Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:13

Mirmehdi Ağaoğlu “Gülüstan müqaviləsi”nin bağlandığı gecə" (Hekayə)


Naməlum əsgər yerdən oturub tügənginə söykənmişdi. Dinməzcə Axundova baxırdı.

Onun ayıldığını görüb gülümsəyəndə yanaqlarını tutan bakenbardları bir az da genəldi.

Gözlərini açan kimi qarşısanda oturmuş bu adamı görməsi Axundovu bir az qorxuya salsa da, gülümsəməsi onu bir qədər sakitləşdirdi.

Əsgərin əynindəki qırmızı qarışıqlı mundir, başındakı kiveri qaranlıq da olsa seçilirdi. Belindən, çiyinlərindən isə qayışlar aşırılmışdı.

Üzdən yorğun görünürdü, süngülü uzun tüfənginə elə söykənmişdi ki, sanki yuxulayırdı.

Axundova elə gəldi ki, partlayışdan başı tərpənib. Havadan tozlu barıt qoxusu hələ əsgilməmişdi.

Sakitlik idi. Heç kəs gözə dəymirdi, nə yoldaşları, nə də başqa bir kəs. Təkcə bu qəribə geyimli adam idi qarşısında.

Axundov əlləri ilə gicgahlarını ovxaladı. Partlayışdan sonra başı bərk ağrayırdı. Qulaqları uğuldayırdı.

Elə bil başı bədəninin üstündə deyildi, havada uçurdu, külək isə bu qulağından girib o birindən çıxırdı.

Qarşısındakı adamın danışması onun qarabasma olmadığını yəqinləşdirdi. Yaxşı ki, başına hava gəlməyib.

-Farsların ordusunda belə geyim görməmişəm. Qəribə geyimli əsgər rusca danışmağa başladı.

-Mən fars deyiləm.

-Onlar kimi qarasan, amma geyimindən onlara bənzəmirsən.

-Sən kimsən?

-Bilinmir? Mən Fyodor Mixayloviç Dostoyevski. Əlahəzrət bütün Rusiya İmperatoru Aleksandırın Müqəddəs ordusunun siravi əsgəri.

-Oxşamırsan.

-Kimə? Əsgərə?

-Yox, Dostoyevskiyə.

-Nə danışrsan, özüdür ki var. Qarşında dayanan Feodor Mixayloviç Dostayevskidir.
-Mən başqasını deyirəm. Yazıçı.

-Beləsini tanımıram.

-Çoxdan huşsuzam?

-Bir az olar. Bir az aralıda çəmənlikdə uzanmışdım, dincəlirdim. Qəfildən partlayış oldu. Elə bildim top atdılar. Dedim yəqin farslar müqaviləni pozdular, bizi aldadıb tələyə salıblar. Gəlib gördüm heç kəs yoxdur, təkcə sən burda uzanmısan. Ürək eləmədim oyatmağa.
-Sən də partlayış səsini eşitdin?

-Çox bərk partalış oldu. Elə bil on top birdən atəş açır.

-Bəs sən burda neyləyirsən?

-Bizimkilər farslarla müqavilə imzalayır. Deyəsən bundan sonra sülh olacaq. Daha Qafqazda işimiz olmayacaq. Barı elə olsaydı, mənə də evimə qayıtmaq nəsib olardı.

-Harda bağlayırlar müqaviləni?

- Burdan bir az aralıda. - Axundov ayağa qalxmaq istədi.

-Qaranlıqdı, heç nə görməyəcəksən. Həm də nə işinə qalıb? Mənlə sən sadə əsgərlərik. Bizi generalların süfrəsinə buraxmazlar. Orda general Ratişevlə hansısa xan kef edirlər. Sizin də elə qəliz adlarınız var ki, yadda saxlamaq olmur - Dostoyevski əlini atıb ayağa qalxmaq istəyən Axundovun qolundan yapışdı. Axundov səntirləyirdi.

-Bizimkilərdən heç kəsi görmədin?

-Dostum kefini pozmaq istəmirəm, ancaq hamısı ölüb. Özü də çox qəribə şəkildə ölüblər, elə bil vəhşi farslar onları qılıncla deyil, dişlərilə doğrayıblar.

-Kömək edərsən mənə? Məni ora apar.

-Onsuz bu generalların ziyafəti uzun çəkəcək. Mən də bekar əsgərəm, neynək kömək edərəm.
Axundov addımlarını çox çətinliklə atırdı. Bədənində ağrıları var idi. Ayaqları və kürəyi bərk sancırdı. Başı da gicəllənirdi. Tarazlığını qorumaq üçün avtomatı kürəyinə keçirib iki əliylə qayışdan yapışıdı. Arxasıyca addımlayan Dostoyevski onun çətinliklə yeridiyini görüb qoluna girdi:

-Düzdür sənin kim olduğunu bilmirəm, heç onu da bilmirəm ki, sən kimə qarşı vuruşursan, bizlərə ya farslara qarşı. Eh, nə fərqi var müharibə müharibədir, sən də mənim kimi əsgərsən.

***

Kəşfiyyata alatoranda çıxmışdılar. Altı nəfər idilər. Qabaqda həmişəki kimi kiçik çavuş Bədəlov gedirdi.

O bu yerlərə yaxşı bələd olduğundan kəşfiyyatçılar da onun arxasınca tərəddütsüz, həyəcansız gedə bilirdilər.

Minalanmş əraziləri yaxşı tanıyırdı.

Kəşfiyyatçı dəstəni minalanmış ərazidən sağ-salamat keçirir, təyin olunmuş yerə aparırdı.

Amma bir pis xasiyyəti var idi ki, bir az baməzə idi. Ən təhlükəli anlarda belə zarafatından qalmazdı.

Dəliliyik edərdi. Kəşfiyyat zamanı maskalanma qaydalarına düzgün riayət etmədiyi kimi, gizlilik qaydalarına da əməl etməzdi. Neçə dəfə snayper gülləsinə tuş gəlmişdi.

Güllə ya qulağının dibindən keçmişdi, ya da burununun ucundan.

Bir dəfə hətta ağzından siqaretini aparmışdı. Bununla belə əməlindən qalmırdı.

Ölüm qorxusu yoxdu onda. Bədəlov yetim idi, Qubada anası ilə bacısını yiyəsiz qoyub gəlmişdi.

Ondan sonra Məmmədov idi. Yaşca hamıdan böyük idi. Artıq nə qədər müddət xidmət etdiyini də unutmuşdu.

Elə bil hərbi xidmət bu balacaboy, bədəza adamı yonub yontalayıb bir az da kobudlaşdırmışdı.

Adını çəkəndə adamın üstünə çımxırırdı. O nadir hallarda adamla yumşaq danışırdı.

Məmmədovdan sonra Səlimov, Dadaşov, Qarayev və ən axırda Axundov gedirdi. Kəşfiyyatın məqsədini təkcə Məmmədov bilirdi. O da bildiyini heç kəsə verməzdi.

Təkcə onu bilirdilər ki, təmas xəttində rus ordusu zabitlərinin gizli görüşü keçirilməlidir və bir də qayıdanda posta aparmaq üçün alma yığacaqlar.

Alma bağı Gülüstan kəndinin çıxacağında idi.

Böyük alma bağı idi. Kəşfiyyata çıxanlar hər dəfə qayıdanda yollarını almalıqdan salar, yediklərini yeyib, yemədiklərini əsgər yoldaşlarına sovqat aparardılar.

Bu o Gülüstan idi ki, burada 1813-ci ildə İranla Rusiya arasında sülh müqaviləsi imzalanmışdı. Axundov bu tarixi faktdan xəbər tutandan sonra kəndə adi mənzərə kimi deyil, tarixi eksponat kimi baxmağa başlamışdı. Onun hər qarışını diqqətlə araşdırır, hər dəfə posta, ya kəşfiyyata çıxanda 1813-cü ildə iki düşmən ordunun burada müqavilə bağlarkən görüş səhnələrini canlandırmağa çalışır, hər qarışda bir yorğun düşmən əsgərinin yerə yayxanıb yığıncağın nə vaxt bitəcəyini səbrsizliklə gözləməklərini düşünürdü.

Səlimov “Görəsən nə qədər minalıqla gedib gələcəyik” deyəndə kiçik çavuş Bədəlov artıq beşinci minanın üzərinə ayağını basmışdı.

-Bu da beşinci. Hələ ikisi qalır. Dadaşov da sərsəmliyinə görə onu danladı.

Bilirdilər ki, Bədəlovun ayağını üzərlərinə basıdığı minalar tankəleyhinə olduğu üçün adam çəkisinə hesablanmayıb, partlamaz.

Amma Dadaşov yenə də ehtiyatı əldən verməz, qəza qorxusundan Bədəlovu dəlisovluqdan çəkindirməyə çalışardı.

-Sənin “klas-klas” oyunun bir gün başımıza oyun açacaq. - Başını yellədə-yellədə deyirdi. Dadaşov hündürboy, arıq oğlan idi.

Əsgərliyə gəlməmişdən əvvəl bibisi qızı ilə nişanlamışdılar. Qız onun yolunu gözləyəli üç il olmuşdu.

Axundov lap arxada gəlirdi. Hava soyuq olmasa da üşüyürdü, siqaret yandırıb ovcunda gizlətmişdi. Elə bil indicə əlindən alacaqlarmış kimi xısın-xısın çəkirdi.

Xidmət zamanı siqaret çəkmək qadağan idi. Ancaq digər qaydalar kimi bunu da vecinə alan yox idi. Ölüm kimi hər şey adiləşmişdi.

Axşam səngərdə yatdıqları yoldaşlarının sabah meyidi gələcəkdisə, təmiz tutduqları əlləri bir mina partlamasında yazda budanan tənək kimi kəsilib atılacaqdısa, qayğısına qaldıqları bədənləri bir vuruşda qorapalan kimi dəlik - deşik olacaqdısa təzə ayaqqabı kimi özlərini qoruyub ehtiyatlanmaqda bir məna görmürdülər.

Bir tülkü kolluqdan çıxıb Səlimovun qabağındanca qaçaraq yiyəsiz evlərdən birinin həyətinə soxuldu.

Qarayev onlar kəşfiyyatdan qayıdanacan özünü tülkünün ardınca verib toyuqdan zaddan tapmağı təklif etdi. Postda bişirib yeyərdilər.

Tülkü özünü nahaq yerə kəndə verməz. Yəqin yiyəsiz evlərin hinlərində yaddan çıxmış toyuq cücə var.

Qarayev belə oğlan idi. Bir də gördün bir müddətə harasa yox oldu.

Qayıdanda da qoltuqaltında nəsə olurdu; toyuq, qaz, hinduşka, quzu, bir balon turşu, mürəbbə, kampot... Bir dəfə hətta erməni konyakı tapıb gətirmişdi.

Gecə qatı dumanda postu aşıb erməni səngərinə girmişdi. Bəxtindən əlinə keçən də erməni konyakı olmuşdu.

O yaşamağın yolunu bilirdi.
Məmmədov Qarayevə icazə vermədi.

O bu gün elə hey sivişib aradan çıxmaq istəyirdi. Kəşfiyyata da çıxmaq istəməmişdi. Xəstələndiyini bəhanə gətirsə də komandir xidmətdən ayırmamışdı.

Bədəlov qollarını qaldırıb oynamağa başladı. - Bu da axırıncısı. O yerini müəyyənləşdirdiyi sonuncu minanın üstündə dayanıb qollarını açmışdı:

-Dadaşov ölməyim qalım, sənin toyunda bax be...

***

Dostoyevski ilk meyidin yerini göstədi. Bu Qarayevin meyidi idi. Başının yarısını qəlpə aparmışdı, sıyıq kimi axıb yerə dağılmış beyni qaranlıqda bozumtul rəngə çalırdı.

Sol qolu çiynindən üzülmüşdü. Axundov əyilib əllərini Qarayevin sağ əlinə toxundurdu.

Soyuq idi. Baş barmaq ilə şəhadət barmağının qatlağındakı döymənin qasnağı hələ tam qurumamışdı. Yəqin bu onu daha narahat etmirdi.

Döyməni Dadaşovla eyni gündə döydürmüşdülər.

Dadaşov da nişan üzüyünün yerinin itməməsi üçün adsız barmağına həlqə döydürmüşdü. Dostoyevskinin çiyninə atdığı isti əli boyun dərisinə toxunanda canlı ilə ölünün fərqini hiss elədi. İxtiyarsız meyidin üzərinə sərildi.

Bir az əvvəl bir yerdə olduqları əsgər yoldaşı vecsiz bir ət parçasına çevrilmişdi.

Bundan sonra sürünərək irəliləməyə başladılar. Kənd düşmən nəzarətində idi.

Dostoyevski Axundovun düşmənlərinin kimlər olduğunu hələ tam dərk eləməsə də yeni yoldaşının tapşırıqlarına sözsüz əməl edirdi.

Sülh sazişi imzalanmasına baxmayaraq farslardan nə desən gözləmək olardı.

Ən müasir ingilis silahları ilə silahlanmışdılar. İstəsələr gecə də vurarlar. Dostoyevski canını çöldən tapmamışdı, uzaqlarda ailəsi gözləyirdi onu.

Əvvəl elə bildi ki, ermənilər yerlərini müəyyənləşdirib raket atəşinə tutublar. Amma raket zərbəsindən bu qədər uzağa düşə bilməzdi.

Həm də raket düşsəydi çoxdan o dünyalıq idi.
Qabaqlarında dərin bir xəndək açılmışdı.

Bura idi. Bədəlov bu mövqedə dayanmış, o özü isə hamıdan arxada idi.

Bədəlovun üstündə rəqs elədiyi tank minası partlamışdı. Bədbəxt elə zənn edirdi ki, tank minası adam partlatmaz. Xəndək bomboş idi.

Səssizlik idi, yalnız uzaqlardan gələn anlamsız adam səsləri eşidilirdi, bir də quşlarla böcəklərin səsləri.

Səlimovun meyidi xəndəkdən sol tərəfə düşmüşdü. Qarnı ağrıyan adam kimi qıvrılıb qalmışdı. Parçalanmış budundan hələ də qan damcılayırdı.

Budu parçalanmış ayaq ilə yalnız qanlı əsgər şalvarının sallanıb qalmış təkəm seyrək lifləri birləşdirirdi.

Səlimovu üzü üstə çevirəndə əzabdan büzüşmüş çöhrəsi üzə çıxdı.

Əsgərliyə birgə gəldikləri zaman kupedə ermənilərdən söhbət edəndə qəzəbdən parıldayan gözləri hədsiz sönük idi. Axundov özünü saxlaya bilmədi, başını onun sinəsinə qoyub hərəkətsiz qaldı.

Ağlaya da bilmirdi ki, ürəyini boşaltsın.

Dostayevski bayaqdan yanında dinməzcə dayanmışdı, gah hüznlə bu səhnəni izləyir, gah da tez-tez başını o yan bu yana çevirib ərazini gözdən keçirirdi.

-Yetər, dost. Daha heç nə eləmək olmaz. Bekara yerə vaxt itiririk.

-Sən heç bilirsən necə dəhşətlidi?!

-Birinci ölü deyil ki, görürəm. Mən Boradinoda vuruşmuşam, Napoleonu uzaqdan da olsa görmüşəm. Çox dostum qollarım arasında can verib. Heç dua oxumağa da imkanımız olmayıb. Birinin gözlərini qapamağa macal tapmamış o biri ölüb. Belə anda yalnız düşmən əsgəri öldürməklə ovunmaq mümkündür.

Axundov cavab vermədi. Başqa vaxt olsaydı əlinə düşmüş şansdan yararlanaraq rus əsgəri ilə Napoleondan, Boradino döyüşündən, imperator həzrətlərinin həyatından bolca söhbət edərdi. Tarix onun sevimli mövzusu idi.

İndisə heç sürünməyə də səbri və taqəti qalmamışdı. Ayağa qalxdı. Dostoyevski ona növbəti meyidin yerini nişan verdi.

Hələ Dadaşov, Məmmədov bir də Bədəlovun meyidi qalırdı. Özünü qınadı ki, nahaq yerə bəd-bəd düşünür, bəlkə hələ sağdılar, ölməyiblər, tələssə yardımlarına yetər.

Dadaşovla Məmmədov bir-birlərindən bir az aralı düşmüşdülər.

Məmmədov tikə-parça olmuşdu. Sağ qolu çiyindən üzülmüşdü, iki ayağı beldən aşağı.

Bu balacaboy adamı ölüm bir az balacalaşdırmışdı. Üzündəysə həmişəki hirsdən heç bir əlamət qalmamışdı, sadəcə əzab vardı. Əsəbi əzab.

Dadaşovun əzaları yerində olsa da sinəsi yağış dəymiş nar kimi ortadan ayrılmışdı. İçalatı əzik-üzük idi. Əlini Dadaşovun adsız barmağındakı döyməyə toxundurub oradan uzaqlaşdı.

Ayın gümüşü işığı Gülüstanın üzərinə səpələnmişdi, yeridikcə soyuq kölgələri qabaqlarınca sürünürdü. Bədəlovun meyidini xeyli axtardılar.

Partlayış yerindən uzağa düşmüşdü. Yol çiynindən aşağıda quma bələnmiş bir qaraltı vardı. Axundov yaxınlaşanda gözlərinə inana bilmədi. Bu yarıya parçalanmış insan bədəni idi.

Bayaq Dostoyevski bunu görməmişdi.

Bədəlovun bədəni çiyindən göbəyə qədər uzanan xəttlə ikiyə şaqqalanmışdı.

Baş gövdənin üzərində deyildi. Bunu görəndə daha Axundovda taqət qalmamışdı.

Meyidin qarşısıda taqətsiz düşdü. Handan-hana cibindən siqaret çıxarıb birini də rus əsgərinə uzatdı.

-Bu nədi?

-Siqaret. Yandırım bir dadına bax. Sizin vaxtlarda beləsi olmazdı.

-Ey, bir dayan, bakendardımı yandırarsan. Bu nədi, tənbəki?

-Elə bir şeydi. Dart, qorxma. Bax bu cür. Dostoyevski işə salınandan sonra müdaxiləyə ehtiyacı qalmayan qayıq motorları kimi Axundovun bələdçiliyi olmadan rahat çəkirdi.

Meyidin qalan hissəsini tapa bilmədilər. Ətrafda yalnızca ət parçaları var idi. Əlçim-əlçim ət parçaları rəngli kağızlar kimi səpələnmişdi.

***

Yoldaşlarının hamısı ölmüşdü. Daha burada gözləməyə gərək yox idi. Axundov havalı kimi meyidlərin arasında gəzişirdi. Dostoyevski də yoldaşından ayrılmırdı. Qayıtmaq lazım idi.

-Müqavilə mərasimi bitər indilərdə. Yəqin biz Tiflisə qayıdarıq. Gəl gedək bizimlə.

-Yox səninlə gələ bilmərəm.

-Niyə? Yoldaşların da artıq yoxdur. Nə edəcəksən burda?

-Yox gedə bilmərəm səninlə. Mənlə səni təkcə geyimlərimiz ayırmır, Dostoyevski. Sən başa düşməzsən mənim dediklərimi, Dostayovski olsan da... Yaxşısı budur mənə kömək elə meyidləri aparaq.

-Hara?

-Posta.

-Hara? Raket atəşləri başlayanda kiverli əsgər çaşqınlıq içində qışqırdı.

-Farslar, farslar aldatdılar bizi. - Dostoyevski qaçmaq istəyəndə Axundov onun qolundan tutub yerə yatızdırdı.

-Dayan bir. Farslar deyil, uzan yerə mənim kimi. Ermənilərdi. Qrad atırlar.

-Nə? Səs-küydən Axundov onun dediklərini eşidə bilmirdi. Sadəcə onu başa sala bildi ki, raket yağışı bitənədək qulaqlarını qapayıb tərpənməz qalsın. Dostoyevskinin başından kiveri düşmüşdü.

***

Axundov başını qaldırıb Dostoyevskiyə sarı baxanda onu yanında görmədi. Ayağa qalxıb ətrafa, uzaqlara göz gəzdirdi. O görünmürdü.

Özünkülərin yanına qayıtmışdı. Getmək lazım idi. Təklikdə buralar daha müdhiş idi. Postdan da hələlik gələn olmamışdı.

Tək qayıtmaq istəmirdi. Meyidləri burada qoysa qurd-quş dağıdacaqdı.

Səhər onlardan heç nə tapmayacaqdılar. Meyidləri tək aparmağa gücü çatmazdı.

Ermənilər kəndi minalamışdılar. Gəldikləri yol isə tank əleyhinə minalarla dolu idi. Çox yük aparmaq imkanı yox idi.

Çəpərlərdən birinə yanaşıb dəmir torunu sökməyə başladı.

Tələsə-tələsə, arada ətrafına boylana-boylana paslı məftillər ətinə işləsə də toru dirəklərdən var gücü ilə dartıb sökməyə başladı. İndi anlamışdı kı, düşmən hər an buralara gələ bilər.

Postdan hələ heç kim gəlməmişdi. Demək partlayışa önəm verməmişdilər.

Müharibədə olur belə şeylər.
Toru açıb yerə sərdi. Meyidlərin hərəsindən bir əzanı götürməyə qərar verdi.

Birinci Bədəlovun yarı qalmış meyidini torun üzərinə sərdi. Üst-başı qana bulanmışdı.

Bütün bədəni titrəyirdi. Torun bir ucunu çiyninə alıb sürüyə-sürüyə növbəti meyidə yanaşdı.

Toru nə qədər sürüdüyünü unutmuşdu. Təkcə o yadında idi ki, təpədə əsgərlər görünəndə özündən gedib yerə yıxıldı. Ayılanda briqadada idi. Onu dərhal postdan endirmişdilər.

***

Əsgərlər çardağın altına girəndə o başını əlləri arasına alıb skamyada oturmuşdu.

Siqaret barmaqlarının arasında közərirdi. Heç kəs onunla ünsiyyət qurmağa ürək eləmirdi.

Siqaret yandıranlar, bloknot vərəqləyənlər, papaqlarını çıxarıb qatlağına keçirdikləri iynə-sapı qurcalayanlar özlərini məşğul kimi göstərməyə çalışsalar da nəzərləri onda idi.

O başını qaldıranda yalnızca əks istiqamətə fırlanan başları gördü.

Ayağa qalxıb əlindəki kötüyü çardağın ortasında qazılmış çuxura tullayandan sonra bayıra çıxdı.

***
Əlüzyuyan yaxınlaşıb güzgüyə baxdı. Sifəti gömgöy idi. Yorğun idi. Bir gecədə xeyli qocalmışdı. Əlini günlüyə aparıb kepkasını çıxaranda donub qaldı.

Bir gün əvvəl qapqara olan saçları tamam ağarmışdı. Şübhəylə saçlarını qarışdırdı. Gözlərinə inanmadı.

Kepkanı bərk-bərk sıxıb yerə çömbəldi. Əlini başına aparıb saçlarını qarışdıra-qarışdıra hıçqırdı.

Həyat nə tez qocaltdı onu. Bədəlov da cavan ikən getdi, ana-bacısından nigaran. Dostoyevski isə yəqin artıq ailəsinin yanındadır. Birdən evə dönmək istədi.

***

Üç gün sonra briqadada mütəmadi yenilənən ölümlər fonunda Axundovun başına gələnlər köhənələrək artıq sadəcə dəhşətli bir hadisə kimi xatirələrə qazıldı.

Onu isə “qoca” deyə çağırmağa başladılar. Altıca ayın əsgəri olmasına baxmayaraq.


Yazı «Kaspi» qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinə təqdim edilir.
XS
SM
MD
LG