Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:07

Mirmehdi Ağaoğlu "MƏRƏZ"


Mirmehdi Ağaoğlu

"MƏRƏZ"

- Arvad, daha dözə bilmirəm. Pəncərə qabağındakı stolun arxasında əyləşib həyətdə çəpər düzəldən oğluna tamaşa edən yaşlı kişi astadan arvadına söylədi.
Qapı kandarında əyləşmiş arvadı badımcan soyurdu.

O əllərini döşəməyə dayayıb ağır-ağır ayağa durub ərinə yaxınlaşdı. Astadan qulağına:

- Çil çolpanı kəsim?

- Bilmirəm ay arvad. Bilmirəm. Ürəyim partlayır!

Guya elə bilirsən ürəyimə sinir? Hər dəfə elə bilirəm zəqqum yeyirəm.

Bunu deyib kişi susdu. Əlini atıb stolun üstündəki filtrsiz “Astra”dan birini götürüb alışdırdı.

Üzünü yenidən pəncərəyə çevirdi. Bu dəfə dağılıb köhnəlmiş çəpəri düzəldən oğluna deyil, ucsuz-bucaqsız çöllüyə zillədi gözlərini.

Bütün ömrünü dağda çobanlıqla keçirmişdi.

Əsgərlik etdiyi qarlı Sibir meşəlikləri nəzərə alınmazsa ömründə doğulduğu kəndi, onun dağlarını tərk eləməmişdi.

Bütün ömrü boyu kolxozun qoyun sürülərini, Sovet höküməti dağılandan sonra da onun-bunun qoyunlarını otarmışdı.

Bu müddət ərzində isə ömür-gün yoldaşı Aliyədən üç oğlu altı qızı olmuşdu.

Böyük oğlu ali məktəbi bitirəndən bəri Bakıda yaşayırdı, üç qızını lap çoxdan köçürmüşdü, kiçik oğlunu isə ortancıl oğlundan, gəlinindən, iki az yaşlı nəvəsindən, arvadından, 13-25 yaş aralarında üç qızından ibarət ailəsi Laçından qaçqın düşməmişdən beş ay əvvəl şəhid vermişdi.

Bir gecənin içində digər həmkəndliləri kimi o qaçarda evdə, həyət-bacada əllərinə keçən kilim-palazdan, toyuq-cücədən, stəkan-nəlbəkidən, yorğan-döşəkdən qollarına vurub doluşmuşdular yük maşınının kuzovuna, üz tutmuşdular Bakıya.

Bakıda böyük oğlunun kirayə qaldığı birotaqlı, dar-dalış mənzildə iki ay qaldıqdan sonra isə günlərin birində polis işləyən ortancıl oğlu sevincək özünü qapıdan içəri atıb nəhayət təyinat aldığını söyləmişdi.

Beləcə ailə barxanasını toplayıb üz tutmuşdu Kür çayının qoynunda yerləşən rayonlardan birinə.

Burada onlar üçün o qədər də pis olmadı.

Ortancıl oğlu yeni rəisinin qəbulundan çıxandan dərhal sonra icra nümayəndəsinin müşayəti ilə bütün ailə dağ adamı üçün bir o qədər səfalı sayılmasa da Kürün sahilində mənzərəli yerdə yerləşən yiyəsiz bir evə gəldilər.

Evin çaydan əsən sərt küləklərin qəzəbinə tuş gəlmiş qapısı, pəncərəsi köhnə-külə, sınıq-salxaq olsa da, iki ortabab otağı və aynabəndi vardı. Doqquz nəfərlik ailə bu evə rahatca yerləşərdi.

Düzdür evin damından damırdı, hələ üstəlik saman möhrəli divarları döşəmə tərəfdən urlayıb tökülmüşdü, döşəmə isə çürüyüb ayaqdan çıxmışdı. Bunları nümayəndə bekara şey adlandırıb tezliklə icara hakimiyyətinin evi təmir etdirəcəyini söylədi.

Amma onlar evin təmirini gözləmədilər. Tezcə kilim-palazlarını, yorğan-döşəklərini sərib evi döşədilər.

İsmayıl isə ailə yerbəyer olandan sonra elə polis formasınındaca bayıra çıxıb kommersiya dükanlarının birindən aldığı çay-çörəklə birlikdə boş karton qutular da götürüb gətirdi. Karton parçaları ilə pəncərələrin şüşələri sınmış gözlərini birtəhər qapadı.

Tezliklə ailə aran rayonunun bu balaca, yarımcan evinə öyrəşdi. Rayon sakinləri, qonşular da qaçqın qonaqlarına biganə deyildilər. Tez-tez yardım edir, əllərindən gələn köməkliyi əsirgəmirdilər. Xeyirdə-şərdə şordan-pendirdən, paydan-parçadan verirdilər.

Xeyriyyə təşkilatları da, səfirliklər də, icra hakimiyyəti də bu böyük qaçqın ailəsini unutmurdu.

Bayramlarda, əlamətdar günlərdə humanitar yardım alırdılar. Humanitar yardıma çay, qənd, şəkər, düyü, un, kartof, soğanla yanaşı Amerika istehsalı olan toyuq əti, bud, dondurulmuş mal əti də daxil idi.

Beləliklə ailənin qida rasionuna tamı, dadı ilə kənd toyuğundan, kənd heyvanından fərqlənsə belə ət də daxil idi. İsmayılın cüzi aylıq maaşına isə çatışmayan şeylər alınırdı.

Ailə dolanışıqdan narazı deyildi. Bütün üzvlər ağır qaçqınlıq taleyi yaşasalar da şükür içində güzəranlarını sürürdülər. Təkcə ailənin qoca başçısından başqa. O günü-gündən arıqlayır, sınıxıb çöpə dönürdü.

Ömründə bircə dəfə yatağa düşməmiş bu adam axır vaxtlar tez-tez xəstələnir, günlərlə yataqdan qalxmırdı.

Quzu qonaqlığı qarşılığında bir zabitdən hədiyyə aldığı buşlatın içində əriyib qorxuluğa dönmüşdü. Saç-saqqalına da qabakkı kimi fikir vermirdi. “Astra” çəkməkdən qalın qaytan bığları saralıb samana dönmüşdü, ağ saçları qulaqlarının diblərindən pırtlayıb çıxmışdı.

Evdə onun dərdini qırx illik ömür-gün yoldaşıyla

oğlundan başqa heç kim bilmirdi. Heç o özü də dərdini açıb ağartmırdı.

Eləcənə bütün günü ya yerdən salınma yatağında yatır, ya da pəncərə qabağında qoyulmuş stolun qabağında əyləşib ucsuz-bucaqsız düzənliyə tamaşa edir, bütün ömrünü qoyun-quzu otarmaqla keçirdiyi doğma dağlarını düşünürdü.

Evin qalan sakinləri isə qocanın bu davranışını oğlunu itirməsi ilə, onun bu dərdə davam gətirə bilməməsi ilə əlaqələndirirdilər.

Qız-gəlinin fikrinə görə oğul itkisi onu dondurma kim əridib çöpə döndərmişdi. Amma onlar bilmirdilər ki, oğul itkisi nə qədər ağır olsa belə ata bu dərdlə çoxdan barışıb. Onu üzən başqa dərd idi.

Qoca ömründə soyuducuya girib-çıxmış ətə ağzını vurmazdı.

Bu onun mərəzi idi. Ta uşaqlığından dağın-dərənin məlhəmli, şəfalı otlarından yemiş qoyun-quzu əti ilə bəslənən balaca İbrahimin böyüyəndən sonra kolxozun sürülərinə çoban keçməklə mərəzi lap ayaq almışdı.

Onun evində həmişə ət xörəyi asılar, mal-qoyun əti olmayanda isə heç olmasa həyətdəki toyuq-cücədən bir-ikisi kəsilərdi.

Həmişə təzə kəsilmiş ət xörəyi yeməyi ilə öyünmüş İbrahim kişi ömrünün qürub vaxtında umsuğa dönmüşdü.

Vaxtilə dağ döşündə, bulaq başında xalıdan xalçadan sərib qara quzunun ətindən çəkilmiş kababdan dişinə çəkən İbrahim kişi qaçqın düşüb bu aran rayonuna pənah gətirəndən sonra aylarla ət üzünə həsrət qalmışdı.

Uşaqlar arada humanitar yardım kimi verilən dondurulmuş mal-toyuq ətindən yesələr də o belə şeyləri dilinə vurmurdu.

Canında durum olmasa da bitki yeməkləri ilə qane olardı. Bu müddətdə yalnız bir dəfə qonşuda toy olanda təzə ət kababı yemişdi.

Pay verilmiş bir nimçə tikə kababdan ona lap bir çimdik sümüklü ət düşmüşdü. O süfrə başında ətin sümüyünü utana-utana hiss etdirmədən qoxlamış, sonra da bir xeyli sümürmüşdü.

Yaxşı ki, özü çimkinə-çimkinə bud yeməkləri yeyən Aliyə arvad onu başa düşürdü.

Qaçqın düşən vaxt özləri ilə gətirdikləri səkkiz toyuqdan üçünü uşaqlardan gizlin kəsib, bişirib ərinə yedirtmişdi.

Aliyə anlayırdı ki, toyuğu kəsib bütün ailə üçün bir qazan xörək assa həmişə bir oturuma bir şaqqa qoyun əti yeyən əri, bu bir tikə toyuq ətiylə öz mərəzini öldürə bilməyəcək.

Buna görə də kişinin mərəzi lap güclənəndə, kişi arıqlayıb heydən düşəndə bir mahna tapıb qız-gəlinləri evdən eləyir, sonra da paçasının arasına oxlov alıb toyuğun birini kəsirdi.

Tezcənə onu soyub başını, tükünü, bağırsağını həyətdə torpağı qazıb dərində basdırır, əlüstü bir xörək bişirib kişiyə yedirirdi.

Sonra da bulaşıq qazan-boşabı təmiz yuyub izi itirirdi.

İbrahim kişi hər dəfə arvadına qarşı çıxmağına baxmayaraq xörək süfrəyə gələndən sonra tab gətirə bilməyib yeməyə girişirdi.

Atasının dərdinə çarə axtaran İsmayıl hər dəfə maaşdan qınqırdıb bir az təzə ət alıb xörək asdırmağı düşünsə də, maaş ərzaq-mərzağın borcunu ödəməyə ancaq yetirdi.

- Ay bala, əlindəki işi qoy qalsın. Sonra görərsən. Yaxşı hava var. Uşaqları da yığ apar Kür qırağına, biraz təmiz hava alsınlar. Həkim gəlinə nahaq deməyib ki, uşağı təmiz havada çox gəzdirsin.

Məsələnin nə yerdə olduğunu dərhal anlayan İsmayıl körpə uşağını qucağına alıb yoldaşını və bacılarını da götürüb qapıdan çıxanda arvad artıq oxlovu mətbəxdəki taxçadan götürüb hazır dayanmışdı.

Sevinə-sevinə gəzməyə gedən balalarının uzaqlaşan səsi tamamilə eşidilməz olanda o hinə qaçıb çil toyuğu tezcə qapdı...

Uşaqlar gəzməkdən qayıdanda özünə gəlmiş kişi ayaqaltıdakı pilləkəndə oturub siqaret çəkə-çəkə üfüqə baxırdı.

Qoca nədənsə üzünü çevirib onlar tərəfə baxmadı. Hətta bir az xəcalət çəkən kimi oldu.

Heç nə anlamayan qız-gəlin hərə öz işinə getdi.

Yalnız axşam dəcəl kiçik qız hinin ağzını bağlayanda cəmi bir toyuğun qaldığını gördükdə həyətin o bir başında iş görən anasını səsləyib çil toyuğun hində olmadığını söylədi.

Arvad cırılıb çəklətə dönmüş qaloşunu çıxarıb qızına tolazladı və ustufunu pozmadan söylədi:

- Çil toyuğu tülkü apardı.

HEKAYƏYƏ BURDA SƏS VER
XS
SM
MD
LG