Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:26

Elçin Hüseynbəyli "Oyun" (Hekayə)


Əslində- yenə də "əslində"- guya birinci cümlədə bu sözü işlətməsəm, dünya dağılar - bu bir oyundur.

Və bu oyun söz oyunu deyil. Sevgi oyunudur...Bu oyunları bir zamanlar H(X)ulio Kortasar da sevirdi.

Metroda adamların, əlbəttə ki, əks-cins adamların üzünə baxıb, onların xasiyyətini öyrənmək, öyrənici, sınayıcı nəzərlərlə onlara baxmaq yarım saatlıq yolu "öldürmək" üçün ən yaxşı olmasa da, sərfəli variantdır və heç zaman, xüsusən də indi, heyfimiz gəlmədiyi, qədrini bilmədiyimiz vaxtın dirigözlü basdırılmasıdır.

Ancaq mən buna heyfslənmirəm. Çünki həmin dövr ərzində yaşamaq, xəyallar aləmində uçmaq, gözüntutan bir - bəlkə də çox, o baxır sənin şansına və gözünün görmə qabliyyətinə - xanıma baxmaq, onunla tanışlıq üçün quraşdırdığın sözləri təkrarlamaq, alınmayanda isə yenisini fikirləşmək gözəl bir adətdi, heç olmasa xəyali bir ləzzətdi.

Bu dodaqları nazik - bəri başdan deyim ki, mənim pəmbə dodaqlardan xoşum gəlir, məsələn Sezan Aksu kimi, (mənim sonralar müqayisələrim çox olacaq və bu müqayisələr də millilərimizin adın çəkməyəcəm, arada hər halda namus, qeyrət məsələsi var, məhkəmələr də indi dəbdədi) - burnu sivri xanıma istədiyim sözləri demək heç cürə mümkün deyil.

Onun nəinki dodaqları nazik, həm də döşləri balacadır -Cudi Foster kimi. Döşləri balaca xanımlar acıdil, eqoist və vəfasız olurlar.

Əlbəttə, bu, hamıya aid deyil, hər yerdə olduğu kimi burada da istisnalar mümkündür, illah da o xanımlara ki, mənim bu cızma- qaramı oxuyurlar.

Mən hazırladığım, günlərlə əzbərlədiyim və təkrarlamaqdan xüsusi zövq aldığım, indiyə kimi bir dəfə də səsləndirmədiyim (baxın ha, səsləndirmədiyim), yəni heç zaman dilimə gətirmədiyim sözləri fikirləşməkdən, onları ürəyimdə təkrarlamaqdan zövq alıram.

Sözümün canının ömrünü qəsdən uzadıram, çünki mətləb-zad yoxdur. Bəlkə elə bu söz oyunu kimi bir şeydi, heç sevgi oyunu da deyil. Allah bilir...

Bu gözləri ala xanım - Türkan Şoray kimi- baxışlarıyla məni ovsunlamağa girişdi.

Gözlərinin açıqlığı, duruluğu, şairlər demiş səma kimi genişliyi, dərya kimi dərinliyi məni ofsunladı, bəlkə elə adamlar, xüsusən də kişilər ilan kimi bir şeydilər, ona görə də gözəllərin onları ovsunlaması çox asandır.

Onun iri döşləri - Pamela Anderson kimi (burda öz gözəlçələrimiz də kara gələ bilər) - gözlərimə girdi və mən müsəlman kişisinə yaraşmayan xəyallara düşməyə başladım.

İri məmə qadınlar mehriban, səxavətli olurlar. Bütün kişilər kimi mənim də buna ehtiyacım var, təbii. Mən mütləq çoxdandan əzbərlədiyim sözləri ona deməyə hazırlaşdım, uğuruma əvvəlcədən sevindim.

Ancaq özümdən asılı olmayaraq gözlərim hərlənib lap qarşımda oturan xanıma dikildi. O, əvvəlcə burda yoxuydu. Görünür, ədəbsiz xəyallarım həddən artıq çox çəkib...

Bu o idi. Əlbəttə odur. Mənim illərlə gözlədiyim, hər gün xəyalımda canlandırdığım və heç zaman haqqında pis fikrə düşə bilmədiyim zərif varlıq indi qarşımda oturmuşdu.

Əvvəlcə məndən və ondan asılı olmayan səbəblərdən bir xeyli ona baxdım, o isə bənovşəyi, yəni sürməsi bənövşəyi göz qapaqlarını tənbəl-tənbəl, qar altından çıxan bənövşə çiçəyi kimi açdı, mənə baxdı və məni yuxuda görürmüş kimi gözlərini yenidən yumdu, əllərini ağzına aparıb əsnəmək istədi, ancaq fikrindən vaz keçdi və əllərini çarpazlayıb, "Levis" yazılmış sumkasının üstünə qoydu.

Ətirlərin reklamında göstərilən, yəni rəssam fırçası ilə çəkilmiş, pəmbə dodaqları, dik burnu, kəndçimiz Seyfəddinin bağındakı sort narlar kimi ehtiraslı döşləri -mən o narlardan çox oğurlamışdım- indi həmin vərdiş kara gələrdimi? - sifətinin hamarlığı -Madonna kimi (Rafaellonun Madonnası)-, kipriklərinin uzunluğu, badamı gözləri, şabalıdı saçları - bütün bunlar ürəyimdə yaratdığım obrazın komponentləriydi və mən ona vuruldum.

Sevgi kimi sirli bir prosesin başlanğıcına qədəm qoydum -deyilənə görə sevgi sirli olur, ona görə də cəlbedicidir.

Sonra o, dəsmalını çıxarıb, əlbəttə yalandan, yəni dəb xatirinə, bəlkə də utancaqlıqdan tərləmiş dodaqlarını silmək üçün əllərini yuxarı apardı.

Mən onun ağ, zərif, göyərçin əllərini -Anjelika Vorumunku kimi - aydınca gördüm.

Dəsmalı naxışlıydı və bu naxışlar fabrik naxışları deyildi, səliqə ilə tikilsə də, bəzən kənara çıxan xətlərdən həmin naxışları özünün toxuduğu hiss olunurdu, deməli, o, çox da məşğul deyildi, yəni onun sevgilisinin olmamasına dəlalət edirdi, dəsmal ağ, təzəcə alınmış parçadan tikilmişdi, çünki o dəsmalı çıxaran kimi təzə alınmış parçanın iyi burnuma dəydi.

Təzə paltar iyi mənimçün ən gözəl ətirdən də əzizdir. Bu qoxu mənə uşaqlığımı xatırladır.

Çünki evin sonbeşik qardaşı olduğumdan, mənə çox nadir hallarda paltar alardılar.

Bu, sovet sisteminin öyrətdiyi qənaətcillikdən yox, kasıbçılıqdan irəli gəlirdi və mənə nə vaxtsa xırda bir paltar da alsaydılar, mən onun sevincini həmin təravətli iy yaddan çıxana qədər duyurdum, əzizləyirdim.

Deməli, burda da bizim zövqlərimiz üst-üstə düşə bilərdi. Bəlkə o da evin

sonbeşiydir. Həmin naxışların kənara çıxması, əsəbiliyin də əlaməti ola bilərdi.

Lakin ehtiraslı məmələri olan qadınların əsəbiləşməsi çox nadir hallarda olur.

Onların fikri-zikri döşlərinin sığallanması barədə romantik düşüncələrdən ibarətdir.

Çünki kişiləri özünə cəlb edən həmən sirli, ancaq əl çatası obyekt onların gözlərinin düz qabağında olur, onları məşğul edir və deməli, əsəbiləşməkdənsə, kişiləri yandırıb yaxan döşlərindən ləzzət almaq daha sərfəlidir və deməli, dəsmaldakı naxışların kənara çıxması əsəbiliyin yox, naşılığın, lap uzağı xoş xəyalların əlmətiydi.

Özü də imkanlı ailədəndir.

Təzə dəsmal hökmən onun imkanlı ailədən olmasından xəbər verir.

Şübhəsiz, dəsmala və onun naxışlarına həm pul, həm də vaxt sərf olunub. Evləri də var, yəqin...

Mən onun dəsmal tutan göyrəçin əllərinə fikir verdim. Onun əllərini sıxmağa, yəqin indiyə kimi heç kim ürək eləməyib. Çünki onun zərif əlləri ayı pəncəsinə oxşayan kobud, qaba və tüklü kişi əlləri arasında xırçıldaya bilər.

Yəqin, onu heç qucaqlamaq da olmaz.

Qadınlar tüklü kişi bədənini o dəqiqə xoşlamırlar, əksinə bəlkə də qorxurlar və qorxduqlarından kişiləri sevməyə başlayırlar, bəlkə də qorxulu obyketi sevməklə onu neytrallaşdırmaq olar və qadınlar onun ləzzətini sonradan və nə yaxşı ki, qocalıqlarından xeyli əvvəl başa düşürlər.

O, həmən göyərçin qanadlı əlləri ilə uzun, şabalıdı saçını -Kim Besincerinki kimi - geri daradı.

Bu dəfə saçının yeli "Klimate" ətirinin ətrini ətrafa yaydı və mən onun başının üstündə durub düz ona baxdığımdan ətirin ilk dalğası mənim iri, kobud, bir az da əyri, qaz burnuna oxşayan burnumun pərlərinə vurdu.

Burnumun pərləri yekə olduğundan ətir iyi dərhal beynimin həssas qəbuledicisinə dəydi və mən xumarlandım.

Sonra mənim öyrənmə obyektim sumkasını açıb, dəftərini çıxartdı... Tələbədir. Yazdıqlarından başım çıxmasa da, latın qrafikasının düzümündən dərman adlarına oxşadı.

Həkim olacaq. Oxumaq bilməyən, yəni nəslində hırınan-zırı qanmayan, ancaq boylu-buxunlu, yaraşıqlı - burnum sifətimə cəngavər görkəmi verir - bir cavanın həkim, həm də ki, gözəl həyat yoldaşına sahib olması - evlənmək sahiblik kimi bir şeydi - fəxrli, qürur duyulası bir işdir.

Ancaq bu elə-belə, yəni asan başa gələn bir iş deyil.

Ona sahib olmaq üçün mübarizə aparmalısan. Bir dostumun dediyi kimi, qadın bir qaladır və onu almaq gərəkdir. Mən bunu bir dəfə demişəm, hələ istəsəm bir beş dəfə də deyərəm.

Çünki bu qala çox sirli bir obyektdir və onunla müqayisə olunan obyekt adamı özündən çıxaracaq qədər cəlbedicidir.

Qalanın zəifi, güclüsü də olur. Onun yollarını öyrənməli, həmlə ediləcək zəif yerlərini bilməlisən, bunun üçünsə vaxt lazımdır. Vaxt isə gözləmir və mən öz ürəyimdə onunçün əzbərlədiyim gözəl, şirin sözləri təkrarladım.

İlanı yuvasından çıxarmaq gücündə olan yağlı dilimi ağzımda marçıldatdım...

Biz indi metrodan çıxacağıq. Mən ona yaxınlaşmalıyam və illərlə ürəyimdə gəzdirdiyim, hər gün təkrar etdiyim sözləri ona deməliyəm:

"Salam, məni tanımadınızmı?"

O isə :"Mən sizi niyə tanımalıyam ki?"-söhbətə körpü salan sual.

"Maraqlı sualdır, doğurdan da niyə? Yəqin ona görə ki, mən uzun illərdir sizi gəzirəm, sizin haqqınızda fikirləşirəm və istər-istəməz mənim impulslarım, sizə göndərdiyim enerci dalğaları bizi doğmalaşdırır."

"Maraqlıdır" o deyir.

"Əlbəttə-mən deyirəm- bəlkə də çox maraqlıdır".

"Siz həmişəmi özünüzdən belə razısınız?".

"Əlbəttə"- deyirəm. Sonra : "Bilirsiz tanışlıq üçün adın elə bir mənası yoxdur. Məni necə istəyirsiz elə də çağırın, yəni hansı ad xoşunuza gəlirsə ondan istifadə etməkdə azadsınız. Məndən olsa, mən sizi "Mila" çağırardım".

"Oh, qəribədir- o deyir- siz mənim adımı hardan bilirsiniz".

"Yuxu, mən sizi hər gecə dalbadal doqquz ulduz sayandan sonra yuxumda görmüşəm.

Siz mənə buta verilmisiniz"-deyirəm. Sonra mən onun əlindən tuturam.

"Yox, yox, siz başqa şey fikirləşməyin" ( yəni mən sizə küçənin ortasında heç nə eləmək fikrində deyiləm, yubkanızın altına baxmaq istəmirəm, çünki mənim yuxularımda belə şeylər olmayıb, mən yuxuma xəyanət edə bilmərəm), mən sizin haqqınızda ancaq işıqlı şeylər fikirləşmişəm"- deyirəm.

O isə sakit, yuxulu gözləriylə dinməzcə mənə baxır...Söhbətimiz mütləq belə davam etməlidir.

Lap kinolardakı kimi...(Ah, gözəl Paris!)

Biz metrodan çıxdıq. Ancaq o, məni gözləmədi və bizim sevgimizdən xəbəri olmayan mərdimazar sərnişinlər aramıza girdilər. Ancaq mən onu araldan görürdüm.

O, uzun ceyran boynunu - Culiya Roberts kimi- ürkək-ürkək ətrafa gəzdirdi, sonra göyərçin əllərini açıb onu gözləyən oğlana tərəf qaçdı.

Gözlərimə gün düşdüyündən oğlanın üzünü görə bilmirdim, lakin mənim bir baxışdan vurulduğum - axı uzun illərdən bəri mən elə onu axtarırdım - gözəlin silueti isə - Sindi Kroufurd kimi- gün işığında daha dəqiq -rəssam fırçasının cızdığı cizgilər kimi -görsənirdi.

Nəhayət, onun göyrəçin əlləri həmin oğlanın çiyninə qondu və mən oğlanın sifətin gördüm.

Çox qəribəydi, həmin oğlan mən idim və həmişəki kimi yenə də gülürdüm...

"Salam, xanım, məni çoxmu axtardınız?..."

Yanvar -2000
XS
SM
MD
LG