Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:49

Reyhan Yusifqızı "Ağcaqanad" ("Ədəbi Azadlıq-2010")


Reyhan Şıxlı

"AĞCAQANAD"

O, iti addımlarla dayanacağa yaxınlaşdı. Adam az idi, demək avtobuslar təzəcə keçib getmişdilər.

Hava sərin idi. İsti keçən yaydan sonra bu sərinlik adama ləzzət verirdi.

Gecə yağış yağdığından küçənin və səkinin kələ-kötür yerlərində gölməçələr əmələ gəlmişdi. Şütüyən maşınlar palcığı üstünə sıçratmasınlar deyə o, bir az arxaya cəkilib, ağacların altında dayandı.

Boylanıb küçənin o başına baxdı. «Yenə gecikəcəyəm, - deyə fikirləşdi, - beşcə dəqiqə tez çıxa bilsəydim…»

İş yerində nizam-intizama nəzarət edən qadının narazı və acıqlı sifəti yadına düşən kimi qanı bir az da qaraldı.

Neçə vaxt idi ki, iş gününün əvvəlində və sonunda bütün işçilər nizam-intizam cədvəlinə qol çəkirdilər. Son günlər isə saat doqquz olan kimi nəzarətçi qadın qapını bağlayır və gecikənləri içəri qoymurdu.

Maaş vaxtı isə tabeldə «qayıb» olan günlərə görə pul tutulurdu.

«Özləri hər oyundan çıxırlar, bizi isə bu azacıq maaşımızı da rahat almağa qoymurlar.

Belə də vicdansızlıq olar?» Qulağının dibindən qopan vızıltıdan diksindi.

Xırda bir ağcaqanad zəhlətökən vızıltı ilə onun həndəvərində hərlənməyə başladı. «Bu haradan çıxdı? Yay qurtarıb, bunlar yenə bizdən əl çəkmirlər», - əsəbi halda əlini yellədərək onu qovdu.

Yola tərəf boylandı, avtobus görünmürdü. «Dünən də gecikmişdim, qol çəkə bilmədim. Suyu bir az tez versəydilər…». Hər səhər, saat səkkizdən onadək binaya su verilirdi.

O, hamamda qoydurduğu çəni su ilə doldurub sonra evdən çıxırdı ki, gün ərzində susuz qalmasın. Gecikənlərin içərisində bəzi işçilərə ciddi güzəştlər edildiyini görüb təəccüblənirdi.

Onu başa saldılar: «Əfəl olma! Nəzarətçi qadına bir bəhanə ilə kiçik bir hədiyyə elə, sənə də güzəştlər olacaq».

Əvvəl bir xeyli «bəhanə» fikirləşdi: «Deyim ki, ad günümdür. Yox, deyər ki, onda mənə niyə hədiyyə alırsan? Hə, iyunun otuz biri bayramdır- sevgililər günüdür. Yox, onda da olmaz.

Yaxşısı budur, gözləyim, məzuniyyətdən qayıdanda bir şey alıb bağışlayaram». Məzuniyyətə çıxan kimi hədiyyə axtarıb tapmaq qərarına gəldi ki, sonra tələsik olmasın.

Magazaya girib, çox götür-qoy etdikdən, satıcı qızla məsləhətləşdikdən sonra çox da baha olmayan qapaqlı büllur qənddan seçdi və aldı. Onu əvvəlcə mətbəxə qoydu:

«Qəşəngdir, məncə, xoşuna gələr». Sonra: «Əlim dəyər, düşüb sınar»,- deyə oradan götürüb, mənzilin yeganə otağının ortasında dayanaraq fikirləşdi: «Açıq yerə qoysam, toz basacaq, elə bu dəsmala büküb, şkafın içinə qoyum».

Hədiyyəni yerləşdirib, rahat nəfəs aldı: «Məzuniyyətin sonuna kimi bu barədə fikirləşməyəcəyəm». İşə çıxmağa bir gün qalmış, ev-eşiyi sahmana salıb, şkafın qapısını açdı.

Paltarları qatlayıb orada da səliqə yaratdı. Küncdə yumrulanmış dəsmalı götürüb çırpdı.

Ayağının altında qopan cingiltidən özü də diksindi. Büllur qənddan döşəməyə çırpılıb çilik-çilik oldu, xırda şüşələr hər tərəfə səpələndi…

Yarımamış qənddanın qapağını mətbəxdə rəfə qoymuşdu, hərdən baxırdı..

Ağcaqanad yenə vızıldadı. «Çox həyasız məxluqdur!» Deşik-deşik olmuş asfalt yolda ləngər vuran avtobusu görüb sevindi, amma sevinci uzun sürmədi. Şüşənin altına iri hərflərlə «20 qəp.» yazıldığını görəndə şaşırdı:

«Nə vaxtdan gediş haqqı 20 qəpik oldu? Hələ maaşlar artmayıb axı…».

Avtobus yarı boş idi. Adamlardan bəziləri «20 qəp.» yazıldığını görəndə geri çəkilib maşina minmirdilər.

O keçib arxadakı boş oturacaqda oturdu. Sürücünün zəhmli səsi eşidildi: «Tələsin! Arxaya keçin, gecikirik!». Maşını çox saymazyana idarə edən sürücü gah sürəti artırır, gah qəflətən əyləci basıb yavaşıdır, əyri yollarda sükanı sağa-sola hərləyirdi.

Atılıb-düşməkdən, yanında oturanın üstünə yıxılmaqdan bezmiş bir qadın deyindi: «Ay bala, bir az yavaş da, kartof-soğan daşımırsan ki. Bu camaat yazıqdır axı…». Sürücünün acıqlı səsi onun sözünü ağzında qoydu:

«Kimin xoşuna gəlmir, düşsün aşağı, taksiyə minsin.

Mən belə sürürəm!». Qadın başını bulayıb cavab vermədi. Araya sakitlik çökdü. Sürücü özünü bir qədər yığışdırıb deyindi: «Neyləyək, nə yollarımız bir yoldur, nə piyadamız bir piyadadır, nə də ki, sürücümüz bir sürücüdür.

Bir yandan da bu körpülərin hamısını birdən tikirlər, yollarda tıxaclar var. Gəl indi qrafiklə işlə!». Avtobusda bir uğultu qopdu: kimi sürücünün dediklərini təsdiqlədi, kimi başını buladı.

Sürücü lap ürəkləndi: «Bizim işimiz müsibətdir. Bütün günü quyruğu yanmış pişik kimi o başa gedirik, bu başa gedirik. Biriniz məni əvəz edə bilərsinizsə, gəlin!». Bir kişi əsəbiləşdi: «Sən nə bilirsən ki, mən kiməm?

Elə mənim də işim ağırdır, heç sən də məni əvəz edə bilməzsən!» Bu zaman növbəti dayanacağa çatdılar. Qapılar açıldı. Kişiyə cavab verməyə hazırlaşan sürücünün səsi birdən-birə dəyişdi:

– Ay bacı, görmürsən, «20 qəp.» yazılıb?

«Bacı» deyilən cavan qadın heç halını da pozmadı.

– Səninləyəm, ey! Yol getmisən, pulunu ver!

– Əvvəla, «ey» özünsən! İkincisi, orada çox şey yazılıb. Heç yerdə rəsmi olaraq deyilməyib ki, gediş haqqı artıb. Elə qanun yoxdur, kefiniz istəyəni eləyə bilməzsiniz!

Sürücü qadının qoyduğu 10 qəpikliyi götürüb onun arxasınca tulladı:

– Pah atonnan, belə millət olar?! Mən plan verim, maşını təmir etdirim, yoxsa uşaqlarımı yedizdirim…

Avtobusun salonunda yenə aləm bir-birinə qarışdı. Sürücü xeyli vaxt acıqlı-acıqlı deyindi.

O qədər danışdı ki, hələ sərnişinlərin içərisində özünə tərəfdarlar da qazandı. Nəhayət, hamı yorulub səsini kəsdi, salona sakitlik çökdü...

O, saatına baxdı: doqquza on beş dəqiqə qalırdı. «Belə getsə, çatmayacağam», - deyə başını buladı. Birdən-birə qulağının dibindən qopan vızıltıdan diksindi: «Bu nədir? Bu ağcaqanad elə mənimlə birlikdə avtobusa minib?»

Əlini qulağının dibində yellətdi. Ancaq ağcaqanad əl çəkmir, elə hey həyasızcasına vızıldayırdı.

«Onu öldürmək lazımdır!», - qəflətən ağlına gələn bu fikir onu ruhlandırdı. Hər iki əlini qaldırıb gözlədi; ağcaqanad peyda olan kimi onu vurmağa hazır vəziyyətdə durdu. Budur, həşərat vızıldaya-vızıldaya düz burnunun ucunda göründü. O, cəld iki əlini bir-birinə vurdu: «şapp!».

Şappıltıya adamların çoxu dönüb arxaya baxdı. Yox, hədəf aradan çıxdı.

Heç nə olmamış kimi, yenə arxayın-arxayın uçmağa davam etdi. Vızıltı bu dəfə yan tərəfdən eşidildi. «Şapp!» Ağcaqanadın yenə bəxti gətirdi. Adamlardan bəzisi təəccüblə, bəzisi acıqla yenə dönüb arxaya – ona baxdı.

Bu dəfə o pərt oldu: «İşə bir bax, ağcaqanada da gücümüz çatmır.

Yoox! O mütləq məhv olmalıdır!». Ağcaqanad vızıldaya-vızıldaya düz onun gözləri önünə gəldi, sanki onun gözünün içinə baxaraq acıq verir, daha bərkdən vızıldayırdı.

O, heykəl kimi dayanaraq, bu murdar həşəratın hara qonacağını gözləməyə başladı. Ağcaqanad arxayınca onun yanağına qonub səsini kəsdi. O, əlini ehmalca üzünün bərabərinə qaldırıb birdən yanağına bərk bir şillə vurdu.

Sərnişinlərin çoxu daha arxaya çevrilmədi.

Çevrilib baxanlar içərisində bir nəfər: «Allah ağıl versin», - deyə başını buladı.

O isə buna əhəmiyyət vermədən sevinclə üzünü silir, agcaqanadın qalıqlarını əlindən və üzündən təmizləyirdi. Saat doqquza beş dəqiqə qalırdı…

HEKAYƏYƏ BURDA SƏS VER
XS
SM
MD
LG