Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:11

Oqtay Qorçu "Üç hekayə"


Rəsulzadənin heykəli

- Kaş şəhərdə bir heykəli olaydı, lap elə bu yerdə, təskinlik tapardıq da...

Rizvan tərs-tərs tələbə yoldaşına baxdı:

- Başın xarab olub, “qul bazarı” Məmməd Əminin heykəlinə yaraşan yerdi? Yenə Dağüstü parkı desəydin... - Əlini yelləyib, filologiya fakültəsinin üçüncü kurs tələbəsi Pərvizi tələsdirdi. - Ləngimə! Gecikirik axı.

Dayanacağa üz tutdular. Cümhuriyyət qurucusunun heykəli üçün gözaltıladığı yerdən danışdı ki, söhbət qızışsın, Rizvanın qulağına tərəf əyildi, onu dümsükləyib səsiylə avtobusun uğultusunu qovmağa çalışdı:

- Nəyi pisdi həmən yerin?

Tələbə yoldaşı eşitdiyinə dodaq büzdü:

- Özgə yerdə deyərsən, sənə gülərlər, boş-boş, ağlına gələni danışma! O boyda kişinin heykəli... Bütün günü də yan-yörəsində işsizlər, “taksovat”lıq eləyənlər...

- Elə onlara görə lazımdı da.

- Ziyalıların, xaricdən gələn qonaqların yanında biabır olarıq. - Kinayəylə gülür. - Siyasətçilər abidəyə əklil qoysun, adamlar da “iş axtarırıq!” bağırsınlar. Nə qoyub, nə axtarırsan...

- “Qul bazarı”nda Rəsulzadənin heykəli qoyulan gün, hamı ordan ayağını kəsəcək.

- Heykəl də göydələnə bənzəyir, tanıyan-tanımayan baxıb yanından ötəcək.

- Hər şey düzələcək.

- Nə bilirsən?

- Camaat hamısı iş tapacaq bu günəşli diyarda. Heykəlimiz də ağ daşdan olacaq...


Stalinin ziyarəti


Gürcüstana gizli səfərində Stalin bir axşam Qoridəki kilsəyə gəldi. Müqəddəs ata rəhbəri çəkinə-çəkinə qarşıladı. Marşal eşmə bığlarını tumarlıyıb soruşdu:

- Allahdan çox qorxursan, yoxsa məndən? - Gözləri bərələn keşiş yanağını ovuşduranda Stalin kinayəylə güldü. - Mən kilsəyə gizlin gəldim ki, səndən özgələrinin söyləmədiyini eşidim, hə, bir zaman Tanrının yanında mən də olmalıydım, siz məni qovdunuz onun evindən, heç özündən də soruşmadınız. Sabahacan kilsəni boşaldın, anbara çevriləcək!

Stalin sağollaşmamış getdi. Maşının yanında rəhbər deyinirdi:

- İt oğlu! Kişisən denən səndən qorxuram, Allahı da sevirəm. Kilsəni də anbardan al. İt oğlu it!


Eynşteyn çayxanada


Çayçı tələsik ağ masanın arxasında əyləşən yaşlı kişiyə yaxınlaşdı:

- Əmi, xoş gəlmisən, gilas mürəbbəsi, şokolad var. Çayı nəynən gətirim?

Heyrətlə gözlərini bərəldib bu qaraşın oğlana baxdı dahi fizik.

Düşünürdü ki, indi aləm bir-birinə dəyəcək, öncə çaşıb gözlərini ona zilləyən çayçı sonra bağırmalıydı - ”Eynşteyn! Albert Eynşteyn!”, ancaq burda onu tanıyan yoxdu, bəlkə də tanımaq istəmirlər.

Pürrəngi çaydan bir qurtum alan kimi fikri dəyişdi, oturduğu çayxanaya, çayçıya, çayçının millətinə nifrət eləmək üçün gərək içdiyi çayın tamsız olduğunu sübut edəydi.

Gilas mürəbbəsindən ləzzətlə yeməyə başladı, qonağın fikrincə, bu adamlar mürəbbəni bişirəndə belə özgələrindən fərqlənirlər, gilas ömrünü mürəbbədə də davam elətdirir.

Çaydan süzüb içir, mürəbbə yeyirdi, doymurdu.

Hərdən başını qaldırıb yan-yörəsinə baxırdı, onu tanıyacaq bir adamı gözləri axtarırdı, ancaq hələ ki, oturanların başı çay içməyə, söhbətə qarışmışdı.

Xəzri küləyi güclənəndə, barmaqlarıyla qıvrım, pırtlaşıq saçlarını yastılayıb ağır-ağır ayağa qalxdı, əlinin işarəsiylə çayçı oğlanı yanına çağırdı.

Çayçı gülə-gülə özünü müştəriyə çatdırdı:

- Albert müəllim, borcunuz üç manatdı.

Dahi fizik oğlanın üzünə baxdı:

- Sən mənim kim olduğumu bilirdin?

Çayçının dodağı qaçdı:

- Əlbəttə, tanıdım, məşhur adamsınız. Dərslikdə də adınız, şəkliniz var, Nobel mükafatı alan Eynşteyn, dahi!

Alimin gözləri alacalandı:

- Bu şəhərdə məni tanıyan bircə sənsən?

Çayçı vecsiz ədayla əlini yelləyib dedi:

- Tanıyırlar, ancaq atom bombası, Yaponiyada baş verənlər səni yaman gözdən salıb.

Xətrinə dəyməsin, bayaq mənə deyirdilər ki, ona çay vermə, birdən xəstəliyi olar, stəkan-nəlbəkiyə mikrob keçər, amma tanıyıram axı səni, özgələri zəhərləsən də özün dahisən də, atom bombası hardan ağlına gəldi e?.. Bu ağlın sahibi gərək özünə rəhmət qazandıra. Sözlərimdən incimə!

Mən qonağımın quluyam, nə vaxt gəlsən, gözüm üstə yerin var! ...Üç manatı vermədiniz, yadınızdan çıxdı?

Eynşteyn çayxanadan yeni kəşfiylə ayrıldı.
XS
SM
MD
LG