ürəyincə idi.
Cavanşir Alıhüseynin uzaq qohumu idi. Ali təhsili olmasına baxmayaraq, işsiz gəzib-dolaşan Cavanşirlə görüşündə Alıhüseyn, birdən-birə həmin tənha qarı və onun iki otaqlı, bağ-bağçalı mənzilindən söz açmışdı. Əslində ev alqı-satqısıyla çoxdan məşğul olan Alıhüseyndən Cavanşir özü belə bir xahişi etmişdi ki, rastına, ev-eşiyi olan, amma bir kimsəsi olmayan bir qarı çıxsa onu xəbərdar eləsin. Amma həmin vaxt Alıhüseyn, qonşuluğunda belə bir qarının olduğunu, qohumundan gizləmişdi. Çünki özü çox can atmışdı ki, qarını bir bicliklə yola gətirib, onun mənzilini ələ keçirsin. Amma qarı, niyəsə ondan xoşlanmamış və Alıhüseyni yaxınına buraxmamışdı. Yalnız çox götür-qoydan sonra Alıhüseyn həmin qarını Cavanşirə nişan vermişdi. Baxmayaraq ki,kiçik də olsa, Cavanşirin ev-eşiyi vardı, o Alıhüseyndən bu şad xəbəri alınca, sevincindən onun çiçəyi çırtladı. Bu gün-sabah oğlanları böyüyəcək, hərəsi bir ailənin sahibi olacaqdı. O zaman onlara ev lazım olmayacaqdımı?.. O zaman nəylə, hansı pulla onlara mənzil alacaqdı. Yeganə rahat və münasib yol, məhz belə bir tənha qarının şmründən keçirdi və bu yolun sonundakı rahatlığı, firavanlığı çox aydın görürdü Cavanşir...

Qarı on altı il öncə Cavanşiri oğulluğa götürmüş və rəsmi formada bütün varidatını onun adına keçirtmişdi. Sənədləşmədə o da göstərilmiş və təsdiqlənmişdi ki, qarı ölən günəcən Cavanşir onun qayğısına qalacaq və daima nəzarətdə saxlayacaqdı.

Və o gündən qarının, demək olar ki, xoşbəxt günləri başlanmışdı. O, Cavanşirin oğlanları və xanımıyla qaynayıb-qarışmış, əməlli-başlı onlara isinişmişdi. İnasfən qarnı da, çörəyə doyurdu.

Bir sözlə, günlərlə susuz qalb soluxmuş və qəfildən suvarılaraq, təzədən açılan, pardaqlanan dibçək gülü kimi sulanmış, ətə-qana gəlmiş, dirçəlmişdi. Sanki, qarı, səksənə doğru qalxmır, təzədən on beş yaşına qayıtmaq istəyirdi. Bu halla Cavanşirdən,-hər nə qədər onunla isinişməsinə baxmayaraq,-utanır, çəkinir, nazlanırdı.
Vaxt, zaman öz işindəydi.

Cavanşir özü yaşlaşır, saçlarna un kimi ələnirdi dən. Amma qarı, getdikcə cavanlaşırdı. Bu isə daha Cavanşiri narahat eləmirdi. Allah verən ömür idi, hər kəs yaşayırdı. Hərdən qarıdan, onun nə vaxt öləcəyindən söz salanda Cavanşir Alıhüseynə deyirdi:

“Bilmək olmaz, dünyanın işini, a qohum. Bu kötüyün üstə hələ çox şivlər, pöhrələr doğranacaq. Ona görə də, nə tələsir, nə də darıxıram. Allahın işinə əl aparmaq günahdır!.. Mən özüm göydən kağız gətirməmişəm ki!.. Sabah nə baş verəcəyini kim hardan, nədən bilə bilər, axı?”

Aradan on altı il keçmişdi. Qarı günbəgün kökəlirdi. Cavanşir bunu da təbii hal kimi qəbul edirdi. Amma bir gün məlum oldu ki, qarı kökəlmir, sadəcə müəyyən ağrılar, fəsadlar üzündən şişir.

Və o yıxılan, bu yıxılan-qarı yatağa düşdü. O gündən də Cavanşirin həyəcanı, narahatlığı başladı və get-gedə dəhşətli həddə çatdı:birdən qarı, qəfil ölər, o, bundan xəbər tutmazdı.

O zaman hər şeyin əldən çıxmaq təhlükəsi yaranardı. Amma həmişə ayıq olan Cavanşir bu təhlükəyə yaxa vermədi və lap vaxtında “Təcili tibbi yardım” çağırdı, qarını əməlli-başlı müayinə elətdirdi. Sonra sahə həkimini götürüb gəldi. Yenə də lazımi diqqət, qayğı və müayinə, müalicə, lazımi sənədləşmələr.

Cavanşirdən beş-on manat pul alan sahə həkimi dedi:

-Ola bilsin ki, bu gecə canını tapşırsın! Artıq onun yaşamasına ümid yoxdur!..

-Mən əlimdən gələni elədim. Allah özü şahiddir ki, on altı il ona öz anamdan da artıq qayğıyla yanaşmışam. Qonşular da mənim bu qarıya olan münasibətimdən xəbərdardılar. Siz allah, çalışaın ki, sabah qarı öləndə məni çək-çevirə salan olmasın!-Cavanşir sahə həkimindən xahiş elədi.

-Artıq təhlükə sovuşub. Yəni sizin əlinizdə yetərincə faktlar var. Mənə elə gəlir ki, hər şey ürəyinizcə olacaq,-sahə həkimi dilləndi. Bu an Cavanşir onun cibinə, əlavə olaraq, on manat da basdı. Bundan məmnun olan həkim, qarının ciddi xəstə olması, sağalmasına ümid olmadığı halda, təkrar-təkrar müayinə və müalicə olunduğunu təsdiqləyən bir sənədi imzalayıb, möhürləyərək, Cavanşirə verdi:-Bu sənəd sizin karınıza gələcək. Bundan sonra kimsə sizi, qarının ölümüylə bağlı suçlaya bilməz. Amma, qarı ölər olsa, lazımi yerlərə məlumat vermək mənim vəzifə borcumdur...

Səhər açılırdı. Otağın havası ötən vaxt boyunca daha da ağırlaşır, kəsifləşirdi.

Qarının açıq, ifadəsiz, solğun gözləri, eləcə tavana zillənib qalmışdı. Pişik isə sakitcə başını qoyub onun ayağı ucunda xorna çəkirdi. Hələ gələn, qapını döyən yox idi.

Ağır iy-qoxu, hər tərəfindən misginlik, köhnəlik və bədbinlik yağan otağın bağrını çatladırdı...

Qapıya kimsə açar saldı. Çaqqıltıya pişik oyandı və başını qaldırıb qapıya sarı baxdı. Az sonra qapı açıldı və Cavanşir, nigaran, narahat bir görkəmlə otağa daxil oldu.

İçəri girincə otaqdakı ağır, pis qoxu onu vurdu və az qaldı ki, ödü ağzına gəlsin.

Buna baxmayaraq, irəli yeridi və qarıya nəzər salmadan otağın pəncərələrini tayba-tay açdı. Tər-təmiz hava axını otağa dolub, içəridəki pis, ağır havayla ölüm-dirim savaşına çıxdı...

Cavanşir qarıya yaxınlaşdı və diqqətlə onun açıq, ifadəsiz gözlərinə baxdı. Bir söz demədən dinşəməyə başladı; qarı nəfəs almırdı.

Ümumiyyətlə, onda həyat əlaməti hiss olunmurdu. Buna baxmayaraq, Cavanşir qarını bir neçə dəfə səslədi, amma cavab gəlmədi və o, tam əmin oldu ki, qarı canını tapşırıb. O dəqiqə cib telefonunu çıxardı və qarının ölüm xəbərini sahə həkiminə bildirdi.

Daha sonra yaxın qonşuları da çağırıb bir yerə yığdı və bu haqda onlara da məlumat verdi. Hər halda qonşuların bu hadisəylə bağlı şahidliyi vacib idi.

Hamı yaxşı bilirdi ki, Cavanşir, bu çağacan qarıya necə baxıb. Hətta yatağa düşdüyü gün Cavanşirin arvadı qarıdan ötrü xam, isti yorğan-döşək gətirmişdi ki, indi həmin yorğan döşəkdə can vermiş qarı, elə bil şirin bir yuxuya getmişdi.

Adamlar baş-başa yığışıb qarının ölümündən danışırdılar. Arabir Cavanşirə bəxtəvərlik də verirdilər ki, mənzillərin qiymətinin kəllə-çarxa çıxdığı bir zamanda Cavanşirin bəxti gətirib...

...Qoltuğu papkalı iki nəfər gəlib çıxdı. Üzlərində ciddi bir ifadə vardı.

Sanki kiməsə qəzəblənmişdilər və elə bil, bir azdan kimisə, niyəsə günahlandırıb, cəzalandıracaqdılar. Az sonra məlum oldu ki, onlardan ən yaşlısı Rayon Mərkəzi Xəstəxanasının Ölüyaran həkimi, yaşca cavanı isə Rayon prokurorluğunun müstəntiqi idi.

Ölüyaran həkim qarının evinə daxil olan kimi pencəyini çıxarıb ağ xalatını geyindi. Bundan sonra daha da ciddi görkəm alıb, qarının meyitinə yaxınlaşdı. Ardınca müstəntiq də meyitə yaxınlaşdı və papkasından kağız, qələm çıxarıb, həkimin meyitlə bağlı dediklərini qeyd etməyə başladı.

Bu an müstəntiqin də sifətindən zəhərmar yağırdı. Sanki bura gəlməmişdən əvvəl hər ikisi sözləşmişdilər ki, sifətlərinə eyni cür ifadə versinlər.

Bu da əslində Cavanşiri xoflandırmaq üçün idi və işin həddindən artıq “ağır” olmasından xəbər verirdi.Buna baxmayaraq, Cavanşir özünə təskinlik verməyə, allah yanında, qarıyla bağlı heç bir nahaq və günahsız işi olmadığına özünü inandırmağa çalışırdı. Buna öz varlığı kimi inanırdı da. Amma Ölüyaranla müstəntiqin sifətlərindəki zəhm, ağır ifadə özgə şey deyirdi.

-Yaz! Meyitin qarın nahiyəsində və sağ ayağının dizdən aşağı hissəsində xırda şişlər var. Kürəyinin bir neçə yerində də müəyyən əzik yerləri aşkarlandı,-Ölüyaran müstəntiqə dedi. Bir kənarda aramsız siqaret tüstülədən və həyəcanla, gah bayıra çıxan, gah da təzədən içəri girən Cavanşir Ölüyaran həkimə dedi:

-Həkim, özünüzə nahaqdan əziyyət verməyin, qarı öz əcəliylə ölüb. Mənim yetərincə şahidlərim də var.

-Yaz. Meyitin boğazında nazik bir həlqə aşkarlandı,-həkim Cavanşirə məhəl qoymadan müstəntiqə dedi. Cavanşir,- bir qədər əsəbləşməsinə baxmayaraq,-özünü ələ aldı və cibindən yüz manat pul çıxarıb, həkimin cibinə basmaq istədi. Həkim, cibinə girməkdə olan pulu tutub baxdı və sahibinə qaytardı. Bir qədər də ciddiləşib dedi:

-Siz bizi kiminləsə səhv salırsınız!

-Həkim, vallah, özünüzü əbəs yorursunuz! Axı nəyə lazımdır, bu işi böyütmək?-Cavanşir rahatsız dilləndi.-Meyiti boş yerə incitmək allaha da xoş getməz. Gəlin, razılaşaq, vaxtında onu dəfn edək. Odur, məsciddən maşın, fəhlə gətirtmişəm ki, aparıb meyiti yusunlar, el adətincə onu dəfn edək... Alın, yüz manat da əlavə verirəm, halal xoşunuz olsun!

-Vətəndaş, məsələ yüz, ya iki yüz manatda deyil,-həkim, təkrarən qarının boğazındakı nazik qara həlqəyə baxdı və əliylə dönə-dönə yoxladı.-Siz anlayırsınızmı ki, burda insan ölüb!.. Bu həlqə məndə şübhələr yaradır. Ona görə də meyiti “Morq”a aparıb, yarmamız məsləhətdir,-həkim müstəntiqə baxdı. Arxası Cavanşirə dayanmış müstəntiq həkimə göz basdı. Bu o demək idi ki, qiyməti qaldırmaq lazımdır. Belə bir hadisəni iki yüz manatla bağlamaq ağılsızlıq olar. Amma Cavanşir də Cavanşirliyini elədi; üçüncü kərə qiyməti qaldırmadan, üstəgəl bir qədər də qəzəb və ikrahla dilləndi:

-Hara istəyirsiniz aparın!.. Onsuz da sizin yoxlamalarınız, heç də sizin xeyrinizə olmayacaq. Meyitin boğazındakı o nazik həlqəyə gəldikdə isə,.. qarı həmişə başna ləçək bağlayırdı və o ləçəyin də nazik uclarını çənəsi altinda düyünləyirdi...

Ölüyaran həkim yenə də Cavanşirin dediklərinə məhəl qoymadı və meyitin müayinəsi sona yetincə, onun telefon zəngindən sonra, meyiti “Morq” deyilən yerə aparmaq üçün lazımi avtomobil gəlib çıxdı.

“Morq”da meyitin yarılma prosesi çox uzun çəkdi. Sonda, Cavanşirin zərərinə ola biləcək bir şey aşkarlanmadı. Həkim, qarının yarılmış qarnını təzədən tikib, qanlı əlcəklərini çıxararaq, tərini sildi. Sonra cavan müstəntiqə baxdı və astadan dedi:

-Biz uduzduq! Qarı, doğrudan da öz əcəliylə ölüb. Deyəsən, o iki yüz manat əlimizdən çıxdı! Yenə də sən yaxşısan, o müəllimi bir kənara çək, özün gir qılığına, bir şey istə, bəlkə verdi. De ki, görürük ki, pis adama oxşamırsan, ona görə də bu işlə bağlı çox dərinə getmək istəmirik... Əziyyət çəkmişik, yüz manat da versə, qənimətdir.

-İndi prokuror gəlib meyitə baxacaq. O gəlib, getdikdən sonra bu işlə məşğul olaram,-müstəntiq bildirdi və tez də əlavə etdi:-Görkəmindən demaqoq adama da oxşayır. Birdən bizi səsə-küyə salmaz ki!

-Yox, əşi. İnanma ki, iki yüz manatdan ötrü o cür yaramazlıq edə. Nə itirir ki, onsuz da o boyda mənzil qalır ona... Belə bilsəydim, o iki yüzü isti-isti alıb qoyardım cibimə. Yaxşı yerində deyiblər ki, çox istəyən, azdan da olar... Heç nahaqdan özümüzü yorduq. Dedim: bəlkə qorxudub, qiyməti qaldıra bilərik. Bu balaca iş deyil. Arada o boyda mənzil var. Zalım oğlundan mincə manat qopara bilsəydik,.. Amma bu adam da azacıq aşın duzu deyilmiş,-həkim dilləndi. Bu an prokuror qapıdan girdi və diqqətlə meyiti nəzərdən keçirdi. Biləndə ki, bu işdə cinayət itərkibi yoxdur, müstəntiqə dedi: “Verin, aparıb basdırsınlar!.. Özün də yubanma, işə tez gəl, baxılmalı işlər var”. Bundan sonra prokuror çox gözləmədi və qəfil gəldiyi kimi, qəfil də öz xidməti maşınına əyləşib getdi.

Cavanşir, qarını məsciddə yudurtdu və çox hörmətlə də şəhər qəbristanlığında dəfn elətdirdi, Quran oxutdurdu. Sonra çadır qurdurmaq, ehsan vermək də istədi, amma Alihüseyn razılaşmadı ki, qarı rusdur və ona müsəlman adətincə ehsan vermək yaramaz. Cavanşir də beş-on kilo yağ və un alıb, halva çaldıraraq, qonşulara ehsan payladı. Yalnız bu ağır günlərdən sonra Cavanşirə tam yəqinliklə məlum oldu ki, bütün qonşuların rus qarısı zənn elədikləri qarı əsil türk qarısıymış... Əslində qarını öz himayəsinə götürərkən, şəxsiyyətini təsdiq edən sənədlərdə qarının adı, soyadı, atasının adı onun türklüyündən xəbər vermişdi. Amma Cavanşir üçün maraq kəsb edən əsas şey, qarının türk və ya qeyri-türklüyündən daha çox onun mənzili olmuşdu.

Dəfndən bir neçə gün sonra, ev-eşiyi təmizlədərək, yır-yığış elətdirən zaman Cavanşirin əlinə qarının həmin meşin çantası keçdi. Əvvəlcə istədi ki, bu çantanı da bir kənarda yığılmlş zibil yığınının üstə atsın, nə fikirləşdisə, atmadı. Birdən xatırladı ki, bu çantanı həmişə qarının çiynində görüb və həmişə olmasa da arabir maraqdan boğulub ki, görəsən, bu çantada nə var ki, qarı onu belə əzizləyir, bir an da olsa, yadından çıxarmır, nəzərdən qaçırmır.

Cavanşir hədsiz maraqla meşin çantanı açdı və içindəkiləri stolun üstə boşaltdı. Bir dəstə şəkil, bir neçə saralmış, köhnəlmiş qəzet, bir neçə məktub, nə vaxtsa qarının işi və həyatı üçün çox əhəmiyyətli sənədlər və bir qalaq dəftər stol üstə səpələndi. O, əvvəlcə şəkillərə göz gəzdirdi. Hamısı qarının gəncliyində çəkilmiş şəkillər idi. Şəkillər arasında qarının tək və ayrı-ayri adamlarla çəkdirdiyi şəkillər də vardı. Bu şəkillərə baxdıqca, Cavanşir içini çəkirdi. İnanmağı gəlmirdi ki, şəkildən boylanan gənc, yaraşıqlı, adamın ağlını başından alan qız, onun tanıdığı və on altı il himayədarlıq etdiyi qarıdır. Aman Tanrım, ağır gün insanı nə kökə salarmış?..

Körpəliyindən rus təhsili almış qarı, sən demə, Tarix elmləri doktoru imiş və uzun illər Elmlər Akademiyasında məsul vəzifədə çalışıbmış. Sonradan, haqsız olaraq, onu vəzifəsindən uzaqlaşdırıblarmış. Hara, kimə şikayət etmişsə, onun halına yanan olmamış, nəticədə qarı hamıdan, hər kəsdən küsüb, bir müddət ruh düşkünlüyünə düçar olubmuş. Bu haqda o, öz yazdıqlarında açıqca göstərilmişdi.

Cavanşir qəzetləri açıb baxdı. Biri “Kommunist” qəzeti idi. Geniş bir səhifədə qarının şəkli və müsahibəsi dərc olunmuşdu. İkinci qəzet Türkmənistan Respublikasının qəzeti idi. Bu qəzet, qarının, Azərbaycandan Türkmənistan respublikasına ezam edilən və kimyaçı alim olan atasından bəhs edirdi. Bir tərəfdə də alimin ailəsinin şəkli dərc edilmişdi. Qarının yeniyetməlik çağları da həmin şəkildə aydın görünürdü. Qarının qeydlərindən məlum olurdu ki, onlar bir neçə il, atasının mühüm işlərilə əlaqədar olaraq, Aşqabadda yaşayıblar. Cavanşir şəkillərə baxdıqca, qarının, bir vaxtlar haqqında yazılanları oxuduqca, heyrətini gizlədə bilmirdi. Bu heyrətlə o, qalın-qalın dəftərləri açıb baxdı. Sən demə, qarı əməlli-başlı yazıçı imiş. Həmin dəftərlərdə səliqəli xətlə yazılmış hekayələr, povestlər qarının mənasız bir ömür yaşamadığından xəbər verirdi. Tam peşəkarlıqla yazılmış hekayələr, xüsusilə gözəl idi. Ta uşaqlıqdan kitabı, mütaliəni, xüsusilə bədii ədəbiyyatı çox sevən Cavanşir nəfəs dərmədən qarının hekayələrindən bir neçəsini oxudu və sonda özünə söz verdi ki, qarının kitabını çap etdirəcək. Hekayələrdən ən xoşuna gələnin adını gələcək kitaba, xəyalən ad olaraq, seçdi: “Meşin çanta”.

“Meşin çanta” hekayəsi avtobioqrafik bir hekayə idi. Və bu hekayəni, yazının sonundakı tarixdən məlum olurdu ki, qarı ömrünün əlli-altımışıncı illərində yazıb. Deməli, bu meşin çanta, elə həmin meşin çanta idi və nə az, nə çox iyirmi-otuz ilin, bəlkə də qırx ilin çantasıydı...

Cavanşir, qarının əmanətlərini yenidən meşin çantaya doldurdu və bu haqda düşüncələrinə ara verib, evin təmiri və tezliklə yaxşı qiymətə kirayə verəcəyi haqda fərəhlə düşünməyə başladı. Əgər yaxşı təmir olunsa, beş yüz manatdan ucuz kirayəyə vermək ağılsızlıq olardı.

Beş yüz manat da, heç yerdə işləməyən bir adam üçün, olduqca dəyərli bir məbləğ idi...

Bəlkə də bu məbləği əldə etdiyi gün qarının hekayə və povestlərindən ibarət bir kitabı, Cavanşir, doğrudan da çap etdirib, işıq üzünə çıxaracaqdı. O zaman siz də həmin “Meşin çanta” kitabını oxuyub, şahid olacaqsınız ki, dünyadan nakam köşən həmin qarı, adi bir qarı yox, çox istedadlı bir yazıçı imiş…
XS
SM
MD
LG