Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:55

JALƏ "Mənim xalam qızı" (Hekayə)


- Hansı yaxşıdı?

Mənə iki pomada göstərir. Çəhrayı rəngi seçirəm. Zövqümə inanmır və tünd rəngi seçir. İncimirəm - daha çox görünmək istəyən yaşındadır hələ.
O mənim xalam qızıdır.

Çox sevdiyim kiçik xalamın yeganə qızıdır və anasının ərköyün balasıdır. Mənə qonaq gəlib. Bakını görmək istəyir. Rayondan gəlmək üçün öz anası azmış kimi, mənim anamdan da icazə almaq üçün aylarla dil töküb.

Çox qəribə uşaqdır. Hər şeyə gülür, hər şeyə təəccüblənir və öz kobud danışıq tərziylə şirinliyinə şirinlik qatır.

İndi onu götürüb gəzməyə aparacam. Bu gün onunçün Bakıgördü günüdür. Bakının taleyi mənim təqdimatımdan asılıdır və mən buna görə bir az narahatam. Nədənsə özünü sevdirə-sevdirə axırıma çıxmış bu şəhəri onun da sevməsini istəyirəm. Sevməsə, burada yaşaya bilməyəcək, sevməsə, dözə bilməyəcək Bakıya...

O, artıq hazırdır. Geyinib-kecinib, uzun saçlarını əcaib formada yığıb, özündən böyük çantasını götürüb, pomadasını çəkib. Bakı da hazırdırmı onunla görüşə? Bilmirəm. Görəcəyik.

Əslində çox yorğunam. Gəzmək həvəsim yoxdur. Amma ona “yox” deməyə ürəyim gəlmir. Həm də istəmirəm, Xədicə bəzəkdə qalsın. Bu məsəli ona da çəkirəm. Başa düşmür. Amma gülür.

Ona görə başa düşmür ki, “Uriset uşağı”dı, təzə köçüb gəliblər, ana dilini də son üç-dörd ayda ondan-bundan öyrənib və müəllimləri fərqli adamlar olduğu üçün xalam qızı insanı heyrətə salan bir leksikona malikdir. Bu da onu lap sevimli edir.

İstənilən an adamı güldürmək kimi fitri istedadı var.

Hər halda “mən heç vaxt ərə çıxmayacam” deyən 17 yaşlı qıza ancaq gülmək olar. Möhtəşəm tərcümə, hələ bu “heç vaxt” iddiası...Qısası, adam onunla darıxmır. Əsas olan da budur.

Amma mən doğrudan gəzmək həvəsində deyiləm. Bakı çoxdan mənimçün yenilik deyil. Yorub o məni. Daha harası qaldı ki, görmədiyimiz? Hansı üzü qaldı? Amma qaçacaq yerimiz yoxdu, yaşamağa başqa bir şəhərimiz yox...

Xalaqızı ayaqqabı seçiminə başladığı anda mən düşünürəm ki, sonrakı 4-5 saat ərzində nələrin baş verəcəyini əzbər bilirəm...

...Biz evdən çıxıb metroya tərəf gedəcəyik. Ötüb-keçən oğlanların məndən iki boy hündür gənc qıza daha çox diqqət yetirmələrinə gülümsəyəcəm. Qısqanmayacam.

Onun baxmasa belə, bu baxışları görməsindən keçirdiyi qəribə narahatçılıqdan yanaqlarının azacıq allanmasına gülümsəyəcəm əslində.

O da ”nolub??” yağan gözlərilə tez-tez üzümə baxacaq. Mən isə “heç nə” mənasında başımı bulayacam. Beləcə yolumuza davam edəcəyik.

Metronun “Elmlər akademiyası” stansiyasından çıxıb piyada Şəhidlər Xiyabanına gedəcəyik. Gördüyümüz hər şeyi ona göstərəcəm. “Bu akademiyanın binasıdı, bu da bağ, Yeni ildə burada yolka da qururlar...

Yolun o biri tərəfi Hüseyn Cavid parkıdı...Hüseyn Cavidi tanıyırsan”? “Dəlisən? Mən nə bilim Hüseyn Cavid kimdi?” təbəssümü ilə üzümə baxacaq.

Başımı bulayıb həvəslə Hüseyn Caviddən danışacam ona.

“Bura politexnik institutudu”. “Tələbələr hanı bə?” - soruşacaq, “bu gün altıncı gündü, dərs yoxdu” deyəcəm. Onun Bakıda mütləq bir dəstə tələbə görmək istədiyini bilirəm.

Onun üçün tələbələr xüsusi kateqoriyaya aid adamlardır. O necə də tələbə olmaq istəyir...

“Bura Milli Təhlükəsizlik Nazirliyidi”. O başa düşməyəcək, bu nə deməkdi.

Rusca deyəcəm. “Aaa” deyəcək, sonra da soruşacaq ki, polislər burda oturur? “Yox - deyəcəm, polislər oturan yer başqadı, başqa yerdədi...”.*

Bura Fəxri Xiyabandı. Bütün ölmüş məşhur adamları burda basdırıblar, müğənniləri, artistləri, bəstəkarları...”

O bizim ölmüş məşhurlardan heç kimi tanımır. “Prezidentlərin də qəbri burdadı*” deyəcəm, “bəlkə tanıdı” ümidilə. Birini tanıyacaq. “Şükür” deyəcəm. “Baxmaq istəyirsən?” soruşacam.

Üzünü turşudub: “yoo, qəbirstanlıqdı da, nəyinə baxım e?” deyəcək. Bizim məşhurlar onu maraqlandırmayacaq.

Milli Məclisin qarşısından keçəndə tanıyacaq. “Deputatlar burda oturur, içini görmüşəm televizorda, qəşəng yerdi” deyəcək. Yolu keçib Şəhidlər Xiyabanına qalxacağıq. 20 Yanvardan danışacam ona.

Diqqətlə qulaq asacaq. Qarabağ şəhidlərinin qəbirüstü yazılarını oxuya-oxuya lap yuxarı qalxacağıq. 20 Yanvar şəhidlərinin hər birinin qəbri qarşısında ayaq saxlayacaq.

Diqqətlə şəkillərinə baxacaq. “Cavandı e çoxu...” deyəcək... Sonra da: “ordakı ruslar öldürüb bunları?” soruşacaq. “Ordakı”, yəni onun ordakı qonşuları. “Yox - deyəcəm, başqa ruslar, əsgərlər...”.

İstəməyəcəm ki, keçmiş qonşularına nifrət eləsin. Xiyabanda çox təsirlədiyini görüb tezliklə aşağı düşməyi fikirləşəcəm. Amma o, əbədi məşəlin arxasında bir az oturmaq istəyəcək. Bayılı göstərəcəm xalam qızına. Gülümsəyib: “kəndə oxşayır” deyəcək.

Xəzərə baxacaq ciyərlərini küləklə doldura-doldura. Gəmiləri saymağa başlayacaq. Nəyə görəsə Xəzəri ilk dəfə görən hər bir adamın ürəyindən onun qucağına aldığı gəmilərin sayını bilmək keçir.

Xəzər də sağ olsun, üzümü qara eləməyəcək, çox gözəl görünəcək. Sonra yavaş-yavaş aşağı düşüb sola dönəcəyik. Dağüstü parkın böyük meydançasına çıxacağıq. Heyranlıqla Bakıya baxmağa başlayacaq!

“Çox qəşəngdi yee!!” deyəcək. Bu heyranlıq qarşısında davam gətirə bilməyəcəm, təsdiqləyəcəm dediklərini. Ona mənim ilk gördüyümdən bəri Bakının çox dəyişməsindən danışmayacam.

Qoy, belə bilsin, belə tanısın, “daha yaxşısını görə bilərmişəm” təəssüfü keçməsin ürəyindən.

Çoxlu-çoxlu şəkillər çəkəcək. İstəyəcək ki, onun da şəklini çəkim.

Obyektiv qarşısında necə ədayla durmağına gülümsəyəcəm mən də. Bakı küləyi saçlarını qarışdıracaq. Guya hirslənəcək küləyə. Amma bundan xoşallandığını dəqiq biləcəm. Qızların hamısı Bakı küləyini sirli-sehirli sevgililəri bilərlər – toxunuşu həmişə xoşdur.

Uzun pilləkənlərlə bulvara düşəcəyik. Yol kənarındakı heykələ baxıb güləcək: “Bu neynir belə?” Bəhramgur haqqında da danışacam ona. Bulvarın günortası necə olmalıdırsa, elə olacaq – səssiz.

Kukla teatrı ona maraqlı görünəcək. O tərəflərdə gedib teatra, burada yox. Mənə eşitdirəcək bunu. Bəxtimizdən düz tamaşa başlayan vaxta düşəcəyik. Xalam qızının hər şeyi unudub, nəfəsini çəkmədən “Od oğlan”a tamaşa etməsinə baxacam.

Bu kiçik xoşbəxtlikləri ona dadızdırdığım üçün özümdən xoşum gələcək bir balaca. Teatrdan çıxanda təəssüratlarını bölüşəcək və sevinəcək ki, onun gördüklərini mən də görmüşəm.

“Çərxi-fələk”dən düşəndə iki oğlan ilişəcək bizə. Bunun qədər təbii bir şey yoxdur – “iki qız deyə-gülə bulvarda gəzirsə, mütləq onlara ilişmək lazımdır” kimi yazılmamış bir qanunu var bu şəhərin.

Xalaqızı: “bunları söyümmü indi?” - soruşacaq acıqlı-acıqlı, həm də söymək həvəsilə. Mən gülümsəyəcəm, “lazım deyil” deyəcəm. “Oğlanları söyməklə düzələn deyillər” deməliyəm ona. “Söyüşlə heç kim düzəlmir” deməliyəm. Amma mənası yoxdur.

Xalaqızı bunun əksini düşünür. Mənim yol yoldaşım anasının və xalalarının söhbətlərindən sonra qəti şəkildə əmin olub ki, oğlanlardan ancaq zərər gələ bilər bir qıza. Mən etiraz etmək, xalalarımızın fikirlərini redaktə etmək istəyəcəm.

Demək istəyəcəm ki, heç də belə deyil, oğlanların hamısı eyni deyil, yaxşıları da var, ölənə kimi yaxşı qalanları da, hətta aralarında sevilməli olanlar da az deyil... oğlanlar elə də pis məxluq deyillər, sadəcə bir az seçilirlər bizdən... seçilməlidilər də...

Allah onları belə yaradıb. Amma deməyəcəm. Ərinəcəm. Mən də başqa bir şeyə əminəm - elə şeylər var ki, mütləq yaşamaq lazımdır, eşitməklə olmur.

Təbii ki, bizdən uzaqlaşıb özlərinə başqa həmsöhbət qızlar tapmış oğlanlar söyülmədikləri üçün mənə minnətdarlıq hissi duymayacaqlar qəlblərində.

Nəymiş ki onlarçün qəşəng bir qızın “eşşək” deməsi...

Onu gəmiyə mindirmək üçün düz dəniz vağzalına qədər piyada gedəcəyik. Yol boyu bir neçə karuselin “dadına baxacağıq” mütləq. Ara-sıra künc-bucaqda gördüyü zibil topalarına baxıb: “Səki Bakıdı, zibilin içində yaşayırlar” – deyəcək. İlahi!

Onun xəyallarındakı Bakıda zibil yoxmuş demə. Bəlkə elə bilirmiş, Bakıda adam yaşamır?

Limana çatıb bilet alacağıq. O, qorxmadan kiçik taxta körpüdən keçib özünə yer tutacaq gəmidə. Geniş açılmış gözlərilə hər şeyi görməyə çalışacaq. Mən də ilk dəfə gəmiyə mindiriləndə necə xoşbəxt olduğumu xatırlayacam.

O xoşbəxtliyin bu xoşbəxtliyə çox bənzədiyinə heyrət edəcəm. Hətta dəniz də o vaxtkı dənizə oxşayacaq...

Ona Nargin adasından danışacam, teleqülləni göstərəcəm. O da məni dinləyə-dinləyə gah göyərtənin soluna, gah sağına keçəcək.

Qollarını məhəccərə, başını qollarına söykəyib dənizə baxacaq. Dalğaların rəqsinə onun gözlərində tamaşa edəcəm. O da vurulacaq Xəzərə...

Fotoaparat əlindən düşməyəcək. Mənim də şəkillərimi çəkəcək ki, xalasına göstərsin: “Xalaya deyəcəm ki, çox arıqlamamısan...”. Şəklimi çəkəndə arada əmr də verəcək: “Bir gül də!”.

Mən də gülümsəyəcəm obyektivə. Bir anlıq dayanıb: “Sən qəribə gülürsən e, adam başa düşmür, nə demək istəyirsən...” deyəcək. Bu dəfə ucadan güləcəm.

Özü də bilmədən insanların gülüşlə nəsə deməyə çalışdıqlarına işarə edəcək. Fəhmlə edəcək bunu. Onun fəhmli olmasına sevinib güləcəm əslində.

Sonra qonşunun təzə nişanlanmış qızından danışacaq mənə. Məlum olacaq ki, oturub-durub nişanlısını “Ramkam, Ramkam” deyə əzizləyən qız bunun zəhləsini lap töküb: “Mən də axırda dedim ki, az, səyləmə, ramka çərçivəyə deyirlər”. Səsimiz mexaniki kayutdan çıxaracaq.
Gəmini könülsüz tərk edəcək.

Xəzərin “geri dön!” pıçıltısını hansımız qulaqardına vura bilmişik ki? Yenə gətirəcəyimə söz verəcəm. Sevinəcək.
Bulvar dönərini mədəsi götürməyəcək.

Onun mədəsi Bakı mədəsi deyil hələ.

Para dönəri bir daşın üstünə qoymaq istəyəcək. Mən çımxıracam üstünə, “yerə zibil atma!” deyəcəm. O da dodaqlarını büzüb, təəccüblə: “çörəyə niyə zibil deyirsən ki?” deyəcək və mən güləcəm. Vəziyyətdən çıxmaq üçün: “qoy çantana, aparıb pişiklərə verərik” - deyəcəm.

Güləcək. Bizim zibilliyin pişiklərilə dostlaşıb. Küçə heyvanlarına qayğı göstərəcək qədər humanistdır hələ.

Əyləşdiyim oturacağın ətrafına fırlana-fırlana dondurma yeyəcək. Mən də ona baxa-baxa düşünəcəm ki, məni unutmayacaq heç vaxt. Mən onu ilk dəfə teatra aparan adamam, ilk dəfə gəmiyə mindirən, ilk dəfə Şəhidlər Xiyabanını göstərən, ilk dəfə Hüseyn Caviddən danışan...dayaz gölməçədə ayaqqabıların altını necə təmizləməyi öyrədən də mənəm.

O məndən mütləq övladlarına danışacaq. Onlardan çox-çox qabaqsa anasına, xalalarına. Xalalarından biri – mənim anam adəti üzrə narahatlığını gizlətməyəcək və hirsli-hirlsi: “təkbaşına nəzirdiz bulvarda??” soruşacaq. Bu da “gədəni götürəydiz də özünüzlə!” anlamına gələcək. Yəni iki qızın başı yenə də “tək baş”dı oğlansız.

O da deyəcək ki, adamyeyən var bulvarda?

Xalası da hirslə mənim xalama – onun anasına deyəcək ki, sənin qızına dil çatdırmaq olmur, rusların içində yaman da qız tərbiyə eləmisən. Xalam da qızını danlayacaq. Amma bu danlaqlar onun təəssüratlarının kölgəsində dərhal da itib gedəcək.

Bu arvadlar haradan bilsinlər ki, 17 yaşında ilk dəfə Xəzərin mazutlu sularında üzmək, Günəşin parıldatdığı dalğaların gəminin burnunda parça-parça olmasının şəklini çəkmək nə deməkdir?

Təzə yay ayaqqabıları barmaqlarını əzəcək. Plastır almaq üçün aptekə girəcəyik. “Bu kişi kimdi ee, səsini atıb başına” deyəcək. Mən televizora tərəf çevriləcəm. “Elxan Əhədzadədi, müğənnidi” deyəcəm. Bu ad ona tanış deyil. Bizimkilərdən bircə Faiq Ağayevi tanıyır. “Sən də hamını tanıyırsan eee...” deyəcək çiyinlərini çəkib.

Metroya düşüb evə qayıdacağıq.

O heç kimə fikir vermədən bütün diqqətini toplayıb metro reklamlarını oxuyacaq.

Bütün “ə”ləri “e” yazsa da, oxuya bilir ana dilində. Protein reklamındakı böyük əzələlərilə qürrələnən oğlana güləcək, “bu da özünü camaata göstərir e” deyəcək, başqa bir posterdəki qızın paltarını bəyənəcək.

Mən də xalam qızının ara-sıra “filan şey nədi?” tipində suallarına cavab verə-verə düşünəcəm ki, ona mütləq: “elə deyil, quzum, mən hər şeyi bilmirəm, hamını tanımıram...” deməliyəm...

Amma deməyəcəm. Məni belə tanısın. Əmin olsun ki, bu dünyada bütün suallarına cavab ala biləcəyi bir adam var. Ümid yeri olmaq çox məşəqqətlidir əslində. Nümunə olmaq daha pis.

Cavabdeh olmaq ondan da betər. İllər lazımdır ki, bizim qızcığaz bunları anlasın...və necə yaşamağı özü seçsin...
...Təzə ayaqqabılarını seçir.

Guya Bakı biləcək ki, onunla görüşə xüsusi hazırlaşıb. Makiyajına son ştrixlərini eləyir. Özünü bəyənmiş halda üzünü güzgüdən mənə tərəf çevirir. “Sən niyə bəzənmirsən?” soruşur, mənsə “gedəkmi?” deyə soruşuram.

Hər iki sual cavabsız qalır. O bir anlıq dayanıb: “bi dənə gözlə” - deyir.

Tez pomadasını silib mənim bəyəndiyim çəhrayı rəngi çəkir. Yorğun-yorğun gülümsəyirəm. Bizim nəsildə uşaqları hələ də belə tərbiyə edirlər – böyüklər həmişə haqlıdırlar. Bakı bunun əksini sübut edənə qədər nəslimizin bütün uşaqları bu inamla böyüyürlər..

(Müəllifin "Oxu zalı"na göndərdiyi son variant)
XS
SM
MD
LG