Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:13

İslam insanlara mütiliyi, baş əyməyi öyrədir?


Tanrı insanları haqlarının pozulmasına göz yummağa çağırırmı? (Verilişi dinlə)

İndi Azərbaycanda uzun illərdən sonra İslama qayıdan, özlərinin dediyi kimi haqq yoluna qayıdan insanların sayı artıb. Onlar gündəlik həyatlarında nəsə bir haqsızlıqla üzləşəndə də “Allah özü bilən məsləhətdir”, “Buna da şükür”, “Allah hər şeyi görür”, “Eybi yox, səbir elə, allah o dünyada bu çəkdiklərimizin qarşılığını verəcək” kimi sözlərlə özlərinə təskinlik verirlər. Bu cür yanaşma insanların mübarizliyinə, öz haqlarından ötrü mübarizə aparmaq cəsarətinə necə təsir edir? Tanrı doğrudanmı insanların bu həyatda hər şeyə səbir edib, haqlarının pozulmasına göz yummağa çağırır, həyatdakı yaxşılıqların qarşılığını o dünyada alacaqlarını buyurur?

Bu suallara AzadlıqRadiosu və “İnternyus Azərbaycan” təşkilatının “İslam və Demokratiya” verilişində aydınlıq gətirməyə çalışdıq. İslamın demokratik təfəkkürə təsiri barədə qonaqlarımız - ilahiyyatçı Elşad Miri və filosof Ağalar Məmmədovla söhbət etdik.

“DİNDARLARIN SAYI ÇOXALIR, KEYFİYYƏTİ İSƏ AZALIR”

Dini yazar Elşad Miri deyir ki, indi Azərbaycanda dindarların sayı artır. Amma İslam dini təqlidi müsəlmançılığı qəbul etmir.

“Kəmiyyət çoxalır, keyfiyyət azalır. Quranı Kərim deyir ki, “Oxu, allahın adıyla oxu”. Biz buna düzgün əməl etmiriksə, bu, artıq dinin yox, onu düzgün tətbiq etməyən müsəlmanların günahıdır”.

“NAMAZ MƏNƏ RAHATLIQ GƏTİRDİ”

Evdar qadın, 4 uşaq anası Zərqələm xanım da yenicə namaz qılmağa başlayıb. Deyir ki, məhz namaza başlayandan sonra rahatlıq tapıb, hər kəsin stressdən əziyyət çəkdiyi bu zamanda əsəblərini sakitləşdirib:

“Namazdan sonra sakitləşmişəm, rahatlıq tapmışam. əvvəllər kimsə mənə pislik edəndə, mən də ona pislik etmək istəyirdim. İndi tamam dəyişmişəm”.

Zərqələm xanımın qızı da 10 ildən çoxdur ki, dini ibadətlərə əməl edir. Anası deyri ki, məhz bu qızı digər övladlarından fərqlənir:

“Kimsə ona pislik edəndə deyir ki, Allah onu da görür, məni də görür”

AĞALAR MƏMMƏDOV: “DİNİN NARKOTİKDƏN FƏRQİ YOXDUR”

Verilişin qonağı Ağalar Məmmədov isə dini rahatlıq kimi yozmağın əleyhinədir. Onun fikrincə, kimsə darıxdığına görə radionu dinləyirsə, dində rahatlıq tapmaq da elə bu anlamı verir:

“Dini psixoloji rahatlıqla uyğunlaşdırmaq düzgün deyil. Belə adamlar deyirlər ki, o dünyada hər şey yaxşı olacaq. Bu o deməkdir ki, həmin adam bu dünyada məğlub olub və bunu görməmək üçün hər şeyi Allaha tapşırır. Bu baxımdan, dinin narkomaniyadan fərqi yoxdur, din də bizi bu dünyadan xilas edir, dərdləri görməməyə çalışırıq”.

Filosof hesab edir ki, İslamdakı şükür ideyası insanları passivliyə, sümükləşməyə gətirib çıxarır.

“TƏNQİD OLMADIĞINA GÖRƏ DİN ZƏİFLƏYİR”

“Hər kəsin yanında bir Allah da var - Allah kərimdir, Allaha şükür, Allah qoysa, Allah qənim olsun və s. Bəs insan hardadır, insan praktikası, reallığa müdaxiləsi, insanın dünya üzərində dəyişiklik törətməsi hardadır?”

Ağalar Məmmədov iddia edir ki, Qərbdə dindar şəxslər daha rasional açıqlama verirlər.

“Onlar demir ki, namaz idmandır. İntellektlə müharibəyə girən din ya məhv olur, ya da güclənir. Bizsə intellekti sıxırıq, nəticədə din zəifləyir, çünki rasional tənqidlərə irəli buraxmırıq”.

“İSLAMIN DEMOKRATİYAYA AİDİYYATI YOXDUR”

Filosof A.Məmmədov İslamın demokratiya ilə heç bir əlaqəsi olmadığını düşünür. Dediyinə görə, İslamda qanunun kökü Qurandır, demokratiyada isə xalq. Həm də İslamda inanan və inanmayanlar arasında fərq qoyulur, azlıqlara hörmət edilmir, kişi-qadın arasında bərabərlik saxlanılmır.

“Möminlik kiməsə göstərmək üçün olmamalıdır, insanın qəlbində olmalıdır. Mənə bir dənə dindar göstərin ki, o, namaz qılıb oruc tutduğunu nümayiş etdirməsin. Axı bu, insanın o dünyaya qoyduğum sərmayədir. Hesab edirəm ki, dindarlığın bu cür kütləviləşməsi demokratik cəmiyyət quruculuğuna ciddi ziyan vura bilər”.

ELŞAD MİRİ: “DİNİ NARKOTİKLƏ EYNİLƏŞDİRMƏK – NATAMAMLIQ KOMPLEKSİDİR”

Filosofun iddiaları ilə razılaşmaya Elşad Miri bildirdi ki, Qurani-Kərimdə qadın və kişilərə bərabər hüquqlar verilib, seçmək və seçilmək hüququ tanınıb:

“Bizim hələ də öhdəsindən gələ bilmədiyimiz, mübarizə apardığımız məsələlər dini sferada öz əksini tapıb. Namaz və zəkat nümayiş üçün deyil. Əməllər niyyətlərə görədir. Nəzərə almaq lazımdır ki, din rejim deyil”.

Elşad Miri dini narkotikə oxşatmağı natamamlıq kompleksi ilə əlaqələndirdi. Onun fikrincə, insanlar axirət dünyasına inanmaya bilərlər:

“GÜCÜN ÇATIRSA, PİSLİYİ ƏLİNLƏ DÜZƏLT”

“Amma o dünya yoxdursa belə, insan nə itirir? Namaz qılır, insanlara pislik etmir, zəkat verir, köməklik göstərir. islamın mahiyyəti odur ki, ağlına məntiqinə uyğun olmalı, ürəyinin dediyinə Dinin məntiqi acizlik deyil. Peyğəmbərin (ə.s.) bir sözü var: bir müsəlman pis rəftar görürsə, gücü çatırsa, onu əliylə düzəltsin. Gücü çatmırsa, onu diliynən düzəltsin. Ona da gücü atmırsa, ürəyində nifrətini bildirərək etiraz etsin. Amma bu, imanın ən zəif formasıdır”.

Verilişi tam olaraq buradan dinləyə bilərsiz.
XS
SM
MD
LG