Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:13

Arif Qasımzadə "Qoca xırdavatçı" (Hekayə)


Xırdavatçı evinə çatanda axşam saat on tamamıydı. İyul ayının on beşi, hava dəhşətli dərəcədə istiydi. Xəfifcə yel belə əsmirdi.

Tər alnından sel kimi axırdı. Köynəyi təmiz suya dönmüşdü.

O, həmişəki kimi kiçik yük arabasını və bu arabaya yığılıb iplə möhkəmcə bağlanmış xırda-xuruş şeyləri taytıya-taytıya dartaraq, həyət qapısından içəri daxil oldu.

Kiçik dəmir qapı cırıltıyla örtüldü və o birmərtəbəli, kiçik evinə daxil oldu.

Xırdavatçının əlli yaşı hələ tamam olmamışdı. Amma üzü tüklü, saçları pırtlaşıq, vaxtsız bükülmüş beli, qırışmış alnı, çuxura düşmüş gözləri onu yetmiş yaşlı qocaya oxşadırdı.

Bu adamın maviyə çalan gözləri ölmüş adamın gözlərinə bənzəyirdi, həyat əlamətlərini bu adamın davranışlarında görmək əsla mümkün deyildi.

Ev qaranlıqdı, kiçicik bir hənirti belə yoxdu. Hər dəfə evə gələndə o, çox istərdi ki, onu arvadı qarşılasın.

Çığır-bağırla da olsa, təki qulağına səs gəlsin. Uşaqları da qulaqbatırıcı səslə “atamız gəldi, atamız gəldi” desinlər.

O, həyat yoldaşını ilk dəfə görəndə iyirmi beş yaşı vardı. Tezliklə evlənmişdilər, bir qızı və bir oğulları olmuşdu. Amma, bu xoşbəxtçilik uzun sürməmişdi, ərini hər səhər ertədən yola salan qadın tezliklə pis yola düşmüşdü.

Sadə həyatı bəyənməmiş, varlı-karlı tiplərə xidmət göstərməyi daha üstün tutmuşdu.

Onda da xırdavatçı çörək satmaqla məşğuluydu. Səhər gedib axşam gələrdi.

Xırda çörək sexlərində bişirilən təndir çörəklərini hava işıqlanmamışdan alar, varlılar yaşayan binanın qarşısında durub günortaya kimi satıb qurtarardı. Bu o vaxtlar idi ki, çörək qıtlığı vardı.

Pis dolanmırdı, xeyrə-şərə də getməyə imkan tapırdı. Gec-tez hər bir yalanın faş olub ortaya çıxması kimi, arvadının da “sürüşkənliyi” bir gün ortaya çıxacaqadı. Belə də oldu.

Uşaqları hələ körpəydi deyə, boşanmadı. Ona son xəbərdarlığını elədi. Aralarında o zaman belə bir söhbət olmuşdu:

- Ay qız, ağlını başına cəm elə!

- Belə əlimin içindən gəlir, əcəb eliyirəm. Boşayırsan boşa. Boşanmaqdanmı qorxacam...

- Bunun dilinə bax e...Sənə dil verənin dilini qopardacam dayan bir. – O saat da qaynanasını söymüşdü, bilirdi ki, arvadını yoldan çıxaran odu.

- Anamı niyə söyürsən, anamın hesabına kişi olmusan e, ay yazıq...

Bu sözdən sonra xırdavatçı arvadını yaxşı-yaxşı əzişdirmiş, qabırğalarını sındırmışdı. Arvadı da acıq eləyib getmişdi anasıgilə.

Oğlunu atasının üstünə atıb, qızını da özüylə aparmışdı. Uzun xahişdən, yalvarışlardan sonra bunları barışdırmışdılar, amma faydasızmış. O yenə bildiyini edirdi...

Otağın işığını yandırıb divana oturdu. Dərindən bir nəfəs aldı. Sükutu ağcaqanadların vızıltısı pozdu.

Onlarda səhərdən bəri acmış kimi ev sahibinin o tərəf-bu tərəfində uçuşmağa başladılar.

Onun tərpənmədiyini və lal-dinməz oturuşunu ani olaraq sezib, sakitcə qoluna qondular və iynələrini soxub qanını acgözlüklə sormağa başladılar. Xırdavatçı üçün hər gün eyni şeydi.

Cansıxıcı, mənasız, şablon həyat. Bezmişdi, çoxdan bezmişdi bu həyatdan.

Hər səhər alaqaranlıqdan kiçik yük arabasına yığıb qalaqladığı xırdavat şeylərini arxasınca sürüyə-sürüyə dayanacağa gələr, bir təhər bu basabasda yük qarışıq özünü avtobusun içinə dürtərdi.

Camaat da narazılıq edərdi. O çoxluqda hərə bir dürtmə vurardı. – Çək mitilini o tərəfə də! – deyərdilər. Toxunan da deyirdi, toxunmayan da.

Hər gün beləydi, təhqirlərə, söyüşlərə, vurulan təpiklərə dözməli olurdu. Bazarda düşər, qısa fasilədən sonra qara günü yenə başlardı.

Arabasını bir yerdə saxlayanda alverçilər o saatca qışqırışardılar : - Qabağımda dayanma, dəyyus köpəyoğlu, sürüş burdan! Əlim-ayağım dəyməmiş. Bir az da ləngiyən kimi təpikləyərdilər.

Hər gün bax beləcə, insanlıqdan çıxmış varlıq kimi gedib gəlirdi. O qədər canından bezmişdi ki, ucuz ölüm arzulayırdı özünə. Ölüb biryolluq qurtarmaq istəyirdi...

Halı pisləşməyə doğru gedirdi. Ayağa durmağa belə taqəti qalmamışdı.

Ürəyinin başı son vaxtlar göynəməyə başlamışdı. Necə də göynəməsin axı? - Arvadım cəhənnəmə? – deyə düşünürdü. - Axı uşaqlarımı niyə qurtara bilmədim bu çirkabdan, natəmizlikdən.

Ən azından bunu etməyə borcluydum, amma eləmədim. Ona görə mənə ölüm də azdı, məni gərək şaqqalayalar.

Sonra da asalar küçənin ortasından. Qoy hamıya dərs olsun. Ölüm ver mənə ay Allah! Qoy yer üzündə bir murdar insan da azalsın...

Əlini ürəyinin üstünə qoydu. Bir qədər ovuşdurdu. Ağrısı bir qədər keçdi.

Qızı yadına düşdü. Ah, nankor övlad... Gecə-gündüz işlə, daşı, yedirt-içirt axırı da belə. Qızına baxanda arvadı şükür edilməli idi.

Qızı hələ yeniyetməykən anasından da uzağa gedib varlı bir kişinin məşuquna çevrilmişdi. Qızı o yoxa çıxanıydı, bir də üzünü gördü arvadının yasında.

Hardansa xəbər tutub gəlmişdi dəfnə. “Ərciyəzi” ilə. Atası yerində bir kişiydi. Kök, dazbaş və yekəqarın. Qızını ikinci arvadı kimi saxlayırdı. Ayrıca evi, maşını da vardı.

Qızının həyatı bir ulduzun həyatına çevrilmişdi. Bu zaman oğlu artıq türmədəydi. O da qızı kimi düşmüşdü pis yola, avara və cibgirlərin cərgəsinə.

Tutub basmışdılar qoduqluğa. Bura düşməyinin səbəbi o olmuşdu ki, dörd-beş nəfər yoldaşıyla sərxoş vəziyyətdə kimisə ölüncə döymüş, adam isə ölmüşdü.

Beləcə həyatının gözəl on beş ili getmişdi işinə. Arvadı sözə əməl eləmədi, axırı da belə. Arzu olunmaz əlaqələrindən xəstəliyə yoluxdu. Pis bir qadın xəstəliyindən tezliklə öldü.

Vəziyyəti getdikcə pisləşirdi. Ürəyi sıxılırdı. Sağ əlini ürəyinin başına qoymuşdu, yavaş-yavaş oturduğu yerdən sürüşməyə başlayırdı.

Heysiz-hərəkətsiz divanda oturduğu yerdən yerə yıxıldı. Başı yerə möhkəm dəymişdi.

Bir anlıq huşunu itirdi. Bildi ki, bu artıq sonudu. Daha qurtuluşu yoxdu. Son anda düşündü ki, bütün cansızlarda, hətta daş, divar, qayalarda da müəyyən nəfəs var.

Onlarda da həyat var. Canlılıq var. Təkcə onda həyat yoxdu. O insanlar içində ömür boyu cansız bir əşya oldu, hətta kiçicik, cansız bir daşdan da cansızdı.

O, gözləri açıq vəziyyətdə ölmüşdü. Onu nəinki qurtaracaq, hətta yerdən qaldıracaq bir adamı belə yoxuydu.

Gözlərinin açıq qalmış siması otaqdakı dolabın üstünə dikilmişdi. Dolabın üstə şəkil vardı, iyirmi il bundan əvvəl çəkilmişdi. Xoşbəxt günlərin rəsmiydi. Özü, arvadı, qızı və oğlu.

Qonşular günortaya yaxın kəskin qoxu hiss eləyib, evə girəndə xırdavatçının öldüyünü gördülər.

27.07.2010 - 19.08.2010
XS
SM
MD
LG