Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:50

«Biz millətimizin böyüklüyünü görmürük»


Vaqif Bayatlı Odər
Vaqif Bayatlı Odər
“İşdən sonra” verilişinin qonağı şair Vaqif Bayatlı Odərdir.

- Vaqif müəllim, arada xəstələnmişdiniz. Olmasın azar! İndi necəsiniz?

- Cəmiyyət xəstədir. Dünyada xəstəlik də var, sevgi də var, sağlamlıq da var. Təbii ki, mən çox həssas adam olduğuma görə xəstə duyğuların yanından keçəndə xəstələnirəm, sağlam duyğulu insanların yanından keçəndə sağalıram. Proses əbədi bir prosesdir. Dünyanın özü kimi. Mən əslində ilahinin həqiqətlərinə qaynayıb-qarışmış bir adamam. Əslində mən özüm yoxam.

- Həm də varsız...

- Mən onunla varam ki, yəni bu dünya var. Yəni bütün bunların hamısı ilə bir yerdə mən də varam. Mənim varlığımı təyin edən mənim öz varlığım yox, bu dünyanın var olmağıdır.

- Sizin təbirinizcə desək, xəstələnmək təbii şeydir...

- Təbiəti hiss etmək, duymaq, insanlarda olan iddialardır, bir-birinə qarşı zülm etməkdir, bir-birinə nifrət etməkdir. Həmin insanlar əslində xəstədirlər. Və o xəstəlik şəklində yayılır. Ümumbəşəri xəstəliklər deyil bunlar. Sonradan insanların iddiaları ilə, mənasızlıqları ilə, bir-birini duymamaları ilə yaranan xəstəliklərdir bunlar.

- Nə qədər dərin kök atıblar bunlar Azərbaycanda?

- İddialar, ambisiya, hamıdan nəsə ummaq, çalışmaq ki hamı bunu tərifləsin, sonra bunları da əlavə etsək, rüşvətxorluq, yerlibazlıq, qohumbazlıq, bu tipli zir-zibil şeylərin hamısını əlavə etsək görün nə böyük bir mənzərə yaranır.
Azərbaycan poeziyası dünya poeziyasını orduya çevirsən, dünyanın ən böyük ordularından biri olar. Bizim poeziyamız dünyanın ən güclü üçlüyünə daxildir. Sadəcə olaraq biz öz millətimizin böyüklüyünü görmürük, bəzilərimiz görmək istəmir, bəzilərimiz isə onu aşağılamaq istəyir


- Bundan qurtulmağın yolu nədir?

- Bundan qurtulmağın yolu çoxdur. Mən uzun müddət cəmiyyətin bu şəklini tənqid etməklə məşğul olmuşam. Gördüm tənqiddən bir şey çıxmır, mən ona qarşı öz sevgi nəzəriyyəmi irəli sürdüm. Hər bir insan dünyanın xəritəsidir. Elə insan var ki o ancaq gözəlliklər xəritəsidir, elə insan var ki, ancaq zibilliklər xəritəsidir.

- Ölkələri də sizin dediyiniz kimi gözəlliklər və zibilliklər xəritəsinə bölmək olarmı? Və onda Azərbaycan haradadır?

- Ölkələri bölmək olmaz. Çünki onların hamısını Allah yaradıb. Bütün ölkələri, o dağları, daşları. Deyə bilərik ki, o ölkələri zibilliklərə çevirməyə cəhd edən insanların çox olduğu və az olduğu, gözəlliyə çevirməyə çalışan insanların çox olduğu və az olduğu ölkələrə bölmək kimi müqayisə edə bilərik. Azərbaycan mənim üçün ən ağrılı və doğma ölkədir. Biz bir toplum olaraq bütöv bir dünya cəmiyyətinin bir hissəsiyik. Dünya ilə nəfəs almaqla bərabər, dünyanın o əzablarına, ağrılarına, sevgilərinə cavab veririk. Təəssüf ki, biz hələlik nə dünya ağrılarına layiqli yüksək səviyyədə cavab verə bilmirik, nə də öz ağrılarımızı dünyaya yaxşı bildirə bilmirik. Hər hansı bir ölkə tam xoşbəxt ola bilməyəcək. Azərbaycan xoşbəxt olmasa onlar xoşbəxt ola bilməyəcəklər. Hər bir azərbaycanlı özünü xoşbəxt hiss etməyənə qədər onlar özlərindən asılı olmadan özlərini tam xoşbəxt hiss edə bilməyəcəklər. Çünki dünya bütöv bir orqanizmdir. Bir-birinə bağlı bir orqanizm.

- Dinləyici yazır: Kanadalıların bir sözü var: tox qonşudan qorxma, ac qonşudan qorx. Əhalinin böyük əksəriyyəti demək olar ki, acdır. Qorxu və həyəcan içində yaşamalıyıq?

- Mən ac qonşudan qorxmuram, ac qonşuya ürəyim yanır. Tox qonşudan da qorxmuram. Mən ümumiyyətlə tox olmağın əleyhinəyəm. İnsan gərək yeməkdə də, xoşbəxtliyin o yerində də, inkişafın da bir yerində bir balaca yer saxlamalıdır dünya üçün. Dünyanı istədiyi şəkildə görmək üçün insan çalışmalıdır. Heç bir insan öz dövlətində xoşbəxt ola bilməz, öz ailəsində xoşbəxt ola bilməz. Dünyada harda olursa olsun, bədbəxtlik varsa, 5-10 adam bədbəxtdirsə, o bədbəxtliyin havası o insana da gəlib çatır. Böyük bir ilahi həqiqət var. demək olar ki bütün insanların hamısı bir-birinə bağlıdır.

- Dünyada xoşbəxtlər də var. Yəqin o xoşbəxtlərin də havası bizə gəlib çatır.

- Təbii xoşbəxtlər var. tam xoşbəxtlik yoxdur, əbədi xoşbəxtlər yoxdur. Azərbaycanda da var xoşbəxt insanlar. Bəzən deyirlər ki, biz müstəqilliyə çıxandan müstəqil olduq. Mən müstəqillik dövrünü də, müstəmləkə dövrünü də ağrıları ilə yaşamışam. Mən görürəm ki, o dövrdə özünü müstəmləkədə sayan adamlar indi də müstəmləkədədirlər. Azərbaycanın içində. O vaxt kölə olan, indi də yarı kölədir. İnsan bir az çətin dəyişilir. O sistem şəklində dəyişilməlidir. Ümumiyyətlə deyim ki türk xalqı tənqidi qəbul etmir. Mənə elə gəlir ki, bizim yaxşı cəhətlərimizi daha çox gücləndirmək, onu daha çox tərifləyib, onu qabartmaq lazımdır. Qabartmaqla bu tənqid olunası şeyləri azaltmaq mümkündür. Mən bunun dövlət siyasəti səviyyəsinə çıxmasını real saymıram. Qaranlığı döymək lazım deyil. İşığı böyütdükcə o qaranlıq azalır. İşığı böyütmək lazımdır.

- Bir çox hallarda seçkiyə görə, jurnalistlərin həbs olunmasına görə tənqid olunan Azərbaycan hökumətini tənqidlə düzəltmək lazımdır, yoxsa sevgi ilə?

- Reallıqla bu proseslərin hamısı kompleks olmalıdır. Seçki də ilahinin yaratdığı həqiqətlərdəndir. Söhbət saxtalaşdırmaqdan getmir. Ciddi seçkidən gedir. Tənqid də ilahinin yaratdıqlarındandır. Hamımız bir birimizə sözümüzü deməliyik. İnsanlar arası münasibətlər, dövlətlər arası münasibətlər - bunlar da ilahinin yaratdığı həqiqətdir. Bunlar hamısı bütöv şəkildə inkişaf etdirilməlidir. Tək bir tərəf inkişaf edirsə, onda anormal bir şey yaranır. Məsələn digər ölkələr Avropa ölkələrini götürək də, bizim yaxşı olmağımızda bəlkə də maraqlıdırlar, amma çox da maraqlı deyillər. Onları bəzən elə maraqlandırır ki, tək Azərbaycana aid deyil, bəzi ölkələr geridə qalsın. Həmin ölkələrdə rüşvətxorluq çox olsun. Hakim dairələr də bizimlə daha çox təmasda olsun. Axı onların da korrupsiyaya uğramış xətləri var. Onlar da gəlib qoşulurlar bunlara. Onlar üçün daha əlverişli şərait yaranır. Azad dünya deyilən Qərb özü də tək azadlığı deyil, qulluğu, hətta quldarlığı təbliğ edir. Həqiqət budur. Bu sözləri elə belə adam yox, hamıya məhəbbəti olana bir adam deyir. Bütün dünyanı azad görmək istəyən, bütün millətləri azad, rahat nəfəs alan, bir-birinin yanında görmək istəyən bir insan deyir.

- Dinləyici yazır: Bu qədər nöqsanı olan hökuməti sevmək olarmı? Siz ki, sevgini belə təbliğ edirsiniz.

- Mən hökumətləri sevməkdən danışmadım. Ayrı-ayrı adamlara olan sevgidən danışıram. Rüşvətxorluğun bu cür tüğyan etdiyi, Azərbaycanı yaxşı idarə edə bilməyən hökuməti təbii heç cür sevmək mümkün deyil. Mən burda çıxış yolu axtarıram. Məsələ burasındadır ki, Avropa var, Azad dünya var. bunlar hamının gözü qarşısındadır. Hamının gözü qarşısında olan ölkələr azərbaycanlı məmurların gözünün qabağındadırmı? Mən bunu bilmirəm. Onlar ora nə cür baxırlar. Bunları da bilməliyik. Biz o məmurlara necə təsir edə bilərik? Mən düşünürəm ki, işdən azad etməklə, bəzi ölkələrdə olduğu kimi asmaqla mümkün deyil. Mən düşünürəm ki, o məmurlara da hətta təsir etmək mümkündür. Biri var şairin təsiri. Bir də var siyasətçinin təsiri. Mən sevgi xəttini qabartmaqla elə bil nəyi isə yumşaltmağa çalışıram. Əslində mən tənqidi hamısından çox görürəm. Şairin, yazıçının bir vəzifəsi də budur ki, insanları daha etibarlı olmağa, bir-birinə daha sevgi ilə yanaşmağa, daha mehriban olmağa, elədiyi şeylərin milyon dəfə səhv olduğunu deməklə təsir etməlidir. Mən dediyim bu yol siyasi yol deyil. Siyasətçilər öz işləri ilə məşğul olsunlar. Mən onları çağırmıram mənim sevgi fəlsəfəmə. Yəni Əli Kərimli İlham Əliyevi sevsin. Mən buna çağırmıram. Sevsəydilər, yaxşı olardı. Mən həm də buna çağırıram.

- Dinləyici yazır: Bəlkə, bizdə doğurdan ziyalı təbəqəsi yoxdur. Bəlkə, doğurdan biz beynimizlə yox, mədəmizlə düşünürük.

- Azərbaycanda son dərəcə fədakar ziyalılar var. Həmişə olub. Dünyanın ən fədakar ziyalıları Azərbaycandadır. Ziyalılarımızın 10 faizi son dərəcə az pulla, heç bir şeylə, satılmadan var gücləri ilə millət üçün çalışırlar. Biz sualı belə qoyaq. Bəlkə, biz o fədakar insanları görə bilmirik? Mən onları 50 faiz görmək istəyərdim, heyf ki, o qədər yoxdur. cəmiyyət əzir insanları. Cəmiyyət əzdikcə müəyyən qədər o qapanır içinə. Ona görə az görünürlər onlar.

- Dinləyici yazır: Bəs hanı bizim MDB məkanında sayılan ziyalımız?

- Bizim kifayət qədər məşhur olan insanlarımız var. Sadəcə biz öz böyük insanlarımızı təbliğ edə bilmirik. Bunları tanıda bilmirik. Məsələn, mən düşünürəm ki, Azərbaycan poeziyası dünya poeziyasını orduya çevirsən, dünyanın ən böyük ordularından biri olar. Bizim poeziyamız dünyanın ən güclü üçlüyünə daxildir. Sadəcə olaraq biz öz millətimizin böyüklüyünü görmürük, bəzilərimiz görmək istəmir, bəzilərimiz isə onu aşağılamaq istəyir. Məsələ budur. Böyüklüyü görmək özü çox böyük bir talantdır. Gözəlliyi görmək böyük istedad istəyir.
XS
SM
MD
LG