Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:14

Dilqəm Əhməd "Bütyonan" (Pritça)


-

Onun yaşadığı yeri çoxları tanımazdı. Arvadı öləndən sonra şəhəri tərk edərək çay kənarında özünə balaca bir emalatxana tikmişdi. Sevimli arvadının xəstəlikdən ölməsi onu həyata küsdürmüş, insanlardan qaçaraq tərki-dünya həyat sürməyə vadar etmişdi. Yerini bilən bir neçə adam vardı, onlar da gətirdikləri yeməklərin qarşılığında sifariş etdikləri bütləri aparmağa gəlirdilər. Əvvəllər tikintilərdə adi daşyonan idi, bu gizli qabiliyyətinin üzə çıxmasında arvadının ölümünə borclu idi əslində. Onu əbədiləşdirmək üçün meyitini üç gün basdırmamış, balaca emalatxanasında ilk bütünü yaratmışdı. Bütü o qədər həssaslıqla yaratmışdı ki, arvadına olan bütün sevgisi daş bütə hopmuşdu. Elə bil ki büt indicə canlanacaqdı. Hər sabah çayın sahilinə enir, axar sudan bardağına doldurur, meşədən bir dəstə çiçək toplayır, emalatxanasının ən hündür yerində saxladığı bütün qabağına qoyurdu. Hər büt sifariş edən onun yanına gələrkən heyranlıqla bütə tamaşa edir, oxşarından birini də onlar üçün düzəltmələrini arzu edirdilər. Amma bütyonan hər dəfə bu istəkləri geri çevirirdi. İlk bütündən sonra çox bütlər hazırlamışdı. Şəhəri qoruyan ruhun, hökmdarın gənc yaşda ölən qızının, əlli il ömrünü məbədə həsr edən kahinin, müxtəlif allahların bütlərini hazırlamışdı. Sifarişi ölkənin durumuna uyğun olaraq dəyişilirdi. Sonuncu dəfə hökmdarın qonşu dövlətlə savaşı zamanı yüzlərlə müharibə allahının bütünü düzəltmişdi. Arvadının ölümünün ildönümlərində sevgi allahının bütlərini hazırlayır, istəyənlərə qarşılıqsız hədiyyə edirdi. Ölkəsinin əhalisinin inandığı on dörd allahın bütünü və hökmdarın öz bütünü emalatxanasının girişinə qoymuşdu. Hökmdarın sonuncu qərarından sonra bütün əhali bu on beş bütdən düzəltdirməli və evlərinə qoymalı idi. Çünki böyük bir savaşa hazırlaşan hökmdara kahin xəbər vermişdi ki, qalib gəlmələri üçün allahları beləcə sevindirmək lazımdır. Sifariş çox ağır olduğu üçün hökmdar bütyonanın yanına öyrətməsi üçün iyirmi şagird göndərmişdi. Savaş başlanana qədər bütyonan bütün sifarişləri hazır elədi. Amma hökmdar məğlub oldu, əhalinin yarısı qılıncdan keçirildi, bütün evlərdəki bütlər dağıdıldı. Yeni hökmdar taxtına əyləşdi, köhnə hökmdarın arvadları da daxil olmaqla bütün var-dövlətinə sahib oldu. Köhnə hökmdara xidmət edən bütün səlahiyyətlilər edam olundu. Təkcə toxunmadığı bir adam vardı-bütyonan. Yeni bütlər sifariş verildi. Bütyonan köhnə allahları və köhnə hökmdarın bütlərini çaya tulladı, artıq onun emalatxanasını yeni allahlar və yeni hökmdarın bütü bəzəyəcəkdi. Yeganə dəyişməyən isə sevimli arvadının bütü oldu.

17.02.2011
XS
SM
MD
LG