Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:30

Azər Abdulla "Bazarlıq" (Hekayə)


Bu dəfə Bəhram talonu deşəndən sonra dönə-dönə sürücüyə göstərib, tramvayın son pilləkənində yuxarı qaldırıb havaya buraxdı. Yolun qırağında alma, fındıq, yumurta satırdılar.

- Camaatda ağıl yoxdu, belə almanı qoyub gedib od bahasına bazardan alırlar,- dedi. Heç kim ona məhəl qoymadı. O, fındıq növbəsində dayanmış adamlara, ağzı açıq kisəyə yaxınlaşıb bir ovuc fındıq götürdü, ağırlığını yoxladı, “sən öl, əməlli-başlı fındıqdı da!” – deyib birini ənginə salıb sındırdı, iri, sağlam fındıq çıxdı. Ağzına atıb yeyə-yeyə adamların üzünə baxdı. Yenə ona məhəl qoyan olmadı. Ovcundakı fındığı kisəyə atdı. Yumurta satılan yerə yaxınlaşdı. Əlində dolu zənbil tutmuş qadından:

- Neçiyədi?- soruşdu.

- Bir otuza.

- Onu, eləmi?

- Onu olmamış, otuzu olmayacaq ki!?

- Təzədi deyəsən...

Qadın ona baxmadan başını təpədib “hə” – dedi.

Bazarın qapısı yanında bir qadın dayanmışdı, əlindəki mal kəlləsini gəlib-gedənə göstərirdi. Bəhram qadına yaxınlaşdı:

- Görüm nətəri şeydi, - deyib malın başını qadının əlindən aldı, qulaqlarından tutub diqqətlə o yanına – bu yanına baxdı. Qadın da maraqla Bəhramın uzun, nazik boynuna, boynunun üstündə tez-tez o yan- bu yana çevrilən balaca yumru başına, iri gözlərinə, ucu getdikcə bizləşən uzun burnuna baxırdı. Bəhram ağacdələnə oxşayırdı. Qadına elə gəlirdi ki, Bəhram indicə malın başını dimdikləyəcək.

- Nə eləmisən, belə şişib, bu köklükdə mal başı olar?.. Düzünü desən alacam.

- A bala, gülməli danışırsan, kəsik başa nə eləmək olar?

- Neçiyə verirsən?

- Beşə apar.

- Yaxşı, de görüm, bu yazıq heyvanın başını ülgücnən qırxmısız, yoxsa elektrobiritvaynan?

Qadın gülə-gülə:

- Ülgücnən, - dedi.

- Bizlərdə təndirdə, ocaqda ütərdilər. Yaxşı, bunun əl-ayağı yoxdur?

- Yox.

- Mən yaman xaş yeyənəm, əl-ayağından xoşum gəlir. Olsaydı, alardım...
Bəhram bazara girdi, göy satılan yerə yaxınlaşdı. Qırmızı, yumru turplardan birini sıxıb bərkliyini, boşluğunu yoxladı, qıymətini soruşdu. Bir dəstə kişniş götürüb o yanına- bu yanına baxdı, yerinə qoydu. Bir dəstə soğan götürdü, ynındakı şılyapalı kişiyə göstərdi:

“ Belə də şey olar, dörd – beş dənədən dəstə bağlayıblar...” Şilyapalı kişi başını bulayıb uzaqlaşdı. Bəhram soğanı yerinə qoydu. Üç yol göy satılan piştaxtanın başına dolandı. Gözünə şüyüd dəydi. Bir qoca kişi satırdı. Qabağında vur- tut üçcə dəstəydi. Bəhram şüyütləri bir-bir götürdü.

- Əmi, bunların hay- hayı gedib...

- Özümə oxşayır... Qardan üşüyüblər.

- Bir dəstə yaxşısından ver, altdan.

- Qalan elə budu.

- Onda ikisini on köpüyə ver.

- On beş ver, üçünü də apar.

- Mənə biri lazımdı, sənin xətrinə ikisini götürürəm.

Bəhram dönə-dönə şüyütləri gözdən keçirib ikisini götürdü. Pılaşının qoltuq cibindən çıxartdığı əzilmiş kağız kisəsinin qatını açıb şüyüdləri içinə qoydu. Qarşıdakı kişiyə yaxınlaşdı. Yarımçıq kisədən bir ovuç arpa götürdü. Bir arpaya baxdı, bir yiyəsinə.

- İçində bircə dənə də olsun daş yoxdu. Ay Xanəlinin boz eşşəyi burda ola ha! Bircə ovuc ver, iki çuval dəni yüklə, bir nəfəsə dəyirmana sür!
Arpanın yiyəsi zarafatınnan qalmadı:

- Xanəlinin eşşəyi burda olsaydı hamısını keçirərdim başına, mənim də canım qurtarardı...

Bəhram dərinə getmədi, üzüsulu uzaqlaşdı,. Yan-yana düzülmüş sarımsağın, ağ lobuyanın, qırmızı lobyanın, mərciməyin, noxudun yanından dinməzcə otdü, qiymətlərini gözdən keçirdi. Gəlib ucaboy, dolu bir kişinin yanında dayandı. Kişinin qarşısında ağzı açıq kisələrdə qoz ləpəsi, fındıq, fındıq içi, alça, gavalı, gilas, əncir quruları vardı. Bəhram, xına kimi sapsarı işıldayan altı manatlıq ərik qurusundan birini götürüb baxdı.

- Necə eləyirsiz belə gəşəng olur, sapsarı?

- Uzun işdi...

- Ordubaddı deyilsən?

Kişi sevincək:

- Dadaş, hardan bildin? – soruşdu.

- Dədəmin bir ordubadlı dostu vardı. Bizə gələndə həmişə bunlardan gətirərdi.

- Ürəyin nə istəyir, götür ye.

Bəhram “çox sağ ol!” – deyib əlindəki ərik qurusunu ağzına qoydu. “ Br şey çıxır? ” – soruşdu. Kişi papağının yanını qldırdı, başını qaşıya-qaşıya:

- Dolanırıq da, - dedi.

Bəhram yenə də bir gavalı qurusu götürdü. Tanış kimi sağollaşıb kişidən aralandı. Sumax, turşu lavaş, istiot, ayrı-ayrı toxumlar ordubadlı kişiyə yaxın olduğundan Bəhram onlara gözucu baxıb ötdü. Azca aralıda xurma satana yaxınlaşdı. Kilosu bir manata idi. Bəhram irilərindən birini götürdü. Satan oğlan:

- Basma da, onsuz da ötüb, - dedi.

- Niyə qorxursan, qaqaş, əzilsə götürərəm.

- Yox də...

- Bir az ucuz ver, götürüm.

- Nə qədər istiyirsən?

- Bir kilo.

- Yox...

Bəhram uzaqlaşdı, armudun, almanın, heyvanın yanından keçdi. İri-iri, dəymiş əzgilin yanında ayaq saxladı. Bir manat iyirmi qəpiyə verirdilər. Bəhram “ dadına baxmaq olar?” – deyib birini götürdü.

- İstəyirsən, ikisini, üçünü götür.

- Bəhram əzgili yeyəndən sonra baş barmağını yuxarı tutub:

- Əla! - dedi. - Alma, armud alacam. Qayıdanda alıb üstdən yığaram ki, əzilməsin.
Bəhram gəlib qalaq- qalaq yığılmış qıpqırmızı nar komalarının qarşısında dayandı.

Kəsilmiş, qan kimi narın iki giləsini qoparıb ağzına atdı. Nar satan ucaboy, yaraşıqlı bir oğlandı. Dəblə geyinmişdi. Pırpızlı şərfini yaxası açıq “ Tiklas ” plaşının üstünə salmışdı.

Qıraqdakı seçmə narlar lap iriydi. Bəhram onlardan birini götürüb o yanına – bu yanına baxdı.

- Buna söz ola bilməz! Mən beləsini axtarırdım.
Oğlan göz ucu Bəhrama baxdı, ancaq tez də üzünü başqa səmtə çevirdi.

- Hələ bir de görüm, innən belə bunları nə qədər saxlamaq olar?

Oğlan könülsüz:

- Bir aya söz olmaz! – dedi.

- Hə, iyirmicə gün qalsa bəsdi. Dedin nə qədərdi?

Oğlan tez tərəzinin arxasına – öz yerinə keçdi. Aşağı əyildi, qutuları gözdən keçirib:

- Nə qədər istəsən düzəldərik, - dedi.

- Bir əlli kilo lazımdı. Moskvaya aparacam.

- Əlli?

Oğlan Bəhramı başdan – ayağa yenidən süzdü.

- Göyçay narıdı, eləmi?

- Hə.

- Nujeli sizin əlli kilo belə narınız yoxdu?

Yaxşı, dörd əllidən on beş kilo ver, götürüm. Qalanını da başqasınnan alaram.
Oğlan tələsik aşağı əyildi. “ Nə deyirəm ” , - dedi. Bəhram “ belə yumuşalarsan ha... ” – düçündü. Özündən razı qaldı.

- Qardaş, qoy bir hərlənim görüm, beləsini tapıb üstün düzəldə biləcəyəmmi. Bu dəyqə qayıdıb gəlirəm.

- Yaxşı, oldu.

Bəhram səkkiz, doqquz addım aralanmışdı, arxadan başqa bir oğlan onu səslədi:

- Qardaş, sənə yaxşı nar lazımdı?

- Hə, bir əlli kilo.

- Gəl bura sənə nar verim.

- Yaxşısı lazımdır e, irisi, əzilməmişi. Gülövşədir?

- Dedim gəl də.

- Qaqaş, dörddən versəm alaram.

- Əmioğlu, sən nətəri adamsan, gəl bir mala bax, sora danışarıq. Bazarda mənim narım kimisini tapsan, sənə müftə verəcəm.
Bəhram nə qədər çalışdı, yaxasını oğlandan qurtara bilmədi. Oğlan Bəhramı bir kişinin yanına gətirdi. “Alt qutudakı narı buna göstər, bu dəyqə qayıdıram ” - deyib getdi.

Qutular çox kip yığılmışdı. Darısqal olduğundan kişi yerindən tərpənəmmirdi. O, pencəyini soyundu, üstəki qutuları götürüb altdakını çıxarınca çox əlləşdi. Arada iki müştəri gəlib nar istədi. Kişi onlara məhəl qoymadı. Bəhramın ona yazığı gəldi. Kişi qutunun ağzına vurulmuş taxtalardan birini çıxartdı. Bəhram:

- Görünür, görünür, daha sökmə! – dedi. Kişi qulaq asmayıb taxtalardan ikisini də çıxartdı.

Narlardan ikisini götürüb Bəharama uzatdı:

- Hərəsi yeddi yüz, səkkiz yüz qıramnan aşağı deyil – dedi.
Bəhram ömründə bu irilikdə, bu gözəllikdə nar görməmişdi. Narın o üzünə baxdı, bu üzünə baxdı:

- Özü də sapsağlamdı! – dedi.

Kişi sevincək narlardan ikisini də çıxartdı:

- Bir giləsi də əzilməyib.

Bəhram deməyə söz tapmadı. Bir də əyilib qutuya baxdı:

- Deyirsən hamısı belədi?

- Qardaşoğlu, çıxarım bir-bir bax, bəyənmədiyini götürmə.

Bəhram narı yavaşca tərəzinin yanına qoydu:

- Bəs qab işini neyniyək? – dedi.

- Qab da verərəm, qutuların birinə yığarsan.

Bəhramın bir gözü onu bura gətirən oğlanda idi. Bilirdi ki, o, qayıdıb gəlsə, işlər lap çətinləşəcək. Bu hay-küydən sonra ona dişindən çıxanı deyə bilərdilər. Bəhram:

- Narına söz olmaz! – dedi. – Onda qoy yoldaşımı da çağırım, o da baxsın.

- Nə deyirəm...

Bəhram özünü bazarın tünlük yerinə verdi. “Ağrımaz başa dəsmal bağlamaq, buna
deyərlər ” – düşünüb, arxasına baxa-baxa tramvay dayanacağına yönəldi.

Tramvayda adam az idi. O, qabağa gəldi döş cibindən dəftərçəsini çıxardıb arasından bir təzə talon götürdü, talonu deşib yan-yörəsinə baxdı. Geri qayıdıb iki adamlıq yerlərin birində əyləşib dərindən nəfəs aldı.

Tramvayın pəncərəsindən çölə baxdı. Sulu qar yağırdı...
XS
SM
MD
LG