Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:48

"Anarla söhbətlərimizdə dönə-dönə 37-ci ilin sözünü təzələmişdim"


Xalq yazıçısı Sabir Əhmədlinin son kitabı - ölümündən sonra çap olumasını vəsiyyət etdiyi "Yazılmayan yazı" kitabından parçalar.

...Mənimki vəzifə ilə gətirmir. Yuxarı qalxdıqca İqtidara, Mərkəzi Komitəyə, Dövlət aparatına yaxınlaşırsan, onlarla işləməli olursan.

Buna da təbiətin yol vermir.

Odur ki, gələcəkdə göstərəcəyim kimi keçmişdən, mənim məktəb direktoru (iyirmi beş yaşında) olmağım təki vəzifəyə qalxmaq imkanlarım xasiyyətimlə əsla düz gəlməyib, uymayıb.

Bunun bir misalı da Yazıçılar İttifaqının ilk partiya təşkilatı ilə erkən vidalaşmağım oldu.

İlk gündü, Yaziçilar İttifaqının hesabat seçki yığıncağında mən İttifaqın partiya təşkilatçısı olmuşdum.

Bir də gördüm partiya təşkilat otağının qapısı açıldı və səhər-səhər bir yoldaş içəri varid oldu.

Onu mən buraya gələnədək də tanıyırdım. Görmüşdüm İttifaqda. Hündür, ger-geyimli adamdı.

Gözləri, baxışı o sahənin əməkdaşları kimi tutqun, anlaşılmaz olurdu. Gəlib əyləşdi. Məni partiya təşkilatçısı seçilməyimlə alqışladı və sonra başladı:

- Bundan sonra biz birlikdə işləyəcəyik.

Bu nə deməkdir, dərhal anladım, mən ona söylədim:

- Bu idarənin başçısı Mehdi Hüseyndir. Siz ona müraciət edin, onunla işləyin!

Pərt oldu, qalxıb getdi. Həmin andan başlayaraq hiss etdim ki, mən təkcə Yazıçılar İttifaqının yox, bütün ölkəni arayan bir idarənin əleyhinə getdim.

Bu kəs respublika Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı idi.

Yazıçılar İttifaqına o baxırdı. Yazıçılar İttifaqının partiya təşkilatçısı onlarla işləməkdən boyun qaçırırdı.

Məni hərbi laqerə aparmaq istədilər. Onda belə təlim çağırışları olurdu.

Aparırdı hərbi komissarlıq bir ay, bəzən qırx gün hərbi təlim keçirdilər. Mən ehtiyatda zabitdim. Getmək istəmirdim.

O vaxt Əli Vəliyevlə aramız pis deyildi. Ona dedim. Oktyabr rayonu hərbi komissarı Gülməmmədovla tanışdı, gərək ki Kəlbəcərliydi. Vaxtilə bu adam Cəbrayılda da işləmişdi.

Özü də o zaman bizim rayon NKVD-sinin rəisinin qızı Həcəri almışdı. Mənimlə də tanış kimiydi.

Əli Vəliyev ona ağız açdı, məni tapşırdı. Düzəlmədi. Məni apardılar hərbi düşərgəyə hazırlıq təliminə, qırx günlüyə.

Üçtəpədə olduq. Ora da maraqlıydı. Amma ən maraqlısı o oldu ki, oradan qayıdanda gəlib gördüm Yazıçılar İttifaqında hələ vaxtına xeyli varkən hesabat yığıncağı keçirmiş, məni partiya təşkilat katibliyindən azad etmiş, yerimə də kimisə seçmişdilər.

KQB belə işləyirdi. Onlarla birlikdə çalışan, iş görən, əlbir partkom gərəkdi. yoxsa mənim təki ipə-sapa yatmayan yox...

Sovet vaxtı adamın vəzifəyə qoyulması üçün ən zəruri rəy KQB-ninki idi. Bu, həlledici sayılırdı.

Əgər sənin orada işin yaşdırsa, qurtardı, sənə heç bir yuxarı vəzifə verilməzdi.

Uşaqlıq dostum, qardaşlığım Famil Nəcəfov uzun illər KQB-də işləmişdi.

Bir kərə mənə dedi: - “Sənin orada qovluğun dolub, daha yer qalmayıb”.

Amma orasını da söylədi. Bir kərə daha böyük bir işçi orada Familə mənim barəmdə yaman danışıb.

Famil də ona deyib: “Mənə inanırsınızsa, ona da inanın. O siz deyən adam deyil”.

Mənim Yazıçılar İttifaqı ilə çəkişməyimin, narazılığın bir kökü də elə bunun üstündə idi.

Otuz beş illik “Ədəbiyyat qəzeti”ndə əməkdaşlıqdan sonra məni oraya baş redaktor qoymuşdu Yazıçılar İttifaqı.

Elə də könlüm yoxdu, minnət-sifətlə “böyütmüşdülər”.

İlk vaxtlardan Yazıçılar İttifaqı və onun rəhbərliyilə aramızda bir sıra ciddi məsələlər üstə ziddiyyətlər başlamışdı.

Çıxmağıma macal qəzetin baş redaktorluğundan Yazıçılar Birliyində bir yığıncaq olmuşdu.

Mən orada, eləcə də Anarla ikilikdə söhbətlərimizdə dönə-dönə 37-ci ilin sözünü təzələmişdim.

Deyirdim: 37-ci il qurbanları hələ də öz haqlarını almayıblar. Onların bağışlanması, bəraət alması büsbütün aldanışdır.

Bir sıra yazıçılar – Hüseyn Cavid, Çəmənzəminli, Seyid Hüseyn, Müşfiq, Talıblı... İttifaqdan rüsvaycasına çıxarılmışlar.

Yazıçılar Birliyində bu qanlı hadisəni ittiham edən, 37-də məhv edilənlərin ruhunu yaşadan heç nə yoxdur.

Kimsə mis lövhədə kiçik bir tablo düzəldib, barelyefdi, özü də anlamırsan mənası nədir.

Başında polis-milis furajkası olan gözətçilər, onların arxadan olan görünüşüdür, kimlərisə aparırlar. Heç kimin üzü görünmür...

İttifaq sədrinin kabinetində, qənşər bir yerdə Yazıçılar İttifaqına başçılıq etmiş kommunist ədiblərin iri şəkli vurulmuşdur.

Niyə burada o bədbaxtların, əslində indikilərin hamısından qabiliyyətli olan, Azərbaycan ədəbiyyatı üçün dəyərli işlər görmüş, qiymətli əsərlər yaratmış talesiz yazıçıların şəkilləri olmasın? Niyə?!

Ona görəmi ki, 37-ni yada salmaq əsla əlverişli deyil?

Bir qapını açdılar, baxdılar, içərisi bunun büsbütün qan-qadadır, tezcənək də örtdülər. Aləmə yayılmasın, kütlə, xalq bilməsin onda, 37-də kimin nə iş tutduğunu, baisi lənətləməsinlər.

Gərək köhnə KQB binasının altını, vaxtilə həbs düşərgəsi olmuş yerdə, bir Qara muzey yarada ilər.

Məhbus hücrələrinin hər birinə yazıla idi: Orada kim qalıb, kimlər yatıb. 37-ci ildə tutulanların incidildiyi otaqlar, zindan göstərilə idi. Qapıya yazılar vurulaydı.

İncidilən, öldürülən şəxslər kim olub, onları bu hala salan, incidənlərin də adı, yeri-yurdu, taleyi barədə soraq verilə idi.

Xalqa Qara muzeyin qapıları açıq ola idi.

Uşaq-böyük, məktəbli-tələbə, hər bir vətəndaş oraya gedib, tariximizin qanlı, dəhşətli mərhələsində Yazıçılar İttifaqından çıxarılmış, məhv edilmiş yazıçıların başına gətirilənləri görə idi.

Bədbaxt sənətkarları, onların ailələrindən dönə-dönə üzr istəyərək, yenidən Yazıçılar Birliyinə qəbul edə idilər. Üzr istəməli, tövbə, etiraf duaları ilə onları ruhən Yazıçılar İttifaqına gətirə idilər.

Bu sənətkarlar Yazıçılar İttifaqından qovulan zaman yol verilmiş amansızlıq, zülm, vicdansızlıq əvəzində, heç olmasa, onların ruhu qarşısında həmin 37-nin vicdansızlığının ağrısı, peşmançılıq görünə idi.

Bunları mütləq etmək lazımdı. Cinayətkar başçılar həmin əməllərdən əl çəkməyib, sonralar da həmin lənətlənmiş üsullardan yapışmışdılar.

İstər içəridə, istər xarici ölkələrdə, Əfqanıstanda, başqa məmləkətlərdə tüpürülmüş, ifşa edilmiş əməllərə varmazdılar.

Amma etmədilər. Həmin tüpürülmüş üsulların yenə gərək olacağını qanıb yenidən ondan yapışmışdılar.

Kitabdan - bundan əvvəl dərc etdiyimiz parçaları oxu
“Yaxşı yazıçısan, amma antisovetsən”...
Heydər Əliyevin məruzəsində Sabir Əhmədli necə tənqid edilirdi
XS
SM
MD
LG