Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:15

Aqşin Yenisey "TAQQULBABDAN SONRA LELLO" (Hekayə)


Aqşin Yenisey
Aqşin Yenisey
Günəş batandan sonra üst-başlarından ocaq qoxusu, qazan iyisi gələn arvadlarının böyrünə tirlənib fısıldayan ağ tuman-köynəkli müsəlman kişilər başlarına yağan mərmilərin gurultusuna yuxudan dik atıldılar. Gecəyarısı.

Müharibə bizim şəhəri öndən və arxadan deyil, göydən və yerin altından mühasirəyə aldı.

Əvvəlcə siçovullar artıb çoxaldılar, bir gecənin içində yanğın kimi bütün şəhəri bürüdülər.

Şaxtanın və qorxunun gücündən kişilər balacalaşdı, belləri əyildi.

Boş küçələrində siçovullar qaynaşan şəhərin ac sakinləri - bizlər abırsızcasına məğlub olub, boynubükük kölə görkəmi aldıq, gücsüzlükdən ibadət və itaət etməyə başladıq.

Mərmilər torpağı aşsüzənə döndərdi.

Aclıq və yoxsulluq uşaqları müdrükləşdirdi.

Sonra pişiklər peyda oldular, iki-iki, üç-üç artıb çoxaldılar. Şəhərimiz uğrunda ölüm-dirim mübarizəsi başlandı.

Qəbiristanlıq canlandı, qəbirlər birayaq-birayaq sürünüb şəhərə doluşdular.

Pişiklər üç gün-üç gecə yatmadan bütün siçovulları parçalayıb yedilər və bağırsaqlarında gərəksiz nəcisə çevirdilər.

Qara örtüklü qadınlar küləyin küçələrdə ora-bura uçurduğu, budaqlara ilişdirdiyi qara əsgi şəlpəsinə oxşadılar.

Qəfildən pişiklər yoxa çıxdılar. Analarından gizlin pərdələri aralayıb küçəyə boylanan uşaqların «atam gəldi!» qışqırığı bütün şəhərdə eşidildi. Bütün uşaqlar gördükləri beliçantalı, çəkməli yad kişini öz atalarına oxşatdılar.

Müharibə bütün kişiləri eyniləşdirmişdi.

Qadınlar ərlərini tanıya bilmədilər. Sağ qalan bütün kişilər bütün uşaqların atası, bütün qadınların isə əri oldular.
Müharibə qurtardı.

İndi bizim uçub dağılmış, xarabazara çevrilmiş şəhərdə nə vaxtsa pişiklər sülaləsinin sultanlıq etdiyini sübut etmək üçün canlı şahid axtarsan, evlərin zirzəmisinə açılan deşiklərin ağzında yoxsulluq içində mürgüləyən və tezliklə çürüyüb yoxa çıxacaqları günü gözləyən bir neçə müharibə əlilinə, yəni sınıq-salxaq pişiyə rast gələrsən.

Biz şəhər sakinlərini heyrətləndirən isə yadellilərin şəhərimizdə qanlı döyüşlər apardığı illərdə küçələrdə, zirzəmilərdə nə parçalanmış siçovul cəsədinə, nə də aclıqdan ölmüş pişik ölüsünə rast gəlməməyimizdir.

Torpaq qapı zəngini eşidib tələsik evi yığışdıran dayə kimi hər şeyi çox tez ört basdır etmişdi, çox tez. Ancaq bizə elə gəlir ki, müharibə qurtarmamışdır, sadəcə, indi döyüşlər uzaqlarda, heç vaxt yuxuda belə görmədiyimiz şəhərlərdə gedir.

Müharibədən sonra qaraçı yükünə oxşayan bizim balaca şəhərdə hər şey yavaş-yavaş sahmana düşür.

Kişilər kəsilmiş ayaqlarının yerinə taxta sarıyıb, müharibə vaxtı amansız döyüşlərin getdiyi zirzəmiləri, zibillikləri əhəngləyirlər.

Qadınlar burunlarında nəğmə mızıldaya-mızıldaya qapı-pəncərəni açıb ilıq yaz günəşini evə doldururlar.

Həyətdə oynayan tumançaq uşaqlar yanğından sonra taxıl zəmisinin yerində cücərən otlara oxşayırlar, qara kül içində cücərən yaşıl otlara. «Yaşıl can rəngidir» - deyir bizim şəhərin camaatı.
«Şəhərin ən qoca sakini qonşuluğumda yaşayır.

Bu qoca adam hər gün ət yeyir, daha doğrusu sür-sümük.

Günortanın istisində onu, evinin 20-30 addımlığındakı ət dükanında arxa ayağından qarmağa keçirilmiş inəyin onurğa sütunun bir neçə fəqərəsini qəssaba doğratdırıb, bükdürmədən, əlində əzişdirə-əzişdirə evinə tələsdiyini görəndə məni vahimə basır və bu vahiməni havanın boğucu bürküsü bir az da artırır. İnsan, isti, ət və ac şəhər.

Ürəkbulandıran mənzərədir. Hər gün bu hadisəni pəncərədən gördükdə mən şüurlu şəkildə hiss etdim ki, qoca tək yaşadığı, heç kimi içəri buraxmadığı mənzilində əti doğramadan mis qazana soxub bişirir, özü də alaçiy.

Sonra o, yarıbişmiş ət parçasını qazandan çıxarıb masanın üstünə qoyur və mırıldaya-mırıldaya gəmirməyə girişir.

Gəmirilmiş fəqərələri isə zibil vedrəsinə tullamır, ya evinin küncündə qalaqlanmış sümüklərin üstünə atır, ya da qab-qacaq rəfində yan-yana düzür, dəqiq bilirəm ki, bu belədir». – müharibədən sonra şəhər sakinlərinin dolanışığı haqqında redaktorumuzun tapşırığı ilə yazdığım reportaj bu cümlələrlə başlayırdı və yazı qəzetlərdəki gündəlik xəbərlərlə maraqlanan sakinlərin bərk acığına gəlmişdi, hətta qəzetçi yoldaşlarım qəzəbli oxucuların yumruqlarına tuş gəlməyim deyə bir-iki həftə evdən çölə çıxmamağımı məsləhət bilmişdilər.

Axırda qoca qonşum özü qəzetə gəlib bunları danışmışdı.

«Çoxuşaqlı evdə böyümüşəm. Atam əyyaş idi. Evə ətdən başqa heç nə almırdı.

Biz bəzən günlərlə qaynadılmış ətdən savayı heç nə yemirdik.

Uşaqlıqdan həyatımı və ətrafımı ətsiz təsəvvür edə bilmirəm, dörd tərəfim ətdir, qarabasma kimi hər yanda ət görürəm. Mənə görə ət hərəkət mənbəyidir və məncə, əti təsvir etməklə əsərə hərəkət vermək olar.

Baxın, bu şəkildə – o, özüylə redaksiyaya gətirdiyi şəkli jurnalist həmkarıma göstərib demişdi, - qadının ehtirasının gücünü göstərmək üçün mən onu yoğun və qırmızı bir ət tikəsinin üstündə əyləşdirmişəm, yaxud «köç» adlandırdığım şəkil; – ikinci şəkli göstərmişdi - quşlar köçür, səmadan isə onlardan qopan ət tikələri tökülür, bu, mənim aləmimdə yolun fəlsəfəsinin təsviridir, yəni yola çıxdınsa itirəcəksən. İtirməkdən qorxursansa yola çıxma. Bundan başqa, ət bəşəri məsələdir.

Bax, tutaq ki, sizin müsəlman olmağınız - islam peyğəmbərinə görə- ən birinci donuz ətindən nə qədər uzaq məsafədə yaşamağınızla ölçülür.

Yaxud müsəlmanların qurban bayramını xatırlayın, məgər allah yolunda təzə kəsilmiş qoyun-quzu ətindən başqa bir şey qurban veririkmi? Məncə, yox. Nə üçün bizim şüuraltımızda Allahın ətpərəst olması barədə təssəvvür mövcuddur? Biz bunu bilmirik, onu bilirik ki, qurban əti olmasa Allah bəndələrindən inciyə bilər.

Biz əcdadlarımızın nəsildən-nəslə ötürdüyü çiy ətə olan yanğısını bir-birimizi yalamaqla soyuda bilirik. Axı biz bir-birimiz üçün tütün çəkib, nitq söyləyən ət tikələriyik.

Biz kişilər «mən qadını sevirəm» dedikdə, «mən çiy əti sevirəm» demək istəyirik. Ancaq məni düzgün başa düşmürlər, Görün, sizin gənc yazar mənim haqqımda qəzetinizdə nə yazır; guya, mən hər gün evimin qabağındakı ət dükanından iri ət tikələri alıb, əlimdə əzişdirə-əzişdirə evə gətirir, doğramadan qazana, özü də mis qazana doldurub bişirirəm.

Alaçiy əti yeyib, sümükləri isə rəfə düzürəm.

Və bu gənc bütün bunları öz gəzləri ilə görür, hər gün. Düzdür, mənim mətbəximdə sümüklər çoxdur, Mənə elə gəlir ki, ət öz sirrini sümükdə gizləyir, mən bu sirri axtarıram.

Mən manyak deyiləm, rəssamam, bunu arvadımdan da soruşa bilərsiniz». «Arvadınızdan? Bəyəm siz tək yaşamırsınız?» - həmkarım heyrətlə soruşmuşdu. «Düzdür, biz ayrı-ayrı yaşayırıq, ancaq o, hər halda, nə vaxtsa mənim arvadım olub».

Qoca rəssamın arvadını axtarıb tapmaq çətin olmadı. Onu yollandığımız ünvanda, hətta həyətdə yelləncəkdə yellənən uşaqlar da tanıyırdılar.

Ulya – rəssamın arvadı - keçmişini unutmuş qadındır.
Bu rus qadınının əsl adını Azərbaycanda heç kim xatırlamır, heç özü də.

O, indi fəhlə yataqxanasında süpürgəçi işləyir.

Qazandığı qəpik-quruşu ucuz, turş çaxıra xərcləyir və bütün günü sərxoş halda heç kimin anlamadığı bir dildə özü ilə danışır. Büründüyü cır-cındıra hopub qıcqırmış tərin və çaxırın qoxusu o qədər üfunətlidir ki, o, yataqxananı süpürərkən otaqdakılar qapı-pəncərəni bağlayaraq, onun cəhənnəm olub getməsini gözləyirlər.

Ulyanın leş qoxusu süpürdüyü binanın quzulayıb göyərmiş qədim divarlarına belə hopub.

***

Nə vaxtsa qatarların sürünüb şəhərdən çıxdığı vağzalların birində bir rus qızı peyda oldu və vaqonların birində arxası Bakıya tərəf oturaraq, köçüb getdi. Ulya böyüdüyü gecələrin birində dostluq etdiyi müsəlman oğlandan uşağa qaldı. Onun tale əhvalatı belə başlayır.

«Vətənimə nifrət edirəm. Bunun ilk və əsas səbəblərindən biri uşaqdır, yenicə doğulmuş uşaq. Bir dəfə polis qucağında uşaq tutmuş dilənçi qadını itələyə-itələyə şəhərin mərkəzi küçəsindən qovurdu.

Qadın çağanı başı üzərinə qaldırıb dəli kimi silkələyir, polisi ondan əl çəkməsə uşağı yerə çırpacağı ilə hədələyir, sonra da ancaq yoxsulların və dilənçilərin anlaya biləcəyi bir dildə yalvarırdı.

Ətrafdakı adamlar ağac kölgəsinə tələsən qoyun sürüsü kimi burunlarını bir-birinin arxasına sürtüb oradan tez uzaqlaşırdılar.

Axmaq polis sözsüz ki, qadından əl çəkməyəcəkdi… birdən qadın çığırdı və mən polisin ayaqları altına düşmüş çağanı gördüm. Uşağın havanı cırmaqlayan balaca əlləri elə bil, onun qisasını alırdı göylərdən, polisdən, adamlardan.

Boğaza yığılmış xalq öz əli ilə öz nəslini kəsirdi…».

Ulyanın danışdıqlarını dəftərə qeyd edirəm, ancaq içkili və yaddaşsız olduğu üçün öyrənə bilmirəm o, bu hadisəni görüb, ya öz başına gəlib.

***

Türkəçara üsulla, yəni qaynar su ilə dolu qaba uzanıb qarnındakı rüşeymi bişirməklə saldırmış qızcığaz Bakıdan köçüb getdi.

Rus torpağına ayaq basdığı gün şimal küləyi çisginli yağışı onun boyun-boğazına, donunun açıq yerindən bədəninə, bətininə doldurdu. Bununla da torpaq övladının canına hopmuş qürbətin kirini, çirkini yuyub təmizlədi.

- Ulya!- deyə bir səs onu kiməsə oxşatdı.

«Ulya» - rus xalqı övladına ad qoydu, qolundan tutub evinə apardı, kirli donunu çəkib başından çıxardı, alt paltarlarını soyundurdu. Lüt-ətcə olmuş qız Xalqın qarşısındautanaraq, ona uzadılmış təzə paltarları və ayaqqabıları çılpaq sinəsinə sıxıb geyinmək üçün qonşu otağa keçdi.

Xalq övladının iri və ağ dərili arxasına gözucu süzdü Sonra Xalq Ulyanı yanında işə götürdü, ona yaşamaq üçün mənzil verdi.

İndi bu evdə miskin keçmişi unutmaq olardı. İçki və kişi. Görünür bəzən fahişəlik qadına daha betərlərini unutmaq üçün gərəkdir.

Əvvəllər xalq Ulyanı sevirdi, sakit qarlı axşamlarda onu qarğa ovuna aparır, gecələr onun evinə əlidolu gəlir, gecəyarıya qədər Ulyanın sağlığına içirdi. Sonra sərxoş Xalq Ulya üçün yazdığı şeirlər oxuyur, qızı qucaqlayır, boynundan, boğazından öpür, ondan həzz alırdı.

Bəzən bu həzz Ulyaya yorğun və ağrılı gecələr bahasına başa gəlsə də o, heç vaxt bunu dilinə gətirib Xalqa demirdi. Necə olsa da bu Xalq idi. Onu sevmək və razı salmaq Ulyanın müqəddəs borcu idi.

Desəydi də onsuz da kütbeyin Xalq onu anlamayacaqdı. Xalq həzz almaq istəyirdi, vassəlam.

İçki getdikcə Xalqa pis təsir göstərirdi. Xalq olan-qalan ağlını da itirir, dəli olurdu.

Artıq xalq içəndə qatıqlayırdı. Son günlər hardasa içəndən sonra gəlirdi Ulyanın yanına, qızın paltarlarını dartıb cırır, və «sevimli» övladını zorlayır, sonra da zorladığı və təhqir etdiyi qızdan onu sevməyi, oxşamağı tələb edirdi.

Tələb edirdi ki, tabaqda isti su gətirib ayaqlarını yusun, qızın əlini tüklü və sallaq qarnının üstünə qoyur, əmr edirdi ki, qız onu sığallayıbyuxuya versin. Narazı qaldıqda Xalq ayağa qalxıb Ulyanı təpikləyir, söyür, soyuq və qaranlıq küncə qovurdu. Bağırırdı ki, «kəs səsini, nankor qancıq!»

Artıq Ulya Xalqa nifrət edirdi, o, Xalqdan qisas almaq üçün zəncir gəmirir, ancaq gücsüzlüyünü anlayıb, yorğan-döşəyi gəmirə-gəmirə ağlayırdı.

Bir gecə qudurğan Xalq yenə onu əyin-başını cırıb, tökdü, döşlərini gəmirib göyərtdi, saçlarından yapışıb otaq boyu sürüdü, sifətini qusub batırdığı döşəməyə sürtdü. Cırılmış paltarları qızın üzünə çırpıb qapıya itələdi. Xalq Ulyanı evindən qovdu.

***

Nə vaxtsa qatarların sürünüb şəhərdən çıxdığı vağzalların birində bir rus qadını peyda oldu və vaqonların birində oturub

Bakıya köçdü. 2003 – cü il idi. Ulya Bakının qəhbəşivənliyində, vağzallarda, metro keçidlərində göyərti satan tüklənib, kişiləşmiş alverçi arvadların üst-üçtə geyindiyi uzun-güdə tumanların kirində, milləti qasığına dolamış aygün-maygünlərin tursiqindən üzü beləsini reklam edən dayandoldurum telekanalların sarsaqlıq yağan sifətləri önündə əriyib yox oldu.

Xalqımız bu bədbəxt və qərib rus qadınını əlli-ayaqlı uddu. And olsun on dördüncü, yəni sonbeşik uşağı dünyaya gətirəndən sonra əlinə aftafa götürüb, dinə-imana gələn kəndlimiz müsəlman Qəmbərin küt beyninə, bu belə oldu.

***

Bu həmin Qəmbərdir ki, bütün başqa qəmbərlərimiz kimi əlindən ancaq bir iş gəlib, gecələr arvadını atam demiş, taqqulbab etmək. (evinizdə kişinin arvadla yatmağına nə deyirsinizsə, o cür də oxuyun) on dördüncü oğlan uşağını dünya hesab etdiyi çiy kərpicdən hörülmüş komaya gətirməklə özünün ilahi missiyasını bitmiş sanan bu qəmbərlər ində evlərin gündöyənində oturub təsbeh çevirməklə içlərində özləri ilə çürütdükləri ömür haqq-hesablarını çörtkələyirlər.

Ağ ciyərlərindən çıxıb, onlarla üz-üzə, göz-gözə dayanan tütün tüstüsünü də tezbazar qapazlayıb dağıdırlar.

Bilirsiniz niyə? Bu tüstü elə bil onların içlərindəki axmaqlığın, dünyagörüşlərində ağnayan, anqıran eşşəyin şəklini özü ilə gətirib gözlərinin önünə tutur.

Bu adamlar indiyə kimi içlərindən gələn nə olubsa, hamısını qapazlayıb, zorlayıb məhv ediblər, tüpürüb tapdaladıqları ağız suyuna qədər.

İndi bu qəmbərlərin heç xəbərləri də yoxdur ki, onların dalbadal, daban-dabana döğuzdurduqları və doğma anasına belə tüpürüb biryolluq kənddən-kəssəkdən baş götürüb getmiş oğullarını Rus bazarlarında başıqırxıq yeniyetmələr «rusiya ruslar üçündür» deyib, bir-bir yiyəsiz it kimi gəbərdirlər, analarının ağzına söyə-söyə.

Bu idi dünyaya sürü halında gəlməyin axırı. Rus bazarları qafqaz kişiliyinə öz qiymətini verdi. Şişirdilmiş, şar kimi üfürülmüş qafqaz kişiliyinə. O bazarlarda rus güllələrinin Azərbaycanın ac oğullarının kəlləsindən, sinəsindən açdığı deşiklərdən qan axmırdı, hava çıxırdı, hava - kişiliyimizə, qeyrətimizə, mən nə bilim, namusumuza üfürülmüş havalar.

Ulya bunları bilmirdi.

2003-cü il idi. Keçi ili. Ala-bula boz keçinin ili.
XS
SM
MD
LG