Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:12

Səlim Babullaoğlu. Cavan bəstəkar dostlarım üçün blüz, Salama...















Cavan bəstəkar dostlarım üçün blüz


Türkər, Tahir, Ayaz, Səid və Bəxtiyar oturmuşuq bir kafedə,
Stəkanda limonlu çay və qəndqabı var süfrədə.
Məmləkətdən danışırıq: qaçır rəngi çayın, mənim və qarsonun.

Başımdakı yenə həmin yad, dumanlı fikirlərdi, onurğamda küt ağrılar,
Kafedə bol qışqırıqlar, “Bura! Bura!” bağırtılar.
Konsertə var. Məmləkətdən danışırıq: nə vaxt çatar bunun sonu.

“Motsart, Şuman, Şopen, Brams, Bethoven, List… ” -
Türkər deyir. – “Nə yaxşı ki, olmayıblar bu ölkənin, bu kafenin
sakini və müştərisi.
Məmləkətdən danışırıq: xoşbəxtliyə gücü çatmır sözün, notun.

Qafiyəyə düşən dərdlər eynək taxmış, frak geymiş adam kimi,
Şirin-şəkər ritmə düşür həyat onda müti-müti.
Məmləkətdən danışırıq: bombardmana nə dəxli var “Hernika”nın, Pikassonun.

“Susuz ikən bir adama su verdimi söylə şeir?”
“Elə mən də musiqini bir yaraya məlhəm olsun- heç görmədim”- Tahir deyir.
Məmləkətdən danışırıq: yeri deyil solfecionun.

Məmləkətdə normal olmaq mümkün deyil, normativlər bayağıdı,
Bu sətirlər yaman oynaq, lap qaytağı sayağıdı.
Məmləkəti düşünürük çala-çala Mendelsonu.

Vazeh gəlir, soruşur ki, nə baş verir və soyunur patosunu.
“Heç nə? dostum, hər şey puçdu, Nikolaydan qalma köhnə patefonu
təqlid edib məmləkətdən danışırıq”. Qaçıb rəngi çayın, onun və qarsonun.


Salama

Yazmaq da yazmamaq tək
dostum, elə taledi.
Tale deyilsə demək
ya yoxdu, ya zayedi.

Düşsən- enişdi dağlar,
qalxsan- dostum, yoxuşdu.
Bağlananda qapılar-
bacalar da çıxışdı.

On eləsə üç üçüm,
1 də demək özünsən.
Hər kəs özünün bü(s)tü,
qonub çiyinlərinə.

Vaxt yıxar hər heykəli,
gizlədər qara torpaq.
Üstdən pərgar dillərin
yellər əsər qaçaraq.

Şükür, hələ yaşanır
Həyat ay-ay və il-il.
Ömrümüz xırdalanır
yollarda ləpir-ləpir.

Salam olsun bu sabah
qoy, Səlimdən Sarvana.
Bəndəni sevən Allah
bəs edər hər karvana.

kultaz.com
XS
SM
MD
LG