Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:00

Elmar Şahmar "3 qəhrəman" (Adlıq şeir).


Romantik bir payız günü...
Dumanlı bir hava...
Qanıqara təbiəti seyr edən tutqun buludlar...
Narın-narın həsrətlə yağan yağış...
İslanmış yollar...
İslanmağa çalışan “xallı” küçələr...
Böyüməyə can atan yaşıl otlar...
Qızılı paltarını soyunmağa başlamış ağaclar...
Yarıçılpaq budaqlar...
Sarı yarpaqlar...
Tək-tək uçuşan azad quşlar...
Heyrətamiz bir mənzərə –
I qəhrəman...


Şəhərin mərkəzi küçələrindən biri...
Ali təhsil ocağı...
Üçmərtəbəli binanın 3-cü mərtəbəsi...
İsti sinif otağı...
Həzin səslə mühazirə oxuyan müəllimə...
5-i ön sıralarda diqqətlə müəlliməni dinləyən;
5-i arxa partalarda lirik musiqi dinləyən;
3-ü çantasının arxasında gizlənərək
nazik, sərt yastıqlara – kitablara baş qoyaraq yatan;
3-ü xəyallarında qurub-yaşadığı həyatında hər arzusuna çatan;
3-ü başını cürbəcür şeylərlə qatan
Və pəncərənin yanında oturub qəmli baxışlarını təbiətin gözəlliyinə satan –
II qəhrəman...
20 tələbə...


Bir üzü isti, bir üzü soyuq,
bir tərəfdən böyük, bir tərəfdən kiçik,
lakin hər şeyi olduğu kimi göstərən şəffaf, aydın pəncərə...

III qəhrəman – güzgü...
2 əkiz qardaşı – insanla təbiəti bir-birindən ayırmış qəddar “qəhrəman” – pəncərə...

Bir tərəfdə özünü tənha hiss edən tənha qız...
Bir tərəfdə 3-cü mərtəbəyəcən ucalmış tənha ağac...

Bir tərəfdə həsrətin təcəssümü – yanaqdan süzülən çarəsiz gözyaşları...
Bir tərəfdə göylərin öz övladının pərişan halına ağlaması – narın yaşış...


Bir tərəfdə ürək parçalayan,
heç kimin görüb-duymadığı ah-nalə...
Bir tərəfdə hər yerdən aydın görünən təbiətin göylərə çəkilmiş ah-naləsi – duman...

Bir tərəfdə qəzəblə çatılmış qaşlar,
qəmli, yorğun baxışlar...
Bir tərəfdə göylərin çatılmış qaşları – tutqun, solğun buludlar...

Bir tərəfdə islanmış yollar,
“xallı” küçələr...
Bir tərəfdə aldanmış məhəbbət,
şübhəli – xallı sevgi hissləri...

Bir tərəfdə sona çatmış xəyallar,
vaxtsız ölmüş arzular,
bir-bir imkansızlaşan istəklər...
Bir tərəfdə ölmüş arzular kimi
bir-bir ağacdan ayrılaraq uçuşan saralmış yarpaqlar...

Bir tərəfdə ağacların budağında,
pəncərələrin qırağında yem axtaran tənha, azad quş...
Bir tərəfdə qaranlıq, zülmət ürəkdə zərrəcə işıq,
çıxış yolu, qurtuluş axtaran məhbus ümidlər...

3 qəhrəman...
2 əkiz qardaş – təbiət, insan...
Və bir güzgü – pəncərə...

4 aprel 2011
XS
SM
MD
LG