Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:59

Azər Abdulla "Mismar" (Hekayə)


Ziya oğlunun əlindəki mismarı görəndə elə bil həmin mismarı onun beyninə çaldılar, baxışlarını oğlunun gözlərindən yayındıraraq deşilmiş şar kimi boşalmağa başladı.

“Məndən byük olsa da avam, savadsız bildiyim bacımın sözlərini, mənə son dərəcə sadəlövh görünən məsləhətini tkəbbürlü qarşılayıb qulaqardına vurduğuma görə Allah bir xəbərdarlıq kimi mənə bu cəzanı verdi...”.

Ziya qaranlıqda fızıllığa dağılmış muncuqları bir-bir axtarıb taparaq sapa düzürmüş kimi altı-yeddi saat bundan qabaq başına gələn ürəkbulandırıcı əhvalatı ardıcıllıqla xatırlamağa çalışsa da, köşkə bənzər mağazada işləyən satıcıyla olan dartışmanı, itələşməni dəqiqliyi, aydınlığı ilə heç cürə xatırlaya bilmirdi.

Gecəqondu evlərin birində yaşayan bacısı ilə onları həyətlərində görüşüb qurban payını verdi. Bacı yalvar-yapış eləyib onu beş-on dəqiqəliyə içəri keçib çay içməyə dəvət eləsə də, qardaş həmişəki kimi tələsdiyini bildirdi, bacı “istiyirdim sənə zəng eliyəm Gülaygilə gedək” - dedi.

Gülay onların balaca bacılarıydı, yenicə xəstəxanadan çıxmışdı. Bacısının sözləri Ziyanın ürəyincə olmadığından “Bununla mehribanlıq edəndə üz alır” - qardaş içində hirsləndi, özünü nə qədər təmkinli aparmağa çalışsa da, əsəbiliyi yenə də səsində duyuldu - Sən də məni boş-bekar sayırsan! Niyə oğlunla, qızlarınla, bacılarınla gedib görmürsən?! - dedi. Bacı günahkarcasına ancaq gülə-gülə “Onlar sözümə baxmır...” - söylədi.

Ziya yenə də əsəbi-əsəbi, bir az da təkəbbürlə “Vacib işim var, tələsirəm!” - deyəndə bacı mehriban, bir az da key baxışlarını qardaşından çəkmədən “Ən vacib iş elə gedib Gülayı görməkdi. ” - söylədi. Nəsihət kimi səslənən bu sözlər Ziyanı yenə hirsləndirdi, ancaq bu dəfə mülayim səslə “mən gedib görmüşəm” - dedi.

Bacı incik baxışlarla bir az da qardaşının hirslənəcəyindən ehtiyat edərək yenə də günahkarcasına “Axı, mən görməmişəm. Təzə evlərini tanımıram. Onda bir də de görüm, təzə evləri hardadı?..” Ziya balaca bacısıgilin köçdükləri təzə evlərinin yerini qabaqlar bir neçə dəfə ona başa salmağa çalışmışdı.

Hər dəfə bacısının naqolay sualları, keyliyi, anlamazlığı Ziyanı hövsələdən çıxarmışdı. O, bacısının yenə də gedib tapa bilməyəcəyini bilsə də, əsəbi-əsəbi iki dəfə həmin ünvanı yerli-yataqlı izah elədi.

Bacı sözləri uzada-uzada yastı-yastı “svetafordan o yana dönüm, yoxsa bu yana?” soruşanda qardaş bu dəfə hirsini gizlədə bilmədi, özündən iki yaş böyük - altmış səkkiz yaşlı bacısını uşaq kimi danlayaraq “Yüz dəfə desəm də xeyri yoxdur! Ay zalım balası, sənə neçə yol demişəm o yana, bu yana deməzlər.

Sağla, solla danışarlar. Dediyim küçəylə üzü aşağı düşüb birinci svetafora çatanda sola dönərsən, başa düşdün? Ancaq xeyri yoxdur, tapmayacaqsan. Nə binanın nömrəsini bilirəm, nə də evlərinin. Qarmaqarışıq evlərdi, gedib tapa bilməzsən...”.

Elə bil bacı özündə güc taparaq bu dəfə səs tonuna bir az cəsarət qataraq ərkyanalıqla, bəlkə də onu danladığının əvəzini çıxmaq məqsədiylə məzəmmət tonunda “Bu geyimlə hara gedirsən belə?

Yüz dəfə demişəm əyin-başına fikir ver, sənnən aşağı adamlar, fəhlələr bu dəqiqə ministr kimi geyinir. Bu geyimdə, bu görkəmdə sənin alim olduğun heç kimin ağlına gəlməz. Nə əməlli-başlı yeyirsən, nə geyirsən. Xəbərin varmı, birinci geyimə baxıb adama qiymət verirlər...”.

-Prezidentlə, deputatlarla görüşüm var... - Ziya kinayə ilə bunları dedi, danışa-danışa əlindəki boyası solmuş torbanın içindən çıxartdığı kərkini, dəmir pazları (zubilləri) göstərib “Qəbiristanlığa gedirəm, qapısı qırılıb, çıxarıb qaynaq etdirməliyəm” - deyəndə ayda bir, bəzənsə iki dəfə rayona yolu düşəndə mütləq qəbiristanlığa gedib, ata-anasının, bacı-qardaşının sırayla düzülmüş məzarlarını ziyarət edən (onların hamısına qara mərmərdən möhtəşəm abidə düzəltdirən, sinə daşlarındasa öz ürək sözlərini yazdıran) dostu Rasimin bir həftə qabaq dediyi “Gedək nənənin qəbrini ziyarət edək” sözlərini xatırladı. “Rasim bu sözləri deməsəydi, özümün də əbədi gor yerim olacaq oranın - əyilmiş divardan aralanıb bircə mismarın üstündə yırğalanan qapısını bir Allah bilir haçan düzəltdirəcəydim” düşündü.

Qəbiristanlıq sözünü eşidəndə bacının bir az qabaq üzündə görkəmində olan yazıqlıq yoxa çıxdı, hər şeyi bilən müdrik adamlar kimi inamla, həm də qətiyyətlə “Bu gün qəbirstanlığa getmək olmaz” söyləyəndə Ziya bacısının nəyi nəzərdə tutaraq belə qətiyyətlə hökm verməsinə yenə əsəbiləşdi. “Pay atonnan, ağıllı olub, məsləhət verən ağbirçəyimə bax” fikrindən keçdi. -Yoxsa ölülərin məşvərət günüdü? - söylədi. Ziya bacısının gözündə həyəcan, qorxu hiss elədi. Bu dəfə bacı qısaca olaraq bir az da hökmlə “Getmək olmaz!” deyəndə cin vurdu qardaşının təpəsinə, “bir an da bu kütbeyinin yanında qalsam, həmişəki kimi dalaşmalı olacam”. -Axı, nəyə görə getmək olmaz? - sroruşub əsəbilik içində cavab gözlədi.

Bacı qardaşının gözünə niyaran-niyaran baxdı, qardaşının hövsələdən çıxacağını duyaraq, acı-acı gülümsəyərək “Ölən olar” - dedi. Qardaş əlini yelləyib heç nə demədən həyət qapısından pələsənk dalana çıxdı, bacısının onun arxasınca gəldiyini hiss etsə də, dayanmadı, yeyin-yeyin uzaqlaşdı, döngəyə çatanda bu dəfə bacısının ucadan yalvarışlı səsini eşitdi. “Qardaş, aman günüdü, bu gün getmək olmaz.

Görürsən, hava da qaralıb” - dedi. Qardaş geri baxmadan əlini yelləyib döngəyə buruldu. Əlinin yelləməsinin mənası “altmış səkkiz yaşı var, hələ də yuxuludu” - fikirləşdi.

Qardaş iki aydan, bəzənsə üç-dörd aydan bir pay-puşla gəlib bacısına baş çəksə də, çox vaxt elə həyətdəcə beş-on dəqiqə danışıb tələsdiyini bildirib çıxıb gedərdi. Bacı yançağını basa-basa küçəyə çıxaraq həmişə qardaşının dalısınca ucadan nəsə deyib onu yenə söhbətə tutmaq istəyirdi. Bacısının küçədə ucadan danışmasından qardaşın xoşu gəlmir, heç vaxt onun sualına cavab vermirdi. “Güvəndiyi mənəm, ucadan danışmaqla alim qardaşının ona baş çəkdiyini qonşularına bildirmək istəyitr. Mən də lovğanın, təkəbbürün yekəsi...”.

Qardaş öz evlərinin yanından aldığı dörd dənə uzun betona vurulası mismarı nisbətən balacası ilə dəyişmək üçün bir neçə təsərrüfat mağazasına dəysə də, istədiyi ölçüdə mismar tapmamışdı. Soraqlaşanda bacısıgilin evlərindən azca aralıda avtobus dayanacağının yaxınlığındakı köşkü nişan verdilər. Gecəqondu evlərin həyətinin girəcəyində olan köşk yoldan iki səki aşağıdaydı.

Ziya aralıdan gələn qadınla həyətin giriş qapısına eyni vaxtda çatdı, qadının üzünə baxmadan (bəlkə də gözəgəlimli olmadığından) “buyurun” deyib onu qabağa buraxdı. Qoşa səkini enməmiş qapısı açıq köşkün eşik tərəfdən bir yanına söykəli yeşikdəki müxtəlif ölçülü beton mismarları Ziyanın gözü aldı, “nəhayət tapdım” - sevindi, sağa-sola boylansa da kimsəni görmədi.

Iki yol “Ay mağaza yiyəsi” deyə səslədi. Ziya cibindən çıxartdığı mismarları qadına göstərib yeşikdəkilərlə dəyişmək istədi. Fikrindən daşınıb mağaza yiyəsini bir də səsləyəndə sağ tərəfdən qırx beş, əlli yaşlarında üzü tüklü, saçı-saqqalı çallaşmış kişi tələsik onlara yaxınlaşdı.

Köşkə çatmağa bir-iki addım qalmış Ziya ovcunda tutduğu mismarları ona göstərib “Qardaş, mümkünsə, bunları o balacalarla dəyişim” deyib cavab gözləmədən əlindəkiləri eyni ölçüdə olan mismarların üstünə atıb yeşiyin başqa gözündə nisbətən balacalardan dördünü götürdü, ovcunu açaraq satıcıya göstərdi. Sağ ol deyib getmək istəyəndə satıcı qaşqabaqlı “Bəs mənim xeyrim?” - dedi. Ziya bir an çaşdı, nə deyəcəyini bilmədi. Qabaqca satıcının zarafat eləməsi ağlına gəldi. Ancaq onun qaşqabaqlı, üzünün soyuqluğu, ciddiliyi başqa şeylər deyirdi. “Xeyir deyiləndə burda mən nə almışam, nə qazanmışam ki?.. Böyük mismar verib xırdasını götürmüşəm. Demək yaxşı deyil, xırdaçılığa gedəndə sən qazanmısan.

Ona qalanda mənim mismarlarıma daha çox metal sərf olunub...” Satıcı gözlənilmədən əsəbiləşərək:

- Yekə kişidi, verdiyi xeyrə bax! Yaxşı, çıx get!

- Ay qardaş, sən mənnən niyə belə danışırsan? Mən hardan bileydim dörd mismar dəyişməyə görə nəsə umursan? - deyib əlini cibinə saldı. Cibində iki yüz iyirmi min manat pul olduğunu bilirdi. (O vaxt təzə pula keçilməmişdi) Çoxu minnik, on minlik olduğundan onların arasında bir qırağı göyərən bircə əlli minliyi eşələyib göstərməyə çalışsa da, elə bil o əlli minlik qəsdən sürüşüb minliklərin, on minliklərin arasında gizlənib, üzə çıxmaq istəmirdi. Ziya əlindəki bir dəstə qarmaqarışıq pulu satıcıya tərəf uzadaraq “Nə qədər lazımdır götür” - dedi. Satıcı əlinin dalıyla onun qolunu yavaşca, ancaq əsəbiliklə itələyərək “Çıx get burdan, sənnən adama xeyir gəlməz. Sən üç mismar atdın, dördünü götürdün” - dedi. Elə bil Ziyanın başına ağır bir toxmaq ilişdirdilər. Damarlarındakı qan sanki dondu. Əlindəki pulu yenə də satıcıya sarı uzadaraq bir an donuq-donuq ona baxdı.

Haçandan-haçana dili açıldı: “Ayıb deyil, mənə elə söz deyirsən?” söylədi. Satıcı üzünü ondan çevirərək qadının göstərdiyi konfetlərdən selofon torbaya yığmağa başladı. Ziya əlindəki pulu yenə də ona sarı uzadıb “ay qardaş, demirsən, mənim xeyirim, nə qədər istəyirsən götür də” - söyləyəndə satıcı yenə onu itələyərək “Qəmişini çək də məndən, zalım oğlu, niyə məni hövsələdən çıxarırsan?” - dedi, üzünü qadına tutaraq “Ay bacı, Siz görmədiz, onun əlindəki üç mismarı?”
Qadını şahid kimi köməyə çağırması Ziyanı qorxutdu. “Yəqin qonşularıdı, onun sözünü təsdiqləyəcək”. Ziya qorxudan qadının üzünə baxmadı. Allah tərəfi qadından səs çıxmadı.

- Ay kişi, bir mismar nə olan şeydi, mən onu oğurlayım?!

Ziya şəhərin mərkəzində beş mənzilli geniş evdə yaşadığını, akademiyada şöbə müdiri vəzifəsində işlədiyini, çoxdan gözlədiyi doktorluq işini müdafiə etmək üçün artıq günün təyin olunduğunu, iki oğlunun namaz qıldığını, oğlanlarının dəvətiylə bir ay bundan qabaq “namaz”ın sözlərini əzbərləməyə başladığını, iki aydan bəri hər gecə yerinə girəndə, avtobusda gedəndə Allaha zikr elədiyini, bu gün - sabah özünü kökləyib namaza başlayacağını, küçənin o tayında onların qonşuluğunda yaşayan bacısına qurban payı verib gəldiyini, sol əlindəki torbada kərki, dəmir pazlardan başqa bir qurban payı olduğunu, (onu da dördüncü mikrorayonda yaşayan qardaşına verməliydi) demək istədi. Ancaq bunları söyləməyi özünə sığışdırmadı.

“Mən Allah adamıyam...” - dedi. Bu ifadənin də satıcıya xoş gəlməyəcəyini ağlına gətirərək dərhal “Sən də, mən də Allah adamıyıq. Bizə yalan danışmaq, özü də bu yaşımızda yaraşmaz. And içən adamlardan xoşum gəlmir. Ancaq nəyə deyirsən and içim, mən ora dörd mismar atdım” - söylədi.

Beynindən keçən bu sözləri isə “Bax, istəyirsən mərc gələk, bu dəqiqə taksi tutum, gedək mismarları aldığım mağazaya, mən aralıda durub danışmayım, sənin özün ondan bir saat qabaq neçə mismar aldığımı soruş” demək istəsə də, dərhal fikrindən döndü. “Şıdırğı alver gedirdi, birdən satıcının yadından çıxmış olaram” düşündü.

Satıcı konfeti selofan torbaya yığıb dikəldi, tərəziyə yaxınlaşanda Ziya yenə əlindəki pulları ona sarı uzadaraq bir sayaq onun qabağını kəsdi, “yaxşı, olan oldu,. keçən keçdi, lənət şeytana, nə qədər lazımdı götür” - deyəndə satıcı əlindəki konfet torbasını uzaqdan tərəzinin gözünə atıb əllərini bir-birinə bərk-bərk vurub - “Səhər-səhər bu mərdimazar hardan azıb gəldi bura, bunun vid-fasonuna bir bax! Ay kişi, sənin kimi tiplərli çox yola salmışam, sən birinci deyilsən” - söyləyib təəccüb və çaşqınlıqla gah sağa, gah sola baxdı, - Sən açıqca desəydin mənə üç-dörd mismar lazımdı, verməzdim bəyəm?! Ancaq adamı key yerinə qoymaq...”.

Bu dəfə Ziya hirsləndi: “Yalançının atasına lənət” demək istədi, ancaq dilinin ucundakı bu sözləri qaytarıb uddu. Satıcının təhər-tövrünü görüb onun ağzından daha nalayiq, biabırçı sözlər eşidəcəyindən ehtiyat elədi. “Ay kişi, istəyirəm sənin ürəyincə olsun, ona görə deyirəm nə qədər lazımdır pulunu çıx, mən də rahat çıxım gedim. Niyə məni bir mismar oğurçusu kimi yola salmaq istəyirsən? Üst-başıma baxıb elə bilirsən dilənçiyəm, yoldan ötənəm? Mən də bir hörmətli yerdə işləyirəm” - dedi, əlini cibinə aparıb vəsiqəsini çıxartmaq fikrindən keçdi. Vəsiqənin evdə qaldığı yadına düşdü. “Evdə arvad-uşağınla” demək istəyəndə bu sözün satıcının heysiyyətinə toxunacağından ehtiyat etdiyindən “Arvad-uşağınla” sözünü “kiminləsə” əvəz edib “dalaşıb gəlmisən, hirsini mənim üstümə tökürsən” - söylədi.

- Ay adam, xatanı çək mənnən - deyib Ziyanın qolundan tutub onu geri çevirdi, yavaşca itələyə-itələyə - Get, get, dayanma burada- dedi. Ziya iki səkini qalxdı, üç addım atıb dayandı. “Məni bir mismar oğurçusu kimi yola saldı” - düşündü. Geri qayıdıb “qəbiristanlığa getdiyini, dəmir çərçivənin hər yanına iki mismar vuracağını satıcıya təzədən danışmaq istədi. O müqəddəs yerə, tək ana məzarına baş çəkməyə gedərkən bir mismar oğurlamaq dünyada heç kimin ağlına gəlməz” - deyib satıcını inandırmaq istədi. Ancaq satıcının əsəblərinin gərildiyini, artıq danışığını belə bacarmadığını duyaraq, həm də belə gərgin məqamda uyuyan anasının adından istifadə etməyi, kiçik hisslərlə yaşayan, dörd mismar dəyişərkən xeyir uman ucuz-düşük bir adamın yanında dilinə gətirməyi özünə sığışdırmadı. “Belə nanəcib adamın mismarı mənə lazım deyil” düşünüb qətiyyətlə geri qayıtdı, iki pilləkəni enib hələ də əlində saxladığı dörd mismarı əyilərək götürdüyü yerə atıb “lazım deyil, mən öz mismarlarımı götürürəm” söyləyib, iri mismarlardan dördünü götürəndə satıcı onun üstünü kəsdirib yenə də “Sən üçünü atmışdın” - dedi. Ziya “Yalançıya Allah qənim olsun” - deyəndə satıcı bu dəfə onu kabudluqla giriş qapısına sarı itələdi, qoşa səkiyə çatanda Ziya azca dirənib yenə nəsə demək istəyəndə satıcı “Şər-xətanın biri, şər xəta, məni qana çəkmə, əlim-ayağım dəyməmiş rədd ol burdan!” - deyib onu uşaq kimi itələyib küçəyə saldı. Ziyanın bir əlində torba, o bir əlində mismarlar olduğundan, həm də güc göstərərsə, işin pis sonluqla qurtaracağını duyaraq azacıq dirəniş göstərsə də, küçəyə çıxar-çıxmaz “Bircə onu deyirəm yalançıya, şərçiyə Allah qənim olsun” söylədi.

Satıcının rəngi ağarmışdı, nəsə deyə-deyə geriyə qayıtdı. Ziyanın qulaqları uğuldadığından onun dediklərini eşitmədi. “Məni bir mismar oğurçusu kimi şərlədi, həm də uşaq kimi itələyib qovdu” - fikri ağlından keçdi, yenidən geri qayıdıb “Allah göydən baxır, o şahiddir” - demək istədi. Ancaq qapının ağzında əsgər geyimində bir gənc (Ziya onun əsgər olmadığı qənaətinə gəldi) onun qabağını kəsərək sərt şəkildə “əl çək də, yaşlı adamsan, işin-gücün yoxdu?!” - dedi. Ziya satıcının yanına üç-dörd adamın yığışdığını gəncin çiyni üstündən gördü. Kiminsə sorğusuna cavab verən satıcı bəlkə də Ziyanın uzaqlaşdığını güman edərək “it oğlu it, buna deyirlər it dəridən əl çəkdi, dəri itdən əl çəkmədi, kopoyoğlu!..”

Ziya əsgər forması geymiş gəncin çiyni üstündən boylanaraq “ona görə cavab vermirəm ki, söyüşün özünə qayıtsın”. Gənc əl vurmadan onu döşləyə-döşləyə itələyib oradan uzaqlaşdırdı.

Balaca qardaşı evlərində onu gülərüzlə qarşıladı. Ziya torbadan əti çıxarıb qardaşına uzadaraq sakit səslə “Qurban payıdı” - desə də balaca qardaş “Üzün yaman qızarıb, olmaya yenə təzyiqin qalxıb?” - soruşanda Ziya gizlətməyə çalışdığı başına gələn əhvalatı əsəbi-əsəbi, dolaşıq, dal-qabaq cümlələrlə danışdı, əsəbilikdən bəzən adi sözlər yadından çıxdı, kəkələdi. Balaca qardaş məzəmmətlə - “Evini Allah tiksin, gərək qabaqcadan bir məmməd verib sonra mismarı dəyişəydin”. Ziya nə qədər özünü təmizə çıxarıb “axı, mən ondan artıq heç nə almadım, axı, mənim mismarlarım onunkundan iri idi, axı, o mənə şər atıb bir mismar artıq götürdüyümü boynuma qoymaq istəyirdi...” - desə də balaca qardaş hər dəfə onun sözünü kəsir, “Sən gərək qabaqcadan bir məmməd verəydin” deyirdi. Ziyanın qalan hövsələsi də burda tükəndi .“Elə sən də o düşüncədəsən” - söyləyəndə balaca qardaş sakitcə “Ay qardaş, ömrünü bu şəhərdə keçirmisən, satıcıların xasiyyətini bilmirsən, belə haldan, təbdən çıxırsan, sənin bir ay elədiyin müalicə heçə getdi. Təzyiqlə zarafat eləmə, mənim bacanağımı görmüşdün də, otuz beş yaşı vardı, təzyiqi qalxdı: insulit oldu, üç gün yerində huşsuz tərpənməz qaldı, onnan da getdi...”.

-Mənə yer eləyən odu ki, o məni oğurçu, yalançı yerinə qoymaq istəyirdi...
Ziyanın bacısı kimi qardaşı da onun belə küləkli havada tək-tənha qəbiristanlığa getməsini rəva bilmədi. Gah dedi gözlə bir saata uşaq (balaca oğlu) gəlsin, onunla get, gah dedi maşın tutsaydın, (qardaşının ayaqları ağrayırdı) mən də gedərdim...

Ziya əlini yellədərək - Gözlə, qəbiristanlıqda canavarlar parçalayar məni - deyib şəstlə ayağa qalxıb qapıya yaxınlaşdı, balaca qardaş arxasınca nə qədər “dayan, uşaq gəlsin, yaxşı gözlə, mən də geyinim gedək...” desə də, Ziya qapını açıb geriyə baxmadan uzaqlaşdı.

Konus şəkilli böyük təpənin dörd yanı çevrələmə məzarlıq idi. Ziyagilin gor yeri təpənin başındaydı. Hər dəfə məzarlığa gəlib anasının qəbrini ziyarət edəndə baş daşının üstündəki anasının gözəl, doğma şəklini gördüyünə görəydimi, bu ucalıqdan baxanda aşağılarda balaca yastı təpələrin, düzənliklərin, çökəkliklərin, yenicə güzləyib göyərən taxıl zəmilərinin genişliyinə görəydimi, göz işlədikcə uzanan mavi üfüqlərin sonsuzluğuna görəydimi, Ziya yüngülləşərək buradan qayıdırdı. Incəvara divarlara-kubik daşlarına bərkidilmiş balaca dəmir qapını Ziya özüylə gətirdiyi kərki və dəmir pazların köməyilə gözlədiyindən tez, asan çıxartdı.

Havanın küləkli olması da, qapının asanlıqla divardan çıxması da, taksi sürücüsünün onunla mədəni davranması da Ziyanın gicgahındakı damarların sürətlə atmasının, şiddətli ürək döyüntüsünün, başında, bədənindəki qaynarlığın hovunu nisbətən aldı. Oğlu əl telefonu ilə zəng edib marşrut avtobusla gəldiyini bildirəndə Ziyanın ovqatı əməlli-başlı düzəldi. Günün bütün pislikləri, gərginliyi sanki arxada qaldı.

Ziya oğluyla aralıda dayanıb iyirmi-iyirmi iki yaşında olan ucaboy, şivərək gənc qaynaqçının hərəkətini izləyirdilər. Oğlanın yeyin hərəkəti, gördüyü işin səliqəsi, tez-tez verilən suallara əlini işdən saxlayıb gülümsəyərək səmimi və ehtiramla cavab verməsi Ziyanın qəlbində olan ağırlığı bir az da yüngülləşdirdi.

O, mismarla bağlı əhvalatı bütün təfsilatıyla, bütün xırdalıqlarıyla oğluna da danışdı. Oğlu dönə-dönə atasına suallar verəndən sonra “ o cahildi, insan deyil, o sənin qarşında diz çöküb üzr istəməlidi, lap sən üç mismar vermiş olsaydın belə, səninlə bu cür rəftar etməməliydi” - deyəndə ata bunları oğluna söyləməklə düzgün iş tutmadığını anladı, “atamın başına belə əhvalat gəlmiş olsaydı, heç vaxt mənə bildirməzdi” - düşündü.

Oğlan işini qurtarandan sonra qaynaq zamanı yaranmış kələ-kötür yerləri törpü ilə yonub hamarladı, çətin açılıb-örtülən paslanmış petlələri yağladı, bəzi yerlərin boyağı getdiyi üçün dəmir qapıcığa havayla iki dəfə boya çilədi, bir daha qapının o üz - bu üzünə baxıb ehmalca dəmir dəzgaha söykəyib “Hazırdı, apara bilərsiniz” - gülümsəyərək dedi.

Ziya ona yaxınlaşıb əlini cibinə saldı “nə qədər verəcəyəm?” soruşanda, oğlan boyaçiləyən alətinin müvazinətini düzəldərək gülə-gülə “Heç nə lazım deyil” söyləyib sürətlə emalatxananın o biri başına getdi. Ziya onun ardınca gedə-gedə “bir dəyqə məni eşit” dedi, oğlan ayaq saxladı, Ziyanın əlində tutduğu pula baxdı. “Yox dayı, dünyasında götürmərəm. Belə xırda işlərdən ötrü yanıma tez-tez gəlirlər. Qəbiristanlıqla bağlı işlərin heç birindən pul almıram” - deyib getmək istəyəndə Ziya ərk edirmiş kimi, bir az amiranə tonda “Bir halda mənə dayı deyirsən, onda sözümə qulaq as, hər şey, bütün münasibət insaf üstündə olmalıdır. Yarım saatdı əlləşirsən, elektrodun işlənib, laqonda dediyin alətin çarxı yeyilib, elektrik enerjisi sərf olunub, az-çox boyan istifadə olunub, vaxt sərf eləmisən, bunlar bir yana, bütün işin, səliqən maşallah əladı, ancaq maskasız, gözlüksüz qaynaq eləməyin ürəyimcə olmadı” - deyib on min manatı qəfildən oğlanın pencək cibinə soxdu.

“Günorta bir şey alıb yeyərsən, Allah razı olsüun sənnən” - deyib yaşına yaraşmayan cəldliklə geri çevrilib sürətlə uzaqlaşdı. Mismarla bağlı xoşagəlməz əhvalatı xatırlayaraq “Deyəsən, bir az da o vicdansızın acığına belə əliaçıqlıq elədim” düşündü.

Ziya dəmir qapıcığın ancaq bir çərçivəsini qoşa mismarla divara vura bildi. Çeçələ barmağı daşla kərkinin sapı arasında qaldığından azca sıyrılıb qanadı. Qapının sağ tərəfindəki daş divarın əyilib çərçivədən xeyli aralandığını indi gördü. “Kimsə qapını itələyib açanda çərçivə yenə əyiləcək... Rasim qapını bu vəziyyətdə görsə, üzə vurmasa da, içində bizə güləcək. Iki oğulun hünərinə bax, bir balaca qapının, əyilmiş bir divarın öhdəsindən gələ bilmirlər. Yekə-yekə şeylərdən danışırlar, deyəcək.

Ziya qalan iki mismarı kağıza büküb götürdü. Sürücüyə baxıb şəhadət barmağını ona sarı tutaraq (bu, “xahiş edirəm bircə dəqiqə gözlə” demək idi) anasının qəbrinə yaxınlaşdı. Arxadan sürücünün “Müəllim, tələsməyin” sözlərini eşitdi. “Ayıq adamdı, söhbətimizdən, danışığımızdan ziyalı olduğumuzu duyub” Ziya düşündü.

Baş daşına yerləşdirilmiş farforun üstündəki anasının şəklinin tozunu əliylə alaraq ucadan “Darıxma, tezliklə gəlib divarı düzəltdirəcəyəm” -dedi, sonra “Fatihə” surəsini pıçıltayla söylədi.

Yanında dayanmış oğluna gedək deyəndə, oğlu pıçıltıyla “Ata, axı, mən demişəm “Fatihə” çox güclü, Quranı özündə ehtiva edən surədi, ancaq ölülər üçün mollaların oxuduğu “Yasin” surəsi də fərz deyil. Onların ölülərə heç bir dəxli yoxdur” - deyib pıçıltıyla ərəbcə hansısa duanı oxumağa başladı. “Nəzakətlə, mərifətlə də olsa hər addımda adama irad tutur. Görmüşdük, ata-ana övladına öyüd-nəsihət verərdi, öyrədərdi, yanlış addımlarını, səhv işlərini deyərdi. Indi tərsinə olub. Bu yaşımda başlayım Quranı öyrənməyə. Əlli cildlik Islam ensiklopediyasını oxuyum. Ömrüm çatmaz...” - düşündü.

Ziyanın oğlanlarının biri Kiyevdə oxuyarkən, digəri isə Almaniyanın Frankfurt şəhərində ezamiyyətdə olarkən bir-birindən xəbərsiz namaz qılmağa başlamışdılar.

Böyük oğlu ədəbiyyat, incəsənət, kino, tarix, siyasətlə maraqlanır, vaxtlı-vaxtında namazını qılır, orucunu tutur, zəkatını versə də, dinlə bağlı söhbətlərə çox fikir vermirdi. Balaca oğlu isə dünyada Quran əxlaqından Quran ədalətindən, həqiqətindən başqa heç nəyi qəbul etmir, sözü-söhbəti ancaq surələr, ayələr, hədislər, təfsirlər idi. Bəzən iki gündən bir, bəzən həftədə bir ata, anasından nəzakətlə, bir az da ehtiyatla namaza işarəylə “Haçan başlayırsınız?” soruşurdu.

Həmişə olduğu kimi, onlardan konkret cavab almayanda təəssüf hissiylə “Bilmirəm nəyə arxayınsınız, savabı hər gün ötürürsünüz - deyirdi. Bəzən Islam qanunlarından saatlarla ehtirasla danışır, yaşlı valideynlərini yorub haldan salırdı. Yatanda, duranda, su içəndə, çörək yeməyə başlayanda, yeyib qurtaranda, yola çıxanda... ediləcək dualardan danışır, ata-anasının ömrü boyu elədikləri bir çox vərdişləri, adət-ənənələri pisləyirdi. Qurandan xəbərsiz olmalarını onlara ehtiyatla irad tuturdu. Bəzən ata-ana onun uzun-uzadı nəsihətlərinə - moizələrinə qulaq asmağa hövsələləri çatmır, “A bala, sənin dünyada ayrı bir marağın, məşğuliyyətin yoxdu?” deyirdilər. Bir dəfə balaca oğlu atasına yenə də “dərs verəndə” atanın səbri tükəndi “Bəsdi də, yekə oğlansan, əlinə bir kitab alıb oxuduğunu görmədim, nə ədəbiyyatdan xəbərin var, nə də bir bəstəkarı, bir rəssamı tanıyırsan. Əlinə bir qəzet alıb oxuduğunu görmədim. Bir az da dünyəvi elmlərlə maraqlan da” - deyəndə oğlu kinayə ilə gülümsünərək “Ata, mən neynim ki, Sizi sovet dövründə ayrı cür tərbiyə ediblər? Kimi deyirsən, məsləhət görürsən oxumağa? Balzakı, Şekspiri? Dostoyevskini? Nəyimə lazımdı onlar. Yoxsa Sokrat, Hegeli?”

- Bunların adlarını hardan bilirsən? - ata təəccüblə soruşdu.

- Ata, mənim üçün yaranmışların yox, yaradanın kitabı maraqlıdı.

-Sözüm yoxdu sənə. Düşəcəksən bir yığıncağa, ziyalıların arasına, ədəbiyyatdan, tarixdən, mədəniyyətdən, siyasətdən danışacaqlar, sənsə ağzına su alıb baxacaqsan. Bəsit adamsan, sənin tayların çox məlumatlıdır. Sənsə Qurandan başqa mövzu bilmirsən... Səviyyən aşağıdı...

- Necə səviyyəsizəm ki, təkcə Azərbaycanın yox, dünyanın ən nüfuzlu şirkətində işləyirəm? Bəsit, səviyyəsiz adam orada işləyə bilər? Mənim yaşıdlarımdan elənçi nüfuzlu şirkətdə işləyən birini göstərə bilərsən?

Ata narazı-narazı əlini yelləyib o biri otağa keçdi. Qohumlar, qonşular, balaca oğlanın tanışlarından bəziləri ona fanatik desələr də, hansısa dini cərəyanın təsirinə düşdüyünü söyləsələr də, atanın qəlbinin dərinliyində yeni fikir, yeni düşüncə yaranmışdı. Oğlunun dediyi “Əgər Allahı qəbul edirsənsə, Onun göndərdiyi Quran kəlamlarını yarımçıq deyil, tam riayət etməlisən” fikrinə bəraət qazandırırdı.
Taksi ilə qəbiristanlıqdan avtobus dayanacağına gələrkən ata və oğul sürücünün davranışından, rəftarından ağıllı söhbətindən razı qaldılar. Avtobusa minəndən sonra uzun yolboyu oğul nə qədər dilə tutub, yalvararaq satıcının yerini öyrənmək istəsə də ata “Onun cavabını özüm verməliyəm, bu işi ancaq özüm həll etməliyəm” - dedi.

-Axı, o sənin tayın deyil. Onda insanlıq adında çox şey çatışmır. Sən narahat olma, mən bilirəm onun öhdəsindən necə gələrəm.

- Bəlkə onun da sənin kimi, səndən də qoçaq oğlu var. Niyə əlavə problem yatarmalıyıq?..

-Ata, sən məndən niyaran olma, bircə onun yerin de. Ən azı o qonşularının yanında diz çöküb səndən üzr istəməlidir. Mən bunu ona məcbur edəcəyəm...

- Yox, məsələ gözlənilməz xoşagəlməz sonluqla qurtarsa necə?.. Özgə vaxt ədalətdən, düzlükdən danışırsan. Sən güclüsən deyə onu basıb döyməlisən? Onda sən də olarsan onun tayı. Polisə verəcəyəm, Nə artıq, nə əskik, qanun daxilində cəzasını almalıdı, bu barədə dəqiq fikirləşmişəm...

- Ay ata, polisləri tanımırsan, haqqını alıb buraxacaqlar.

- Elə əmin də sənin kimi dedi. Dedi bütün mağazalar sahə inspektorlarına hər ay haqq verirlər. Mən o barədə də fikirləşmişəm. Ərizənin bir surətini Daxili Işlər Nazirliyinə, birini Respublika prokurorluğuna, birini Prezident Aparatına, Milli Məclisdə hüquq məsələlərinə baxan komissiya olmalıdı, birini də ora... Onda sahə müvəkkili işi ört-basdır edə bilməz.

Ziya “Maraq üçün soruşaq, neçə mismar aldığım satıcının yadında qalıbmı” deyib oğlunu qonşuluqda olan mağazaya aparanda “Ay ata, neynirsən, bəyəm mən sənə şübhə edirəm?” - dedi. Ancaq mağazaya girəndə Ziyanın ürəyində qorxu yarandı,

“Birdən satıcının yadından çıxmış olar, birdən üç mismar deyər” -düşündü. Satıcıya sualı necə verəcəyi barədə fikirləşdi. Mağazaya girəndə mismar aldığı oğlana yaxınlaşıb “Bir də salam. Tezdən bura gəlmişdim, sizdən mismar aldım, yadınızda qalmışammı?” soruşanda satıcı “yadımdasınız” deyəndə Ziya həyəcan və nigarançılıqla “Qardaş, yadınızda deyil sizdən neçə mismar aldım?” soruşanda “yaxşı yadımdadı, dörd mismar aldınız, iki petlə” söylədi. Ziya xoşbəxtcəsinə oğluna baxdı, tez də çevrilib satıcıya “Bilirsən niyə soruşuram, birinci Allah səndən rtazı olsun, yaddaşını daha da möhkəmlətsin. Siz dediyiniz yerə getdim, orda balaca mismar olmadı. Sözün qısası, başqa bir tükanda mismarları dəyişəndə satıcı həyasızcasına üzümə durdu ki, sən mənə üç mismar verdin. Sonra sözləşdik, məni təhqir elədi...”. Satıcı Ziyanın haqlı olduğuyla razılaşaraq “O qədər nanəcib, xırdacıl adamlar var ki. Lap üç mismar vermiş olsaydınız belə, gərək onun üstünü vurmayaydı. Cılız adamdan nə gözləmək olar?..” deyəndə höcətləşdiyi satıcının ardı-arası kəsilmədən dolu kimi tökülən acı, təhqiramiz sözlərinin içində dediyi “cındır” sözü indi Ziyanın qulaqlarında aydınca səsləndi. “Sübut eliyərəm cındır kimdi” - fikrindən keçdi.

Qapı açılanda Ziyanın arvadının gözləri böyüdü, həyəcan içində “A kişi, yenə alışıb yanırsan, davlenin qalxıb” - deyərək yan otağa gedib təzyiqölçəni gətirdi, Ziya oğluna baxıb gülünsündü, “Təcili yardımdı” - dedi. Qadın ərinin qəbiristanlığa tək gedərək qapını çıxarıb qaynaqçının yanına gətirdiyini biləndə “Yəqin qorxmusan, sənə dedim axı, tək getmə” - söyləyib ərini tələsdirərək onun svitirini, köynəyini soyunmasına kömək elədi.

Ziya təmkinini pozmadan kresloya əyləşdi. Nəsə demək istəyəndə qadını amiranə “bir dəyqə səbr elə” - deyib ərini susdurdu. Bir neçə saniyədən sonra fendiskopu qulağından çıxarıb ərinin qucağına atıb “Bir aylıq müalicən heçə getdi” - deyib hövlnak mətbəxə yollandı. Ziyanın ucadan “neçədi?” sualına “Neçə olacaq, yüz səksən!” Bu kişiyə ağıllı deyənin ağlı yoxdu. Minnət eləyib Peterburqdan bahalı dərman gətirtdik, birini də içmir. Sabahdan inisulit olub yorğan-döşəyə düşəndə deyərəm...” - limon şirəsi hazırlayan qadının həyəcanlı səsi mətbəxi başına götürdü.

Ziya yarım stəkan limon şirəsini ləzzət alırmış kimi qurtum-qurtum, marçıldada-marçıldada içdi. Başına gələn mismar əhvalatını yenə də dağınıq və qarmaqarışıq şəkildə danışdı. Arvadını da, balaca oğlunun da suallarına gah təmkinli, gah səbirsiz, hirslənərək cavab verdi. Axırda arvad yenə ərini danlayaraq, yana-yana “Uxay, yaxşı olub. Yandıracam o paltonu. Ay kişi, o paltonu bomujlar geyir. Haçan bir əməlli-başlı geyinəcəksən? Gəncliyin hələ qabaqdadı? Dublyonkada olsaydın, o yaramaz cürət edib o sözləri sənə deyərdimi? Şikayətə gedir. Yetimin birini polisə verir. Qalan sağlamlığın da yollarda itəcək. Başına gələnlər yenə də xəsisliyin ucbatından olub. Bir məmməd çıxarıb versəydin, belə olmazdı...

Ziya birdən ayağa qalxdı, arvadının üstünə yeriyəndə oğlu onun qabağını kəsdi.

Ziya əlini silkələyə-silkələyə “Ay vicdansız, bilmirsən məsələ nə yerdədi...” dedi, sözünün dalısı gəlmədi, kəkələdi, ağzı köpükləndi, “Mən... mən...” deyə qaldı, deyəcəyi hansısa sözü unutduğundan bir az da əsəbiləşdi. Haçandan haçana dili açıldı “Bir məmməd verib onun haqlı, özümünsə yalançı olduğumu, yalan dediyimi onun böhtanını, şərləməsini təsdiqləməliydim?! Yəni ki, ona üç mismar verdiyimi boynuma almalıydım?! Ay yaramaz, olmaya sən də mənnən şübhələnirsən?!..”
Oğlu atasının qolundan ehtiramla tutub qayğı və ehtiyatla kresloda oturtmağa çalışdı, yumşaq və mehriban səsiylə, “Ana, o adam deyil, şeytanmış, eləsinin dərsiini vermək lazımdı, inşallah verəcəyik də. Bircə atam yerini desəydi...”.

Ziyanın kresloda oturub azca özünə gəldiyini görən qadını səsinin ipək yeriylə “Ay kişi, gör kimə baş qoşursan, hər yoldan ötən sənin tayındı bəyəm? Neçə dəfə görmüşəm, ən azı ikisi yadımdadı, ölməli adamları, yaramazları, bir o qədər get-gəldən, əsəbilikdən sonra, yalvardılar, dil tökdülər bağışladın. Günlərlə vaxt itirdin. Bunu da bağışlayacaqsan. Tanıyıram səni. Ondansa yadından çıxart. Buna sərf elədiyin vaxtı oturub sanballı bir elmi məqalə yazsan... Allah sənə istedad verib.

Vaxtını boş şeylərə sərf eləmə...

Birdən-birə Ziyanın da səsi dəyişdi. “Bəlkə də düz deyirsən. Ancaq neçə saatdı Allaha yalvarıram yumşalmayım, soyumayım. Bilirsən niyə bağışlamayacam? Əgər ona qulaqburması verilməsə, indən belə neçə-neçə adamı yenə də acılayıb təhqir edəcək. Bir az gurultulu çıxmasın, mən innən belə onunla qarşılaşacaq tanımadığım adamları təhqirdən, aşağılanmaqdan xilas etmək üçün ona cəza verdirməliyəm” - dedi. Ziya tələm-tələsik yeməyini yeyib ayağa qalxaraq getmək istəyəndə arvadı yenə özünü saxlaya bilməyib “Bu vəziyyətdə eşiyə çıxmaq olmaz, yıxılıb küçədə qalacaqsan” desə də, əri asılqana yaxınlaşıb bir az qabaq soyunduğu gödəkcəsini götürəndə yenə arvadının etiraz dolu səsini eşitdi: “Mən insan deyiləm, bir dəfə də mənim sözümü eşit. Gedirsən, onda heç olmasa paltarını dəyiş, belə getsən səni heç polis idarəsinə buraxmayacaqlar...”.

Altının tamamına az qalmış Ziya polis idarəsinin qabağına çatdı, maşından enən ucaboylu yaraşıqlı polis kapitanı “Mersedes”in qapısını pultla bağlayıb açarları əlində oynada-oynada tələsmədən binanın qapısına yaxınlaşanda Ziya ona sarı irəlilədi. “Gərək arvadın sözünü eşitdəydim, paltarımı dəyişəydim. Bəlkə də məni saya salmayacaq. Bu görkəmdə heç içəri də buraxmayacaqlar...”

- Salam, cənab kapitan.

Polis kapitanı salam verib ayaq saxlayanda Ziya onun diqqətlə, sayqıyla qulaq asması üçün tələsmədən harda işlədiyini söyləyərək, “Sözsüz, harda işləməyimin dəxli yoxdu, mən bir insan, bir vətəndaş kimi bunları Sizə deyirəm” -deyib bir an duruxdu. Başına gələn əhvalatın harasından başlamağı bilmədi. Uzun-uzadı danışıb kapitanı yorub bezdirəcəyindən ehtiyat elədi. “Cənab kapitan, gərək ki siz hüquq fakultəsini qurtarmısınız?” - soruşanda kapitan ani tərəddüddən sonra başını tərpətməklə onun söznü təsdiqlədi.

- Bilmək istəyirəm, təhqirə görə adama hansı səviyyədə cəza verilir?

- Baxır təhqirin dozasına, ağırlığına, yüngüllüyünə...

- Deyək ki, atanı söyür, adama cındır deyirlər. Söyülən də cavab qaytarmır?..

-Axı, adamı durduğu yerdə söyüb təhqir etmirlər. Bir səbəb olmasa...

Ziya kapitanın sözünü kəsdi.

- Qardaş, düz danışan adam heç and da içmir. Ancaq bir-birimizi tanımadığımıza görə mən bilmirəm nəyə and içim. Allaha, bizi yaradana and olsun. Əgər bir sözü artırıb-əskildirəmsə... Adamlar həmişə danışanda öz xeyrinə danışır, öz günahlarını, qəbahətini gizlədir, ancaq qarşı tərəfin günahlarını söyləyir, özü də artıra-artıra. Yalan danışanın təkcə öz üstünə yox, evlərinə Bakının kanalizasiyası açılsın...
Kanalizasiya söyüşünü dediyinə peşman oldu “Abırlı, ziyalıdan belə danışığı heç kim gözləməz, məni fırıldaqçı, kələkbaz kimi tanıyacaq...” düşündü, ancaq dayanmadan başına gələnləri evlərində danışdığı kimi baş-ayaq, rabitəsiz, kəkələyə-kəkələyə söylədi. Kapitanı inandırmaq üçün “lazım gəlsə, qonşu dükandan aldığım dörd mismarı satıcı da təsdiqləyə bilər” - dedi, dərhal ağlına gəldi ki, kapitanın “nə olsun, qonşu satıcını dilə tutub, ona nəsə verib razılaşdıra da bilərsən” fikirləşəcəyi ağlına gəldi, ona görə də - Allaha and olsun, qonşu da olsa, onunla salam-əleykümüm yoxdu, - dedi, elə bu axırıncı sözləri söyləməklə yenə səhv buraxdığını güman elədi.

Kapitanı inandıra bilmədiyini güman edərək “Axı, anasının qəbrinin üstünə gedən adam, mən bunu psixoloji baxımdan deyirəm, güman edirəm Siz insan psixologiyasını yaxşı bilməlisiniz” – decək, yenə də özündən şübhələndi, “polş məni yaltaqlanan, yarınan adam bilib məndən zəhləsi gedə bilər” düşünsə də sözünə davam elədi, “bir mismar oğurlamağı özünə rəva bilməz” söylədi, “ancaq nanəcib, xırdaçı, cılız adam hər an dələduzluq edə bilər, yəqin ki, Siz insanın bu xislətinə məndən də yaxşı bələdsiniz...”

Belə deməyimə görə ya məni avam, sadəlövh sayacaq, ya da fırıldaqçının yekəsi
- düşündü.

Kapitan mağazanın yerini ünvanını biləndə “Ora bizim ərazimiz deyil, Nərimanov rayonuna baxır” - söylədi.

- Cənab kapitan, xeyli vaxtınızı aldım, bir şey də soruşum, o adamın cəzası nə ola bilər?

- Cərimələyə bilərlər.

- Nə qədər cərimələsələr, mən onu aparıb uşaq bağçasına, ya da yetimxanaya verəcəyəm...

- Yox, o cərimə dövlətin hesabına keçir...

Ziyanı qapının ağzında arvadıyla oğlu qarşıladı. Arvadı həyəcan və təşviş içində “Boy, bəxtəvər başıma, gedib yenə də hirslənib gəlmisən, paltarını soyun ölçüm” söylədi. Oğlu bəlkə də xoşagəlməz əhvalayı unutdurmaq üçün qəbiristanlıqdan qayıdarkən atasına dediyi “söz vermişəm, çəkilən xərci özüm verəcəm” söhbəti xatırlayıb əlində utduğu əlli minliyi xırdalamasını atasının yadına salanda, atası “o biri evdə stulun başında şalvarımın cibində olmalıdı” dedi, limon şirəsindən bir qurtum da içib əyləşdiyi kreslodan qalxıb divana yayxandı. Arvadı vannada gətirdiyi isti suyu onun yanına qoyub ərinin corablarını çıxara-çıxara “Bu yaşdan sağ-salamat çıxsan, çox yaşayacaqsan” - dedi. Su isti olduğundan Ziya gah ayağının ucunu, gah da dabanını suya batırır, dərhal da geri çəkir, arvadının onun üstündə əsməsindən xoşlanırdı. Ərinin yavaş-yavaş yaxşılaşdığını üz-gözündən duyan qadını “Sənin yerində olsaydım, bilirsən nə eləyərdim, nə şikayət, nə polisə getmək, saatlarla vaxt itirmək, Allah bilir yenə də nə qədər əsəbiləşmək... O mismarlardan əllisini-yüzünü al apar ver o yaramaza. Özün aparma, bir adamla göndər...” - dedi.

Ziya ayaqlarının ikisini də birdən suya soxub bərkdən güldü.

- Vallah, sən ömründə belə ağıllı, həm də gülməli söz deməmişdin. Başdan ayağa yumordu, həm də mədəni söyüşdü. Ancaq orası da var ki, götürməyə bilər, əsəbiləşib bir az da özündən çıxar...

-Onun gözünə görünmək lazım deyil. Başqa adam aparsın. Satıcı əyilib şey götürəndə, başqa səmtə baxanda xəlvətcə bir yerə qoyub çıxsın.
Arvadının təklifi Ziyaya o qədər ləzzət elədi ki, o biri otaqdan gəlməsini gözləməyə səbri çatmayıb oğlunu səslədi. Istiyə dözməyən ayaqlarını sudan çıxarıb gülə-gülə dabanlarından süzülüb tökülən damcılara tamaşa elədi. Oğlunun azca aralıda dayandığını hiss edərək hələ də vannaya tökülən damcılardan gözünü çəkmədən gülə-gülə şən səslə “Bilirsən anan nə deyir?” söyləyib başını qaldıranda oğlunun bir əlində əlli minlikdən qalan iki onminlik, o biri əlindəsə uzun beton mismarlardan birini gördü. O uzun mismarı elə bil Ziyanın alnına çaldılar, Qabağındakı qaynar suyu təpəsinə tökdülər.

O, dodağındakı gülüşün birdən-birə buza döndüyünü hiss elədi. Buz təbəssümü ilə arvadının dediyi təklifi söyləməyə çalışdı. Danışığı bədəndən kəsilib ayrılmış başın deyinməsinə oxşayırdı. Birdən-birə Ziya donub iki adam olmuşdu. Onun biri, divanda oturub həssas oğlunun hər şeyi anlayacağından ehtiyat etdiyindən vağala çalan gözlərini ondan yayındırıb yuxarı qaldırdığı ayaqlarından vannaya aramla tökülən damcılara baxaraq dodaqlarında buza dönmüş gülüşüylə arvadının dediklərini təkrar edirdi, ikinci Ziya isə, gah satıcı ilə höcətləşir, satıcı onu təhqir edir, itələyə-itələyə qoşa səkini çıxmağa məcbur edir, gah da qəbiristanlıqda küləkli havada tələm-tələsik balaca dəmir qapının çərçivəsinin bir tayına iki mismar vurur, tələsdiyindən kərkinin dəmir sapı ilə kubik daşının arasında qalıb sürtülən çeçelə barmağını yaralayır, sonrasa təzə cücərmiş otların arasından iki mismarı götürüb kağıza büküb cibinə qoyurdu.

Yox, yox dönə-dönə fikirləşsə də, Ziya qoşa mismarı şalvarınınmı, gödəkcəsininmi cibinə, yoxsa kərkiylə, dəmir pazlar olan torbaya qoyduğunu xatırlaya bilmirdi. Birinci Ziyanın qulağına oğlunun səsi gəlir “yüz mismar niyə, lap bir yeşik alaram. Ancaq özüm aparıb vermək şərtiylə...” Ziya ayaqlarını daha vannaya salmadan ayağa qalxdı, jurnal masasının üstündən götürdüyü stəkandakı limon şirəsini araq kimi bir dəfəyə başına çəkdi. Buza dönmüş gülüşünün dodaqlarında ağırlıq etdiyini duysa da, gülümsəməyi davam edirdi. Oğlunun gözlərinə deyil, sanki alnına çalınmış mismara baxaraq əlinin hərəkətiylə oğlundan onu istəyirdi.

Ziya yaş ayaqlarını çəkələyə soxaraq “yaman yorulmüşam” deyib yataq otağına keçdi. Paltarlarını soyunmadan yerinə girib odeyalı başına çəkdi.

Baş ağrısı şiddətlənib nəbzi sürətlə atan Ziya yenə bir olmuşdu. Dəqiqələr, saatlar ötür, o, gecəqondu məhəlləsindəki iki pilləkəni əlli dəfəmi, yüz dəfəmi yenir, qalxır, ayrı-ayrı gözlərə ayrılıb müxtəlif ölçüdə mismarlar tökülmüş yeşiyin üstünə dəfələrlə əyilib qalxır, əlindəki mismarı atır, başqasını götürür, satıcı deyinir, onu borclu çıxarır, itələyə-itələyə eşiyə salır, ancaq Ziya yeşiyə atdığı böyük mismarların sayını görə bilmir, yaxud peşman olub kiçik mismarları yiyəsinə qaytarıb öz böyük mismarlarını götürərkən neçəsini götürdüyünü heç cürə yadına sala bilmir, cəngəllikdə tora düşüb dartınan, dartındıqca daha çox dolaşan, getdikcə gücdən düşən vəhşi heyvan kimi hikkəsindən partlamaq həddinə çatırdı. “Gedim satıcıdan üzr istəyim?.. O söyüşdən, o təhqirlərdən sonra ondan üzrmü istəmək olar?..”

O, qaranlıq otaqda odeyalın altında gözlərini yumub getdiyi yerləri addımbaaddım, özünün və başqalarının dedikləri sözləri muncuq kimi sapa düzürmüş təkin xatırlamağa çalışırdı. Son vaxtlar, bəlkə də on ildən də çox olardı, kiminləsə sözləşdiyi, kiminsə xətrinə dəydiyi, yaxud özünün kimdənsə incidiyi yadına gəlmir, yatıb duranda bəzən ucadan, bəzənsə ürəyində olsa da Allah sözü dilindən düşmür, hər gecə işığı söndürüb yerinə girəndə, Allahın bir neçə adını, sifətini deyərək Böyük Yaradana müraciətlə Ona sığınmağa icazə verməsini xahiş edir, yalvarır, Onu dərk eləməkdə, daha gözəl, daha aydın duyub hiss eləməkdə ona yardım eləməsini yalvarır, sonra bir neçə arzu-diləyini Ondan xahiş edir, sonda isə zikr edərək otuz üç dəfə Sübhən Allah, otuz üç dəfə Əlhəmdülilləllah, otuz üç dəfə də Allahu Əkbər deyir, sonda kləmeyi-şəhadətini söyləməklə ibadətini bitirirdi. Yorğun olduğu vaxtlar Allahın adıyda bağlı bəzən birinci, bəzənsə ikinci, yaxud üçüncü zikretmədə onu yuxu tuturdu. Bu günkü səfərini dönə-dönə xatırlaya-xatırlaya dəfələrlə bu sualı “Axı, hansı günahıma, hansı səhvimə görə Allah başıma bu oyunu açdı, bu cəzanı verdi?” öz-özündən soruşurdu.

Xoşagəlməz əhvalatdan sonra gecəqondu məhəlləsinin dar dalanında bacısının dediyi “Qardaş, aman günüdü, bu gün getmək olmaz” sözlər onun qulağında bəlkə otuz, bəlkə də qırx dəfə sakit və mülayim səslənmişdi.

Lakin qaranlıq yataq otağında, odeyalın altında, həmin sözlər gözü qapalı Ziyanın qulağından çox, elə bil beynində, ürəyinin başındla qorxuyla, təlaşla, vahiməylə səsləndi. O sözlərdəki dərin sehr, eyham, gizlinləri, xəbərdarlıq sanki ona indi əyan oldu. Qaçqınlıqdan qabaq yerin altın da bilən, üstün də bilən Roza müəllimin onun bacısı haqqında dediyi “Leylanın nəfəsi çox ağırdı” sözləri, doğmaca anasınınsa ölümündən bir neçə gün qabaq “Leylanın kütlüyünə baxma, hərdən o, heç kimin görmədiyini görür...” dedikləri indi onun qulaqlarında, qəlbində, beynində başqa cür səsləndi. Odeyalın altında meyit kimi tərpənməz qalmış Ziya həm öz ürək döyüntüsçünü eşidir, gicgahında şiddətlə vuran nəbzi hiss edir, həm də keçən yüzilin min doqquz yüz qırx üçündə, azğın müharibə cəbhə arxasındakı bütün insanların sifətini yalayıb soldurduğu vaxt yanaqlarından qan daman üçyaşlı gülyanaq Ziya yerdə palazın üstündə bardaş qurub oturaraq altı yaşlı bacısı Leylanın hərəkətlərini ərköyün-ərköyün, acgözlüklə izləyirdi. Arıq, solğun bənizli Leyla özünün bir qırıq pendir payının yarısını, əl boyda lavaş payının yarısına qoyaraq balaca dürmək tutub qardaşına verirdi. Ağızları dada gəlsin deyə yeməyin axırına saxladığı, vaxtı keçib azca dadıxmış yeganə şokolad konfeti yarıya bölüb yarısını alyanaq qardaşına uzadırdı. Alyanaq oğlan öz payını bir dəfəyə ağzına qoyub çeynəyir, ağappaq muncuq dişləri qəhvəyi şokolada bulaşırdı. Alyanaq, girdə ovurdlu qardaşının yeməyindən ləzzət alan altı yaşlı Leyla “muncuq dişlərini yeyim” - deyib öz şokolad payını da ona verdi, öz ağzının suyu axdığına, cəngləri ağrıdığına görə kağazın üstünə tökülmüş şokolad qırıntılarını dilində yaşladığı şəhadət barmağıyla alıb ağzına qoydu. Altmış altı yaşlı Ziyanın ömründəki yaddaşının başlanğıcı bacısının şokolad qırıntılarını barmağıyla “dənləməsiylə” başlayırdı.

Oxuduğu illər forsundan yerə-göyə sığmayan Ziya hər yay kəndlərinə tətilə gələndə qonaq çağırdığı gün Leyla yeddi qızıyla ev-eşiklərini dibdən-daşdan yığışdırıb həyət bacalarını sahmana salaraq evlərindən baş küçəyəcən uzanan dar yolu süpürərək, dünyanın bütün naz-nemətini masanın üstünə yığaraq, kəndlərində ilk və yeganə UNIVERSITET tələbəsi olan əziz qardaşını həyəcan və səbirsizliklə gözləyərdilər.

Ziya həyətə gircək bacısı Leyla, əri Altay səkkiz arı yeşiyinin arasında yeganə olan boru şəkilli toxunma səbət pətəkdən bal kəsdiklərinin üstünə çıxanda bacısının gülə-gülə “Niyə gəlib çıxmırsan, gözümüzün kökü saraldı axı” - deyəndən sonra yan-yörəsində, əlində tutduğu boşqabdakı yenicə kəsilmiş, günəşin altında bərq vuran üstündə əsəbi-əsəbi arılar qaynaşan qar kimi bəmbəyaz şan bala işarəylə “Sənnən ötrü saxlamışıq e, bu balı. Bilirsən bunnan ötrü nə qədər adam küsüb bizdən” - decək, əri onun sözünü küsərək “Yaxşı, yaxşı, bir qırıq bal yeyəcək, minnət eləmə” söyləyəndən sonra “Ziya, bilirsən o birilərindən bunun fərqi nədir?” deyib cavab gözləmədən sözünə davam elədi:

- Yeşiklərə hazır toxunma mumatert qoyurlar. Ancaq səbətdəki şanı binədən arıların özü toxuyur. Ona görə səbət balı adamın ağzında ərriyib gedir...
Kolxozun soğanlıq zəmiləri, bostan yerləri, şəftəli, alma bağları, arxlar boyunca nizamla sıraya düzülmüş əsgərləri xatırladan qələmələr, tarlaların qırağında ağacları sanki basmartlayıb altına almış azman cəvis ağacları, gövşənin ortasından rayona uzanan asfalt yolu, sağ tərəfdə qoşa çayların qovuşduğu yerdən başlayaraq ucalan nəhəng dağın ətəklərində üzüm bağları, yuxarılara qalxdıqca dağın belinə qurşaq kimi dolaşmış yamyaşıl meşə zolağı, lap yuxarılara qalxdıqca seyrəlib keçəlləşən, ağ çalmalı ixtiyar kişiləri xatırladan bəmbəyaz bulud papaqlı dağ, kəndin amfiteatrını xatırladan yüksəklikdə yerləşən Leylagilin ağ dəmir örtüklü evlərinin ikinci qatının balkonundan, pəncərəsindən ovuc içi kimi görünürdü. Hər yerdə yay meyvələri sovuşduğundan qonşular Leylagilin bağçasında ağacların təpəsində bir budaq dəyib iriləşmiş, allanmış calaq alma, ərik, albuxara, gilənarın Ziya üçün saxlandığını bilirdilər. Göylərə gülümsünən meyvəli budaqlar Leylagilin balkonundan daha aydın, daha gözəl görünürdü. Əziz dayılarına saxladıqları bu meyvələri Leylanın on dörd yaşlı böyük Sevinc qızından ikiyaşlı sonbeşik Qızbəstiyəcək bütün günü sərçədən, qaratoyuqdan, muradquşundan qoruyur, ancaq dəyib yerə düşənləri götürüb yeyirdilər.

Qaçqınlıq dövründə ərini itirmiş Leyla kəndçilərinə qoşularaq, sanki qonşularına gedirmiştəkin adi xalatdaca əli qolundan uzun Bakıya gəlmiş, neçə illər öncə Sumqayıta gəlib kök salmış dördüncü qızının evində bir müddət qalmış, beş-altı ay ərzində müxtəlif rayonlara səpələnmiş altı qızı da ailəliklə köçərək Sarayda, Hövsanda, Mərdəkanda, Lökbatanda, son iki qızları isə Bakının Yasamal və Sabunçu rayonlarında məskunlaşmışdılar. Kürəkənlərini qaşqabaqlı görəndə, qızlarıyla ərləri nə səbəbdənsə höcətləşəndə, azacıq səs tonlarını qaldırıb uşaqlarını danlayanda Leyla bütün günahları özündə görüb ailələrə narahatçılıq, darısqallıq yaratdığını güman edərək on-on beş gündən artıq bir qızının evindlə qalmamış, rayondakı evini dəyişmək məqsədilə günlərlə, aylarla bəzən qızlarıyla, bəzən elliləriylə səhərdən axşamacan qəsəbələri, Bakının küçələrini dolaşmaqdan bezdiyi günlərin birində ikinci Alatavada dar dalan boyuncxa sıralanaraq divarları, damları bir-birinə söykənmiş, mətbəxi, ikigözlü otaqları iç-içə olub pəncərəsiz vaqonu xatırladan, dalandan dörd pilləkən aşağı olan gecəqondlu evin yiyəsiylə sövdələşərək açarları əlinə alanda sevincinin həddi-hüdudu olmamışdı.

Leyla on-on beş dəqiqəliyə içəri keçib çay içməyi qardaşına təklif edəndə Ziya tələsdiyini demişdi. Əslində, Ziya tələsdiyinə, vaxtın darlığına görə deyil, bacısının rütubət qoxuyan, günün günorta çağı alatoran olan evlərində uzun müddət damcıladığından tavanın bir tərəfi qarın verib şişmiş, bir tərfi qoparaq sallana qalmış faneri görməmək üçün içəri keçməmişdi. Tələsik bacısından ayrılaraq dar dalan boyu yarısı torpaqda, yarısı çöldə olub bəzi yerləri qırıldığından içərisi ilə axan sabunlu-çirkablı suları, ürəkbulandırıcı zir-zibili görünən kanalizasiyanı əvəz edən azbest boru boyunca əsəbi-əsəbi addımladığından bacısının səsinə geri dönərsə, ayağının çirkab sularına düşəcəyindən ehtiyat edərək geriyə çevrilib gülümsəməyini bacısına göstərə bilmədiyini odeyalın altında xatırlayanda, bacısının həyəcan və qorxuyla dediyi “Qardaş, aman günüdü, bu gün getmək olmaz” sözlər qulaqlarında səsləndi. Həmin anlar bacısına üstən aşağı baxdığına, savadsız, avam yerinə qoyduğuna, onun barəsində “ömrün boyu yuxuda olmusan, ömrünü də yuxuda başa vuracaqsan” düşündüyünü, “gör kim kimə ağıl öyrədir” fikirləşdiyini, Şumanın, Hindemitin, Şubertin heç olmasa adlarını eşitsəydin... Üzeyir Hacıbəyovla Səməd Vurğunun otuz yeddinci il qasırğasından, tufanından xilas olmalarının səbəbi bir dəfə də olsun ağlına gəlibmi? Eynşteynin, Dostoyevski barəsində söylədiyi fikiri heç vaxt eşitməyəcəksən...” düşündüklərini indi odeyalın altında acı-acı xatırladı, o anlar bacısının beş addım eni, altı-yeddi addım uzunluğu olan dar həyətlərində divar boyunca düzülmüş diqqət və qayğıdan tər-yaşıl yarpaqları par-par yanan limon və adlarını bilmədiyi dibçək çiçəklərini xatırladı, “gülləri sevib, onlara qayğı göstərmək ona anamdan keçib...” - düşündü.

“Oxuduğum onlarla, yüzlərlə kitab, o kitablardakı tarixi şəxsiyyətlərin, imperatorların, dahilərin, dühaların, sənət korifeylərinin həyatı haqqındakı bilgilər, onların müdrik fikirləri, buraxdıqları səhvlər məni bu günün xatasından, şərindən, qovğasından qurtara bilmədi. Vur-tut səkkizinci sinfi bitirmiş, düz-əməlli yazıb oxumağı unutmuş, qaçqın, didərgin olandan sonra Bakıda neçə binanın həyət-bacasını, küçələri süpürüb təmizləməklə özünü saxlayan bacımın bu fəhmi, duyumu, bu bilgi, intuisiyası hardandı, axı “bu gün getmək olmaz” sözünü o elə-belə sözgəlişi demədi, böyük təşviş, həyəcan, qorxu, narahatçılıq və yalvarışla söylədi. Qolumdan tutub saxlamaq istəyirdi, dartınıb əlindən çıxdım. Gücü çatsaydı, bəlkə də tutub buraxmayacaqdı. Yox, həmişə hər yerdə savad, informatik bilik hər şeyi həll eləmir... Görəsən tükü-tükdən seçən balaca oğlum mismarlar barəsində bir şey bildimi? Axı, onun gözünün qabağında mismarların ikisini qapının çərçivəsinə çaldım, ikisini kağıza büküb cibimə yox, deyəsən kərki, pazlar olan selofan torbaya saldım. Yaxşı, oğlum bu tək mismarın hardan peyda olduğunu məndən niyə soruşmadı?

Nəyinsə dodaqlarının aşağı, oradan da çənəsinə- boğazına sürüşdüyünü hiss edərək Ziya əlini boğazına aparanda burnundan qan axdığını duycaq, bir əliylə burnunu sıxdı, o biri əliylə odeyalı üstündən hövlnak ayağa qalxaraq özünü hamama saldı, krantı açıb soyuq su ilə üz-gözünü, boyun-boğazını yuyanda gözü güzgüyə sataşdı, köynəyinin yaxası, svitri qana bulaşmışdı.

Xəbər tutan arvadı hamama girəndə “Buuyy, bəxtəvər başıma, a kişi, nə oldu? sualına Ziya “deyəsən yorğan-döşəyi də bulamışam” söylədi.

Arvadının deyinməsi, danlaması əvəzinə “A kişi, sevinmək, qurban kəsmək lazımdı ki, burnunnan qan açılıb, Allah eləməmiş, o qan başına, beyninə sızmayıb” söyləməsinə Ziyanın içindən, qəlbindən sanki işıq keçdi “Bu həftənin içində Leylanın evinin daman yerini, sallanan fanerini də düzəltdirməliyəm. Bunlardan da qabaq günü sabah Leylanı götürüb Gülyazgilə aparpmalı.
XS
SM
MD
LG