Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:37

Əjdər Ol "Börüsoy" (Hekayə)


Rəssam Nadirin qapısı döyüldü. Nadir yarıya qədər çəkdiyi siqaretini konserv qutusundan düzəltdiyi külqabıya qoyub cınqırını çıxarmadan qapıya sarı getdi.

Taxta qapı təzədən döyüldü və çöldən Börüsoyun səsi gəldi:

– Nadir! Nadir!

Nadir Baksovetin qarşısındakı Mirzəbəyovun beşmərtəbəli binasının mansardında yerləşən emalatxanasına hələ gözlüklü-zadlı ala-babat bir dəmir qapı qoydura bilməmişdi.

Bu, biçarənin yaralı yeriydi. Ələngə qapıya nə etibar?!

Həmişə xoflanırdı ki, günlərin birində gəlib onun nəyi var silib-süpürüb aparacaqlar. Ona görə də havalar xoş olanda gecəsi-gündüzü emalatxanada keçirdi.

Nadirə mərhəm olanlar bilirdi ki, Nadirin qapısını döyüb səs çıxarmasan, qapını açan deyil.

Çünki bəzi yaramaz tanışları Nadirin üzüyumşaqlığından istifadə edib hərdən onun yanında sallanıb otururdular və onu işindən-gücündən eləyirdilər.

Börüsoy havayı «Nadir, Nadir» demirdi.

Nadirin əvvəlcə qapını açmağa həvəsi olmadı. Çünki, o, Börüsoyun bivec, əlindən bir iş gələn olmadığını yaxşı bilirdi.

Həm də onun naqqallığı Nadiri açmırdı. Bilirdi ki, Börüsoy danışıb-danışıb qəfildən peyda olduğu kimi qəfildən də qeyb olub gedəcək.

Ayrı-ayrı siyasətçilər adını siyasətçi qoyan Börüsoyun tez-tez saqqızını oğurlayıb özlərinə qoşurdular.

O, gah millətçi olurdu, gah sosial-demokrat, gah da respublikaçı. Amma, Börüsoy çox saf adamdı.

Qapı bu dəfə daha əsəbi döyüldü. Və Börüsoy dörd dəfə Nadiri çağırdı.

Nadir sanki amanabənd qapısının yerindən çıxacağından qorxub «Hə, hə, gəlirəm» dedi.

Qapı Börüsoyun üzünə açıldı. Qonaq həmişəki kimi Nadirlə bərk-bərk qucaqlaşıb öpüşdü.

– Yatmışdın? – soruşdu Börüsoy.

– Yox, içəri otaqdaydım – Nadir mızıldandı.

– Səhərdən iki dəfə gəlmişəm, səni yerində tapmamışam.

Nadir ağızucu dedi:

– Ola bilər…

– İstəyirəm sənə xeyir verim.

– Nə xeyir?

– Ayın onikisi mitinqimizdir.

– Mitinqdə çıxış edim? - Nadir rişxəndlə güldü.

– Yoox! – Eynəyini düzəldən Börüsoyun üzü durulaşdı - Sənə başqa işimiz düşüb.

Nadir ürəyində dedi: «Kopoyoğlu düzünəgulu adamdı də, atmacanı da başa düşmür».

– Təcili Bozqurdun dördün beşə (yəni 4 metrin – 5 metrə) portretini işləməlisən.

O, nimdaş qara çantasını eşələyib oradan çıxartdığı bozqurdun şəklini stolun üstünə qoydu.

Nadir Börüsoyun təklifini ciddi qəbul eləmədi.

– Börüsoy, başqa söhbət elə!

Börüsoy alındı.

– Nadir, məsələ ciddidir. Mitinqin təşkilat komitəsində portreti çəkdirməyi mən boynuma götürmüşəm. Yaxşı pul verəcəklər.

Pul adını eşidən Nadir səksəndi. O, bayaq konserv qutusundan olan külqabıya qoyduğu tüstülənən siqaretini götürüb dərin bir qullab vurdu:

– Axı, o boyda portreti onikisinə çatdırmaq olmaz. Arada altıca gün var.

– Nazimlə Ağayarı da qoşarsan işə!

Nazim Nadirin qardaşı, Ağayar oğlu idi, hər ikisi rəssamdı. Börüsoy onları yaxşı tanıyırdı.

– Nə qədər verirlər?

– Üç paçka.

Nadir dərhal üç paçkanı, yəni üç milyon manatı dollara çevirdi, təxminin 600 dollardan bir qədər artıq…

– Dəfdi ki…

Rəssam Nefçalada doğulduğu üçün o tərəflərdə «çox yaxşı» mənasında işlənən bu sözdən başqa söz tapa bilmədi və çəkib kötüyünə çatdığı siqaretinin oduna təzə siqaret yandırdı.

– Beh verirlər?

Börüsoy ərklə:

– Beh mənim sözümdü.

– Heç olmasa qabaqcadan rəngin, xolstun (kətanın) pulunu versinlər.

– Qardaş, materialı sənə nisyə verirlər, bilirəm. İyirmi ilin sənətkarısan, satıcılar hamısı səni yaxşı tanıyır. Puldansa arxayın ol, başımla cavabdehəm.
– Börüsoy, neynirəm sənin yelbeyin başını?

- Bir gün mənim də başıma pul kəsərlər, onda bilərsən lələşinin kəlləsinin qiymətini.

Börüsoy hakimiyyət iddiasında pörşələnən müxalifətdə olduğuna işarə edirdi. Ancaq bu sözün Nadir üçün bir qara qəpik qədər qiyməti yoxdu. O, bilirdi ki, Börüsoy öz partiyasında mininci dərəcəli adamdır.

– Yaxşı, bəs pulu haçan verəcəklər?

– Portreti təhvil alandan bir gün sonra özüm öz əlimlə pulları sayıb qoyacağam ovcuna.

– Birdən verməsələr?

– Ürəyini buz kimi saxla!

Nadir bilirdi ki, bu sözlər Börüsoyun ağzından elə-belə çıxmır. O, haqq-hesabda düz adamdır, görünür kiməsə arxayındır.

– Yaxşı, - Nadir stolun üstündən götürdüyü bozqurdun şəklinə baxa-baxa dilləndi - görək neynirik.

12-si, allah qoysa, gəlib portreti evdən apararsan.

Börüsoy Nadirin qardaşı Nazimlə Biləcəridə bir həyətdə şərik tikdirdiyi evdə iki-üç dəfə olmuşdu.

– Bozqurdun portreti 12-si saat üçə qədər «20 yanvar» metrosunun qabağına çatdırılmalıdır, tapşırıq belədir. «Qələbə» kinoteatrına qədər portret əldə aparılacaq.

Börüsoy çox vacib adam kimi vaxt itirmədən rəssam dostu ilə sağollaşıb getdi.

Nadir üçüncü siqaretini yandırdı və təzədən şəkkə düşdü.

Bəlkə heç Börüsoyun sifarişini götürməyəydi? Bəlkə özünü işə salıb? Börüsoy işi yarıtmasa, bunun günü qara olacaq. Nazim deyingənin biridir, axşam da pulu soruşacaq, səhər də, günorta da.

Ancaq bir məsələ var ki, bu saat özü də, oğlu da, qardaşı da boşbekardılar. Sifariş gəlmir. Əşşi, cəhənnəmə, bekar qalmaqdansa, havayı işləmək yaxşıdır.

Heç olmasa, işləyəndə başın üstündə olur. Qara-qura fikirləri götür-qoy etməkdən beynin qaynamır. Həm də plakat janrında çəkmək elə çətin deyil.

Nadir ürəyində plan cızdı: bu dəqiqə o, emalatxanadan çıxıb tanış mağazadan lazımı qədər nisyə kətan götürür və fitilləyir düz Biləcəriyə…

Evdəki rənglər bu portretə çatar. Çərçivəlik taxta da olmalıdır həyətdə. Altı günə 600 dollar. Zırıltı puldur!

Nadir tanış mağazadan xaltura iş hesab etdiyi bozqurdun portreti üçün əsil kətan əvəzinə ucuz Türkiyə bezi götürdü və özünü evə çatdırdı. İki qardaş, bir oğul evlərinin həyətində dar günbatan çağına qədər bozqurdun portreti üçün çərçivə hazırladılar, kətanı çərçivəyə bərkitdilər.

Bozqurdun başını çəkməkdən ötrü ayaqaltı kimi istifadə ediləcək taxta çəlləyi də hasarın dibindən diyirlədib evin qarşısına gətirdilər. Sabah obaşdan işə başlayacaqdılar.

Səhər erkən acqarına dəstgah başlandı. Nadir bozqurdun Börüsoy verən kiçik şəklinə baxa-baxa karandaşla ağzını göyə tutub ulayan heyvanın ümumi cizgilərini cızırdı.

Şərtləşdikləri kimi Nadir bozqurdun başını çəkəcəkdi, Nazim libasını geyindirəcəkdi, Ağayar isə quyruq işinə baxacaqdı. Portret iri olduğu üçün hər üçünə işləməyə yer vardı.

İki ildi onlar ortaq işləyirdilər. Həmişə əsas ağırlıq Nadirə düşürdü.

Çünki, ən vacib məsələ portretin üzüdür.

Qalan işlər də vacibdir, amma üz qədər yox. Axır vaxtlar Bakıda dəb düşmüşdü, imkanlı adamlar ya özləri, ya da onların adamları şeflərinin portretini çəkdirirdilər.

Ona görə də o, çəkdiklərini azacıq da olsa, özü demişkən, qəşəngləşdirirdi.

Məsələn, burnun donqarını bir qədər hamarlayırdı, məşşatə kimi qalın qaşları alırdı, qara dərinin rəngini açırdı, şəklənmiş qulaqları yerinə qaytarırdı, biz-biz bığlara tumar çəkirdi. Bu işləri görüb qurtarandan sonra Nazimə deyirdi:

– Hə, kostyumunu geyindir!

Nazim sol əliylə uzun, cod saqqalını tumarlaya-tumarlaya bütün portretlərə «parlamentski» kostyum geyindirib öz sözüylə desək, onların yaxalarını «originalnı» düymələrlə düymələyirdi. Əlbəttə, köynək son rəsmi dəbdə, qalstuk «prezidentski» olmalıydı.

Axırda növbə çatırdı oğula. O, şəklə şuxluq gətirirdi, yəni portreti laklayırdı.

Bozqurdun portreti üzərində iş pis getmirdi. Hər üç rəssam işi vaxtında başa çatdıracaqlarına əmindilər.

İşini bərk tutan Börüsoy altı gündə iki dəfə Nadirgilə baş çəkdi. Onun narahatlığını sezən Nadir tox görkəmlə hər dəfə ona deyirdi:

– Börüsoy, «Bozqurd» mitinqə gedəcək!

Mitinq günü «Bozqurd» mitinqə hazırdı. İki qardaş, bir oğul Börüsoyun yolunu gözləyirdi.

Günortaya yaxındı, indiyə Börüsoy gələydi gərək. Əsər nəhəng olduğuna görə onu yola salmaq tək adamın işi deyildi.

Hər üçü, xüsusən, Nadir çox tutqun görünürdü. Dünən axşamdan əsən xəzri hələ səngiməmişdi. Belə havada bu boyda işi maşına qoyub aparmaq böyük riskdi.

Nadir siqaret çəkə-çəkə var-gəl edirdi. Nazim «Bozqurd»un özü çəkdiyi yerlərini gözdən keçirirdi.

Ağayar balkonda çay içirdi və bir gözü yolda qalmışdı.

Onların evlərinə gələn çınqıllı yol açıqlıqda idi, yola bir toyuq çıxsaydı da, uzaqdan görünürdü.

Yoldan arabir yük maşınları gəlib keçirdi. Amma, hələ Börüsoydan xəbər yoxdu. İri qoşqulu «Kamaz» darvazanın qabağında dayananda bildilər ki, Börüsoy gəlib.

Börüsoy maşından düşüb darvazadan içəri girən kimi Nadir dilləndi:

– Qardaş, gecikmirsən?

Börüsoy şeşələndi:

– Buradan «20 yanvar» metrosuna uzağı 25 dəqiqəlik yoldur. Vaxtımız çoxdur.

– Belə küləkdə bu boyda şeyi tək apara bilməyəcəksən.

– Kəndir gətirmişəm, portreti möhkəm bağlayarıq.

Börüsoyun başçılığı ilə darvazanı açıb Bozqurdun portretini «Kamaz»ın banına qaldırdılar və kəndirlə bir neçə yerdən yanlara bərkitməyə başladılar. Sürücü də onlara kömək edirdi.

Kəndirin axırıncı düyününü vuranda ləhcəsindən əsil bakılı olduğu bilinən sürücü Börüsoydan soruşdu:

– Əmiyoğu, bu şəkildəki itdü?

Börüsoy sürücüyə kəkələndi:

– Bu bozqurdun portretidir, bozqurdun. Bizim millət bozqurddan törəyib.

Sürücü xeyli təəccübləndi:

– Alə, bəs deyirdilər bəşər meymundan əmələ gəlib?

– Onu avropalılar deyib, onların əcdadı meymundur, bizimki bozqurd.

– Həri?

Börüsoy bakılı ləhcəsində kəsə cavab verdi: - Həri!

Sonra o, yolda portreti tutmaqdan ötrü «Kamaz»ın yük yerinə mindi.

«Kamaz» işə düşüb hərəkətə gəldi.

Maşın darvazadan aralananda bir əlilə portretdən tutan Börüsoy o biri əlini bir anlıq rəssam qardaşlara və oğula yellətdi və yolda çala-çuxura düşüb silkələnən maşında müvazinətini saxlaya bilməyib havada olan əlilə bortdan yapışdı.

Qardaşlar darvazanı bağlayıb həyətdə siqaretə dəm verdi. Ağayar isə yenidən balkona çıxıb çayını təzələdi.

Küləyin daha da güclənməsi Nadiri heç açmırdı. Nazimlə söhbət etsə də, fikri küləkdə idi.

Aradan beş dəqiqə keçərdi, ya keçməzdi, balkondan Ağayarın səsi gəldi:

– Dədə!

Nadir hövülləndi:

– Hə, hə?

– «Bozqurd» qayıdır.

– Nöşün, balam?

– Nə bilim.

İki qardaş, bir oğul darvazadan küçəyə atıldılar. «Kamaz» fısıldaya-fısıldaya onların qənşərində xıxdı. Börüsoyun başı «Bozqurd»un cırılmış qarnından çıxmışdı.

Onun həmişə taxdığı minus üçyarımlıq eynəyi gözündə yoxdu.

Börüsoy ağlamsındı:

– Peşmançılıq oldu. Portreti külək əlimdən aldı, ilişib cırıldı, onu yaxşı bərkitməyibmişik.

Tez olun, kömək edin, «Bozqurd»u külək aparır, zorla saxlamışam.

Ağayar tez bana qalxdı. Köməkləşib portreti aşağı düşürtdülər. «Bozqurd» başından qurşağına qədər, təxminən iki metrə qədər cırılmışdı. Elə bil şəkli ölçüb-biçib iti bıçaqla dübbədüz kəsmişdilər.

Onlar portreti həyətə gətirib balkonun qabağında külək tutmayan yerə söykədilər.

Börüsoy başını bulayıb özünü söyürmüş kimi dedi:

– Sovxa eynəyim də düşüb sındı. Bu külək mənimçün əsirmiş.

Rəssamların matı-qutu qurumuşdu.

Börüsoy Börüsoy olmazdı axırda ümidli bir söz deməsəydi:

– Gələcəyəm, sözümüz sözdür! Mən tez özümü mitinqə çatdırım!

O, cavab gözləmədən darvazadan çıxdı və atılıb «Kamaz»ın kabinəsinə mindi. «Kamaz» həyətdən aralanandan sonra Nazim əzvay-əzvay dilləndi:
– Bəxtəvər oğlu mitinqə prisepli «Kamaz»nan gedir.

Ertəsi gün Börüsoy Nadirin emalatxanasına gəldi. Cibindən iki əlli minlik çıxarıb stolun üstünə qoydu və dedi:

– Nadir, portretin pulunu xırda-xırda verəcəyəm. Üzüm gəlmir ortada olmayan şeyin pulunu partiyadan istəyim.

Nadir bunları mənə danışanda əhvalatın baş verdiyi gündən üç ay, doqquz gün keçmişdi.

O, vaxtdan Börüsoydan xəbər çıxmırdı, yəqin pul tapa bilmədiyi üçün Nadirin üzünə çıxmağa utanırdı.
XS
SM
MD
LG